İyulun 2-si məşhur yazıçı Herman Hessenin doğum günüdür.
Kulis.az bu münasibətlə böyük ədibin “Yalquzaq” romanından bir hissəni təqdim edir.
***
...Balaca pəncərələrinə dəmir tor çəkilmiş dörd divarın arasında çılpaq bir həyət, ortasında qurulmuş tərtəmiz edam kürsüsü, əynində mantiya, sürtuk olan bir düjün cənab... Mən də onların arasındaydım və bomboz səhərin soyuğunda üşüyürdüm, qüssə dolu bir qorxu da ürəyimi sıxırdı. Ancaq taleyimlə barışmışdım, hər şeyə hazırdım. Əmrə görə irəli çıxdım, əmrə görə diz çökdüm. Prokuror papağını çıxarıb boğazını arıtladı, qalan cənablar da onu təkrar etdilər.
Prokuror əlindəki dürməklənmiş kağızı açıb oxumağa başladı: – Cənablar, qarşınızda dayanan cənab Haller bizim sehrli teatrdan sui-istifadə etməkdə ittiham olunaraq təqsirli bilinir. Haller bizim gözəl şəkil qalereyasını gerçəklik adlanan şeylə dəyişik salıb, güzgüdəki qızı güzgüdəki bıçaqla öldürməklə yalnız yüksək sənəti təhqir etməyib, eyni zamanda, yumor hissini unudaraq teatrdan intihar vasitəsi kimi istifadə etməyə cəhd göstərmişdir. Buna görə də Haller ömürlük həyat cəzasına məhkum olunur və ona on iki saat müddətində bu teatra girməyə icazə verilmir. Müttəhim, eyni zamanda, bir dəfə ələ salınmaq cəzasından da azad edilmir. Cənablar, başlayın: bir... iki... üç!
Üç sayında həmin adamların hamısı bir nəfər kimi ucadan xorla güldü. Bu o dünyadan gələn dəhşətli bir gülüş idi, insan buna dözə bilməzdi.
Özümə gələndə gördüm ki, Motsart bayaqkı kimi yanımda oturub. Əlini çiynimə vura-vura dedi: – Haqqınızda çıxarılan hökmü eşitdiniz. Deməli, həyatın radiomusiqisinə qulaq asmağı da öyrənməli olacaqsınız. Xeyrini görəcəksiniz. Bu sahədə istedadınız həddən artıq zəifdir, əziz dost, ancaq sizdən nə tələb olunduğunu tədricən başa düşdünüz. Gülməyi öyrənməlisiniz – sizdən tələb olunan bax budur! Həyatın yumorunu – bu həyatın kədərli yumorunu anlamalısınız! Siz isə tələb olunan şeydən başqa dünyanın hər işinə hazırsınız! Qızı öldürməyə hazırsınız! Təntənəli edama hazırsınız! Yəqin ki, hələ yüz il də özünüzü döyməyə, qamçılamağa hazır olacaqsınız... Elə deyil? – Bəs necə! Sidq-ürəkdən hazıram! – deyə kədər içində dilləndim. – Əlbəttə, hazır olarsınız! Siz dünyanın ən səfeh, yumordan uzaq, hay-küylü, şit işlərinə qadirsiniz, ey alicənab insan! Mən isə bunlardan uzağam və sizin romantik peşmançılığınıza bir qara qəpik də vermərəm. Siz edam olunmaq, boynunuzu vurdurmaq istəyirsiniz, ey qəddar insan!
Bu səfeh ideal yolunda hələ on adam da öldürərsiniz! Ancaq, lənət şeytana, elə ona görə də yaşamalısınız. Ən ağır cəza da sizin üçün azdır. – Ah, görəsən, hansı cəzadır o? – Məsələn, bu qızı dirildib, sizinlə evləndirmək. – Yox, mən buna hazır deyiləm. Bədbəxtlik olar... – Guya, indiyəcən elədikləriniz bədbəxtlik deyil! İndi isə coşqunluğa, qatilliyə son qoymaq lazımdır. Ağlınızı başınıza yığın! Siz yaşamalısınız, gülməyi öyrənməlisiniz!
Siz həyatın lənətə gəlmiş radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə gülməyi öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur. Dişlərimi bir-birinə sıxaraq pıçıltı ilə soruşdum: – Bəs mən istəməsəm, necə? Bəs sizə Yalquzağa əmr etmək, onun taleyinə qarışmaq ixtiyarı verməsəm necə olar, cənab Motsart? – Onda sizə bu gözəl siqaretlərdən birini də çəkməyi təklif edərdim, – deyə halını pozmayan Motsart sehrkar kimi qoltuq cibindən çıxardığı siqareti mənə uzatdı və birdən gördüm ki, daha Motsart deyil, qeyri-adi qara gözlərindən hərarətlə baxan dostum Pablodur, özü də əkiz qardaşı kimi bayaq mənə balaca fiqurlarla şahmat oynamağı öyrədən kişiyə oxşayır. – Pablo! – diksinərək qışqırdım. – Haradayıq, Pablo? Pablo verdiyi siqareti yandırdı: – Mənim sehrli teatrımda, – deyə gülümsədi. – Əgər tanqo öyrənmək, general olmaq, Makedoniyalı İskəndərlə söhbət etmək istəyirsənsə, gələn dəfə hamısı qulluğunda olar. Ancaq onu da deyim ki, məni bir az kədərləndirdin, Harri. Özünü tamam unutdun, balaca teatrın yumor aləmini dağıtdın, ədəbsizlik elədin, bıçağa əl atdın, bizim bu gözəl xəyali dünyamızı gerçəklik ləkəsi ilə korladın. Heç yaxşı iş tutmadın. Çox güman ki, yanaşı uzandığımızı görüb, qısqanclıqdan elədin. Heyif ki, bu fiqurla oynamağı bacarmadın, ancaq mən elə bilirdim yaxşı öyrənibsən. Eybi yox, düzələr.
Hermineni qaldırdı, qız onun barmaqları arasında balaca bir şahmat fiquruna döndü. Onu bayaq siqaret çıxartdığı cibinə qoydu. Qatı şirin tüstünün xoş bir ətri vardı və birdən-birə özümü elə yorğun hiss elədim ki, düz bir il yatardım. Ah, hər şeyi anladım, Pablonu da, Motsartı da başa düşdüm, haradansa arxa tərəfdən qorxunc bir gülüş səsi eşitdim və bildim ki, həyat adlı oyunun yüz min fiquru yenə də cibimdədir.
Sarsıla-sarsıla həmin oyunun mənasını duydum. Onu bir də başlamağa, əzablarını bir də dadmağa, mənasızlığından bir də dəhşətə gəlməyə, içimdəki cəhənnəm alovundan bir də – özü də lap tez-tez keçməyə hazır idim. Haçansa bu fiqurlarla yaxşı oynayacam. Haçansa gülməyi öyrənəcəyəm. Pablo məni gözləyirdi. Motsart məni gözləyirdi…
Tərcümə edən: Vilayət Hacıyev