“Gül-bülbül” şüərasının kəsif havası

“Gül-bülbül” şüərasının kəsif havası
7 noyabr 2014
# 13:34

Kulis.az-ın keçirdiyi sorğunun nəticələri mənim üçün çox maraqlıydı. Əmin idim və sövq-təbii hiss edirdim ki, Səməd Vurğunun və Mikayıl Müşfiqin məlum şeirləri mütləq ilkin yerləri tutacaq. Onu da bilirdim ki, Əli Kərim hansısa şeiriylə üçlükdə qərarlaşacaq.

Şeirin köhnəsi, yenisi olmur, hansı mərhələnin məhsulu olmasından, forma və məzmunundan asılı olmayaraq yüksək sənətkarlıqla yazılmış hər bir şeir xalqın yaddaşına hopur. Bunun ən bariz nümunəsi Səməd Vurğunun “Azərbaycan” şeiridir.

Şairin əbədi olaraq içində vurnuxduğu bir üçbucaq var, ana, vətən, sevgili üçbucağı. Bu üç varlıq şairin ilham pəriləridir. İnsanlar bədii ədəbiyyatı oxuyarkən, xüsusən şeirdə onların düşüncəsi anaya, vətənə və sevgiliyə fokuslanır. Bədii vüsətinə və daxili enerjisinə görə ana haqqında yazılmış şeirlərdən ən gözəli ədəbiyyat tariximizdə şair kimi yox, dramaturq kimi xatırlanan Cəfər Cabbarlının “Ana” şeiridir. Bu şeir sənətkarlıq cəhətdən mükəmməl bir poeziya nümunəsidir. Bütün bunlar öz yerində.

Sorğuda müxtəlif nəsilləri təmsil edən söz adamları iştirak ediblər, nəticələr bir nüansı üzə çıxartdı. Nəzərə alsaq ki, bu sorğu söz sənətiylə məşğul olan adamlar arasında keçirilir, belə bir nəticə hasil olur: Vaqif, Sabir ənənələri üzərində qurulan poetik düşüncə hələ də dominantlıq təşkil edir. Demək, xalqın xarakteri dəyişməz olaraq qalır. Üçlüyə çıxan şeirlər eynilə xalq kütlələri arasında da sevilir. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri Azərbaycan poeziyasının modernizmə doğru attıdığı ilk addımlardan biriydi və bu şeiri bu günə qədər sevdirən onun sevgiliyə yazılmasıdır.

“Yenə o bağ olaydı” daxili dinamizmi və strukturu etibarilə də o dövr üçün unikal bir şeir idi. Mirzə İbrahimov xatirələrində yazır ki, bu şeiri Müşfiq ilk dəfə Filarmoniyada oxudu və görüşdən sonra camaat bu şeiri kağıza yazıb bir-birinə ötürürdü. Tezliklə Müşfiqin şeiri əl-əl gəzməyə başladı və dillər əzbəri oldu. İnsanlar o vaxta qədər bu cür təbii sevgi şeiri eşitməmişdilər. “Gül-bülbül” şüərasının kəsif nəzm havasından sonra bu şeir beyinlərə təmiz hava axını gətirdi.

Poeziya bizim dünyayla ünsiyyət təcrübəmizin qoruyucusudur, bu enerji zaman-zaman bizim düşüncəmizi proqramlaşdıraraq şüurumuza keçərək onu qidalandırır. Əli Kərimin poeziyası da belə bir enerji axını idi və bu axın özüylə birgə Azərbaycan şeirinə keyfiyyət dəyişikliyi gətirdi, Azərbaycan şeirinin düşüncə sərhədlərini genişləndirdi. Onun səs çoxluğu qazanan “Atamın xatirəsi” şeirindən də gözəl şeirləri var, amma məhz bu şeirin daha çox səs qazanması da məhz ata haqqında yazılmış ən yaxşı şeirlərdən biri olmasıyla bağlıdır.

Bütün hallarda bu sorğu son yüz illik Azərbaycan poeziyasının zamanın sınağından necə çıxmasına müəyyən mənada bir aydınlıq gətirdi.

# 1307 dəfə oxunub

Müəllifin son yazıları

# # #