Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam
27 aprel 2024
# 12:00

Kulis.az həyat yoldaşı ilə birgə qətlə yetirilən rejissor Dariuş Mehrcuinin “İnək” filmi haqqında Ömər Xəyyamın yazısını təqdim edir.

Sənət filmləri İtalyan neorealizmindən başlayır.

1940-55-ci illəri əhatə edən cərəyanın ilk filmləri Roberto Rossellinin “Roma – açıq şəhər”, De Sikanın “Umberto D” və Fellininin “Yol” filmləridir.

İtalyan neorelizmindən əvvəl – Mussolini İtaliyasında “ağ telefon filmləri” adlı kostyumlu, qalstuklu melodramlar çəkilirdi.

“Ağ telefon filmləri”nin məqsədi neorealizmdən fərqli olaraq izləyicini mövcud sosial-ictimai, siyasi-iqtisadi vəziyyətdən, diktaturanın fırıldaqlarından alı qoymaq idi.

İran neorelistik filminin banisi isə Dariuş Mehrcuidir.

Mehrcuinin “İnəy”i İran kinematoqrafiyasının ilk festival filmidir.

1966-da çəkilsə də, qadağalar ucbatından ilk mükafatı 1971-də - Venesiyada alıb.

Film Qulam Saedinin “Bəyəl əzadarları” hekayələr kitabındakı “İnək” əhvalatının motivləri əsasında çəkilib.

“Bəyəl əzadarları” İranda magik-realizmin ilk nümunələrindən sayılır.

Taleyin hökmünə təslim olmuş kəndlilər; fanatizm, cəhalət, qorxu…

Əslində, Qulam Saedinin “Bəyəl”i İran cəmiyyətinin ucqar modelidir. Müəllif bir növ, “özünü öldürür”, obrazlarla üz-üzə qoyduğu oxucunu bəyəllilərin əzadarlığına dəvət edir.

Mehrcui “İnək” filminin ssenarisini Qulam Saedi ilə birgə yazıb.

Kafka tövlədə

Film inəyini qızı kimi, arvadı kimi, dostu kimi, bəlkə də, anası kimi sevən Həsənin metamorfozasıdır.

Həsən pastoral çıxılmazlığın Qreqor Zamzasıdır: inəyə çevrilir, özünə yadlaşır, nəhayət, rasionalla irrasionalın sərhəddi itir.

Həsənin inəyə çevrilməyini, əslində, müxtəlif cür mənalandırmaq olar.

Məsələn, deyərsən ki, filankəsin inəyə çevrilməyi siyasidir, bəs, rejimin günahıdır; filmi siyasi-iqtisadi məsələlərin fonunda şərh edərsən. Yaxud deyərsən ki, Həsən havalanır, özünü heyvan yerinə qoyur.

Başqa biri də başqa cür mənalandırar: deyər ki, o kənddəkilər hamı inəkdir. O kənddə çoxlu adam, bir inək yox, bir adam və inək sürüsü var. O adam ki ölür, inəyi onun yoxluğuna çevrilir.

Qaranlığın çıxış qapısı qaranlığın giriş qapısıdır.

Olur belə, bəzən oxucular, izləyicilər əsəri elə şərh edirlər ki, əlbəttə, müəllif ömrü boyu o məqama yetişməyəcək, haman detallar, bənzətmələr onun başı üçün deyil. Fəqət sənətin gücü də məhz bu yerdədir: əsərin müəllifi oxucudur, filmin rejissoru izləyicidir.

Sənət səni müəllifə çevirir.


Pastoral ağqaralığın hökm sürdüyü kənddə bircə inək var: Həsənin gözünün ağı-qarası.

Həsənin inəyinə kənd uşaqlarının süd anası da demək olar.

Həsən inəyini çimizdirir, onun üçün mahnı oxuyur, hara getsə, inəyini də özüylə aparır. Təkcə ona görə yox ki, Həsənin uşağı yoxdur, həm də ona görə ki, köçəri bolorilər gecə-gündüz onu güdürlər, inəyi oğurlamağa fürsət axtarırlar.

Hamı Həsənə hörmət edir, daha doğrusu, hamı Həsənin inəyinə hörmət edir, kobud desəm, hamı o inəyin məməsindən asılıdır.

Bir gün Həsən inəyinin doğum gününə hədiyyə almaq üçün şəhərə gedir və elə haman gün inək ölür.

Kəndlilər qərara gəlirlər ki, inəyin ölümünü Həsəndən gizlətsinlər.

İnəyi ədəb-ərkanla kəndin mərkəzində basdırırlar. Dua oxuyurlar, üstəlik, hamı halallıq alır, halallıq verir…

Kənddəki yeganə həqiqət carçısını – kəndin dəlisini də mağaraya salıb ağzını, ayağını bağlayırlar.

Nəhayət, Həsən qayıdır…

Ora qaçır, bura qaçır…

Əllərini başına, başını dizlərinə vurur…

Deyirlər ki, bəs, inək yoxa çıxıb…

Deyirlər ki, axtarırlar, hələlik xəbər yoxdur…

Beləcə günlər keçir…

Deyərsən, o inək heç bu həyatda olmayıb.

Həsən axtarır, axtarır…

Həsən gözləyir, gözləyir…

Nəhayət, özünə yadlaşır, yoxalır, inəyə çevrilir: özünü tövləyə bağlayır, inəyinin axırından ot yeməyə başlayır…

Heç kimə qulaq asmır, daha doğrusu, heç kimi başa düşmür, ona yoluxmağa gələn kənd sakinlərini bolorilər zənn edir, onların üstünə cumur.

Əlbəttə, onun əl-qolunu bağlayırlar, boğazına ip salıb tövlədən çıxarırlar.

Qərara gəlirlər ki, onu həkimə aparsınlar.

Əslində, kəndlilər özləri də bilmirlər ki, həkimə nə deyəcəklər, həkimə apardıqları inəkdir, yoxsa Həsən; inəyi Həsəndən, yoxsa Həsəni inəkdən xilas etmək istəyirlər…

Fəqət Həsəni ram etmək mümkün deyil. Nəhayət, "dəli inək" kəndlilərin əlindən çıxır, qaçır,qaçır... və özünü ağqaralıqdan gölməçəyə atır…


Dariuş Mehrcui

Qeyd edim ki, ötən ilin oktyabrında filmin rejissoru, İran neorealizminin banisi Dariuş Mehrcui Kərəc şəhərindəki evində həyat yoldaşıyla birgə qətlə yetirilib.

Əminəm ki, onu inəklər öldürüb...



# 1331 dəfə oxunub

Oxşar xəbərlər

AYB-AYO savaşı: kim qazandı?

AYB-AYO savaşı: kim qazandı?

17:20 7 may 2024
Bütün günahların cavanlığıyam – Esmira Məhiqızının şeirləri

Bütün günahların cavanlığıyam – Esmira Məhiqızının şeirləri

17:00 6 may 2024
Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu

Yoxsul tələbələrin bahalı layihəsi - 10 min dollar qazanmağın yolu

12:00 6 may 2024
Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

10:00 4 may 2024
"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

"Kaş mənim anam bir dülgərə ərə gedəydi..." - Stalinin həyat yoldaşı niyə özünəqəsd etmişdi?

15:00 3 may 2024
"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
# # #