Kulis.az Nuran Yaqubun "Yaşanmamış şəhərlərin romanı haqqında" adlı yeni yazısını təqdim edir.
Ötən gün dərsdə müəllimimizlə belə bir məsələ ətrafında müzakirə apardıq: rayonda böyüyən birinin şəhər həyatını yazması nə qədər uğurludur və ya bu, ümumiyyətlə, mümkündürmü? Qrup yoldaşlarımın əksəriyyəti şəhərdə doğulub boya-başa çatdığı üçün onlar üçün bu mövzu çox da mürəkkəb deyildi. Amma mənim üçün fərqli idi. Mən rayonda böyümüşəm. Bu, mənim reallığımdır. Bu reallığın içindən baxaraq deyə bilirəm: rayonda böyümüş biri üçün şəhər romanı yazmaq asan məsələ deyil. Bəzən isə, ümumiyyətlə, mümkün deyil.
Ədəbiyyatda "şəhər romanı" janrı ilk baxışda sadəcə şəhərdə baş verən hadisələrin təsviri kimi görünə bilər. Lakin bu janr sadəcə məkandan ibarət deyil; o, şəhərin ritmini, onun içindəki davranış modellərini, psixoloji atmosferini və sosial strukturlarını da əhatə edir. Şəhər romanı — yalnız küçələrin, binaların və ya metro xətlərinin təsviri deyil, həm də şəhərin həyat tərzinin, tənhalığın, xaosun, sürətin, qəribəliyin və soyuq nəzakətin poetik ifadəsidir.
Rayondan gələn biri üçün bu atmosferin içindən yazmaq bəzən mümkünsüz görünür. Burada şəhər, yalnız fiziki məkan olmaqdan çıxaraq, bir düşüncə forması, hətta ekzistensial vəziyyət kimi ortaya çıxır. Məsələn, şəhərli ədəbi obrazlar, T.S. Eliotun “The Waste Land” ("Şoran torpaq" - red.) şeirində olduğu kimi, müasirliyin parçalanmış, kəsik-kəsik həyatının simvoluna çevrilir. Şəhərli olmaq — izdihama qarışmaq, kafedə saatlarla tək oturub yazmaq, küçələrdə heç kəsi tanımadan, amma heç kimə mane olmadan gəzməkdir. Bunu yaşamadığın zaman, onu yazmaq da çətin olur. Çünki şəhəri təkcə görmək yox, onu hiss etmək, onunla eyniləşmək, hətta bəzən onun içində yox olmaq lazımdır.
Metro isə bu fərqi ən açıq şəkildə göstərən metaforalardan biridir. Mənim üçün metro bir neçə il öncəyə qədər sadəcə labirint idi. Haradan minmək, necə düşmək, hansı çıxışdan hansı küçəyə çıxmaq... Bütün bunlar mənə instinktiv gəlmirdi. Bu sistemin kodlarını çözmək üçün zaman, müşahidə və təcrübə lazım idi. Eynilə şəhər romanı da bu kodları bilməyi tələb edir. Bu, ancaq şəhərlə birlikdə yaşayan, onun ritminə uyğun nəfəs alan yazıçının işidir.
Ədəbiyyat tarixində bu kodları mükəmməl şəkildə çözən yazıçılar var. Orhan Pamukun “İstanbul: Hatıralar ve Şehir” əsərində İstanbul təkcə fon deyil, o, əsərin baş qəhrəmanıdır. Pamuk şəhəri səsi, qoxusu, bozluğuyla, suallar doğuran tənhalığıyla canlandırır. Bu, onun şəhərlə dərin emosional və mədəni əlaqəsinin göstəricisidir. Patrik Modiano üçün Paris yaddaşın xəritəsidir — küçələr, yerlər və labirintlər qəhrəmanların psixoloji labirintinə çevrilir. Hər küçə bir travma, bir xatirə daşıyır. Kafka isə şəhəri absurd, ekzistensial bir sistem kimi qavrayır. “Qəsr” və “Prosess”dəki şəhərlər fiziki məkan olmamaqla yanaşı, insanın daxili tənhalığının və əbədi təqibinin metaforasıdır. Bu yazıçılar şəhərlə yalnız fiziki yox, həm də ruhani və ekzistensial əlaqə qurublar.
Rayondan gəlmiş biri isə, öz təcrübəsindən fərqli olaraq, şəhərli olmayan, amma şəhərli olmaq istəyən qəhrəmanlar yaradır. Və bu, yazıya keçir. Oxucu hiss edir: bu obraz danışmır — danışdırılır. Bu küçə səssiz deyil — susdurulub. Bu kafe səhnəsi yaşanmayıb — qurulub.
Yazmaq məsuliyyətdir. Xüsusən də, şəhər haqqında yazmaq istəyirsənsə. Çünki şəhər öz içində fəlsəfi təlatümlər daşıyır. Onu müşahidə etməklə yox, onunla birgə dəyişərək anlamaq olar. Rayon mühitinin hissiyatı, insan münasibətləri, təbiətə yaxınlığı — bunlar öz yerində dəyərlidir. Amma bu reallıqla formalaşan bir qələm, şəhərin neytral, soyuq, sistemli ritminə toxunanda ya səsini itirir, ya da qeyri-səmimi səslənir.
Bəs rayondan gəlmiş biri şəhər haqqında necə yaza bilər? Mənim uşaqlığımda günəş başqa cür batırdı, insanlar daha səmimi idi, həyat daha yavaş idi. Mənim üçün təkliyə belə bir yerdə yer yox idi. Amma şəhərdə tək qalmaq, özünlə yaşamaq, insanlara toxunmadan da yaşamağı bacarmaq var. Şəhər insanı münasibətlərə ehtiyatla girir, təkliyi seçir, soyuqluğu incəlik kimi qəbul edir. Şəhər romanı təsəvvürlə yox, yaşantı ilə yazılır. Şəhər təkcə məkan deyil, bir ruhdur, bir sistemdir, bəzən labirintdir. Onu yaşamamış biri oranın səsini kopyalaya bilər, amma həmin səs oxucunun qəlbində titrəməz.
Metroya ilk dəfə minəndə çaşqınlıq yaşayan biri, illər sonra şəhərdə yazdığı "metroda kitab oxuyan qız" obrazını inandırıcı edə bilərmi? Əgər bu obraz sadəcə filmlərdən öyrənilmişsə, əsl həyatın metro səsindən, kənardan toxunmayan soyuq insanlarından doğmamışsa, o obraz süni qalacaq.
Şəhər romanı yazmaq üçün şəhərin dərinliyi anlamaq gərəkdir. Küçələrin səssizliyindən, pəncərələrin arxasında tək yazı yazan insanın baxışından, metroda bir-birinə istəmədən də olsa dəyərək yaşayan insanların ritmindən bir atmosfer yaratmaq lazımdır. Bu atmosferi yaratmaq üçün isə şəhərin içində yalnız yaşamaq deyil, onunla eyniləşmək də lazımdır. Mən indi şəhəri kənardan baxan biri kimi yazıram. Mənim üçün şəhər uzaqdan müşahidə etdiyim, içində itməkdən qorxduğum, amma getdikcə daha çox hiss etdiyim bir yerdir.
Ona görə də, bir rayonda doğulmuş yazıçı şəhərdən yazmaq istəyirsə, gərək əvvəlcə özü ilə üzləşsin: mən bu şəhəri, həqiqətən, yaşayırammı? Onun labirintində azmışam, ya sadəcə planına baxıram? Əgər cavab yoxdursa, o zaman yazının içində də bir yalan gizlənir. Və bu yalan ədəbiyyatın ən təhlükəli düşmənidir.