“Şərikli çörək”i çəkən rejissorun yarımçıq filmi necə tamamlandı? - TƏNQİD

“Şərikli çörək”i çəkən rejissorun yarımçıq filmi necə tamamlandı? - <span style="color:red;">TƏNQİD
25 dekabr 2017
# 16:50

Aliyə

Şamil Mahmudbəyovun “Adam” filmi haqqında

Böyük bir ittifaq dağıldı. İqtisadi - sosial - siyasi platformalar kimi ictimai dəyərlər sistemi də çökdü. Bu dəyişiklik insanların həyatında ciddi boşluq yaratdı. Şamil Mahmudbəyovun “Adam” filminin qəhrəmanı da bu boşluqdan yaranıb. Elmi kommunizmdən dərs deyən Əhməd sosial gərəksizliyindən başqa şəxsi həyatında da tənhadır. Ünsiyyətə möhtacdır. Kiməsə lazım olmaq istəyir. Ona görə, hər gələn zəngdən, hər deyilən vəddən yapışır.

“Adam” qısametrajlı bədii filmi 1996-cı ildə çəkilib. Bu Şamil Mahmudbəyovun son filmidir. Kinorejissor filmin montaj və tamamlama işlərini bitirə bilmədi. Bu işləri rejissorun ölümündən sonra operator Nizami Abbas görüb. Balaş Abbaszadə, Nəriman Əbdülrəhmanlının ssenarisi əsasında çəkilən film 2010-cu ildə tamamlansa da, təqdimatı bu günlərdə baş tutdu.

Aktyor Arif Kərimovun Əhmədi ilə öz evində tanış oluruq. O telefonun dəstəyini götürüb səhv düşən adamla söhbəti maksimum uzatmağa çalışır. Bu kadrdan etibarən tamaşaçı qəhrəmanla bir yerdə adam axtarışına çıxır. Tanış adam. Lakin hamı harasa tələsir, hamı onu unudur, hamının öz qayğıları özünə bəsdir. Onda Əhmədin ağlına parlaq ideya gəlir - xəstəxanaya düşmək. Yalnız belədə dost-tanış onu itirib axtarar, qədir qiyməti bilinər. Bu fikirlə özünü sağlam ola-ola xəstəxanaya yazdıran Əhməd bir neçə gün dostlarının gediş gəlişindən xoşbəxt olur. Lakin tənhalığı yayındırmaq mümkün olmur. Əhməd xəstəxanada gözlənilmədən ölür. Yalnız bu zaman tamaşaçı onun tənhalıq oyunlarının nə qədər ciddi olduğunu başa düşür. Daha doğrusu, başa düşməlidir. Əhvalatın əsas məramı budur.

Lakin seçilən təsvirlər, bu təsvirlərin üstünə yazılan salon musiqisini xatırladan musiqi, “Mozalan”sayağı mizanlar və aktyorların yenə də “Mozalansayağı “kiçikçaplı” oyunları tamaşaçını o məramdan uzaqlaşdırır. Uyğunsuz temporitm Əhmədin tənhalıq oyunlarını 90-ların nostaljisi yanında fona çevirir.

Detallar hansısa mənanı vurğulamaqdansa, tamaşaçını o illərə kökləyir və Əhməd kişi az qala fokusdan çıxır. Halbuki aktyor Arif Kərimovun fizionomiyası bu tənhalığın tutumunu, ağırlığını cızmaq, bu qəribə əhvalatın tragikomizmini çatdırmaq üçün çox uyğun görünür.

Bütün bunlarla bərabər filmin izdiham və qəhrəmanın təsvir olunduğu səhnələrində ətrafdakılarla kontrastda qəhrəmanın həyat ritmi dəqiq çatdırılır. Final isə əhvalata bir işıq gətirmək istəyidir: Əhməd dayını yoluxmağa gələn balaca qız onu axtarır. Bu zaman Əhmədin cənazəsini otaqdan çıxarırlar.

“- Burada nə olub?

- Adam ölüb”

Bu dialoq insanın dəyərini vurğulamaq üçündür. Finala saxlanılan “vuruculuq”dur, əgər tamaşaçını ağrıdırsa, ürəyini nişan almaqdır. Tamaşaçını ağrıtmaqsa, ağlatmaqdan daha çətindir.

“Adam” filmi “kaş ki adam filankəsov bəhmənkəs, filan yerdə işləyən kəs olduğu üçün yox, filan sahədə adının bir dəftərdə olduğu üçün yox, sadəcə adam olduğu üçün dəyərli olsaydı” kimi arzunu tamaşaçılara ötürür. Elmi kommunizmin burada heç bir təqsiri yoxdur.

İnsanlar həmişə seçici davranır - adi insansan , ya məşhursan? Adi vətəndaşsan ya kiminsə qohumusan? Adi rejissorsan ya görkəmli?

Görkəmli rejissor Şamil Mahmudbəyovun son filmi “Adam” adlanır. İllər əvvəl “Əhməd haradadır?” soruşan sovet kinosuna belə bir cavab. Uğurlu və uğursuz tərəfləri ilə “Adam” filmi bir cavabdır. Əhməd burada idi.

# 3293 dəfə oxunub

Oxşar xəbərlər

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

17:00 13 fevral 2026
“Arzunun ardınca”  sənədli filmi nümayiş olundu

“Arzunun ardınca” sənədli filmi nümayiş olundu

16:30 13 fevral 2026
"F1"-in davamı çəkiləcək

"F1"-in davamı çəkiləcək

14:30 11 fevral 2026
Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

12:54 11 fevral 2026
"Kinematoqrafiya haqqında”  Qanun dəyişir

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

15:05 10 fevral 2026
Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

13:44 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər