Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qaliblərindən biri, “Nova Gorica” Kino Mərkəzi tərəfindən istehsal olunmuş “Qıfıl” tammetrajlı bədii filminin beynəlxalq yayımına maliyyə ayırıb.
Kulis.az xəbər verir ki, qara komediya janrında olan film qeyri-adi süjet xətti ilə diqqət çəkir. Filmin əsas ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub.
Real hadisələrə əsaslanan bədii filmin ssenari müəllifi, AKİ-nin katibi Tahir Tahiroviç, quruluşçu rejissoru İlqar Quliyev (Tahir Tahiroviçin iştirakı ilə), quruluşçu operatoru Rafiq Əliyev, rəssamı Leyla Quliyeva, bəstəkarı Lalə Əhmədova, kreativ prodüseri İradə Bağırzadə, prodüseri isə Afaq Yusiflidir.
Baş rollarda gənc aktyorlara üstünlük verilsə də, digər rollarda Xalq artisti Şamil Süleymanov, Əməkdar artistlər Azad Şükürov və başqaları yer alır.
Qeyd edək ki, film İTV və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə istehsal olunur.