İblisə səcdə qılan şair

İblisə səcdə qılan şair
1 iyun 2023
# 10:04

Kulis.az Fəxri Uğurlunun Şarl Bodlerin “Şər çiçəkləri” toplusu haqqında yazdığı "İblisə səcdə qılan şair" adlı yeni yazısını təqdim edir.

İnsan ömrü Bodlerin bir misrasına dəyməz

Akutaqava Rünoske

On doqquzuncu əsrin ortalarında Fransa ədəbi mühitində sonradan bütün Avropanın söz sənətinə yön verəsi estetik inqilablar, çalxantılar meydana gəldi. “Sənət sənət üçündür” şüarı növbəti yüzillikdə də bir çox böyük ədəbiyyat adamının devizinə çevrildi. Nəsrdə yeniliyin bayraqdarı Flober idisə, şeirdə novatorluq missiyası Teofil Qotyenin başçılığıyla “Parnas” ədəbi məktəbində bir araya gəlmiş şairlərin boynuna düşmüşdü. Onların ən məşhuru, ən qüdrətlisi, özündən sonrakı poeziyaya ən çox təsir göstərəni Şarl Bodler (1821-1867) idi.

Bodlerin əsas yaradıcılığı “Şər çiçəkləri” adlı poetik toplusunda yer alıb. Kitab altı bölümdən ibarətdir: “Qüssə və ideal”, “Paris lövhələri”, “Şərab”, “Qiyam”, “Şər çiçəkləri”, bir də “Ölüm”. Buradakı şeirlərin çoxu 1840-50-ci illər arasında qələmə alınıb.

Toplunun ilk nəşri 1857-ci ilin yayında 1100 tirajla işıq üzü görmüşdü. Üstündən bir ay keçməmiş Bodler küfrdə, dini dəyərləri gözdən salmaqda, eləcə də ictimai normaları pozmaqda suçlanmaqla məhkəməyə verilmişdi, məhkəmə ona 300 frank cərimə kəsmişdi, üstəlik topludakı altı şeirin çapına qadağa qoymuşdu. Şairin imperatriçaya müraciətindən sonra cərimənin məbləği 50 franka endirilmişdi. Şeirlərə qoyulmuş qadağa isə rəsmən 1949-cu ildə ləğv olunub.

Bundan az əvvəl “Madam Bovari” romanına görə Floberə qarşı da belə bir məhkəmə işi açılmışdı, ancaq Flober əsərinin müdafiəsini yaxşı təşkil elədiyinə görə prosesi udmuşdu.

Udub-uduzmağından asılı olmayaraq eyni ildə dünyaya gəlmiş bu iki böyük sənətkar əl-ələ verib hərə öz sahəsində konkret zamanın, ictimai-siyasi quruluşun problemləri kontekstindən çıxarılmış, sosial patetikadan arınmış təmiz ədəbiyyat yaratmaq uğrunda mücadilə verdi, nəticədə cəmi Avropada bir-birinin ardınca yeni ədəbi cərəyanlar meydana gəldi, iyirminci əsr ədəbiyyatının estetik bünövrəsi qoyuldu, proqramı tutuldu. Təkcə bunu demək yetər ki, Pol Verlen, Artur Rembo, Stefan Mallarme kimi dahi şairlər “Şər çiçəkləri”nin birbaşa təsiri altında püxtələşib yeni sənət möcüzələri yaratmışdılar. Bodlerin onlardan keçib bütün dünyaya kök atan ədəbi nüfuzu rus poeziyasının gümüş dövrünün formalaşmasında da mühüm rol oynamışdı.

Ancaq Şarl Bodleri heç kəslə müqayisə eləmək olmaz. Onun təqribən yüz əlli şeirlik poetik toplusu dərin məzmunlu fəlsəfi traktat, mükəmməl konseptual bünövrə üstündə qurulmuş proqram xarakterli vahid mətn də sayıla bilər. Bodler öz kitabını çox sevdiyi, təsirləndiyi Aligyeri Dantenin “Cəhənnəm”iylə, Onore de Balzakın, Edqar Ponun yaradıcılığıyla bir növ dialoq zəminində başa gətirib. Balzak kimi, Po kimi (Dantenin “Cənnət”i də var deyə onu bu sıraya qatmıram) o da olduqca pessimist sənətkardır, həyatı cəhənnəm burulğanı, faciələr silsiləsitək qavrayır, insanın arzularıyla cəmiyyətin, təbiətin hökmü arasındakı disharmoniyadan əziyyət çəkir.

Klassik kanonlara görə həqiqət, gözəllik xeyirin yanında yer tutmalıydı, fəqət Bodler şərdən gözəllik, çiçəklik yaradır, nicatı İblisdən umur, həqiqəti həzrəti Şeytandan öyrənir.

Sən ey mələklərin ən ağıllısı,

Dünyanın hörmətdən düşmüş tanrısı,

ey İblis, dar gündə kömək ol mənə!

Bizə əl tutmadı nə Allah, nə din,

Sənsən son pənahı didərginlərin,

ey İblis, dar gündə kömək ol mənə!

Min yol söyüldükcə gülən kimdi? Sən!

Allahın sirrini bilən kimdi? Sən!

ey İblis, dar gündə kömək ol mənə!

(“İblis duası”- tərcümə Ramiz Rövşənindir)

Əgər şair İblisin səcdəsinə durub ondan kömək istəyirsə, onda onun məntiqiylə bu dünyanın çarxını Şeytan fırladır. Tanrı ya heç yoxdur, ya da əhli-bəşəri yer üzünə sürgün eləyib. Allah insanları ya atıb, ya da qiyamçı mələyinə tapşırıb. Bu dünya cəza meydanı, edam səhnəsidir, qurtuluşu da yalnız bizi cəzalandırandan uma bilərik. Ümid yalnız bunadır ki, bəlkə rəhmsiz Fələk ona könüllü təslim olana, başını kötüyün üstünə könüllü qoyana azacıq möhlət verə. Bir bayatıda deyildiyi kimi: “Başım cəllad əlində, nə kəsər, nə bağışlar”.

Fleurs du mal.jpg

Bodler məntiqiylə insan nicatı yalnız onun boynunu vurası şər tanrısından - fiziki, bioloji, maddi dünyanın ağasından uma bilər, şair demiş, yıxılmağa qorxduğumuz yerdən tutmalıyıq.

Payla kor gözlərə ümid işığı,

Ey Zülmət yiyəsi, Ölüm aşiqi,

ey İblis, dar gündə kömək ol mənə!

Dustağıq, xəstəyik, bizə şəfa ver,

Sənə tövbə qılaq, xeyir-dua ver,

ey İblis, dar gündə kömək ol mənə!

Doğma atamıza, qadir Allaha

Ağ olduq, cənnətdən qovulduq daha,

ey İblis, dar gündə kömək ol mənə!

Danışma, soruşma nədir xətamız?

Ey bizim rəhmdil ögey atamız,

ey İblis, dar gündə kömək ol mənə!

(“İblis duası” - tərcümə Ramiz Rövşənindir)

“Uyğunluq” adlı sonetində (yeri gəlmişkən, bu şeir sonralar bütün dünya ədəbiyyatına kök atacaq simvolizmin manifesti sayılır) Bodler təbiəti məbədə, ağacları bu məbədin sütunlarına bənzədir. Bu məbəddə səslərlə qoxular, qoxularla rənglər arasında gizli, mistik bir uyğunluq, simmetriya, harmoniya var.

Əgər təbiət məbəddirsə, demək, İblisin məbədidir. Böyük filosof Şellinq də deyirdi ki, Şeytan təbiətin ağasıdır. Təbiət - İblisin emalatxanası, Şeytanın iş yeridir, gecələr - şər tanrısının çalışma saatlarıdır. Hətta diş ağrısı da gecələr şiddətlənir.

Sənin ilham pərin ölüsevəndi,

Eşir qəbirləri goreşən kimi.

Qopur, şeirlərin varaqdan qopur,

Qopur, neçə-neçə dodaqdan qopur,

Dünyanın canına daraşır indi

İlanlar, əqrəblər daraşan kimi.

Dünya zəhərlənir şeirlərindən,

Sən də arsız-arsız kefə baxırsan.

Amma yuxun qaçır gecələr hərdən,

Durub pəncərədən göyə baxırsan.

(“Gecə tövbəsi” - tərcümə Ramiz Rövşənindir)

Açıq qəbir içində yaşasa da, şairin ümidlə göz dikdiyi göy üzü var, yer ayağından dartsa da, xəyallarını pərvazlandırmağa ona heç kim, heç nə əngəl ola bilməz. “Albatros” adlı məşhur şeirində Bodler şairi bu ekzotik quşa bənzədir. Şeirin mövzusu onun şəxsi müşahidələrindən doğub. İyirmi yaşlarında Şarl dağınıq, sərgərdan həyat sürürdü. Atasının ili çıxar-çıxmaz anasının Jak Opik adlı yüksək çinli dövlət məmuruna, perspektivli diplomata ərə getməsi ona çox ağır təsir göstərmişdi, hesab eləyirdi ki, onun kimi bir oğulun anası özünə ər axtarmamalıdır. Şarlın ipə-sapa yatmadığını görən atalığı anasının razılığıyla onu uzun sürən dəniz səyahətinə göndərməyi qərara almışdı. Bu səyahət Bodlerin şairliyə başlamasına böyük təkan vermişdi...

İri qanadlı nəhəng albatros quşunu tutan matroslar gəminin göyərtəsində onunla əylənirlər. Göy üzündə əzəmətli görünən azman quş yerdə miskin, aciz, gülünc günə qalıb, dəcəl matroslar onu qorxudub ürkütməkdən, onu eybəcər hallara salmaqdan zövq alırlar. Albatros yerdən qopa bilmir, yerdə ona yük olan böyük qanadları düz, hamar ərazidən pərvazlana bilmir. Uçmaq üçün o ya bir uçurum qaşından, qaya başından, dağ zirvəsindən, ya da şahə qalxan nəhəng dalğalardan təkan almalıdır. Bodler deyir şair də belədir - nə qədər ki səmada qanad çalır, cəsur, əzəmətli, gözəl görünür; fəqət yer üzündə, insan tünlüyündə qanadları onun hərəkətinə əngəl törədir, kütlə içində şair yazıq günə qalır.

Bodlerin allahı xilaskar deyil, onun tanrısı təbiətin, fələyin əkiztayıdır, eynən o cür amansız, o cür zalımdır. Doğrusu, ona Allah deməyə də adamın dili dönmür, belə tanrının olmağıyla olmamağının fərqi yoxdur.

Bu saatın içində Allah yaşayır, Allah,

O, səni barmağıyla hədələyir, qorxudur.

Deyir, unutma, ömrün gec-tez sona çatacaq,

Gördüyün hər nə varsa, ötəri bir yuxudur.

Sevinc, kədər - hamısı quş kimi uçub gedər,

Qanadları bir azca yelpikləyər üzünü.

Qarışqatək ömrünə daraşar dəqiqələr,

Didər, çeynəyər, udar gecəni, gündüzünü.

Bircə saat ötüncə, bu saniyə əqrəbi

Üç min altı yüz dəfə “unutma!” deyər sənə.

Gündən-günə sökülür dünyanın sən tərəfi,

Sən göz açıb-yumunca sabah dönür dünənə.

(“Saat” - tərcümə Ramiz Rövşənindir)

Ardı var...

# 1378 dəfə oxunub

Müəllifin son yazıları

# # #