Bir saatdan da az - Aydan Dəniz

Aydan Dəniz

Aydan Dəniz

19 dekabr 2022
# 19:20

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Aydan Dənizin "Bir saatdan da az" hekayəsini təqdim edir.

Günəş qırmızı donunu geyinib alatoranlığı yararaq yavaş-yavaş çıxmağa hazırlaşırdı. Bakıya doğru uzanan yolun kənarındakı kafenin yanında olan qəssab dükanının böyründə dünəndən bağlanan dananın mələrtisi kəsilmirdi. Ətrafında dolaşan pişiklərin həyasızlığı isə onu özündən lap çıxarırdı. Kafe sahibinin "tüklərindən yağ daman" bu sevimli pişikləri dananın buynuzlamalarına, qəzəbli halda quyruq çırpmalarına, şıllaqlamalarına baxmayaraq ətrafında sərbəst dolaşır, özlərindən dəfələrlə böyük və güclü olan bu canlının bir neçə saatdan sonra tikə-parça olacağını, ciyərindən, piyindən, xirda doğranmış ətindən bişiriləcək qovurmanın tikələrindən onlara da pay çatacağını bilirdilər. Odur ki ağız-burunlarını yalayaraq hər dəfə gətirilən danalar kimi bu dananın da hədə-qorxularını veclərinə almırdılar, quyruqlarını havada oynadıb yemək vaxtını gözləyirdilər.

Evi dükanın yaxınlığında olan qəssab hər gün günəş doğmadan işə başlayırdı. Ancaq bu gün nədənsə hələ gəlib çıxmamışdı. Yay günəşi şəfəqlərini artıq ətrafa çiləmişdi. Nəhayət uzaqdan kafe sahibi ilə qəssabın qaraltısı göründü. Asta-asta, bir az da ləngər vura-vura gəlirdilər. Hiss olunurdu ki, dünən gecə içdikləri içkinin təsiri canlarından tam çıxmayıb.

Gəlib kafenin yanına çatanda qəssab o saat dananı kəsməyə tələsmədi, kafe sahibi ilə oturub tam ayılmağını gözlədi. Kafe sahibi dünən gecə yağlı toğlunun ətindən çəkilən kababı araqla mədəyə göndərmiş, hamı gedəndən sonra birtəhər qəssabın evi yaxında olduğundan gecələməyə ora getmişdi. İşçilərdən hələ gələn yox idi. Özləri üçün elektrik çaydanında çay qoyub siqaret çəkməyə başladılar.

Dünəndən bəri atılıb-düşən, dəli kimi nərə çəkən dananın mələrtisi qəssabı görəndən sonra dəyişdi. Həzin-həzin, yazıq səslə mələyir, qəssabdan sanki onu kəsməməsi üçün yalvarırdı. Hikkəsindən dünən yanına qoyulan su qabını dağıtdığından yayın günü susuz qalmış, mələməkdən boğazı qurumuş, lap pis vəziyyətə düşmüşdü. Onun bu vəziyyətini hiss edən pişiklər daha da cəsarətlənmiş, hərəkətləri daha da sərbəstləşmişdi. Hətta biri tullanıb belində oturmuşdu.

Bayaqdan onları seyr edən kafe sahibi ilə qəssab pişiklərin hərəkətlərini görüb irişə-irişə güldülər. Dana bir də yazıq-yazıq mələyəndə kafe sahibi gülə-gülə dedi:

- Can ey can, bir saatdan sonra həyatda olmayacaqcan, ay yetim. Axşam sənin də kababını elə yeyəcəyik ki - deyə əlini ləzzət alırmışcasına bir-birinə vurdu.

- Həə, dünəndən bəri dəlilik edirdi, axırda başa düşdü ki, çabalamağın mənası yoxdur. Kəsilməkdən canını qurtara bilməyəcək. Çayımızı içək, dur bir az mənə kömək elə, işçilərdən gələn yoxdur hələ ki.

- Yaxşı, içək duraq, day gün günorta oldu. Bu işçilər saat altı olmamış gəlməzlər ha, elə bil bir az tez gəlsələr, dünya dağılacaq. Söz deyəndə də o saat işdən gecə saat ikidə getmələrini bəhanə gətirirlər. Adə, yayın günü bu istidə bu qədər yatmaq olar?

Səhər tezdən olmasına baxmayaraq küçədə maşınların vıyıltısı tez-tez eşidilirdi. Özü də əsasən bu radələrdə yolda maşın az olduğundan sürücülər avtomobillərini çox sürətlə sürürdülər.

Çay içəndən sonra kafe sahibi: "İndi gəlirəm", - deyib təhlükəsizlik kameralarını yoxlamağa getdi. Qəssab da önlüyünü geyinib bıçaqlarını itiləməyə apardı. Dəmir qəfəsin içindəki dirəyə bağlanmış dananın səsi daha gəlmirdi, özü də yorulub oturmuşdu. Dünəndən bəri o qədər fırlanmışdı ki, kəndiri yeyilib-yeyilib ilişiyi qalmışdı, güclü bir dartınma qırılmağına bəs edirdi. Ancaq dəli kimi atılıb-düşdüyündən önünə qoyulan bir tay ot qəfəsin içinə pərakəndə halda səpələnmiş, kəndirin vəziyyətini görmək olmurdu.

Qəssab bıçaqlarını itiləyib kafe sahibini səslədi:

- Harada qaldın? Bu dana çox tərsdir, deyəsən, işim ağır olacaq. İnanmıram ikimizin buna gücü çatar.

- Əşi, görmürsən yorulub oturub? Niyə çatmır? Lap canını da alarıq – deyə gülərək cavab verdi.

Qəfəsin yanına yaxınlaşanda kafe sahibi pişiklərin birini götürüb başına sığal çəkdi. Pişik hərgünkü nəvazişdən xoşhallanıb tüklərini qabartdı. İçkinin təsirindən hələ də tam ayılmayan kafe sahibi pişiyi yerə qoyub qəssaba qəfəsin qıfılını açmağa kömək eləməyə çalışdı. Qəssabın ardınca içəri girib əli ilə qapını yavaş-yavaş özünə tərəf dartdı. Onları görən dana hürküb qəfildən ayağa durdu, sanki kəsilməyə aparılmağını hiss edərək yenə böyürüb çabalamağa başladı. Qəssab kəndiri açmaq üçün əyiləndə dana var gücü ilə dartındı. Kəndir qırıldı. Boşluğu hiss edən dana o dəqiqə ətrafına şıllaq ata-ata qapıya tərəf qaçdı, qapının yanında duran kafe sahibi qəssabın: "Qoyma qaçacaq" - sözlərini eşitsə də, gözlənilməz hadisədən özünü itirdi, içəridən cəftəni keçirtməyə macal tapmamış dana başını o tərəf - bu tərəfə vura-vura qəfəsdən çıxdı. Bayaqdan ləzzətlə gərnəşən pişiklərin hərəsi qorxudan bir tərəfə sıçradı. "Zəhirmara qalasan" - deyə dodağının altında lənət oxuyan qəssab kəndiri götürüb kafe sahibi ilə birlikdə dananın dalıyca yüyürdü. Dana isə artıq yolun o biri tərəfindəki yaşıllıq zolağına doğru qaçırdı. Qəssabla kafe sahibi də təlaş içində onun dalıyca yolu keçəndə yaxınlıqda sürətlə gələn avtomobili görmədilər. Avtomobilin sürətli hərəkətindən ikisi də göyə doğru qalxıb zərblə asfalta çırpılaraq yol kənarındakı ağaclar tərəfə yuvarlandılar. Avtomobil dayanmadan həmin yerdən uzaqlaşdı.

Təxminən, yarım saat sonra gələn işçilər kafeni, qəssab dükanını, onun yanındakı qəfəsi açıq, içini boş görəndə təəccübləndilər. Haylayıb çağırsalar da, səslərinə səslərinə səs verən olmadı. Ətrafa göz gəzdirəndə yolun o biri tərəfindəki ağacların dibində qarğaların və kafenin ətrafında yaşayan pişiklərin hay-küy saldıqlarını gördülər. Dana isə gözə dəymirdi.

# 1295 dəfə oxunub

Müəllifin son yazıları

# # #