"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi
3 iyun 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüqar Vanın "Bir dəfə Rustavidə" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Fərhad Amur:

"Vüqar Van bu hekayəsində də üslubuna sadiq qalıb. Sarsıtmır, heyrətləndirmir, həyəcanlandırmır, amma sona qədər oxutdurmağı bacarır. Alışdıqlarımızın fövqünə çıxarır. Turgenev nihilizmi bu hekayəsində də hiss olunur. Oxuyanda xarakterlərinin içindəki boşluq hissi adamı kədərləndirir. Öz xarakteridirmi yazdıqlarına yön verən, deyə bilmərəm. İstənilən halda, özünəməxsus bir ruhu var. Bir yandan da sənətə və dünyaya baxışı ilə yazı tərzi arasında bir qədər ziddiyyət olduğunu hiss edirəm Vüqarın".

İlham Əziz:

“Bir dəfə Rustavidə” hekayəsi, fikrimcə, Vüqarın ən yaxşı mətnidir. Müasir hekayələr əhvalat və hadisədən çox əhval və atmosferə hesablanır. Hekayə hadisədən əvvəl və ya hadisədən sonra baş verənləri göstərməlidir. Bomba düşməzdən əvvəl yaranan qorxu, düşəndən sonra törətdiyi dağıntı hekayə mövzusudur. Partlayış hadisədir, belə ifadə etsək, yanılmarıq. Üzdən baxılsa, hekayədə heç nə yoxdur; bir adam Rustaviyə gedib, orda bir-iki gün qalır, gördüklərini danışır. Hekayədə qəhrəman öz içinə danışır, ətrafla işi yoxdur. Amma diqqətli oxucu başa düşür ki, buna qədər qəhrəman böyük iztirablar və dağıntılar yaşayıb. Hekayənin mahiyyəti həmin dağıntıdan sonra qopmuş hissələri birləşdirib bütöv etməkdir.

Bu cür hekayələr bizim hekayələrimizi yeni cığıra salır, başqa yerlərə aparır.

Mətndə Vüqarın geniş mütaliə bazası açıq-aydın hiss olunur və bu məni çox sevindirir".

Sara İbrahim:

"Bu hekayə əvvəlki hekayələri ilə müqayisə edəndə Vüqarın xeyli püxtələşdiyini sübut edir. Hekayədə “Hər şeydən əvvəl burada olan və hər şey bitəndən sonra da burada olacaq qırmızı kərpicli kilsələr, əyri-üyrü küçələr Kür çayının sahilində yerləşən bu sənaye şəhərinin barmaq izidir sanki” kimi xoşuma gələn uğurlu cümlələr oldu. Dil axıcıdır, hekayəni axıra qədər oxumaq istəyirsən. Mən də axıra qədər oxudum və sonadək qəhrəmanın Rustavidə başına gözlənilməz, maraqlı hadisələr gələcəyini düşündüm. Amma maraqlı heç nə baş vermədi. Qəhrəman Rustavinin küçələrini gəzir, arada missionerlərlə bikarçılıqdan söhbət eləyir, bir sözlə, başını qatır. Çoxdandır israrla yayındığı fikirləri götür-qoy etmək üçün əlinə yaxşı fürsət düşüb, amma onun nə fikirləşdiyini, nəyi götür-qoy etdiyini bilmədim. Bəlkə də, başı ona lazım olmayan mənasız şeylərə baxmağa qarışdığına görə düşünə bilmədi. Qardaşı üç gündən sonra gəlib çıxmışdı, onu Rustaviyə niyə çağırdığının səbəbini biləcəkdi; bu dəfə də başı maşındakılara baxmağa qarışdı. Sonra da nəyə görəsə uçmaq istədi. Yəqin, qardaşıyla çəkdiyinin təsirindən idi.

Vüqarın buna bənzər bir hekayəsini də oxumuşdum: “Rikoşet”. Bu hekayədə də baş obrazın dostu gözlənilmədən rayona gəlir və bir-iki saatlıq görüşdən sonra geriyə – Bakıya qayıdır. Vüqar hər iki hekayədə obrazların Bakıya, Rustaviyə gəlişinin səbəbini tapmağı oxucunun boynuna yıxır. Müzakirəyə çıxarılan hekayədə qəhrəmanın hisslərinə, keçmişdə qardaşıyla ailəsində yaşadığı həyata, arvadıyla boşanma səbəblərinə bir az dərindən fikir verilsəydi, hekayə daha uğurlu alınardı.

Məncə, Vüqar hekayə yazmağı qərara alıb, amma mövzu tapmayıb. Birdən bir dəfə Rustaviyə getməyi yadına düşüb və oturub bu hekayəni yazıb. Vüqara gələcəkdə daha mükəmməl hekayələr yazmağı arzulayıram".

Alpay Azər:

"Vüqar Van, ümumiyyətlə, ovqat hekayələri yazmağı sevir. Məncə, bu tipli hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır, hərçənd qayğanaq yeməyi xoşlayanam. Bu mətnə əhvalat tipli hekayə də demək olar. Əsas obrazın maşında nəşə çəkərək üzbəüz maşında sevgilisiylə sevişən qadınla göz-gözə gəlməsi, xeyli baxışması, əslində, maraqlı, orijinal detaldır, əgər bu detal indiyə qədər dünya ədəbiyyatında yoxdursa. Elə bilirəm, o detalı daha dərindən işləmək olardı".

Sevinc Elsevər:

"Vüqar bəy istedadlı oğlandır. Yaxşı, maraqlı yazır, dilinin sadəliyini sevirəm. Su kimi axır mətnləri. Kaş maraqlı, nəfəskəsən süjet xətti də olaydı. Son zamanlar yazılan hekayələr bir-birinə oxşayır. Amma hekayələr həm də qeyri-adi süjet xəttinə görə yadda qalır. Məsələn, Selincerin bir hekayəsinin də süjetini xatırlamıram. Başıma güllə qoy, yadımda deyil heç nə. Amma O.Henrinin, Mopassanın hekayələri unudularmı? Məncə, hər ikisi olanda daha yaxşı olur hekayələr. Həm hekayə unudulmur, həm oxumaqdan zövq alırsan. Cəlil Məmmədquluzadənin "Kamança"sı həm yadda qalır, həm də təsir edir. Bu hekayəni zövqlə oxudum. Amma unudacağam. Çox güman ki, unudacağam. Qəhrəman da qərarsız, ideyasız, laübalı bir adamdır. Övlad olsa, sevilməz yəni. O qızın da gözünün qabağında yad adamla sevişməyi ona görə mənə təsir eləmədi".

# 101 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər