Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı olan ixtisaslaşmış “Xəzər” tərcümə, ədəbiyyat və mədəniyyət jurnalının 2026-ci ilin 2-ci sayı oxucularla görüşə rəngarəng ədəbi-bədii, elmi-nəzəri və informativ materiallarla gəlib.
Kulis.az xəbər verir ki, jurnalın “Redaktor səhifəsi” bölməsində yazıçı-tərcüməçi Etimad Başkeçidin “Süni intellekt bədii yaradıcılığa təhdiddir” adlı baş məqalə dərc olunub. Oxucular “Şərq mədəniyyəti” rubrikasında görkəmli türk yazıçı Əhməd Həmdi Tanpınarın “Beş şəhər” əsərinin “Bursada zaman” bölümü (çevirən – Nəriman Əbdülrəhmanlı), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kenzaburo Oenin “Məğlublar” hekayəsi (tərcümə - Mübariz Cəfərli) ilə tanış olacaqlar.
Bu sayda “Dünya ədəbiyyatının inciləri” rubrikası Fyodor Dostoyevskinin məşhur “Karamazov qardaşları” romanından daha bir parça (tərcümə - Etimad Başkeçid), “Avropa ədəbiyyatı” rubrikası isə böyük fransız şairi Pol Verlenin sonetləri (tərcümə - Mahir N. Qarayev), məşhur alman dramaturqu Peter Hirxenin “Məhəbbət haqqında nadir tarixçə” pyesi (tərcümə - Yaşar), rus şairi və jurnalisti Aleksey Domninin “Kudım-Oş haqqında rəvayətlər” poeması (tərcümə - Həmid Piriyev), “Şimali Amerika ədəbiyyatı” rubrikası ABŞ yazıçısı Kurt Vonnequtun “O, sənin atan deyildi” (tərcümə - Ofeliya Məmmədova), Kuba yazıçısı Pedro de Xesusun “Ustadın evində bayram” (tərcümə - Mübariz Cəfərli) hekayələri, “Latın Amerikası ədəbiyyatı” rubrikası Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” romanının davamı (tərcümə - Saday Budaqlı), “Türk xalqları ədəbiyyatı” rubrikası görkəmli tatar yazıçı Raul-Mirxaydarovun “Orenburq şalı” hekayəsi (tərcümə - Nəriman Əbdülrəhmanlı) ilə təmsil olunub.
Bu nömrədə “Buker mükafatı laureatları” rubrikası da açılıb, oxuculara görkəmli alban yazıçı İsmayıl Kadarenin “Böyük Sədd” hekayəsi və “Ədəbiyyat kütləviləşirsə, deməli məhv olur” adlı müsahibəsi (tərcümələr – Nəriman Əbdülrəhmanlı) təqdim edilir.
“Esse” rubrikasında isə oxucular böyük alman filosofu Fridrix Nitsşenin “Sənət haqqında esselər”i (tərcümə - tərcümə - Salam Sarvan) ilə tanış olacaqlar.
Jurnalın bu sayı ənənəvi olaraq tərcümə sənəti ilə bağlı materiallarla da zəngindir. “Tərcümə sənəti” rubrikasında görkəmli Amerika tərcüməşünası Yucin Naydanın “Tərcümə” essesi (tərcümə - Nəriman Əbdülrəhmanlı), “Alternativ” rubrikasında “Bədii tərcümənin müasir vəziyyəti: süni intellekt çağırışları fonunda yeni baxış” (müəllif – ADU Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova), “Müqayisəli tərcümənin gizlinləri” (müəllif - ADU Tərcümə Problemləri Mərkəzinin böyük elmi işçisi Sabir Əliyev) oxucular və peşəkar tərcüməçilər üçün maraqlı olacaq.
Jurnalın yeni sayı “Tələbə auditoriyası” rubrikasında görkəmli Amerika yazıçısı Rey Bredberinin məzun nitqi (tərcümə - Həmid Həmidzadə, Yunis Müşfiq), “Kürsü” rubrikasında görkəmli türk yazıçı, Nobel mükafatı laureatı Orxan Pamukun “Əsərlərimin tərcüməsinə nəzarət edə bilmirəm”, məşhur yapon yazıçı Haruki Murakaminin “Tərcümə etmək və tərcümə olunmaq” esseləri (tərcümə - Nəriman Əbdülrəhmanlı) də yer alıb. Oxucular bu sayda həm də tərcümə aləmindəki yeniliklərlə də tanış olacaqlar.
Xatırladaq ki, “Xəzər” tərcümə və mədəniyyət jurnalının məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir. Dərginin yaradıcı heyətinə Saday Budaqlı, Nəriman Əbülrəhmanlı, Mahir N. Qarayev, Yaşar Əliyev, Salam Sarvan, Püstə Axundova və Cavid Zeynallı daxildir, Beynəlxalq Şurasında isə Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rollan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya) təmsil olunur.
Kenzaburo Oe, Kurt Vonnequt, Xuan Qabriel Vaskes... - "Xəzər"in oxucularla yeni görüşü