Cəfər Cabbarlinin mexaniki səhvi

Cəfər Cabbarlinin mexaniki səhvi
5 may 2011
# 14:13
Keçmişi təftiş etməkdən asan nə ola bilər? Keçmişdən nəticələr çıxarmaq isə çox çətindir. Ona görə mən kimisə ittiham etməkdən həmişə çəkinmişəm. Çünki ittiham olunanların yerində mən olsaydım, bilmirəm necə rəftar edərdim. Bu barədə hələ on üç il bundan əvvəl böyük bir yazı yazmışdım: “Etiraflar işığında ittihamlar sönük görünür.”

“Azadlıq” radiosunun saytında Cəfər Cabbarlının Hüseyn Cavid haqqında tənqidi yazısı yer alıb. Doğrusu, oxuyub çox pis oldum. İki dahi sənətkarın üz-üzə qoyulması nə dərəcədə doğrudur, bilmirəm, amma fikirləşirəm ki, tarix çox amansız məfhumdur.

C. Cabbarlı 30-cu illərdə Azərbaycanda gizli fəaliyyət göstərən “Müsavat” partiyasının baş katibi, Məhəmməd Baharlı isə onun müavini olub. C. Cabbarlının sovet dövrü yaradıcılığında ikili yanaşma müşahidə olunur. Onun “Firuzə” adlı bir hekayəsi var, sovet hakimiyyətinin təntənəsinə həsr olunmuş bu hekayə Bakıdan və onun “xoşbəxt” sovet nəslindən bəhs edir. Amma onun eyni dövrdə yazdığı “Papaq” hekayəsi sovet Bakısına tərs şillə idi. Sovet sisteminin bütün eybəcərliyi bu hekayədə əks olunub.

Cəfər Cabbarlının Hüseyn Cavidə tənqidi yanaşması təzə məsələ deyil. Onun tənqidi ideoloji məzmun daşıyır, Cabbarlı Cavidi məhz ideologiyanın tələblərinə cavab verməyən əsərlər yazmaqda günahlandırır. Özü də çox yumşaq şəkildə yazıb.

A. Çexov inqilabın baş verəcəyini öncədən görüb inandığı kimi Cabbarlı da sovet ideologiyasına sidq-ürəkdən inanmışdı. O, virtuoz dramaturq idi, bu kimi yazılar onun daşlaşmış ədəbi reputasiyasını zədələmək gücündə deyil. Amma... Müsəlmanın bu əmması olmasa...

1934-cü ildə Azərbaycan Şura Yazıçılarının birinci qurultayı keçirilib. “Gənc işçi” qəzeti həmin qurultayın stenoqramını dərc edib. Cəfər Cabbarlı qurultayın 16 iyun tarixli iclasında H. Cavidi tənqid edib. Yazıda Cavidə irad tutulur ki, o, bu günün tələbini ödəyə bilmir və yazdığı əsərlər də günün tələblərinə cavab vermir. Guya onun “Peyğəmbər əsərində qadına olan baxış köhnədir və sair və ilaxır.

Şübhəsiz, Cabbarlı da artıq o vaxtdan təsir altına düşməyə başlamışdı, məşum 37-ci ilə qədər yaşasaydı, onun hansı mövqedə dayanacağı yazdığı yazıdan bəlli olur. Allahın C. Cabbarlıya yazığı gəlib, onu 37 sınağı ilə üz-üzə qoymayıb, qələm dostlarının üzünə durmaq məşəqqətindən azad eləyib və adına ləkə düşməsinə riza verməyib.


Paskal yazır: “İnsan bəzən şübhə etməli, bəzən qəti inanmalı, bəzən isə hamı tərəfindən qəbul olunanlara itaət etməlidir. Yalnız ağılsız adam buna əməl etməz.”

Məncə, şərhə ehtiyac yoxdur. İnamdan doğan səhv artıq mexaniki səhvdir, bu yanlışa görə insanı ittiham etmək düzgün deyil.

Bu günün müxalif cəbhədə qərarlaşmış bəzi köşə yazarları yaxın keçmişdəki üz qaraldan yazılarına görə ittiham olunurlar və bu gün onlar “bəli, bu yazıları mən yazmışam!” deyərək öz yazılarına yiyə durmurlar.

Qələm hələ ki, bizim əlimizdədir və nəzərə almaq lazımdır ki, onların(Cəfər Cabbarlının və s.) özlərini müdafiə etmək imkanları yoxdur. Gəlin, ruhları qarşısında bir qədər ehtiyatlı olaq. Düşünək ki, sabah bizim də qabırğamıza döşəyə bilərlər, onda özümüzü müdafiə etmək imkanımız olmayacaq...
# 2302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #