Tez ol, boşalt içimi...

Tez ol, boşalt içimi...
28 noyabr 2012
# 15:11

İtmək istədiyim yerdə

Dumandan sıyrılıb çıxdın qəfildən,

qollarımın halqası qədər

kiçildi şəhər,

nəfəsin dəydi üzümə,

bədənin axdı köksümə,

ağız dadını bildim...

səndən əvvəl nəfəsim belə titrəmirdi,

köksüm belə geniş deyildi,

uzaqlar bu qədər yaxın deyildi,

itmək istədiyim yerdə tapdım səni...

Yandıra bilmədim siqaretimi,

alıb əlimdən alışqanı

çəkdin çaxmağı:

-ay fərsiz, -dedin,- yandır həsrətini!

Hər şeyi təzədən başlayaq,

gəl sənə sevgidən dərs keçim,- dedin...

məndən sənə nə qədər yol olar görən?

Bu sualı sənə versəm,

yəqin gülərsən...

itmək istədiyim yerdə tapdım səni,

ay mənə sevgidən dərs keçən qadın...

Sevgidi gələn

Qəfildən görsən ki, qəlbin çırpınır,
yubanma,
dur aç qapını,
sevgidi gələn...

Gözlərindən axan yaşlar
təkcə kədər deyil ki...
ümiddi, təsəllidi, gümandı,
sevgidi gələn...

Özünü-sözünü tanımayanda,
vaxtın üzü adama tanış gəlir,
on səkkiz yaşın vaxtıdı-nədi...
dəlidən doğru xəbərdi-nədi,
sevgidi gələn...

Dolanıb düzü-dünyanı,
yenə ayağına gətirir səni,
indi bu payızın yerişiylə qaç,
qaç görüm necə qaçırsan,
çata biləcəksən bahar yelinə?!
sevgidi gələn...

***

Adını yazmadığım şeirlərdə

yoxluğun uçurum qədər dərin,

Sənə susamışam,

dodağımdakı uçuq sənsizlikdəndi...

Sən yoxsan, darıxıram,

sənsiz zaman tank kimi keçir üstümdən,

özümü tox tuturam,

təbəssüm işarəsiylə

gizləyirəm kədərimi,

sümüklərimin xırçıltısını

batırır təbəssümüm...

adını yazmadığım şeirlərdən

külək kimi əsib keçirsən,

nəfəsin hopur sözlərə,

nəfəsin şeh kimi üzümdə qalır,

adını yazmadığım şeirlərdə

adının boş qalan yerini

nöqtələr əvəz edir

Zaman səni mənə uduzdurmasın,

Sən yaşa dünyada,

mən ölüm sənsiz.

Bir dəqiqəlik şeirlə məni yad etsən,

bəsimdi...

bağışla,

adını yazmadım yenə...

O yoxdu, sən də yoxsan...

Göylərə inanardım bəlkə,
daha mərhəmətli,
daha mülayim,
daha şən olardım,
ciyərim bu qədər tez parçalanmazdı,
gecələr sərxoş olub yatmazdım vağzallarda,
çıxmazdım adamlıqdan,
içimdəki bu boşluq olmasaydı...

İçimdəki dopdolu boşluğu
tək səninlə bölüşəndə
şərab kimi dumanlandırır beynimi kədər,
boğazımda qaynayır qəhər,
boğuluram bu boşluğun içində,

tez ol, boşalt içimi,
dolum yenə adamla,

baş qoyub yatım sevdiyim qızla,
daha nakam sevgilərdən yazmayım,
o qızın gül qoxuyan bədənindən,
incə nəfəsindən,
balınca dağılmış ipək saçlarından,
islaq dodaqlarından danışım...
sözlə səs arasında soyuqdan donmayım,
bir kreslo küncündə
ümidlərimi dizim tək qatlayıb mürgüləməyim...

Yorğanın soyuq bədəni
isitmir bu boşluğu,
tez ol, boşalt içimi,
dolub-daşım həyatla...

Arzuların qanadından
atılmışam ümid adlı boşluğa,
açılmır paraşütüm,
hər tərəf ayrılıqdı,
hər tərəf göz yaşıdı,
mən hansı səmtə düşüm?!..

Təbəssümümü
parklarda skamyaların altında gizləmişdim,
onun böyrümdəki boşluğu
addımlarıyla dolduracağı gün üçün...
boşluqlarda dincəlir yorğun ürəyim,
o, yoxdu,
sən də yoxsan,
açılmır paraşütüm,
hara düşüm,
hara düşüm?!...

# 3380 dəfə oxunub

Müəllifin son yazıları

# # #