Ərinə itaət edən qadının böyüklüyü

Ərinə itaət edən qadının böyüklüyü
3 may 2024
# 09:00

Kulis.az Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı haqqında Fəxri Uğurlunun "Təkliyinə çarmıxlanmış nəsil" adlı yazısını təqdim edir.

Markesin xüsusilə də bu romanındakı üslubu misilsizdir. Əsərdəki şirəli cümlələrin parıltısı gerçəkdən göz qamaşdırır. Əgər Folknerin cümləsi düzənlik boyu ağır-ağır irəliləyən nəhəng çayın təmkinli axışıyla müqayisə olunursa, Markesin şah əsərinin üslubu daşlara dəyə-dəyə şütüyən dağ çayına bənzədilir. Bir müsahibəsində müxbir ona belə bir “bic” sual da vermişdi: “Adama elə gəlir ki, sizin üslubunuz Folknerdən qaçmaqla formalaşıb...”

Romanın sonuncu cümləsini isə bir çox azman ədəbiyyat xiridarı haqlı olaraq dünya nəsri tarixində ən parlaq final sayır. “Yüz ilin tənhalığı” Servantesin “Don Kixot”undan sonra ispan dilində yazılmış ən yaxşı roman hesab olunur.

Təxminən on il bundan qabaq çalışdığım ədəbi qəzetdə maraqlı bir rubrika açmışdıq. Həmin rubrikada redaksiyanın seçdiyi bir şeirin, yaxud nəsr parçasının bir neçə tərcümə variantı təqdim olunurdu. Tərcüməçiləri də redaksiya seçirdi. Onlar bir-birinin tərcüməsindən, təbii ki, xəbərsiz olurdular. Daha sonra tərcümələri nömrələyib münsifə göndərirdik. Aydındır ki, münsif də tərcüməçilərin kimliyindən, hansı variantın hansı tərcüməçiyə məxsus olduğundan xəbərsiz qalırdı.

Dəfələrin birində Qarsia Markesin dünya şöhrətli romanının ilk üç cümləsini seçib ədəbi ictimaiyyətin yaxşı tanıdığı peşəkar tərcüməçilərə göndərdik. Onların mətni rus dilindən çevirdiyini nəzərə alıb, məhz bu dildəki mətnə orijinal kimi istinad eləmişdik. Ədəbiyyat həvəskarları üçün maraqlı olar deyə həmin variantları diqqətə çatdırmaq istəyirəm.

Ruscası

Пройдет много лет, и полковник Аурэлиано Буэндиа, стоя у стены в ожидании расстрела, вспомнит тот далекий вечер, когда отец взял его с собой посмотреть на лед. Макондо было тогда небольшим селением с двумя десятками хижин, выстроенных из глины и бамбука на берегу реки, которая мчала свои прозрачные воды по ложу из белых отполированных камней, огромных, как доисторические яйца. Мир был еще таким новым, что многие вещи не имели название и на них приходилось показывать пальцем.

Tərcümə 1

Çox-çox illər keçəcək, polkovnik Aureliano Buendia da güllələnməyini gözləyə-gözləyə divarın dibində dayanıb atasının onu özüylə buzu görməyə apardığı həmin uzaq axşamı xatırlayacaqdı. Onda Makondo şəffaf suları Nuh əyyamının yumurtaları kimi iri şümal ağ daşlardan ibarət yatağıyla şığıyıb gedən çayın kənarında gildən və bambukdan tikilmiş iyirmi daxmalıq kiçik qəsəbəydi. Dünya o qədər bakirəydi ki, çox şeyin adı yoxudu, onları eləcə barmaqla göstərmək lazım gəlirdi.

Nəriman Əbdülrəhmanlı

Tərcümə 2

Aradan illər keçəcək və divarın önündə dayanıb güllələnməyini gözləyən polkovnik Aureliano Buendia atasıyla buz parçasına baxmağa getdikləri o uzaq axşamı xatırlayacaqdı. O vaxtlar Makondo dumduru suları iri, əfsanəvi əjdaha yumurtalarına bənzər ağappaq cilalı daşların arasıyla sürətlə axan çayın kənarında bambuk ağaclarından və gildən hörülmüş iyirmiyə yaxın dəyədən ibarət yaşayış yeriydi. Hələ dünya o qədər təzəydi ki, bəzi şeylərin adı belə yoxuydu və o şeyləri barmaqla göstərmək lazım gəlirdi.

Tahir Kazımlı

Tərcümə 3

Uzun illər keçəcək, polkovnik Aureliano Buendia divara söykənib güllələnəcəyi anı gözlərkən, atasının onu buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaq. O zaman, tarixdən öncəki əfsanəvi nəhəng yumurtalara bənzər parıltılı daşların arasıyla axıb gedən şəffaf sulu bir çayın sahilində Makondo gildən və bambukdan tikilmiş, təxminən iyirmi daxmalıq balaca bir kənd idi. Dünya o qədər təzə idi ki, çox şeyin hələ adı yoxuydu və çox şeyi barmaqla göstərmək lazım gəlirdi.

Zahid Sarıtorpaq

Tərcümə 4

Çox illər sonra polkovnik Aureliano Buendia divara söykənib güllələnməyini gözləyəndə atasının onu buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaqdı. O zaman gildən və bambukdan tikilmiş iyirmiyə yaxın komadan ibarət kiçik bir kənd olan Makondo, bəni-insandan da əvvəllərin nəhəng yumurtalarına oxşayan hamar ağ daşlarla dolu yatağıyla dumduru suları qıjıldayıb axan çayın kənarında yerləşirdi. Dünya o qədər bakirəydi ki, hələ çox şeyin adı yox idi və onları barmaqla göstərməli olurdular.

Saday Budaqlı

Tərcümə 5

Çox illər keçəcək və güllələnmə intizarında divara söykənib durmuş polkovnik Aureliano Buendia atasının onu buza baxmağa apardığı həmin o uzaq axşamı xatırlayacaq. O zamanlar Makondo özünün şəffaf sularını çox qədim kələz yumurtaları qədər nəhəng bəyaz daşların bağrında açdığı cilalı yataqla çağladan çayın qırağında, gil və bambukdan tikilmiş, təxminən iyirmi daxmalıq kiçik bir kənd idi. Dünya hələ o qədər təzəydi ki, çox şeyin adını qoymamışdılar və onlardan danışanda çarəsizlikdən barmaqla göstərməli olurdular.

İlqar Əlfioğlu

Tərcümə 6

Uzun illər keçəcək və polkovnik Aureliano Buendia divar önündə dayanıb güllələnəcəyi anı gözləyərkən, atasının onu buza baxmağa apardığı həmin uzaq axşamı xatırlayacaq. Makondo o vaxtlar dumduru suları dinozavr yumurtaları kimi iri, cilalı ağ daşların arasıyla şütüyən çayın kənarında gildən və bambukdan tikilmiş, iyirmiyə yaxın komadan ibarət kiçik bir kənd idi. Onda dünyanın hələ lap cavan vaxtlarıydı deyə, çox şeylər adsız idi və onları barmaqla göstərməli olurdular.

Etimad Başkeçid

Tərcümə 7

Üstündən çox illər keçəcək və divar önündə durub güllələnməyini gözləyən polkovnik Aureliano Buendia atasının onu özü ilə buza baxmağa apardığı o uzaq axşamı xatırlayacaq. Onda Makondo dumduru sularını dinozavr yumurtası kimi nəhəng, hamar və ağ daşlarla döşənəkli yatağı ilə qovan çayın sahilində palçıq və bambukdan tikilmiş iyirmiyə qədər daxmadan ibarət kiçik bir kənd idi. Dünya hələ o qədər təzə-tər idi ki, çox şeylərin adı yox idi, onları barmaqla göstərmək lazım gəlirdi.

Səfər Alışarlı

Tərcümə 8

Uzun illər ötəcək, bir gün polkovnik Aureliano Buendia güllə qabağında divara dirənəndə atasına qoşulub buza baxmağa getdiyi həmin uzaq axşamı yada salacaq. Makondo o zamanlar dumduru suları əjdaha yumurtası boyda hamar daşların arasıyla şütüyən çayın qırağında gildən-bambukdan yapılmış iyirmicə daxmalıq balaca bir kənd idi. Dünyanın erkən çağıydı, hələ çox şeyin adı üstünə oturmamışdı, çox şeyi hələ barmaqla göstərirdilər.

Fəxri Uğurlu

***

Daha sonra bu parçaları rəy üçün Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin ozamankı dekanı, ustad tərcüməçi, mərhum Vilayət Hacıyevə göndərdik. Onun verdiyi münsif rəyi ilə tanışlıq da, məncə, hörmətli oxucuya maraqlı gələr.


Vilayət Hacıyevin rəyi

“Əlbəttə, tərcümələr hamısı rus dilindən olunduğu üçün, demək olar ki, ifadə edilən məna eynidir. Sadəcə olaraq, ifadə vasitələrində müxtəliflik var. Bəzilərində o, orijinaldakından bir qədər qüvvətli, bəzilərində isə zəif səslənir. Məsələn, «мир был еще таким новым…» cümləsi birinci, dördüncü tərcümələrdə “bakirəydi” kimi verilir ki, bu da, zənnimcə, yaxşı səslənsə də, orijinalın fikir yükünü vermir, “təzəydi”, “təzə idi”, “təzə-tər idi” (tərcümə: 2, 3, 5, 7) hərfi tərcümə təsiri bağışlayır. Əslində, dünyanın həmin vaxtlar heç də “təzə” olmadığını, yalnız onlar üçün təzə açıldığını nəzərə alsaq, altıncı və səkkizinci tərcümələri cümlələrin əvvəlinə “sanki” və ya “elə bil” artırmaqla məqbul tərcümə hesab etmək olar. Bəlkə də belə daha yaxşı səslənərdi: “Sanki dünya yenicə bina olunmuşdu…” Axı onda dünya çoxdan bərqərar idi və hər şeyin də adı vardı, sadəcə olaraq, onlara məlum deyildi.

Orijinaldan ikinci cümləni tərcümə etmək üçün bircə anlığa iri ağ daşların arasından qıjıltı ilə axan, həmin daşları yuya-yuya sanki cilalayan dağ çayını təsəvvür eləmək lazımdır. Əgər biz ruscadakı «ложa» və «отполированный» sözlərini işləndiyi kimi saxlamağa çalışsaq, tərcümə alınmayacaq. Çünki Azərbaycan dilində “çay öz yatağı ilə axır” demirlər. “Çay öz yatağından çıxdı” isə demək mümkündür. «Огромных, как доисторические яйца»-nın tərcüməsində “Nuh əyyamının yumurtaları” (tərcümə 1), “Əfsanəvi əjdaha yumurtaları” (tərcümə 2), “tarixdən öncəki əfsanəvi nəhəng yumurtalar” (tərcümə 3), “qədim kələz yumurtaları” (tərcümə 5), “dinozavr yumurtaları” (tərcümə 6), “əjdaha yumurtası” (tərcümə 8) verilməsi də, zənnimcə, məqbul tərcümə hesab oluna bilməz. Belə olan halda, dördüncü tərcümədəki “bəni-insandan da əvvəllərin nəhəng yumurtaları”nı orijinalın fikir yükünü ifadə edə bilən uğurlu tərcümə saymaq olar.

Bütövlükdə götürəndə, “bakirə”ni, bir də “yataq” sözlərini çıxmaq şərtilə, söz seçimi, fikrin ifadə tərzi baxımından dördüncü tərcümə məqbul hesab oluna bilər, ancaq burada da, məncə, təhkiyənin forması düzgün seçilməyib. “Uzun illər keçəcək və…” ilə başlayan tərcümə mətnlərinin təhkiyə tərzi və bununla yaranan ritmi təkcə orijinala yaxın olmaqla kifayətlənmir, həm də mətnin rəvan oxunmasını təmin edir.

Daha bir məsələni vurğulamaq istərdik: Azərbaycan dilində “gildən tikilmiş ev” ifadəsi işlənmir və burada uzaqbaşı “sarı palçıqdan tikilmiş ev” deməklə orijinalın fikir yükü azalmazdı. Əslində, ispanca “barro” sözünün birinci mənası “palçıq”, ikinci mənası “gil”dir. Yeddinci tərcümənin müəllifi, görünür, hansı duyumlasa haqlı olaraq “palçıq və bambukdan tikilmiş” yazıb.

Əlbəttə, bütün bunlar mənim subyektiv fikrimdir. Onu da deyim ki, mənə təqdim olunmuş hər tərcümənin özünə görə bir uğuru var”.

***

Bunları xatırlatmaqla mən həm Markes cümlələrinin dildən-dilə köçəndə necə bərq vurduğunu, neçə-neçə çalar qazandığını, həm də bədii tərcümə sənətinin nə qədər qəliz, mürəkkəb bir iş olduğunu bir daha nəzərə çatdırmaq istədim. Əlbəttə, neçə ki orijinaldan olunmayıb, heç bir tərcümə mükəmməl sayıla bilməz. Bununla belə ispan dilindən Azərbaycan dilinə birbaşa körpü salınacağını oturub gözləmək də olmaz. Məsələn, Əkrəm Əylislinin ruscadan çevirdiyi “Gözlənilən bir qətlin tarixçəsi”, yaxud İshaq İbrahimovun eyni dildən çevrilmiş “Polkovnikə məktub yoxdur” povestinin tərcüməsi gözəldir, hərçənd axtaran olsa, bu tərcümələrdə nöqsanlar da tapılar, ancaq o çatışmazlıqlar əsərin məzmununu, üslubunu qavramağa əngəl törədəcək səviyyədə deyil.

Markes özü deyirdi ki, Dostoyevskini ən pis tərcümədə belə oxuya bilib. Onun əsərlərinin də hətta qüsurlu tərcümədə ruhunu duymaq mümkündür. Ümumiyyətlə, bədii tərcümə məsələsi bizim yaralı yerimizdir. Müstəqilliyimizin bərpasından bir qərinə ötsə də, bir çox dünya dilindən (hələ dünya dilinə demirəm) peşəkar tərcüməçi kadrlar yetişdirə bilməmişik, halbuki qonşu gürcülər bu məsələni sovet hakimiyyətinin gənc vaxtlarından həll eləyiblər.

***

“Yüz ilin tənhalığı”na qədər Markesin imzası elə də tanınmırdı. Nobel mükafatı laureatı, həm də kolumbiyalı dostunun, həmkarının tədqiqatçısı Varqas Lyosanın da dediyi kimi, o illərdə Latın Amerikası yazıçılarının əsərləri kiçik tirajla nəşr olunurmuş, onu da, eynən indi bizdə necədirsə eləcə, dost-tanışa paylayırmışlar. Lyosa yazır ki, Markesin “Polkovnikə məktub yoxdur” povestiylə ilk dəfə Parisdə, o da fransızcaya tərcümədə tanış olub. Halbuki həmin dövrdə Markesin qırx yaşının tamam olmasına çox qalmamışdı.

“Yüz ilin tənhalığı” romanı həm öz müəllifinin, həm də bütövlükdə Latın Amerikası ədəbiyyatının xilaskarı kimi meydana gəldi. Ondan sonra qitənin ispandilli oxucularının öz milli ədəbiyyatlarına hörməti birə-min artdı, bütün dünyanın diqqəti Latın Amerikasına yönəldi. Markes doğulub boya-başa çatdığı qitənin təbiətini, xarakterini, insanlarını necə bir möcüzəli, sehirli qiyafədə təqdim elədisə, bütün dünya oxucularının üzünə tamam yeni, əfsanəvi bir diyarın qapılarını açdı. Əlbəttə, bu işdə Latın Amerikası ədəbiyyatının qalan nəhənglərinin (Borxes, Neruda, Kortasar, Kasares, Rulfo, Kastaneda, Fuentes, Asturias, Karpentyer, Onetti, Silva, Amadu, Lyosa, Koelyo...) əvəzsiz xidmətini danmaq olmaz, ancaq onların heç biri yer üzünə Markes qədər ün salmayıb.

***

Dünya şöhrətli romanı işıq üzü görəndə Markesin qırx yaşı vardı. Müəllif şah əsərinə doğru ta gəncliyindən yol gəlirdi, ancaq romanın yazılması yalnız beşinci cəhddə baş tutdu. Əlbəttə, belə bir əsəri qələmə almaq üçün zəngin təcrübə, mükəmməl hazırlıq tələb olunurdu. Markes də qırx yaşının astanasında romanı yazmağa artıq hazır olduğunu hiss eləyib hücrəsinə çəkildi. O, əsəri altı aya tamamlayacağını düşünürdü, ancaq proses üç dəfə uzanıb il yarımacan çəkdi. Bu müddətdə həyat yoldaşı Mersedes ev kirayəsini ödəyə bilmədi, qəssaba, dükançılara borclu qaldı, ancaq hamını inandırdı ki, Qabo yeni kitabını tamamlayandan sonra hər şey yaxşı olacaq. Onun dahi ərinə bir rahibə kimi itaət göstərməsi, ona sorğu-sualsız inanması, hətta deyərdim, iman gətirməsi sözün yaxşı mənasında heyrət doğurur.

Axırda iş o yerə çatdı ki, evdə satılası bir şey qalmadı, kitabı poçtla Buenos-Ayresdəki naşirə göndərmək üçün Mersedesin mikserini, fenini girov qoydular. Naşir kitabı səkkiz min tirajla buraxmaq istədiyini deyəndə müəllif həyəcanla ona xəbərdarlıq elədi ki, ehtiyatlı olsun, indiyəcən onun kitabları ən çoxu min iki yüz tirajla çıxıb. Müəllifin xəbərdarlığına baxmayaraq naşir romanı dediyi sayda buraxdı, bu nüsxələr cəmi üç-dörd günə satılıb qurtardı. Ondan sonra roman hər ay on min tirajla yenidən çap olundu, üstəlik, bu proses illərlə sürdü. Ardınca da “Yüz ilin tənhalığı”nın dünya turuna start verildi.

***

Markesin əsəri ailə romanı qəlibində yazılsa da, Tomas Mannın “Buddenbroklar”, Qolsuorsinin “Forsaytlar dastanı”, Marten dü Qarın “Tibo ailəsi”, Qorkinin “Artamonovların işi” romanlarından fərqli olaraq sosial-epoxal xarakter daşımır, hərçənd əsərdə Latın Amerikası xalqlarının ictimai-siyasi bəlalarının da, konkret desək, Şimali Amerikaya məxsus banan şirkətlərinin əhalinin başına gətirdiyi faciələrin, vətəndaş qırğınlarının, inqilabi çaxnaşmaların da üstündən keçilmir. Əslində, “Yüz ilin tənhalığı” real həyatdan ayağı üzülməmiş fəlsəfi pritçadır, başqa sözlə, bu əsər xəyalla gerçəkliyin, reallıqla fantastikanın qovuşağında yazılıb.

Əsərdəki hadisələrin konkret məkanı, xarakterlərin konkret dini-milli kimliyi olsa da, müəllif bu konkretliklərin problemlərini çözməklə kifayətlənmir; yəni Makondo yalnız Kolumbiyanın, Latın Amerikasının yox, bütün dünyanın, Buendia ailəsi də cəmi bəşərin obrazıdır. Markes gerçəkliklə fantaziya arasındakı sərhədi elə ustalıqla silir ki, oxucunun onun uydurmalarına inanmaqdan başqa çarəsi qalmır. Bu səbəbdən onun metoduna magik realizm, yaxud da fantastik gerçəklik adı verilib. Burada bütün hadisələr bir evdə (təsadüfi deyil ki, müəllif əvvəlcə romana “Ev” adı verməyi düşünürmüş), bir kənddə, bir qəsəbədə, nəhayət, sivilizasiya ilə möhkəm bağlantı yaratmış kiçik şəhərdə baş verir, ancaq bu evə, bu şəhərə gəlib-gedən adamların vasitəsilə yaxın-uzaq aləmlərin sədası da eşidilir.

Həcminə görə elə böyük olmasa da, “Yüz ilin tənhalığı” bir epopeya qədər tutumludur. Romanda baş verənlər təqribən yüz illik bir dövrü əhatə eləyir, bu zaman dilimində Buendia ailəsinin altı (bəlkə də yeddi) nəsli dünyaya gəlir, Makondo iyirmi daxmalıq bir kənddən böyük qəsəbəyə, şəhərciyə çevrilir, fəqət sonda insest bəlasına düçar olan nəsil də kəsilir, sivilizasiyadan aralanıb tarixin tozuna bürünən qəsəbə də dağılır. Qiyamət küləyi, Nuh tufanı hər şeyə son qoyur.

Əsərin strukturu çox qəlizdir, onu xırdalamaq, çözmək üçün ən azı onun özü boyda bir kitab bağlamalısan. Bu əsərdə baş qəhrəman yoxdur, əvəzində Buendia soyundan törəmiş çoxlu qəhrəmanlar var. Onların hər birinin öz xarakteri, temperamenti, maraq dairəsi olsa da, Buendiaların hamısını birləşdirən bir ümumi cəhət var: onlar sevgi hissindən, sevmək qabiliyyətindən məhrumdurlar, bu səbəbdən tənhalıq acısından qurtula bilmirlər. Təklik, yalqızlıq onların nəsil xəstəliyidir, tək yaşamaq, yalqız ölmək onların qismətidir.

Buendia soyunun təməli insest adlı günahla qoyulub, çünki nəslin başında duran Xose Arkadio Buendia ilə Ursula nənə əmoğlu-əmiqızıdırlar. Onlardan törəyənlər də doğma, qohum olmalarına baxmayaraq bir-birinə yaddırlar, bir-birinin dünyasından xəbərsizdirlər. Nəslin sonu da insestlə bitir, bilmədən xalasıyla evlənən Aureliano Babilonyanın arvadı ondan donuz quyruqlu uşaq dünyaya gətirir. Qadın qanaxmadan ölür, uşağı qarışqalar yeyir. Aureliano özü isə qaraçı Melkiadesin otağına çəkilib perqamentlərin sirrini çözməkdəykən anlayır ki, bu otaqdan daha çıxa bilməyəcək, Makondoya fələyin elçisi kimi gəlib-gedən qaraçının yazdıqları çin olub: Nuh tufanı qopub, Buendianın da, Makondonun da axırı çatıb.

***

Əsərdəki adlar nəsilbənəsil təkrarlanır, onları yadda saxlamaq elə də asan deyil. Ancaq xarakterlər təkrarlanmır, hətta əkiz qardaşlar belə bir-birindən çox fərqlənir. Romandakı hadisələr əsasən simvolik mahiyyət daşıyır: məsələn, Buendiaların yaşadıqları yerdən köçüb Makondoda məskunlaşması avropalıların yeni qitəyə köçünə, Xose Arkadionun elmi-texniki axtarışlara girişməsi İntibah (Renessans) dövrünün başlanğıcına işarə kimi yozulur. Axtarışlar nəticəsində nəslin ağsaqqalı dəli olur, onu bir ağaca sarıyırlar. Həmin ağacın Adəmdən başlanan şəcərənin rəmzi olduğunu düşünənlər var, hərçənd bu yozumun dəqiq olub-olmadığını bilmirik. Yuxusuzluq, yaddaşsızlıq epidemiyasının, dörd il on bir ay iki gün yağıb Makondoda fəhlələrə qarşı törədilmiş cinayətin (1928-ci ildə belə bir qırğın doğrudan baş verib) izlərini yuyan leysan yağışın da hansı lokal, yaxud qlobal ictimai-tarixi, yaxud təbii fenomenlərdən qaynaqlandığını söyləmək çətindir. Markes sağlığında şah əsərinin mənasına, mahiyyətinə dair heç bir konkret açıqlama vermədi, romanın dəqiq təhlili üçün açar yeri qoymadı, tənqidçilərdən ötrü qurduğu tələlərin yerini göstərmədi. Yəqin böyük yazıçı əsərinin sirri çözüləcəyi təqdirdə ona marağın azalacağından ehtiyatlanırmış.

“Yüz ilin tənhalığı” bəşəriyyətin acı taleyi haqqında yazılmış pessimist dastandır, əsərdə hər bir aparıcı personajın həm real, həm də mifik obrazı var. Apardığı otuz iki müharibənin otuz ikisini də uduzmuş polkovnik Aureliano Buendia diktatorluğa can atdığı illərdə üç metr radiusu olan dairəylə özünü hamıdan, lap yaxın ətrafından da təcrid olunmuş vəziyyətdə saxlayır. Birinci nəsil Buendiaların övladlığa götürdüyü yetim qız Rebeka ata-anasının sümükləri yığılmış kisəni daim kürəyində gəzdirir. Maurisio Babilonyanın başının üstündə müdam sarı kəpənəklər uçuşur. Gözəllər gözəli Remedios yenicə yuyulmuş, təmizlik qoxuyan mələfədən tutub göyə uçur. Amaranta əlini qızmar sobanın üstündə yandırandan sonra qara sarıqla gəzir, Odisseyin yolunu gözləyən Penelopa kimi daim özünə kəfən tikir, tikdiyini söküb bir də tikir.

Ümumiyyətlə, bu kitabın üstündəki tül örtüyü götürən olsa, onun altından Homer dastanlarından tutmuş “Hərb və sülh”ə, antik tragediyalardan tutmuş Şekspir faciələrinə, Rabledən tutmuş Servantesə, Bibliyadan tutmuş lotu romanlarına, Platondan Freydə, Zolyadan Bulqakova qədər bütün dünya ədəbiyyatı, fikir tarixi çıxar. Bu kitabın içində bir kitabxananın materialı var. Markesin üstünlüyü ondadır ki, onun intellektuallığı üzdə görünmür, göz deşmir, onun əsərini müəllifin bəsləndiyi kitablardan xəbərsiz sıravi adam da oxuyub məmnun qala bilər. Ancaq eyni adam, məsələn, Borxesi oxusa, heç bir zövq almayacaq.

***

Romanın oxucuya hansı mesajlar ötürdüyünü qətiləşdirmək də elə asan deyil. Əgər Buendia ailəsi bütün insanlığın timsalıdırsa, necə olur ki, bu nəsildə bircə nəfər sevən, düşünən adam, ağıllı, ya mömin bəndə tapılmır? Əgər fələyin müfəttişi kimi vaxtaşırı Makondoya baş çəkən, sanskrit dilində yazdıqlarını hamıdan gizləyən qaraçı Melkiadesin kitabında Buendia soyunun taleyi əvvəldən axıracan yazılıbsa (özü bunu nəslin patriarxına lap əvvəldən bəyan eləyir), onlarda nə günah var? Əgər insan ən doğma, əziz adamının belə ağrısını canında duya bilmirsə, öz təkliyini heç kimlə bölüşə bilmirsə, bu yaradılışda kimin suçu var? Hər kəs közü öz qabağına çəkməyə məhkumdursa, bu amansız eqoizmin müəllifi kimdir? Əgər dünyada bütün sevgilər illüziya, təkcə ehtiras, qorxu həqiqətdirsə, buna görə cavabdehlik kimin boynuna düşür? Həyat belə qurulubsa, Markes Buendia nəslini nə üstə cəzalandırır?

Ursula eşidəndə ki, oğlu gəmi qəzasına uğrayıb bir adanın sahilinə atılanda adam əti yeməyə məcbur olub, övladının yediyi adamın da hansısa bədbəxt ananın övladı olduğunu düşünmür, yalnızca buna təəssüflənir ki, onun əziz-xələf balası haram tikəylə qidalanmağa məcbur olub: “Zavallı oğlum, biz də burada qabağımızdan qalan nə qədər yeməyi donuzlara atmışıq”. İnsan insanın dərdinə kor baxır, hətta ana kimi bir varlığın şəfqət işığı da öz bətnindən uzağa düşmür. Gözəl Remediosu isə heç anası da anlamır. Mələk kimi qızın dərdindən ölənlər, divar dibində can verənlər onun qəlbinə yol tapmağın çəmini bilmirlər. Roman boyu baş verənləri flobersayağı laqeyd bir tövrlə kənardan, daha doğrusu, yuxarıdan izləyən, hadisələri nəhəng kamerasıyla tələsmədən seyr eləyən, dünya dağılsa belə halını dəyişməyən müəllif yalnız bu məqamda əsərin içinə girməyə, personajların qəlbinə dürtülməyə balaca, çox balaca bir ayaqyeri qoyur: Remediosun mükəmməl bədəninə aşiq olmuş bütpərəstlər anlamırlar ki, bu qızı ələ almaqdan ötrü onu sadəcə sevmək lazımdır. Sadəcə sevmək, vəssalam! Beləsi tapılmadığına görə qız mələk kimi göylərə çəkilir. Buendia nəslinin içində təkcə onu qiyamət əzabından qurtulmuş saymaq olar.

***

1970-ci ildə kubalı jurnalist Oskar Rettoya verdiyi müsahibədə Markes belə demişdi: “Tənqidçilər romanın mahiyyətinə varmayıblar. Burada əsas fikir ondan ibarətdir ki, tənhalıq həmrəyliyin tərs üzüdür. Buendia ailəsinin də, Makondonun da fəlakəti buradan qaynaqlanır. Düşünürəm ki, romandan hasil olan siyasi məram budur. Həmrəyliyə zidd gedən tənhalıq siyasi məzmun qazanır”. Ardınca da özünü təkzib eləyib söyləmişdi ki, Buendialar arasında mənəvi birliyin olmaması onların sevmək qabiliyyətinin yoxluğundan irəli gəlir.

Birinci fikrin səmimi olmadığı, siyasi konyunktura xidmət göstərdiyi adi gözlə də görünür. Aydındır ki, Markes dostu Fidel Kastronun meydançasında ona qol vurmaqdan, onun ideoloji ruporuna daş atmaqdan çəkinib suala siyasətlə cavab verir. İkinci fikrinsə əsərin ideya-məzmunuyla birbaşa əlaqəsi var. Yazıçı bizə demək istəyir ki, Adəm övladı cənnətdən günah yüküylə yola çıxıb, biz qardaş qatili Qabilin törəməsiyik (Buendia nəslinin patriarxı da qətl törətdiyinə görə yurdundan didərgin düşür), min illərdir günahlarımızı çiynimizdə daşıyıb nəsildən-nəsilə ötürürük. Ona görə də bizim qaynayıb-qarışmağımız, birlikdə xoşbəxt olmağımız, bir-birimizi sevməyimiz, duymağımız mümkün deyil. Biz birlikdə yalnız ölə bilərik. Bundan ötrü bu dünyada hər şərait var.

“Yüz ilin tənhalığı” romanını rus dilinə çevirmiş tərcüməçilərdən biri, ispandilli ədəbiyyat üzrə məşhur mütəxəssis Valeri Stolbovun fikrincə, əsərin başlıca ideyası budur: insanlıq mənəvi birliyə nail olmasa, universal əxlaq kodeksinə yiyələnməsə, məhvə sürüklənəcək.

Yaxşı səslənir, ancaq mən əminəm ki, Markesin bu kitabı yazmaqla əsla bizə öyüd-nəsihət vermək, çıxış yolu göstərmək niyyəti olmayıb, yoxsa bu qədər usta yazıçının əlində öz fikrini, ideyasını hansısa personajın çiyninə yükləmək elə də çətin iş deyildi. Markes öz “aparatıyla” bizim hamı üçün ümumi, fəqət hər kəs üçün fərdi həyatımıza diaqnoz qoyub, sonda bu nəticəyə gəlib ki, bu fani dünyada, bu qaranlıq kainatda bizə qurtuluş yoxdur. Bizə genlərimizlə ötürülmüş taleyimiz əvvəlcədən müəyyənləşdirilib, qədərimiz yazılıb, ölümümüz proqramlaşdırılıb. “Avropanın qürubu” traktatının müəllifi Osvald Şpenqler kimi Markes də göstərir ki, hər bir canlı, hər bir sivilizasiya əvvəl doğulur, sonra çiçəkləyir, sonra bəhrəsini verir, sonra da solub məhv olur. Yer üzü kainatda qəzaya uğrayanda haqlı-haqsız, varlı-kasıb, dəli-ağıllı hamı qırılacaq. Ona görə də heç olmasa bir-birinizə – sevmək özünüzə qalsın, onsuz da bacarmırsınız – bir-birinizə heç olmasa rəhm eləyin…

“Yeni Azərbaycan” qəzeti

# 1850 dəfə oxunub

Müəllifin son yazıları

# # #