15-ci Bakı Beynəlxalq Film Festivalı bu tarixlərdə keçiriləcək

15-ci Bakı Beynəlxalq Film Festivalı bu tarixlərdə keçiriləcək
1 oktyabr 2024
# 12:12

4-8 oktyabr tarixlərində 15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir.

Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmış festivallar da iştirak edir.

Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi oktyabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11: 00-dan nümayiş olunacaq.

15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın Beynəlxalq müsabiqəsində debüt tammetrajlı bədii və qısa filmlər yarışır.

Festivalın Yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanırlar. Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır.

Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan filmləri “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Məkanın melodiyası” kimi filmləri ilə milli kino tarixində müəllif kinosunun inkişafına təkan verən, kinomuzu dünya arenasında tanıdan Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, “Usamə” filmi “Qızıl qlobus” mükafatına layiq görülən və bununla da adını dünya kino tarixinə yazdıran rejissor Siddiq Barmak, Venesiya, Rotterdam kinofestivallarında filmləri ilə uğur qazanan türkiyəli rejissor Mahmut Fazıl Coşkun qiymətləndirəcək.

“Yerli müsabiqə”nin münsiflər heyətində müasir kino tariximizin ən böyük bədii-tarixi layihəsi sayılan “Tağıyev” filminin müəllifi rejissor Zaur Qasımlı, Türkiyədə çoxsaylı bədii filmlərin rejissoru və prodüseri olan Can Özbatur, yaradıcılığı ilə milli teatr mühitində fərqlənən, həm yerli, həm də də xarici ölkə teatrlarında bir sıra tamaşalara quruluş verən rejissor İradə Gözəlova, İsveçrənin “AVANTİ” layihəsinin sənədli filmlər bölməsində qalib olmuş, bir çox sənədli filmlərə imza atmış rejissor, ssenarist Nəsimi Əliyev yer alır.

Müəllifi olduğu filmlərlə nüfuzlu kinofestivallarda iştirak edən, Müstəqil İran Kinematoqrafçıları Assosiasiyanın təsisçilərindən olan kinorejissor İsmayıl Monsef, “İskusstvo kino” jurnalının daimi müəllifi və redaktoru Yevgeni Mayzel, Avropa Kino Akademiyasının üzvü rejissor Teymur Hacıyev isə “Beynəlxalq qısametrajlı film müsabiqəsi”ndə yarışan filmləri qiymətləndirəcəklər.

“Asiya istedadları” müsabiqəsində finala çıxan filmləri Özbəkistanın kino üzrə ilk elmlər namizədi, Daşkənd VGİK-nin təsisçisi, kinematoqrafçı Eldar Yoldaşev və Türkiyədə bir çox film və seriallarda rol alan aktrisa Zümrə Ərtürk qiymətləndirəcək.

Festivalın əsas mükafatı "Qızıl Nar"dır. Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.

Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilir. Belə proqramlardan olan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.

Bakı Beynəlxalq Film Festivalının “British Council”la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir. Böyük marağa səbəb olan proqramda bir-birindən maraqlı filmlər göstərilir.

Bu il festival çərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, “Birgə film istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələr həyata keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib.

Ölkəmizin ən uzun ömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.

15 ildir ki, əzmlə yoluna davam edən Festival hər il kinematoqrafçıları bir araya gətirir və növbəti illərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir.

Festival filmlərinə giriş sərbəstdir.

# 1460 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

12:55 4 noyabr 2025
“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər