"Sevda Sultanovanı qınamaq olmaz..." - Açıqlama

"Sevda Sultanovanı qınamaq olmaz..." - Açıqlama
19 iyul 2024
# 15:25

"Sevdanın qınağı Müstəqil Kino Platformasına yox, adını çəkdiyi müəyyən adamlaradır..."

Kulis.az xəbər verir ki, bu sözləri Sevda Sultanovanın Müstəqil Kino Platforması haqqında fikirlərinə münasibət bildirən prodüser, rejissor İntiqam Hacılı deyib.

"Sevda xanımın yazısını oxumuşam. O, həmin yazıda Kino Platformanın bəyanatına niyə imza atmadığı barədə yazıb. O deməyib ki, niyə Müstəqil Kino Platforması var və ya niyə bəyanat yayımlayıb? Müstəqil Kino Platforması pandemiyadan əvvəl yaradılıb. Sonra pandemiya və müharibə oldu, istehsalat tam dayandırıldı. İndi İlkin Yusifin filminə yayım vərəqəsi vermədilər, biz də bu bəyanatı yaydıq. Bu bəyanat düşmən bəyanatı deyil, biz, sadəcə, prosesin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun aparılmasını istəyirik, haqlı olaraq. Qanunlardan kənara çıxmamaq şərti ilə. Məktubda ümumi qeyd etmişdilər ki, bu filmə yayım hüququ verilmir. Belə ümumi cavablar qanunaziddir. Ekspert Şurası isə, yaş kateqoriyasını müəyyən etməlidir. Bəyanatımız bunun düzgün olmaması barəsindədir..."



İntiqam Hacılının sözlərinə görə, sözügedən bəyanata istənilən kino adamı qoşula bilər:

"Bəyanatı imzalayanların əksəriyyəti platformanın üzvü deyil. Sadəcə, bu bəyanatı platforma hazırlayıb yaydı. Azərbaycanda kinematoqrafiya sahəsində çalışan istənilən adam ora imza ata bilərdi. Sevda xanım da yazısında niyə imza atmadığına aydınlıq gətirib. Müəyyən adamların adını çəkir, onların fəaliyyəti haqqında yazır. Yenə də deyirəm, istənilən adam o bəyanata imza ata bilərdi. Kimsə üç il, beş il, on il qabaq hansısa ədalətsizlik edibsə, indi gəlib hansısa haqsızlığa etiraz etmək istəyirsə, biz ona “sən etiraz etmə, çünki o vaxt etməmişdin” - deyə bilmərik. Amma indi platformada olan Aygün Aslanlı da, Elvin Adıgözəl də, İntiqam Hacılı da, Hacı Səfərov da həmişə ölkədə gedən kino proseslərinin qüsurlu tərəfini tənqid edib, hər hansı bir əngəl olanda da mətbuatda deyib. Bu, platformadan qabaq da belə idi.
Sevdanın toxunduğu məqamlar bu və ya digər şəkildə həmişə olub və indi də var. Bəli, onunla razıyam ki, müəyyən adamlar var, lazım olanda danışır, lazım olmayanda danışmır. Amma daim bu məsələləri qabardan, daim belə hallara etiraz edən adamlar həmişə var.
Adi bir şey deyim, Elvin Adıgözəl ilk filmini vaxtilə Rüfət Həsənovla birgə çəkib. Amma o, Rüfət Həsənovun kino şöbəyə rəhbərliyi dövründə də ümumi prosesə etiraz edirdi, nöqsanları deyirdi..."


Şair, yazıçı Cəlil Cavanşirin sözlərinə görə, Sevdanın iddiasına onun ittiham etdiyi adamlar cavab versə, daha yaxşı olar:

"Sevda Sultanovanın müraciəti imzalamamasını və indiki mövqeyini normal hesab edirəm. Özünə görə səbəbləri var və bunu aydın dillə əsaslandırır. Bizimlə eyni mövqedə olmadığı üçün onu qınaya bilmərəm. Çünki eyni siyahıda şəxsən bəyənmədiyim, güvənmədiyim sənət adamları var. Bu da normaldır. Bu gün məhz bu məsələdə həmfikir olduğum, ancaq bir daha, bəlkə, heç vaxt rastlaşmayacağım, eyni siyahıda görünməyəcəyim adamların hər birini müdafiə etmək fikrindən uzağam. Zaman-zaman ən sərt tənqidləri Sevda yazıb, mübarizə aparıb. Mənim də Mədəniyyət Nazirliyini ən sərt şəkildə tənqid etdiyim dönəmlər olub, hansısa addımı da yaxşı hesab edəndə dəstəkləmişəm. Sevdanın yazıda tez-tez adını çəkdiyi Rüfət Həsənovun ən çox çəkindiyi imzalardan birincisi Sevda idi. Onun Müstəqil Kino Platformasına qoşulmağı, dəstəkləməyi arzulanan və gözlənilən idi, amma qoşulmadığı üçün qınamaq da olmaz. Ümumiyyətlə, Müstəqil Kino Platforması düşmənçilik üçün yox, kinonun inkişafına fayda vermək üçün yaradılıb".

# 2333 dəfə oxunub

Oxşar xəbərlər

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

18:44 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər