Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva
15 dekabr 2025
# 18:01

15 dekabr filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı" yazısını təqdim edir.

Mən də bu gün "ədəbiyyatımız mühüm bir dövrə keçiyor" - deyə bağırmaq istiyoram!

M.Ə.Rəsulzadə 1911-ci ildə "İrani-nov" qəzetində çap etdirdiyi "Mətbuat azadlığı" adlı məqaləsində hər bir ölkənin mədəniyyətinin inkişafını birbaşa onun ədəbiyyatındakı təkamül prosesi ilə əlaqələndirirdi. Göstərirdi ki, hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 69).

"Pozğun qələmə alınan yazı, əsərlər həm əxlaqa, həm də tərbiyəyə böyük zərər yetirir. Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susması da puldan asılıdır" (Yenə orada, s.73-74). Rəsulzadə "ziyanlı mətbuat", "pozğun yazı", "cəmiyyətə çox əziyyət verən zəhər" və s. bu kimi ifadələrlə bayağı ədəbi və bədii, publisistik məhsulların xalq, millət üçün zərərindən danışırdı. Haqlı olaraq vurğulayırdı ki, sənət meyarlarından və sənətkar qələmindən uzaq yazılar oyanmaqda, inkişaf etməkdə olan cəmiyyətlərin zövqünü və dünyagörüşünü, estetik baxış meyarlarını korlayır. O, 1913-cü ildə "İqbal" qəzetində çap etdirdiyi "Təzə kitablar" adlı göstərirdi ki, Avropada normal hesab edilən istənilən bir müəllif yazdığı hər bir əsərlə bütün millətinin ruhunu, ictimai-siyasi baxışlarını, problemlərini əks etdirə bilir. Bu qabiliyyət və hünəri ilə də öhdəsinə götürdüyü məqaləsində vəzifəsini vicdanla icra etmiş olur. Hər kəsin gözləri önündə baş verən bu təkamül prosesi isə ümumilikdə millətin mədəni inkişafı üçün şərait yaradır.

Həmin məqalədə Ağakərim Kərimov imzalı yazarın çap etdirdiyi "Nələr lazım?", yaxud "Üç vacibi şeylər" və Bakı ticarət məktəbinin şagirdi Əliəjdər (Zaki) Seyidzadənin yazmış olduğu "Məhəbbəti-madaranə" adlı əsərindən bəhs edir. Elm, sevgi və əxlaqı insanlıq üçün əsas şərt hesab edən Ağakərim Kərimovun nəzmlə yazdığı əsəri Rəsulzadə tənqid edərək bildirir ki, müəllif çox mühüm məsələlər haqqında qeyri-müəyyən və sənət kriteriyalarından uzaq şəkildə bəhs edir.

"Bu əfəndi şu vacibli kitabında əvvəla elmi, saniyən məhəbbəti, salisən tərbiyəni kəndi millətinə təlqin etmək istəmiş və bunları da şeirlə hüsula gətirmiş! Kitabın başında diyorlar:

Ey olan bərri-bəhrin sahibi

tək olan pərvərdigar,

Et nəzər milləti-müsəlmanə,

eylə rəhmət möcizin izhar.

Biz müsəlmanın işi

ahu-fəğan, dərd çəkməkdir,

Çıxardıb xoş günün yaddan,

eyliyib fələyə vagüzar..." (Yenə orada, s. 177).

Rəsulzadə əsər sahibinin həqiqət, düzlük, elm, məhəbbət haqqındakı iddialarına və tələbinə özünün mətni vasitəsilə cavab vermədiyini göstərir. Qeyd edir ki, əsər sahibi öz söylədiyinə əməl etsə idi, daha böyük xidmətlər etmiş olurdu. Çünki şairin nə demək istədiyini özündən başqa bilən olmayacaq. "Mən ki, bir şey anlamadım, ancaq acı bir təəssüf deyə bildim. Bu əfəndi kitabın sonunda daha gözəl bir həqiqət söyliyor:

Ey Kərim, bəsdir,

dəxi ağ elədik sən də - deyib

Şeri dəng etdin bizi lap

nəyə bənzər

(və ilaxir!..)

Əfəndicik bunu rek gözəl bildikləri halda, hər nədənsə yenə zəhmət ixtiyar edib para sərf eləmişlər.

Məzkur kitabçadan hasil olan faydanı lütfən şərh edərsələr, bir fayda olurdu zənnindəyiz" (Yenə orada, s.178).

İkinci kitab haqqında da "niyyət və xidmət istəyi təqdirəlayiqdir, fəqət ortada olan kitab başqa söz deyir" - qənaəti ilə çıxış edir ("Yeni qiraətə başlamış etfal üçün yazılan şu kitabın içərisi bu müqəddimədən daha qarışıq və qəliz sözlərlə doldurulmuşdur. Zənnimcə, bu əfəndilər də böyük zəhmətlər çəkmişlər!.. Fəqət naçarə!" (Yenə orada, s.179).

Əsərin təkcə məzmunu haqqında yox, həm də dil-üslub xüsusiyyətləri barədə də söz açır. Onu da qeyd edir ki, müəllif türk, ərəb və fars dillərindən elə istifadə edib ki, onun bu dillərdən hansına məxsus olduğu bəlli olmur. Yəni mətndə ərəb və fars kəlmələrindən həddindən artıq istifadə etməsi və dili qəlizləşdirməsi mənfi hal kimi qiymətləndirilir. "Binaən əleyh məzkur kitabı oxuyan zaman şagird əfəndinin türk, fars, ya ərəb - hankısından olduğunu anlamaq mümkün deyildir. Düşündükçə bunlan hər birindən olmadığına hökm etmək lazım gəliyor" (Yenə orada, s. 178).

Onu da qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə BDU-nun Tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir. Tərcüməçilik təcrübəsi də vardır. Məsələn, M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirmişdir və s.

Rəsulzadə zamanın ictimai-siyasi, sosial-mədəni hadisələrini sistemli şəkildə izləyib təhlil etdiyi kimi ədəbiyyatda gedən prosesləri də həssaslıqla müşahidə edirdi. XX əsrin əvvəllərində ədəbiyyatın zənginləşməsi, mövzu-ideya, forma-məzmun baxımından püxtələşməsi məsələsinə xüsusi diqqət ayırır və belə bir ədəbiyyata ədəbiyyat mütəxəssisləri - ədəbiyyatşünaslar tərəfindən qiymət verilməsi tələbini irəli sürürdü. Ona görə də "Tənqidə ehtiyac var" adlı məqaləsini ("İqbal" qəzeti, 1913-cü il) çap etdirir. Oxucuların ədəbiyyata marağını, kitab satışı və alışı mədəniyyətinin formalaşması prosesini, ədəbiyyatın zamanla ayaqlaşması məsələsini və başqa bu kimi halları konseptual şəkildə təhlilə çalışlan müəllif yazır: "Ədəbiyyatımız yaman-yaxşı dövlətləniyor. Xalqımız oxumağa adət ediyor. Təzə nəşr olunan ədəbi əsərlər şəhərimizdəki kitab füruşların caməkanlarını (vstavkalarmı) dolduruyor. Gərək tərcümə və gərək milli romanlar, hekayələr yazılıyor. Təzə mühərrirlər və təzə əsərlər meydana çıxıyor. O dərəcə ki, artıq çıxan əsərlərin mahiyyətindən, nə cürlüyündən göz örtmək və hər nə cür olsa mətbu əsərlərin zühurunu mütləq surətdə alqışlamaq dövrəsi axıra çatıyor kimi görünüyor" (Yenə orada, s.255).

Rəsulzadə mühüm bir dövrə qədəm qoyan ədəbiyyatın təhlilini, təqdim və tənqidini istəyirdi. Çünki yazarlar keyfiyyətli əsərlər yazır, oxucular həvəslə oxuyursa, bu arada ədəbi tənqidin yeri mütləq görünür. Ədəbiyyat cəmiyyət həyatının aynası, doğru yol göstərəni, millətin mədəni tərəqqisinə xidmət edən sahə kimi geniş meydan almaqda idi. Cəmiyyət həyatında aparıcı, rəhbər funksiyasında olan ədəbiyyat bütün sahələrə nəzər yetirdiyi, həmin sahələri sərf-nəzər etdiyi, hətta tənqid etdiyi halda onun özünün də "redaktəyə", təhlil və tənqidə ehtiyacı olduğu aydınlaşır. "İnsanlara tənqidi-nəfs öyrədən ədəbiyyat özünü tənqid etməsə idi, alimi-biəməl məqamında qalar idi. Hər dövrün, hər zamanın bir iqtizası vardır. Bu iqtizaya görə ədəbiyyatda da təğyirat və təbdilat müşahidə olunmalıdır. Bu müşahidə hər şeydən əvvəl ədəbiyyatda nəzərə dəyməlidir. Ədəbiyyat əfkari - ümumiyyədə və həyati-növiyyədə vaqe olan təbəddülatdan geri qalmamalıdır. Əqəllən onların üzərinə icrai-təsir etməlidir. Onlardan mütəəssir olsa da, icrai-təsir etmək nüxbeyi-amalı olmalı" (Yenə orada, s.255).

Mövzu ilə bağlı klassik və müasir dünya ədəbiyyatı nümunələrinə üz tutan müəllif istənilən bir xalqın ədəbiyyatında sentimental, romantik, hissi-emosional tərzdə qələmə alınmış əsərlərin çoxluğunu təsdiqləyir, hətta bu emosionallığın hissiyyata "həyəcanverici nalələr, fəryadlar, dəvətlər və nidalar gətirdiyini" vurğulayır.

O, XX əsrin əvvəllərində - çox böyük ictimai-siyasi, sosial-mədəni hadisələrin cərəyan etdiyi bir zamanda ədəbiyyatın missiyasını ayrıca işıqlandırmağa çalışırdı. Həmin dövrün ədəbiyyat və mətbuat yazarlarına üzünü tutub deyirdi: "Yatmışlara xitab ediyorsunuz. Yuxulu adama qabili-tətbiq şeylərdən bəhs etmək əbəsdir. Ona əvvəlcə qalx, bəsdir yatdın, xalq getdi sən qaldın, qaldığın yer qorxuludur, dağın dalında quldurlar pusquya oturubdur - kimi sözlər deyib bağırmaq əvvəlidir" (Yenə orada, s.256).

Rəsulzadə bu məqamda ədəbiyyat adamı, ədəbi tənqidçi və ədəbiyyat tarixçisi kimi çıxış edir. Ədəbi prosesin istiqamətini, funksiyasını, məqsəd və prinsiplərini praktika üzərinə gətirir. Konkret olaraq cəmiyyətin inkişaf dinamikasına ədəbiyyatın real təsir gücünü müəyyənləşdirə bilir və yazarlara yol göstərir. Məsələn, qeyd edir ki, avam, cahil cəmiyyətlərdə publisistika və ədəbiyyatın birinci işi xalqı oyatmaqdırsa, ikinci işi yenə də onu oyatmaq olmamalıdır. Oyanmış insanlara hara gedəcəklərini anlatmaq lazımdır. Əvvəl məqsəd yatmışı oyatmaq idisə, yatmış oyandıqdan sonra məsələ tamamilə dəyişir. İndi artıq yuxudan gec qalxıb özünü karvandan geridə və tərəddüddə görən adama yol göstərmək, qabaqda gedənlərə necə çatmaq mümkün olduğunu bildirmək mərhələsi gəlir. Rəsulzadə Azərbaycan ədəbiyyatının həmin mərhələsini "realizm dövrü" adlandırırdı. "Fəqət, bunlar ila yövmil-qiyamə denilməz, ancaq yatanın oyanmasına qədər denilə bilir. Vaxta yatan durdu, gərnəşdi, xəmyazəsini çəkdi, başını yerdən qaldırdı, gözlərini bir-iki sildi, anladı, onu oyadan sənsən, bittəb müntəzir olacaq ki, indi ona yol göstərəsən. Artıq o zaman ona yenə qabaqkı nəğmələri çalmaq müvafiq düşməz və hələ "Ey bəradər, daldalanma, mürği-şəb tək abidar ol gəl" mətləi ilə başlayan şeirilər heç də fayda etməz" (Yenə orada, s.256).

Yenə Rəsulzadənin dili ilə desək, "laylay çalan ədəbiyyat" təhlükəsi aradan qalxmış, onu "yuxu qaçıran ədəbiyyat" əvəz etmişdi. O, geniş anlamda, dünya ədəbiyyatı ilə ayaqlaşa bilən nümunələrin çox olmadığından, həqiqi sənət əsəri yaradan imzaların çox az olmasından narahat idi. Lakin yaradılan nümunələr ümidverici idi və bu məqamda həmin nümunələri obyektivliklə qiymətləndirə bilən xüsusi bir ədəbi yaradıcılıq növü - tənqid tələb olunurdu. O da digər ziyalı yoldaşları, ədəbiyyatşünaslar kimi qəzetlərdə ədəbiyyatla bağlı çap olunan məqalələrin əvvəlində "tənqid və təqriz" ifadəsini yazırdı. "Bu məşəlin yanacağı isə tənqidi-ədəbidir ki, məəttəəssüf bizdə heç yoxdur. Bu sayədə də ədəbiyyat hər kəsin cəsarət edib atıldığı bir meydan olmuşdur. Tənqid və intiqad sözü mənayi-məşhuru ilə bir şeyi zəmm və təqdim etmək mənasına alınmasın, "kritik" mənasına gələn tənqid, eyni zamanda təqrizi də mühtəvidir" (Yenə orada, s.256).

Ədəbi tənqid məqalələri, eləcə də resenziyaların yazılması artıq mühüm və məsuliyyətli bir vəzifə kimi zəruri tələbata çevrilmişdir. Oxucunu əsl ədəbiyyat əsərləri ilə tanış etmək, onu ədəbiyyatda mövcud olan ədəbi cərəyanlar, inkişaf etmiş ölkələrdə ədəbiyyatın mahiyyəti və s. məsələlər haqqında məlumatlandırmaq missiyası da ədəbi tənqidin öhdəsinə düşürdü. Digər tərəfdən isə maarifləndirici ədəbiyyatda tərcümə məsələləri önə çəkilməkdə idi. Məsələn, Sədinin "Gülüstan" əsərini türkcəyə çevirən Rahilin tərcüməçilik fəaliyyəti haqqında Rəsulzadə maraqlı fikirlər söyləyir. İngilis, fransız, alman, rus və başqa dillərə tərcümə olunan bu əsərin Azərbaycan türkcəsinə tərcüməsi zərurəti haqqında danışan müəllif Rahil əfəndinin tərcümə etdiyi "Gülüstan" ilə Sədinin "Gülüstan"ı arasında yerdən-göyə qədər fərq olduğunu yazır. Uşaqlıqdan Sədini oxuyan Rəsulzadə elə o zamanlar eşitdiyi "Sədini yeddisində oxuyan ancaq yetmişində anlar" - aforizmini xatırladaraq, Rahil əfəndinin tərcüməsindən onun hələ yetmişinə çatmadığı ehtimalını yarızarafat qeyd edir, hətta istehza ilə "Rahilin "Gülüstan"ı ifadəsini işlədir. Sədinin ondan xəbəri olmadığını, mətnin tərcüməçi əlavələri ilə dolu olduğunu, "Gülüstan"ın bəkarətindən düşdüyünü" qeyd edir. O, qeyri-dəqiq tərcümə problemlərini incəlik və səbirlə çözür, məna-məzmun və forma-estetik çalarlara diqqəti cəlb edir.

"Əsbi-lağər miyan bekar ayəd Ruzi-meydan nə kave-pərvari" - beytini mütərcim böylə tərcümə ediyor: "Arıq incəbel at dava günündə işə gəlir, nəinki yoğun öküz. Yəni hər mənəm deyən özlərini rüəsayi-millət hesab edənlər, millət yolunda baş və candan keçməz. Halbuki farsi bilənlərcə məlumdur ki, bu beytin mənası ancaq bu ola bilər: "Müharibə günündə kök öküz deyil, arıq at işə yarar". Burada "yəni"dən sonra gələn cümlələrin hamısı hədərdir və bilkülliyyə zaiddir. "Yəni"dən əvvəl gələn cümlə hər nə qədər, məsələn, Sədinin beytinin tərcüməsinə bənzəsə də, türkcə bir tərkib olmaqdan uzaqdır ki, bu xüsusda zeylən bəhs edəcəyiz" (Yenə orada, s.264).

Məqalənin ("Gülüstan"ın tərcüməsi", "İqbal" qəzeti, 1913-cü il) sonrakı hissəsində də təhlillərini bu qaydada davam etdirir.

Rəsulzadənin tərcümə sənəti və tərcüməçi təfəkkürünün xarakteri haqqındakı qənaətləri xüsusi maraq yaradır. Məsələn, o, tərcümə prosesində zehnin iki şeylə məşğul olmaq məcburiyyətində olduğunu iddia edir və göstərir ki, yalnız bu iki xüsusiyyətə diqqət yetirənlər gözəl tərcüməçi ola bilərlər. Sözlərin və ifadələrin tərkibi, məna çaları və ən əsası tərcümə olunan əsərin mənasının qorunub saxlanılması. O, bir çox tərcüməçilərin, o cümlədən də, Rahilin öz tərcüməsində Sədi ahəngini, poetikasını saxlamaq cəhdini əbəs saymış, bildirmişdir ki, "Gülüstan"dakı, dəqiqliyi və Sədinin cümlələrindəki ahəngi türkcədə də mühafizə etmək mümkün olmaz. Rahilin də bəzi yerdə Sədinin mətnindəki səc və qafiyələri qismən saxlamaq cəhdini bəyənməmişdir. Çünki o, sübut edirdi ki, hər bir dilin özünəməxsus bir ruh və ahəngi vardır. Və onu başqa bir dilə nəql edincə ahəngsizliyin ən gülünc bir nümunəsi ortaya çıxır.

O, tərcümə ədəbiyyatı ilə məşğul olan müəlliflərə daha bir tövsiyə edir. Tərcümə bitdikdən sonra bir-iki ay gözləmək və mətnə yenidən baxmaq. O zaman tərcümə olunan əsərdəki yad təsirlər, alınma kəlmələrin çoxluğu və s. bu kimi hallar ortaya çıxacaq.

Rəsulzadə Rahilin tərcüməsini də bu baxımdan tənqid edir. Mətndə türk və Azərbaycan dilindən əsər belə olmadığını yazır. "Sədini türkcəyə tərcümə edə bilmək üçün hər halda türkcə də iqtidar sahibi olmaq lazımdır. Halbuki türkcə qaidələrinə müvafiq Rahilin bir cümləsi tapılmaz - dersək, çox da iğraq etmiş olmarıq" (Yenə orada, s.266).

Rahilin gələcəkdə Həzrət Əlinin "Nəhcül-bəlağə" əsərini də tərcümə etmək niyyətindən xəbər tutan Rəsulzadə ədəbiyyat naminə ona üzünü tutub xahiş edir: "Ədəbiyyat naminə rica edərdik ki, tərcümə elədikləri zaman türkcə qaidələrinə ziyadəcə əhəmiyyət versinlər, tainki o bəlağət və hikmətin bir nümuneyi-aliyül-ali olan böyük əsər ərəb qarelərinə verdiyi zövqü türk qareinlərə də verə bilsin. Bir kəlmə, "Gülüstan"ın tərcüməsi kimi olmasın" (Yenə orada, s.266).

Maraqlıdır ki, Rəsulzadə daha sonra "Zavallı Sədinin görəcək günləri varmış. "Bustan" da türkcəyə tərcümə edilmiş, bunu yaxınlarda duydum" - həyəcanını yaşamalı olur. Onun "Bustan" adlı məqaləsindən ("İqbal" qəzeti, 1913-cü il) məlum olur ki, dostlarından biri həmin tərcümənin bir nüsxəsini ona verir və fikir bildirməsini xahiş edir. Hətta ilk baxışda Rahilin "Gülüstan"ından yaxşı olması təsirini duyduğunu da etiraf edir. Ancaq onu da qeyd edir ki, Rahildən yaxşı olmaq bir hünər deyildir, çünki Rahilin tərcüməsi pisdən də pis idi.

Mir Əbdulvahab Seyyidzərgərin tərcüməsi üzərində də Rəsulzadə çox ustalıqla müqayisələr aparır.

"Bustan" Azərbaycan türkcəsinə həm də nəzm şəklində tərcümə edilmişdir.

"Şirazlı filosofun əsərlərini bakılı bir şair türkcəyə nəzmən tərcümə etmiş. Sədini nəzmən tərcümə edə bilmək üçün heç olmazsa, Sədinin yarısı qədər şair olmalıdır. Böylə bir şairi yetişdirdiyi üçün Bakı şayani-təbrikdir - deyə ilk dəfə böylə düşündüm" (Yenə orada, s.274).

Daha sonra isə tərcümə ilə bağlı nöqsanları təhlil etdikdə Azərbaycan türkcəsində olan "Bustan"ın fars dilində olan "Bustan"dan həcm etibarilə xeyli az olduğu ortaya çıxır. Müəllif qeyd edir ki, əsl "Bustan" təqribən 9.176 beytdən ibarət olduğu halda, tərcüməsi 1.464 beyt təşkil edir ki, bu da əslindən xeyli azdır ("Dedim ki, bəlkə cənab mütərclim iicaz və ixtisari-kəlamda Şeyxi keçmiş, onun iki beytdə sığışdıra bildiyi mənaları, bu iki misrada yerləşdirmişdir" (Yenə orada, s.274).

Bu tərcümədə daha çox təhriflər və "sərbəstliklər" olduğunu müəllif konkret faktlarla göstərir. "Bustan"ın tərtibi, fəsilləri forma və məzmun etibarilə əslindən çox fərqlənirdi. Tərcüməçi hətta bəzi fəsilləri ixtisara salaraq tərcümə etmiş, çox hallarda isə tərtib ardıcıllığını pozmuşdur və s. Rəsulzadə isə bu cür davranışda qeyri-ciddi yanaşmanı ədəbiyyata xəyanət hesab edirdi. Bildirirdi ki, tərcüməçi bu şəkildə tərcümənin əvvəlində "Bustan"dan iqtibas olunmuş müntəxəbat" ifadəsi yazmalıdır. Yəni ixtisar şəklində tərcümə olunduğu oxucuya dürüstlüklə çatdırılmalıdır.

Məqalənin bir neçə yerində orijinal mətnlə tərcümə mətni fraqmentlərini müqayisəli şəkildə təhlil edir və tərcümənin naqis, qeyri-dəqiq olduğunu əsaslandırır: "Məsələn, "Qızıl Arslan şahın bir mərdi-danişmənd ilə hekayəti"nə Sədi böylə başlıyor:

"Qızıl Arslan qəleyi-səxt daşt,

Ke kərdən baluvənd bər mlfəraşt".

Mütərclm bunu böylə tərcümə ediyor:

"Rəvayətdə vardır qızıl Arslan

Öz əsrində olmuşdu çox hökmran

Var idi onun qələsi çox bülənd

San ol qələ əflakə atmış kəmənd".

Bundan fikrimizin əksi çıxıyor. Anlaşılır ki, mütərcim Sədinin bir beytdə ifadə etdiyi mənanı yaman-yaxşı ancaq iki beytdə ifadə edə biliyor ki, bu surətlə türki "Bustan" əsl "Bustan"dan, yuxarıdakı hesaba görə 6 dəfə deyil, 12 dəfə kiçikdir" (Yenə orada, s.275).

Bir neçə belə nümunələrdən sonra Rəsulzadə bu cür tərcümə mətnlərini ortaya qoyan, çəkinmədən oxuculara təqdim edən tərcüməçilərin məsuliyyətsiz davranışını tənqid edir və Şərqin böyük filosofu Sədiyə qarşı da bir hörmətsizlik olduğunu açıqlayaraq bildirir ki, bu, bağışlanmaz səhvdir. Obrazlı şəkildə qeyri-peşəkarların Sədi əsərlərinə üz tutmağını "Azərbaycan ədəbiyyatının taleyi-nasazı" hesab edir, təəssüflənir ki, nədənsə Sədinin tərcüməsinə daha çox savadsızlar, öz dilini belə mükəmməl bilməyən, bu dildə doğru-dürüst ifadə imkanları olmayanlar cəhd edir. "Bu, əfv olunmaz. Bu, əfv olunursa, ruhi-Sədi müəzzəb olur. Çünki farsi bilməyənlər bilməzlər ki, bu "səhv və nisyan"lar Seyyidzərgərindir, yoxsa Sədinin" (Yenə orada, s.276).

Mir Əbdulvahab Seyyidzərgərin müqəddiməsini, nəsr dilini qüsurlu hesab edən müəllif onun nəzmlə tərcüməsində də xeyli naqisliklər aşkar edir. Bəzən tərcümə hesab edilən fraqmentlərdə farsca ifadələrin çoxluğunu, kəlmə sayını belə hesablayır.

"Benami-xudavəndi-balavü pəst,

Qələm algilən, Seyyida, sən bedəsəti

Səri-cümlə divanda ibtida,

Cahan afərinə səzadır səna.

Əlimu giramiyü can afərin.

Tənü əqlü fəhmü zəban afərin.

Həkimi-süxən alimi sərü qeyb,

Bir Allahdır, yox ona şəkkü reyb.

Bu nə farsıdır, nə də türki. Bu dörd "beyti-türki" təhlil olunursa, burada ancaq beş türkcə kəlmə ilə altı edat türkü vardır. Tərkiblərə gəlincə, ancaq axırıncı misra olan "bir Allahdır, yox ona şəkkü reyb" bir az türkcə tərkibə oxşayır kimidir. Baqi misralar isə pozuq bir terkibifarsıdan başqa bir şey deyildir. Fəqət bu qədər var ki, Sədinin farsisini oxumaq farsı bilməyən bir türkün qulağına heç olmazsa bir ahəngi dilnəvaz bəxş edər. Əbdülvahab cənabları qarelərini bundan da məhrum etmişlərdir" (Yenə orada, s.277).

Azərbaycan türkcəsində, əslində səliqəsiz, qarışıq şəkildə Sədini oxumaq məcburiyyətində olan Azərbaycan oxucusuna elə farsca Sədini oxumağı tövsiyə edir. Çünki farscada heç olmasa, Sədi poetikası, ahəngi qulağa daha xoş gələr, - deyə düşünür.

Başqa bir məqamda Rəsulzadənin "tərcümə tənqidçisi" kimi həssaslığı, məna təhrifini gözdən qaçırmamasını görürük. Sədinin Qızıl Arslanın qalasını tərif edən, qalanın kimsədən qorxusu, narahatlığı, asılılığı, ehtiyacı olmayan üstünlüyünü, yollarının da zülfi-ərusan kimi buruq-buruq olmasını əks etdirən beytini -

"Nə əndişə əz kəs, nə hacət behiç,

Çu zülfi-ərusan rəhəş piç-piç" -

Zərgərinin Qızıl Arslanın şəxsinə aid olaraq tərcümə etməsini və onun sultanlardan xərac aldığını da özündən əlavə olaraq artırmasını oxuculara çatdırır:

Yoxuydu onun kimsəyə ehtiyac,

Alardı salatinlərdən xərac.

Gördüyümüz kimi, burada ciddi məna fərqi və təhrif ortaya çıxır.

Rəsulzadə böyük mütəfəkkir şairlərin əsərlərini tərcümə adıyla təhrif edən müəlliflərə və daha sonralar belə cəhddə bulunmaq istəyənlərə dərs olsun deyə həm "Gülüstan", həm də "Bustan" tərcümələri üzərində özünün də dediyi kimi, səhvlərin üzərinə barmaq qoyaraq işləmişdir. Dostlarından birinin ona: "Böylə əsərlər tənqid olunamaz. Çünki onlarda tənqidə dayanır və tənqid götürər bir nöqtə yoxdur" - iradına cavab olaraq - "Fəqət mühitimiz nəzərə alınırsa, bunları təhlil və tənqid etmək dəxi faydasız deyildir" - qənaətini bəyan edir.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının ədəbi və milli intibahından danışarkən ədəbiyyatımızın keçdiyi yolu, yazılı ədəbiyyat dövrünün dil və forma, sənətkarlıq xüsusiyyətlərini geniş təhlil edir. "Azərbaycanlılar ibtida farsicə yazmışlar. Sonra sırf Azərbaycan şiveyi-məhəlliyeysi ilə yazan Füzuli məşrəb şairləri ilə qocaman bir dövr davam eyləmişdir. Bu dövrdə əvvəl Qovsi, Nəbati, sonra Vaqif, Seyid Əzim, Ləli, Raci kibi şairlər yetişmişdir. Nəhayət, üçüncü dövr gəlmiş: Qərb həyat və əfkarının təsirinə girən Azərbaycan ədəbiyyatı Osmanlı türk ədəbiyyatından mülhəm, müasir ədəbi türkcə ilə yazmaya başlamışdı. Bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan bu dövrün şairləri Əbdülsəlimzadə Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Əhməd Cavad , Səhhət, Müznib və sairələridir" (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti, Bakı: Elm, 1990, 116 s. s. 14).

Cəlil Məmmədquluzadənin "Ölülər" əsərini yüksək qiymətləndirən Rəsulzadə bu əsərin yazılmasını və səhnəyə qoyulmasını "teatr və ədəbiyyatımızda bir böyük hadisə baş verdi" - sevinci ilə yaşamış, Mirzə Fətəlinin əsərlərindən sonra həmişə diri qalacaq bir dram kimi əsəri təqdir etmişdir. O, "Ölülər"i "Molla Nəsrəddin" jurnalının bir nüsxəsi hesab edərək bildirirdi: "Ölülər" qaranlıq həyatda, cəhalətlə çürüyən mühitdə bitab düşən xəstə vücudumuzu bütün faciələri və acıları ilə açıb aləmə faş ediyor. "Ölülər" komediyasının qüvvətli bir surətdə buraxdığı projektor işığı həyatımzdakı lehməligin bütün pisliklərini açıyor. O qədər aydınlaşdırıyor ki, ən zəif gozlər belə onu görməyə bilməzlər" (Rəsulzadə M.Ə. Əsərləri. III cild. Bakı, Elm, 2012. 596 səh. s. 398).

Rəsulzadə "İkinci Axundovumuz" adlandırdığı C.Məmmədquluzadənin bu pyesini N.V.Qoqolun "Müfəttiş" əsəri ilə müqayisə edir. "Fəqət "Ölülər", əlbəttə, "Revizor"un kopiyası degildir. "Ölülər" istedadlıqla, sənətkarlıqla, həyati bilərəkdən və sənətdə bir məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş bir "Revizor"dur" (Rəsulzadə M.Ə. Əsərləri. III cild. Bakı, Elm, 2012. 596 səh. s. 398).

"Tənqid va təqriz" silsilə ədəbi yazıları içərisində "Bahadır və Sona" məqaləsi ədəbi janrlar, dövrün aktual problemlərini ifadə edən mövzu problematikası, obrazların, xarakterlərin işlənmə dərəcəsi və s. məsələlər haqqında mükəmməl qənaətlər ortaya qoyan tənqid materialıdır. Nəriman Nərimanovun "Bahadır və Sona" romanının əvvəlinci hissələrini də maraqla oxuyan Rəsulzadə deyir: "Bahadır və Sona" məşhur bir ədibimizin qələmilə yazılmış kiçik bir romandır. Böyük qardaşımız Nəriman cənablarının bu kiçik romanının iki əvvəlinci hissəsini daha məktəbdə ikən oxumuşdum" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 280).

M.Ə.Rəsulzadə 1913-cü ildə "İqbal" qəzetinin 29 dekabr sayında Nərimanovun "Bahadır və Sona" əsəri haqqında yazdığı məqalədə Nərimanovun yazıçı şəxsiyyəti barədə müsbət fikirlər səsləndirir.

Onu da qeyd edək ki, hələ 1906-cı ildə "İrşad" qəzetində çap etdirdiyi "Qiraətxana" başlıqlı məqaləsində Nərimanovun maarifçi kimi fəaliyyətini yüksək qiymətləndirmiş, 1914-cü ildə "İqbal" qəzetində onun "Nadir şah" əsərinin tamaşaya qoyulması haqqında da məqalə dərc etdirmişdir.

Hər iki mütəfəkkirin yolları yalnız 1918-ci ildə ayrılmalı olmuşdur.

Rəsulzadə ədəbiyyatın tendensiyalı missiyasını qəbul etməsə də, onun tərbiyəvi əhəmiyyətini qeyd edir, bu qədim sənət növünün insanlarda ali hisslər, yüksək ideallar və mənəvi-əxlaqi dəyərlər formalaşdırma gücünə inandığını bildirirdi. Həqiqi ədəbiyyat yaratma hünərini həm sənətkarlıq qabiliyyətində, həm də cəsarətdə görən müəllif bu iki cəhətin Nəriman Nərimanovda olduğunu bəyan edir: "Allah Nərimana bunların ikisini də vermişdir" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 280).

Rəsulzadə tərcümədən bəhs edərkən tərcüməçi üçün önəmli cəhətləri qabartdığı kimi bədii mətnlərin mövzu-ideya və bədii xüsusiyyətlərindən danışarkən nəzəri məsələləri önə çəkir. Məsələn, roman ədəbiyyatının cəmiyyət həyatında əhəmiyyətli rolundan söhbət açır, bu janrın hətta ictimai, sosial mahiyyətli olduğunu da diqqətə çatdırırdı. "Roman ədəbiyyatın öylə blr şəklidir ki, cəmaətin ruhunu və mənəvi həyatını mükis olar, onu idarə edə bilər" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 281).

N.Nərimanovu dövrünün aktual problemlərini görən "iti gözlü müəllif" adlandıran Rəsulzadə balaca bir romanda çox problem (qadın azadlığı, İslam dünyasındakı cəhalət, xurafat, dil, yazı, təhsil və maarifsizlik məsələləri və s.) qoyulduğunu qeyd edir. Nərimanovun böyük sosial, mədəni, ictimai məsələləri həm də ədəbiyyatın vasitəsilə əks etdirməsini alqışlayır, bütün bunları müzakirəyə, ədəbiyyat müzakirəsinə çıxarmasını təqdir edirdi. "Bahadır və Sona" müsəlmanlığa və türklüyə aid məsələləri tizkar etdiyi halda əsasən milliyyət fövqündə, beynəlmiləl və insani bir fikrə istinadən yazılmışdır. Burada milliyyət və məzhəb ixtilafının nəticəsində ən səmimi, ən biqərəz və ən müqəddəs eşq və məhəbbətlərin necə pamal olduğu və "cəhətsiz", "səbəbsiz" ayrılıqların Bahadırın təbirincə: "uçurum dərələr"in nə yıxıcı və nə xarabedici bir qüvvət olduğu şairanə bir surətdə göstəriliyor" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 281).

Ürəyi millət dərdi ilə yanan azərbaycanlı Bahadır xalqına fayda vermək üçün mücadilə etdiyi kimi, gözəl bir bağçada rastlaşıb sevdiyi erməni qızı Sonanın yolunda da cəfalar çəkir. Peterburqa təhsil almaq üçün gedən Bahadır Məngilisdə qalıb yaşayan Sonadan ayrı düşür. Bahadırın Sonanı sevməsi ilə bağlı məktubundan sonra konflikt daha da dərinləşir. Sonanın ata-anası əvvəlcə el qınağından qorxduğu, din ayrılığı probleminə görə razılıq verməsə də, sonra atasının qızı Sonanı da götürüb Peterburqa - Bahadırın yanına getməsi yeganə çıxış yolu olur. Orada Bahadırla bərabər, dərdlərinə bir əlac tapmaları ehtimalı ilə hərəkət edirlər.

Bahadır isə yazdığı eşq məktubuna görə narahat olur. Çünki qarşı tərəf üçün problem yaratdığını anlayır və tərəddüdlər, anlaşılmaz hisslər burulğanında nə edəcəyini bilmir, intihar edir. Sona isə bu faciənin ağırlığına tab gətirmədiyi üçün dəli olur.

Rəsulzadə romanın yazıldığı dövrdə aktual olan bu problem - millətlər, dinlər arasındakı qarşıdurma məsələləri haqqında qısa da olsa, şərh verir. Böyük bir eşqin də məhz faciə ilə bitməsi səbəbini nifaq, qarşıdurma ənənəsi ilə əlaqələndirir. Romanda finalı faciə ilə bitsə də, ideya, təlqin ümidverici və nikbindir. Ona görə də Rəsulzadə bir eşqin və iki gəncin nakamlığını "müvəqqəti məğlubiyyət" kimi qiymətləndirir. Doğrudur, bu gənclər qurban rolunda çıxış edirlər, lakin cəmiyyətin, bəlkə də bəşəriyyətin problemi gələcəkdə həll olunacaq kimi ifadəsini tapır. "Görüyorsunuz ki, nəticə olduqca fəcidir. Bu, insani fikirlərin, böyük niyyətlərin və ülvi əməllərin zamanımızda əksərən düçar olduqları nəticədir. Fəqət bu məğlubiyyət müvəqqətidir. Bahadır da ölərkən bu inamla ölüyor. İntihardan əvvəl yazıb qoyduğu kağızda diyor ki: "- Ah, insanları bir-birindən ayıran uçurum dərələr! Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz... Fəqət, əmin olunuz siz axırda məhv olunacaqsınız..." (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 281).

Mətbuatda və ümumən milli siyasətdə M.Ə.Rəsulzadə və N.Nərimanovun XX əsrin əvvəllərində digər mütəfəkkir ziyalılarla bərabər, ortaq mövzuları var idi. Milli dil, təhsil, maarifsizliyə qarşı mübarizə, söz, fikir azadlığı, qadın hüquqsuzluğu, fanatizm və s. bu kimi problemlər hər birinin qələmi üçün işlək mövzular idi.

Rəsulzadənin romanda diqqətini çəkən həm də həmin mövzuların bədii dillə ifadə olunması ustalığı olub. Nərimanov başqa millətdən olan gənclərin bizim dilimizi, mədəniyyətimizi öyrənmək həvəsini Sonanın timsalında göstərir. Sona maariflənməyə can atır, nəinki öz dilini mükəmməl bilir, həm də türk və fars dillərini də öyrənməklə məşğuldur. Elm, mədəniyyət, ədəbiyyat, fəlsəfə sahəsində də özünü təkmilləşdirməyi qarşısına məqsəd qoyub. Müsəlman qızları haqqında düşündükdə isə əksini görürük. "Türk dili nədir ki, ona görə vaxtımı çürüdüm və nəyə lazımdır" - düşüncəsi ilə başqa dilləri öyrənən və o dillərdə danışmaqla özünü "oxumuş" hesab edən qızlar karikaturalaşmış obrazları ilə istehza hədəfinə çevrilirlər.

"Bahadır Tiflisə gəldikdə oradakı yoldaşından Tiflisdəki müsəlman xanımları haqqında məlumat istiyor. O da "obrazovannı" bir müsəlman qızının hissiyyatını nəql edirkən diyor ki: "Mənim sualıma: elmlərdən hansı xoşunuza gəlir, qız "firəng dili" - deyib məndən sordu: "Siz firəngcə bilirsinizmi?" Cavab verdim ki, bəli. Qız başladı söhbəti firəngcə: bir az söhbətdən sonra zarafatca firəng dilində sordum ki, ərə getmək istiyormu və nə mənsəb sahibinə getmək istiyor. Cavab verdi ki, hamıdan artıq əfsərə..." (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).

Lakin Rəsulzadə bizim qadınlar arasında da oxumuş qızlarımızdan bir çox müəllimlərimiz, doktorlarımız, hətta inqilabi hərəkatda fəallıq göstərən cəsur xanımlarımız olduğunu vurğulayır. Bizim də "müsəlman Sonası" olanlarımızın get-gedə artdığı diqqətə çatdırılır. Bu baxımdan Nərimanovun yanaşmasına tənqidi mövqe sərgiləyən Rəsulzadə romanda zaman anlayışına qeyri-dəqiq baxış problemi olduğunu bildirir. "Bahadır və Sona"nın möhtərəm müəllifi böylə bir suala məruz qala bilərdi. Əgər romanın cərəyanı təqribən 30 il bundan əvvəlisinə aid olmayaydı".

Cəmiyyətin dəyişən dəyərlərini, müasirləşmə prosesindəki naqis halları diqqətlə müşahidə edən hər iki müəllif (Rəsulzadə və Nərimanov) eyni reaksiya ilə mənzərəni tənqid edir. Biri ədəbi tənqid, digəri isə roman qələmi ilə. "Tiflis qızları mütləq "əfsərə" getmək üçün də oxuyurlarmış, axtarsan, indi də türkcədən acığı gələn xanımçıqlar tapılar. Gördüyümüz bu qədər. Türkcə danışa bilməyən bəyciklərin əlbəttə bir o qədər türklükdən, müsəlmanlıqdan və bu milli hissiyyatdan məhrum zavallı, gülünc bacıları və rəfiqələri də vardır ki, sən onlara salam verəndə onlar sənə rusca "zdrasti" deyərlər" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).

Hətta Rəsulzadə "Bahadır və Sona" əsərinin 16 il müddətində yazılıb qurtarması faktına diqqəti çəkərək müqayisəli təhlillər aparır. Təbii ki, bu uzun illər ərzində həm siyasətdə, mədəniyyətdə, həm də cəmiyyət həyatında çox şeylər dəyişmişdi. Elə N.Nərimanovun öz şəxsiyyətində və dünyagörüşündə, eləcə də ədəbiyyatla bağlı baxışlarında köklü dəyişmələr baş vermişdi. "Bunun üçün də "Bahadır və Sona" mühərririn yazıçılıqda keçirdiyi qələm təcrübəsinin surəti-təkamülünü göstərən bir əsərdir. Həqiqətən də, böylədlr. Məsələn, əsərin əvvəlləri rusca təsiri altında məcruh bir üslubla inşa olunduğu halda, axırları bu təsirdən qurtarmış, az-çox İstanbul şivəsinin belə təsirinə tutulmuş bir ifadə ilə yazılmışdır" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 283).

Daha sonra müəllif fikrini əsaslandırmaq üçün sitatları təqdim edir və s. Nərimanovun romanının əvvəlindəki dil-üslub və sənətkarlıq xüsusiyyətləri ilə romanın sonrakı hissəsindəki aidiyyəti xüsusiyyətlərdə keyfiyyət baxımından da fərqlər (irəliləyişlər) olduğunu etiraf edir. Qələm təcrübəsi problemləri istər-istəməz əsərin əvvəli ilə sonrası arasında fərqliliklər yaradır. "Romanın insanı ağladacaq qədər müəssir olan axırını yazan və o fəciəni təsvir edən qələm Nərimanın o vaxt əlində olsaydı, "Bahadır və Sona" romanının ibtidası sonu qədər parlaq çıxacaqdı" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Rəsulzadə romanın estetik cərəyan olaraq romantizmə, yoxsa realizmə aid olması məsələsini konkret olaraq qeyd etməsə də, mətnin ideya-estetik baxımdan təhlilini realizm prinsipləri əsasında aparır. Romanda problemlər real və aktual xarakterli olsa da, gənclərin sevgiyə, ictimai-siyasi problemlərə yanaşmasında romantizm daha çox izlənilir. "N.Nərimanovun "Bahadır və Sona" əsərində sonralar romantizmin əsas xüsusyyətinə çevrilən ictimai mövzu və problematika, millət, vətən anlayışları və ona sevgi, ülvi, saf məhəbbət, bəşəri hisslərin təsviri başlıca yer tutur. Həm Bahadır, həm də Sona həyata, hadisələrə baxışları, dünyagörüşləri etibarilə romantizm estetikasının tələblərinə tamamilə uyğun gəlir. Romantizm estetikasına məxsus olan milli mövqe, üsyankarlıq, tərəqqi, şəxsi azadlıq, vətənpərvərlik kimi keyfiyyətlər "Bahadır və Sona" qəhrəmanlarının da əsas xüsusiyyətlərindəndir" (Timuçin Əfəndiyev. Azərbaycan romantizmi və onun təşəkkülü problem. "525-ci qəzet", 2019, 12 aprel. s. 10-11).

Rəsulzadə "Bahadır və Sona" romanında dil-üslub baxımından nöqsanlı olan fraqmentləri də diqqətlə izləyir. "Məsələn, birinci səhifədə böylə bir cümlə oxuyuruz: "Gün məğribə yavuqlaşdı. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verib gərdişin comərdlik anlıyorsan, böylə bir gözəl vaxtda haman meşədə tək yaşıl otun üstünə sərilmiş gözəl bir qız görsəniz isə mənzərə daha artıq surətdə gözəl görünür" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Burada "yaşıl ot adam boyunda" əvəzinə "adam boyunda yaşıl ot" ifadəsinin işlənmə zərurətini xatırladır. Bir xeyli yerdə düz işlədilməyən və aidiyyətsiz kəlmələri də təhlilə cəlb edən müəllif daha sonra "da-də" ədatı ilə "da-də" şəkilçisinin orfoqrafik baxımdan qarışdırıldığını yazır.

Oxucunun aydınca gördüyü başqa bir qüsuru da Rəsulzadə diqqətə çatdırır. Belə ki, hər iki baş qəhrəmanın roman mətni kontekstində, monumentallıqla təsvir və təqdimi yox dərəcəsindədir. Çox doğru olaraq vurğulayır ki, Nərimanov hər iki qəhrəmanını millətlərini sevən, onun üçün çalışan insanlar kimi təqdim edir. Ancaq bunların elə olduğunu inandırıcı şəkildə göstərmək üçün lazım idi ki, onların millətpərəst olduqlarına dəlalət edən işlərilə də bizi tanış etsin. Təsvir, ifadə mükəmməlliyi, analitik təhlillər yetərincə olmadığı üçün qəhrəmanlar haqqında oxucu və tənqidçi qənaəti də qənaətbəxş olmur. Romanda əsas təqdir olunan ideya isə Bahadırın müsəlmanların cəhalət və avamlıq içərisində yaşaması faktını ucadan, hətta ölümü ilə bəyan etməsi oldu. Nərimanov əsərinin qəhrəmanı Bahadırın dililə bildirir ki, müsəlman ölkələrində hakimiyyət və din bir əldə birləşir: "Xristian tarixi ruhanilərlə hökumətlər arasında vaqe olan mübarizələrdən ibarət ikən, İslam aləmi bu mübarizədən fariğ olmuş: hər zaman tərəqqi və təğyirə möhtac olan dünya qanunları din qüvvəti alaraq sabit və qeyri-mütəhərrlk qalmışlar" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Sonda Rəsulzadə ədəbiyyatımızda ana dilində yazılmış bu romanın məziyyətlərini qeyd etməyi zəruri hesab edir və bildirir ki, bütün bu nöqsanları ilə bərabər, "Bahadır və Sona" qarşıya qoyduğu ideyaları oxucularına çatdıra bilib.

Rəsulzadə "Nadir şah" əsəri və dramın səhnələşdirilməsi ilə bağlı problemləri çözərkən də ədəbiyyatşünas həssaslığı nümayiş etdirir. Məsələn, yazırdı ki, "Nadir şah" dramını yeni təşəkkül edən müsəlman dram artistləri şirkəti Tağıyevin teatrında keçən cümə gecəsi tamaşaya qoymuşdu. Dəfələrlə səhnələşdirilən əsər barəsində söz söyləməyi artıq hesab edən müəllif təəssüflənirdi ki, dram şirkəti "Nadir şah"ı müəllif tərəfindən yenilənmiş variantda deyil, köhnə çapını əldə əsas tutaraq səhnələşdirmişdir.

"Bildiyimiz bir şey varsa, o da budur ki, drama dəstəsinin bu cəhətlərinə baxan kimsə, bir azca özbaşına və qeydsizdir. Məsəla: əsərin ünvanı "Nadir şah" ikən elannamələrdə "Nadir şah Əfşar" və proqrammada isə "Nadir şah Əfşar və yaxud İranın kəbiri-inqilabı" yazılmışdır" (Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı, Şirvannəşr, 2001. 528 səh. s. 284).

Rəsulzadə "Əfşar" sözünün sadəcə bir tayfa adı olduğunu vurğulayaraq bildirir ki, bu sözün əsərin adına əlavə edilməsi nə əsəri, nə də Nadir şah əzəmətini artırır. Nadir şahı kiçik bir tayfaya aid etməklə onu şöhrətləndirmək cəhdini də əbəs hesab edir, müqayisə üçün xatırladır ki, o zaman gərək böyük Tolstoyun adı çəkilərkən Yasnaya Polyananı deməyi də unutmamalıyıq. Halbuki Yasnaya Polyana Tolstoyu deyil, Tolstoy onu şöhrətləndirmişdir.

"Əsli və Kərəm", "Gülünc gecələr", "Şah Abbas və Xurşidbanu", "Siyavuş", "Qaçaq Kərəm", "Rüstəm və Zöhrab", "Drama tapıldı", "Gaveyi-ahəngər"dən aldığım təəssürat", "Arşın mal alan", "Bir az da tarixdən -"Ənuşirəvani-adil" pyesi münasibətilə", "Ölülər" və s. bu kimi məqalələrində isə teatr tamaşaları, səhnələşdirilmiş ədəbi-bədii mətnlərin canlı şəkildə ifadə olunması məsələləri tənqid baxımından izahını tapır. Rəsulzadə bu yazılarında daha çox teatr tənqidçisi kimi çıxış edir.

Maraqlıdır ki, XX əsrin əvvəllərinin bir çox mütəfəkkir ziyalılarında olduğu kimi Rəsulzadənin də ictimai-siyasi fəaliyyətində bir ədəbiyyat adamı, ədəbiyyat sevdalısı, dünyanın böyük siyasətinin modelini, əks-sədasını bədii mətnlərdə tapan estetika, sənət vurğunutək obrazını görürük. Həyatının ən ağır günlərində belə düşdüyü vəziyyətin, eləcə də mənsub olduğu xalqın və ölkənin durumunu ədəbiyyat vasitəsilə çözə bilir. Məsələn, "Əsrimizin Siyavuşu" belə bir situasiyanın məhsulu idi. "Bolşevik istilası kədərli-ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı. Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə, ən diqqətə layiq cildi Firdovsinin "Şahnamə"si idi" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

"Şahnamə"ni ev sahibindən razılıq alıb oxumağa başlayan Rəsulzadə qeyd edirdi ki, Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhunu istila etmiş, nəticədə marağını ən çox cəlb edən və ruhunun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayənin - "Siyavuş" dastanının təsirilə Şərqin, İranın və Turanın, eləcə də Qafqazın sosial-siyasi vəziyyətini keçmiş və gələcək tarix nöqtələri arasında aydınlada bilmişdir.

Mövcud durumda əvvəldən də tanış olduğu dastanı sanki ilk dəfə oxuyurmuş kimi həyəcan içərisində dostuna nəql edib. "Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam - dedim. O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı. Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

"Şahnamə" dastanları içərisində "şah dastan" adlandırdığı "Siyavuş"un məna-məzmun və ideya xüsusiyyətlərindən heyrətlənən Rəsulzadə ədəbiyyatda siyasətin deyil, daha çox siyasətdə ədəbiyyatın inanılmaz funksiyası olduğunu sübut etdi. Böyük ədəbiyyatda Şərq də, Qərb də, İran, Turan, keçmiş, gələcək, hətta günün siyasi mənzərəsinə ekvivalent işarələr, kodlar belə olurmuş...

Əfrasiyab sülaləsindən olan Turan gözəli İran şahı ilə qovuşur və nəticədə dünyaya göz açan "Azəri heykələ" Siyavuş adı verirlər. Siyavuş bir tərəfi İran, bir tərəfi Turan olan məmləkət simvolu kimi siyasi mahiyyət daşımalı olur. Keykavus və Əfrasiyab müharibələrində bəzən bir, bəzən digər, bəzən hər iki tərəfdən olan, bəzən də heç bir tərəfdən olmayan Siyavuş siyasət dünyasının faciə qəhrəmanına çevrilir. Sevgi, sülh, gözəllik və müdriklik rəmzi olan Siyavuşu Rəsulzadə Azərbaycan obrazında təsəvvür edir. Firdovsinin dediyi "Əfrasiyab Turanın gözəl bir parçasını damadı Siyavuşa verdi" - fikrindən çıxış edən Rəsulzadə hesab edirdi ki, Azərbaycan həqiqətən də əsrimizdəki Turan torpağının gözəl bir parçasıdır. "Əski Albaniya, Şirvan, Arrak və Bərdə ölkəsindən meydana gələn bu yeni Azərbaycan, əsrimizin ən böyük qüvvətini təşkil edən zəngin mədənlərindən başqa, təbii gözəllikdən də pay almış bir yamyaşıl yerdir" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s.14).

O, özünün yazdığı "Əsrimizin Siyavuşu" əsərində üzünü Türk dünyasına, xüsusən də Türkiyəyə tutub deyir ki, sənin nicatın qədim Turanın göbəyində Azərbaycan adında bir gənc, igid, dəliqanlı var, ondadır. Azərbaycanı "Yeni Turanın açarı" adlandırır, bildirirdi ki, Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq taleyin döndüyünü görmüş, yorğun bir halda İstambul divarlarına dayanmışdı. Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki, sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı həddindən fəzlə uzanan budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz kökün üzərində yaşarasan. Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda - Türküstündadır, fəqət sənin yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc, igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla öncə anlaşılmazlıq yaratsan, öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin xarab, taxtın da bərbad olar.

Türklüyün, ərəbliyin, farslığın ortaq bir mədəniyyət dünyası meydana gətirməsini "İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var - buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, İslam mədəniyyətinə Şərq mədəniyyəti deyilir" - kimi ifadə edirdi (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

Rəsulzadə əsərinin "Əfsanədən həqiqətə" adlanan hissəsində bəyan edir ki, XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq qoyulan və cəngavər olan, sayılan aristokratiyanın yerini indi mütəfəkkir və texniki bilik sahibi, sadə xalq demokratiyası tutdu. Köhnə əsrdə xalqın fövqündə təsəvvür olunan despot firon qəhrəmanların taxtında indi xalqın ümumi idrakının daşıyıcısı fikir sahibi insanlar oturmağa başladı.

"Azərbaycan Turanda" adlı hissədə isə Azərbaycan məfkurəsinin Türk millətpərvərliyinin məfkurəsi ilə izdivac edilməsini Firdovsinin dastanındakı obrazlı bənzətmə ilə şərh edir: "Yeni Azərbaycan özünü "ismətli Südabə"nin (İranın - İ.M.) ehtiraslı qucağından "iffətli Firəngiz"in (Türkiyənin - İ.M.) vüsal hərəminə ataraq dadlı-dadlı yaşadı" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 14).

Lakin "rusluq" Azərbaycanın xoşbəxt olmasına imkan vermirdi, hər zaman "yanğın çıxarmaq"la məşğul idi.

"Əsrimizin Siyavuşu" əsəri sadə bir struktur üzərində qurulub, müəllif əvvəlcə tarixin Siyavuşuna göz gəzdirir, "Şahnamə"nin İran-Turan müharibələrinə, əsrlər uzunu axıdılan qanlara diqqət çəkir. Müəllifin fikrincə, Firdovsi Siyavuşu qanı iki millətdən, iki kökdən olan (iranlı və turanlı) qəhrəmanlar sırasında verməklə bu iki aləmi məsud görmək, onları birləşdirmək istəyir".

Şərqin qədim dastanında (Firdovsinin "Şahnamə"sində) Azərbaycan obrazını fəhmilə canlandırıb siyasi arenaya (Rəsulzadə - "Əsrimizin Siyavuşu") gətirə bilən Rəsulzadə göstərirdi ki, Türkiyə, himayəsinə aldığı Azərbaycanı tam vaxtında qurtarmağa girişdi. Bakını Azərbaycan qatillərindən təmizləyərək özünə verdi. "Əsrimizin Siyavuşu zəmanəmizin Turan baş komandanı tərəfindən özünə təlmin olunan bu gözəl və zəngin parçada tikinti və məskən salma başladı. Əsrimizin "Siyavuş gərd"inin təməlləri quruldu. Azərbaycan Cümhuriyyəti təşəkkül etdi" (Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri, Bakı: Elm və təhsil, 2017, 376 s. s. 236)

Rəsulzadə əsərinin "Cümhuriyyətin bəxtsizliyi" adlanan hissəsində isə min cür hiylə, fitnə və pis niyyətlərlə Azərbaycanda qatmaqarışıqlıq yaradan, onu rahat buraxmayan kabusları "qara başlar" adlandırırdı. Göstərirdi ki, biri əlində Denikinin qara örtüyü, digəri isə Leninin qanlı pərdəsi ilə Azərbaycanın ağ gününü qara, mavi səmasını qanlı etmək istəyirdi. Nəhayət, bu iki qüvvə Azərbaycana qarşı düşmənliklərində əl birliyi edərək dünya millətləri arasında tam bərabərliyə malik bir hüquqla yaşamaq istəyən bu gözəl məmləkətin aydın həyatını məhv etdilər, "Əsrimizin Siyavuşundan xüsusi bir sıxıntı ilə daralan və ondan intiqam almaq istəyən Gərsivəzlər də az deyildi. Bu Gərsivəzlər özlərinə türk kommunist qrupunun bəzəyini vermişdilər" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s.34).

1920-ci ilin qızmar yay günündə, iyul ayında Lahıcda təhlükələr və sarsıntı içərisində olsa da, üzünü gələcək Azərbaycana tutub deyirdi: Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "İrəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi" (Məhəmməd Əmin Rəsulzadə. "Əsrimizin Siyavuşu", Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 səh. s. 34).

Rəsulzadə bir ədəbiyyatşünas-tənqidçi kimi təhlilə cəlb etdiyi ədəbi-bədii materialları həmişə dövrün ictimai-siyasi gedişatı, böyük prosesləri ilə əlaqəli şəkildə təhlil edir və mütləq aktuallıq prinsiplərini meyar kimi önə çəkirdi. Məsələn, "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsində (1936-cı ildə Berlində, daha sonra - 1950-ci ildə isə təkmilləşmiş formada Ankarada çap edilmişdir) göstərir ki, ədəbiyyatdan, ədəbi prosesdən bir mərhələ, sistemli ədəbi proses kimi danışmaq lazımdır. Necə ki özü 1905-1917-ci illər ədəbiyyatını məhz dövrün böyük ictimai-siyasi, sosial hadisələri ilə əlaqəli şəkildə şərh etmişdir. "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsində isə Milli Azərbaycan Respublikasının qurulduğu 1917-ci və 1918-ci illər hadisəsi fonunda onun tərcümanı olan ədəbiyyatdan bəhs edir. Cümhuriyyət ideoloqlarının siyasi görüşlərində ədəbi-bədii düşüncələr yer aldığı kimi, bu dövrün şair, dramaturq və nasirlərinin də bədii yaradıcılığında siyasi motivlər əhatəli yer tutur və çox zaman məqsədli, təbliğat mahiyyətli olurdu. Sibirin uzaq sonsuzluğunda sovet cəlladlarının işgəncələrinə tab gətirməyərək məhv olmuş şair Əliyusif müstəqillik haqqında öz düşüncələrini nəzmə çəkəndə Rəsulzadənin Azərbaycan haqqında "Əsrimizin Siyavuşu" əsərində dediyi "Yeni Turanın açarı" ifadəsinə bənzər misralar işlədir. Məsələn, Azərbaycanı "Şərqə Kəbə olan ölkə" kimi vəsf edir:

Dedilər ki, Azərbaycan türklərinin elində

Əski atəş yeni başdan alovlanmış, coşmuşdur.

Əvət, əvət, bir gün Şərqə Kəbə olan bu ölkə,

Yenə onu təqdis ilə ziyarətgah edəcək.

Bütün Turan, Oğuz nəsli, hətta bütün Şərq bəlkə,

Yenə onu təqdis ilə ziyarətgah edəcək.

Ey türk oğlu, səni Tanrı Şərqə hadi göndərdi,

Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır,

Ürəyində sönməyəcək bir həqiqi od yandır! (Məhəmməd Əmin Rəsulzadə. Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 s. s. 54)

Həmin məqaləsində göstərir ki, Azərbaycanın yeni yazmağa başlayan digər şairləri də belə nikbin görüşlər və romantik hisslərlə həyəcanlı idilər. Az zamanda bir çox ədəbi məclislər açılır və jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları bir çox yeni əsərlər nəşr edirlər. Bunlardan Hüseyn Cavidin "Şeyx Sənan"ını, Məhəmməd Hadinin "Eşq ilahəsi"ni, Əhməd Cavadın "Qoşma"sını, Cəfər Cabbarlının "Qız qalası"nı və sairləri qeyd edə bilərik.

Rəsulzadə Milli Qurtuluş hərəkatının ədəbiyyatda, xüsusən də poeziyada inikasını bir ədəbiyyat adamı, ədəbiyyatşünas kimi izləyir. Əhməd Cavadın 28 may İstiqlal günü münasibəti ilə yazdığı "Nədən yarandım?" şeirini yüksək qiymətləndirir. "Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşqun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyzli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü" (Yenə orada s. 55).

Sən qüdrətin aşıb coşan vaxtında

Mələklərin gülüşündən yarandın!

Sehr dilli bir fırçanın əliylə,

Ahuların duruşundan yarandın!

Ay işığı gözəlliyin, qızlığın,

Çiçəklərlə öpüşündən yarandın!

Sərinlətdin baxışınla könlümü,

Buludların uçuşundan yarandın!

Qaranlıqda qırılırkən ümidim,

Dan ulduzu yürüşündən yarandın!

Masəvadan uçmuş birər kölgənin,

Dan yeriylə görüşündən yarandın!

Gözəllikçin təbiətlə qüdrətin

Yavaşca bir soğukundan yarandın!

Qələm əldə ilhamımı dinlərkən,

Sən qəlbimin duruşundan yarandın!

(Yenə orada s.55).

Rəsulzadə sovet istilasından sonra Azərbaycan ədəbiyyatının milli məzmun və mahiyyətinin süni şəkildə dəyişdirilməsini, ona beynəlmiləl proletar məzmunu diktə edilməsini uzaqdan da olsa, aydınca görürdü. Bu hakimiyyətin milli Azərbaycan ruhunu məhv etmək və "proletkult" mədəniyyəti formalaşdırmaq siyasətini dərindən dərk edən müəllif əmin idi ki, ədəbiyyatımız həmin zamanlarda sənətkar kimi sözünü demiş həqiqi yazarların ixtiyarında idi. Onlar qorxmadan, cəsarətlə həqiqi ədəbiyyata xidmət yolunu tutmuşlar.

Cəlil Məmmədquluzadənin "Kamança" adlı pyesinin tamaşaya qoyulmaması, eləcə də çox böyük rəğbət qazanmasına baxmayaraq, "Anamın kitabı" adlı dramının səhnədə oynanmasına uzun müddət icazə verilməməsi də Rəsulzadənin məqaləsində diqqətə çatdırılır. "Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı "Anamın kitabı"na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi" (Yenə orada s. 56).

Süleyman Sani Axundzadənin "Laçın yuvası" adlı pyesinin də ideoloji baxımdan "təhlükəli" olduğunu zənn edən sovet tənqidçilərinin də əsl simasını açıb göstərən Rəsulzadə həmin məqaləsində daha çox Hüseyn Cavid yaradıcılığı üzərində dayanır. Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox dramlar yazan Hüseyn Cavidin "Topal Teymur", "Peyğəmbər" əsərləri haqqında dəqiq müşahidələrini qeyd edir. Məlum olur ki, əslində oxucular tərəfindən sevgi ilə qarşılanan hər iki əsər sovet rəhbərləri və tənqidçilərini çox düşündürmüş, onları tərəddüddə saxlamışdır.

Dövlət teatrında bir neçə dəfə oynanılan "Topal Teymur" pyesi tamaşaçıları məftun etmiş və sevindirmişdir. Çünki xalq Türk dünyasının ümumi qəhrəman obrazı olan Teymurləng haqqında dərindən düşünməli olmuşdur. Bolşevik ədəbi tənqidi gec də olsa, ideyanı tutur və hökumət pyesin göstərilməsini qadağan edir. "Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən" şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. "Topal Teymur" müəllifinə uzun zaman hiddətlənmiş hökumətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər" (Yenə orada s. 57).

Sovet hakimiyyətinin amansız senzurasından həqiqi ədəbiyyatı, ədəbi-bədii mətn və nümunələri keçirib oxucuya çatdırmaq mümkünsüz hala gəlmişdi. Yazıçılar ezop dilindən, sətiraltı mənalardan, ədəbi kod, simvol və rəmzlərdən, işarələrdən istifadə etsə də, hökumət yazıçının dilini, sirrini başqa yazıçının vasitəsilə öyrənə bilirdi. H.Cavid Həzrəti-Məhəmmədin həyatı təsvir olunan "Peyğəmbər" əsərini də məhz həmin siyasətlə qələmə alır. Öz dövrünün aktual problemlərini, acı həqiqətlərini mifik zaman və çox uzaq tarixin dini şəxsiyyəti ilə əlaqəli şəkildə təqdim edir.

Öylə bir əsr içindəyəm ki, cahan

Zülmü vəhşətlə qovrulub yanıyor.

Üz çevirmiş də Tanrıdan insan

Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı

Məhv edən haqlı, məhv olan haqsız...

Başçıdır xalqa bir yığın cani,

Həp münafiq, şərəfsiz, əxlaqsız,

Gülüyor nurla daima zülmət,

Gülüyor fəzlə qarşı fisqü fücur.

Ah, ədalət, hüquq və hürriyyət

Ayaq altında çeynənib gediyor

(Yenə orada s. 57).

Rəsulzadə də açıqca bəyan edirdi ki, "Zülmü vəhşətlə qovrulub yanan" ölkə onların öz yurdlarıdır. "Peyğəmbərin bu bədbin həsbi-halındakı qaranlıq tablonu sovet tanqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirlər. Lakin oxucu və ya tamaşaçılar burada "kommunist cənnəti" içindəki reallıqları görürlər. Bir dəstə cahillərin ayaqları altında insanlıq haqlarını tapdalayanlar onlar deyilmi? "İmansızlıqda həqiqət" və "biliksizlikdə mərifət" görənlər onlara hakim olan xamlar onların özləri deyilmi?" (Yenə orada s. 57).

Rəsulzadə Hüseyn Cavid mətnlərində açar kəlmələr vasitəsilə yazıçı ilə hakimiyyət arasında baş verən konfliktin səbəbini anlada, izah edə bilirdi. Məsələn, "Uçurum", eləcə də "İblis" əsərində məkan, zaman, obrazlar, tarix və müasirlik məsələləri nə qədər ustalıqla işlənsə də, kəlmələr ideyanı ələ verirdi. Rəsulzadə də məqaləsində həmin parçalardan istifadə edir, təhlilləri daha çox həmin kəlmələrə diqqət çəkməklə aparırdı. "Uçurum" əsərində daha çox romantika ruhunda olan, idealist qəhrəman Əkrəmin dilindən müəllif deyir:

Əvət, bu çox gözəl düşüncə, lakin

Səyahətdən zövq alan bir türk için

Krım yaylaları, İdil boyları,

Qafqaz dağları, şanlı türk soyları

Birər sərgidir, seyrinə doyulmaz

Gənc bir rəssam üçün dəyərsiz olmaz.

H.Cavidin dramlarında yüzlərlə belə ifadələr (şanlı türk soyları və s.) var ki, həmin ifadə və kəlmələrin təlqin etdiyi ideyanın sovet tendensiyalı ədəbiyyatı üçün zərərli olması aşkar bilinir.

"İblis" dramında dünya ədəbiyyatında klassiklərin də istifadə etdiyi motiv, obraz və ideyadan H.Cavid yenə də ustalıqla yararlanır.

Rəsulzadə də qatı bir inqilabçı ədasıyla yazılan bu əsərində dahi şairin onu tərk etməyən ana düşüncəsinə - milliyyət və türkçülük fikrinə xüsusi bir yer ayırıldığını qeyd edir, Turanın xilası üçün yalnız qılıncın kifayət olmadığını obrazının dili ilə bildirir: "Turanda qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" (Yenə orada s. 62).

O həm də türk şeiri gözəlliyinin sirlərini bilən bir sənətkar kimi Cavidin "Siyavuş" əsərində göstərdiyi sənətkarlığı yüksək qiymətləndirirdi.

Bu məqamda müəllif bolşevik istilasından sonra hökumətin, eləcə də ədəbi tənqid cəbhəsinin H.Cavid və Ə.Cavada olan fərqli münasibətinə toxunur. Göstərir ki, ilk dövrlərdə Hüseyn Cavidə münasibət müsbət olur və onun bir dramaturq kimi qeydinə də qalırlar. Cavad Axundzadəni isə keçmiş "müsavatçı" kimi həbs edirlər. Onun əsərlərinin çapına qadağa qoyulur, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır. Hətta çap olunmuş əsərləri toplanılıb məhv edilir.

Ə.Cavadın "Bir sözün varmıdır əsən yellərə? Sifariş etməyə uzaq ellərə" - kimi misralarına belə siyasi don geydirərək müəllifini mühakimə edir, həmin misralarda əks-inqilab işarəsi axtarırdılar. Rəsulzadə "Çekist ruhlu sovet tənqidçiləri" ifadəsini işlədir və yazırdı: "Cavad onların mühakiməsincə "inqilab tərəfindən uzaq ellərə atılmış "müsavat"çı millətçilərə" işarə etmək istəyirmiş. Cavada bir aralıq gürcü şairi Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" adlı mənzuməsini şeirlə türkcəyə tərcümə etdirmişdilərsə də, sonralar onu tamamilə inkar etmiş, tərcüməsini də aradan götürmüşlər" (Yenə orada s. 52).

Professor Vaqif Sultanlı "Azərbaycan ədəbi tənqidi" kitabında göstərir ki, Məhəmməd Əmin Rəsulzadə "Elm və siyasət" adlı məqaləsində XX yüzilin əvvəllərində V.İ.Leninin hakimiyyətin ədəbiyyat və mədəniyyət üzərində hegemonluğunu təsbit edən müddəalarının tam əksinə olaraq yazırdı ki, "mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir" ("İstiklal" gazetəsi (Berlin), 1 Ekim 1933-cü il) (Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı, "Nurlar" nəşriyyatı, 2019, 312 s. s. 244-245).

Rəsulzadə yeni dövr ədəbiyyatında siyasətin ədəbiyyata, elmə deyil, elm və ədəbiyyatın siyasətə tabe olmasından bəhs edirdi. Cəfər Cabbarlını dramaturq kimi təhlilə cəlb edəndə müsavatçı yazarlar arasında yeni hökumətdə daha çox uğur qazanan, kollektivist düşüncəni ən çox mənimsəyən bir yazıçı, ədəbiyyat adamı qənaətini bəyan edir. "Onlar Cəfəri özlərinə "cığırdaş" sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra olsa da, həm nəşr etməyə, həm də oynanmağa buraxırlar" (Məhəmməd Əmin Rəsulzadə. Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 s. s. 65).

Rəsulzadə də C.Cabbarlının məcburiyyət qarşısındakı siyasi və ideoloji düşüncə dəyişimlərini, onun bədii yaradıcılığındakı əks-sədanı açıqca görürdü. Heç bir millətin başqa bir millət üzərində ağalıq etməsini istəməyən ("Rədd olsun osmanlıların Hicazdakı, ingilislərin Hindistandakı və rusların da Azərbaycandakı ağalıqları...") dramaturqun sonadək istiqlalı ən böyük bir feyz hesab etməsini qəbul edirdi.

Məqalənin C.Cabbarlı ilə bağlı çox maraq doğuran hissələrindən biri "Od gəlini"nini təhlil məqamıdır. "Od gəlini"nini Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları İslam dinini qəbul etməyə məcbur edirlər... Mənzərənin rəmzliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir" (Yenə orada s. 66).

Əsərin baş qəhrəmanı Elxan amansızlıqla edam edilir. Rəsulzadə köhnə dostu C.Cabbarlının taleyini onun faciə qəhrəmanlarının taleyi ilə bərabərləşdirir. Bu məqamda Cəfər Oktay, Elxan, Aydındırmı? Və ya Oktay, Elxan, Aydın Cəfərin özüdürmü? - sualı ortaya çıxır. Cəfər Cabbarlı da "qüvvət və enerji ilə dolu ikən" gənc yaşında dünyasını dəyişir. 1934-cü ilin sonunda vəfat edən ədibi dövlət hesabına dəfn etdilər. "Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqidir. Bu nitqdə o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır" (Yenə orada s. 67).

Rəsulzadə Sovet Azərbaycanında azad düşüncəli gənc yazarlardan söhbət açanda isə ilk növbədə Sabit Rəhmanın adını çəkir. Real həyat lövhələrini ədəbiyyata gətirən müəlliflərin çox zaman sovet tənqidçiləri tərəfindən kəskin hücuma məruz qaldıqlarını bildirir, buna konkret misal kimi Sabit Rəhmanın "Vəfasız" romanını göstərir. Əsərdəki sovet məmuru və onun pioner oğlu mənfi planda təsvir edilir. Belə ki, qoca müəzzinin, onun arvadı və oğlunun faciəsi də məhz bu sovet işçisi, sovet pioneri ilə bağlı olur.

Qoca oğluna: "Oğlum Saleh, anan aclıqdan və pionerin atdığı daşdan öldü" - deyir. Əsərdə məzmun daha çox siyasi mahiyyət daşıyır. Əslində sovet həyatı tipik cizgiləri ilə ifadəsini tapır.

Rəsulzadə mətnin işarələrini sovet tənqidçilərinin necə açmasını və müəllifə olan təzyiqləri çox uzaqlarda tam aydınlığı ilə görür. Hətta bildirir ki, S.Rəhmanın göstərdiyi bu cəsarətli realizmi üçün sovet tənqidinin yazıçıya müdhiş hücumlar edəcəyini əvvəldən də duymaq olardı. "Bu tənqid ona "tərsinə realist" adını verir, "sinfi düşmən, xırda burjua zehniyyətinin əsiri" elan edir. Bakıda çap edilən "Bakinski raboçi" qəzetinin ədəbiyyat tənqidçisinə görə (№ 125, 1934-cü il) yazıçı "ənənələrin toruna düşmüş, ingilabçılığa məxsus əhatədən məhrum bir zavallıdır".

Bu tənqidçi "sovet rejiminin ədalətsizliyindən, anasının öldürüldüyündən, atasının dəli olduğundan və özünün də dilənçi halına düşdüyündən" bəhs edilən Salehə qarşı hiddət və kinlə doludur" (Yenə orada s. 68).

Sovet siyasi əxlaqını dəqiqliyi ilə anlayan Rəsulzadə bu rejimin ədəbiyyatla məşğul olan məmurlarında həm də bir korazehinlik olduğunu anladır. Bir çox müəlliflərlə davranışlarında öz-özünü inkar manerası, əvvəl təqdir və mükafatlandırma, sonra tənqid və cəzalandırma tədbirləri mütəmadi olaraq davam edirdi.

H.Axundlunun "Kələfin ucu" adlı romanı da əvvəlcə dövlət tərəfindən çap olunur, mükafatlandırılır, sonra isə "əks-inqilabçı və müsavatçı düşüncəsi ilə zəhərlənmiş ideyalara xidmət edən bir əsər" kimi ortadan götürülür. Müəllif də həmçinin...

Azərbaycanın sovetləşdirilməsi yolunda təkcə siyasi xadimlər deyil, həm də ədəbiyyat, sənət adamları milli ideologiyaya qəlbən bağlı olan ziyalılar məhv edilirdi. "Türklük və türkçülük ideologiyası qoxuyan duyğu və düşüncələr kimi "türk" termini də qadağan edildi. İdeologiyadakı kommunizm kimi, terminologiyada da sovetizm hakim olur" (Yenə orada s. 68).

İslam və türk ideallarından üz çevirmək məcburiyyətində qalan yazıçıların əvvəlki illərdə yazdığı əsərlərdən imtinası da Rəsulzadəni çox kədərləndirirdi. "...böyük" Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şeirlərinin öldüyünü elan etmişlər" (Yenə orada s. 69).

Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı "Heydərbabaya salam" əsəri də Rəsulzadənin diqqətini çəkmiş və o, bununla bağlı "Ədəbi bir hadisə" məqaləsini yazmışdır. Rəsulzadə Azərbaycan dilinin gözəlliyindən, poetik imkanlarından sənətkarlıqla yararlanan müəllifi təqdir etmiş və yüksək qiymətləndirmişdir.

"Başqa sözlə, M.Ə.Rəsulzadə ustad Şəhriyardan Azərbaycan şairi kimi deyil, Azərbaycan türk dilinin şairi kimi bəhs etmişdir. Lakin əsərin əhəmiyyətini yalnız ana dilində yazılması ilə məhdudlaşdırmayan tədqiqatçı onun məzmunca da təkrarsızlığını, "ədəbi baxımdan böyük bir hadisənin əsasını qoyduğunu" qeyd etmişdir" (Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı, "Nurlar" nəşriyyatı, 2019, 312 s. s. 244).

M.Ə.Rəsulzadənin ədəbiyyat tarixçisi, ədəbiyyatşünas kimi ən böyük xidməti isə Nizami Gəncəvi ilə bağlıdır. 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına dəyərli töhfə vermişdir. Onun tədqiqatlarında N.Gəncəvi ilə bağlı ilk məlumatları 1920-ci illərdə əldə etmək mümkündür. "M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr etdirdiyi "Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" ("Azərbaycan Cümhuriyyəti: yaranması və formalaşması") kitabında, "Ədəbi və milli intibah" bölümündə Nizaminin Azərbaycan şairi olduğunu belə ifadə edirdi: "Bu türklər Azərbaycanı ikiyə bölən Araz çayının iki tərəfində yaşayıb və qismən İrana bu və ya bu surətlə bağlı müstəqil bir halda yaşadıqları zaman məhkum bir millət deyil, hakim olaraq yaşayırlardı. Çünki əsrlərdən bəri İranın hakim sinfini türklər təşkil edirdi... Fars ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kimi ustadlar bəxş edən bu torpaqda yetişən Azərbaycan ziyalısı pək təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul elədiyi Sədi dili qarşısında əriyib özündən keçmiş, türk ilə türkcəyə xor baxmışlardı" (N.Yaqublu. Nizami Gəncəvi yaradıcılığı Azərbaycan mühacirət irsində ."525-ci qəzet", 12 noyabr, 2022-ci il).

Siyasətdə olduğu kimi, ədəbiyyat cəbhəsində də milli təəssübkeş idi. Məsələn, "Türkiyə ədəbiyyatşünası doktor Əbdülqadir Qaraxanın "Füzulinin həyatı, mühiti və şəxsiyyəti" adlı kitabına yazmış olduğu resenziyada şairin heç bir zaman şübhə doğurmayan milliyyətilə bağlı ayrıca söhbət açan müəllifi tənqid edərək yazırdı ki, onun türk olmasının sübuta ehtiyacı yoxdur. Bu gün diqqət mərkəzində Füzulinin milliyyəti deyil, milliyyətçiliyi, türklüyü deyil, türkçülüyü dayanmalıdır" (Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı, "Nurlar" nəşriyyatı, 2019, 312 s. s. 238).

1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında Azərbaycan tarixi və ədəbiyyatı haqqında silsilə məqalələr də çap etdirmişdir.

Vaxtilə yazıçı və ədəbiyyatşünas Seyid Hüseynin rəhbərliyi ilə fəaliyyət göstərən "Yaşıl qələm" ədəbi-elmi cəmiyyətinin üzvlərindən biri də Rəsulzadə olmuşdur. O, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif kimi ziyalılar, ədəbi simalarla bir cəbhədə olmuşdur.

Beləliklə, qeyd edə bilərik ki, həm XX əsrin əvvəllərində, həm də Cümhuriyyətin süqutundan sonra (Azərbaycan mühacirət ədəbiyyatşünaslığının yaranması və formalaşması prosesində) Məhəmməd Əmin Rəsulzadənin böyük xidmətləri olmuşdur.

# 242 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər