Xoşqədəm və Zaurdan asılı olan analar

Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev

Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev

9 fevral 2022
# 10:30

15 yaşlı qız doğuş zamanı ölüb – xəbər o qədər dəhşətlidir ki, adam susmaq istəyir. Amma susmaq da olmur axı. Susa-susa meydanı vermişik “ana-bacı-qonum-qonşu-o-bu”çuların əlinə. Cəmiyyəti qatıb qabaqlarına qoyun kimi haylayırlar. İstədiklərini evləndirirlər, istədiklərini doğuzdururlar, ərə verirlər, boşadırlar, “fahişə çıxardırlar”.

Əsəblərimi cilovlamağa və söyüş söyməməyə çalışıram, amma hansı dildə danışmaq lazımdır, onu da bilmirəm.

Bizim dövrümüz, bizim zamanımız, biz belə, biz elə - lütfən, bu söz və ifadələrinizi alın, bədəninizdə isti bir yer tapıb gizlədin ki, üşüməsinlər. Sizin dövrünüz çoxdan gedib, “o-bu” prinsiplərinə qurban, fəda etdiyiniz, yelə verib, günə yandırdığınız həyatınız üçün bir küncə qısılıb sakitcə ağlayın. Şüvən salmayın, siz Allah, “zatən ortalık karışık”.

Hə, sözüm sizədir, oğul toyunda, qız xınasında tünd mavi məxmər donunu yellədə-yellədə ortalıqda eltiyə-baldıza yandı-yandı verən, qız anaları, oğul anaları.

Bütün bu işlər sizin başınızın altından çıxır!

“Qıza ki, papaq atdın yıxılmadı, ver ərə” - bu atalar sözünü düşünüb, dilə gətirib, nəsildən-nəsilə ötürən o şərəfsiz ata da kimdirsə, onun da gorunu ziyarət etmək lazımdır.

On dörd yaşlı qız ərə gedər, siz Allah?

Üstəlik, hamilə qalıb, doğuşda da ölüb.

İndi tökülüşəcəklər ki, “mənim nənəm Fatmanisə on dörd yaşında dördüncü uşağını doğmuşdu”, ay, nə bilim nə.

Ay başına dönüm, Fatmanisə zamanıdır? Fatmanisə səksən yaşında iki hektar pambıq becərirdi, sən yanını qaldırıb iki pəncərə silə bilirsən əlli iki yaşında? O on dörd yaşlı qızı da alırsan oğluna ki, at yerinə, iy yerinə işlədəsən.

Əldən zirək gəlin, dili şirin gəlin, başı aşağı gəlin, böyük-kiçik yeri bilən gəlin. Axırda da, on beş yaşında doğuşda ölən gəlin.

Kənd yerlərində qadınlar bir-biriylə yarışa girir, adətən. Kimin qızı tez ərə getdi, kimi qızı tez doğdu, kimin gəlini ilkini oğlan doğdu. Toya neçə adam gələcək, povor kimi gətirək, qaynımın arvadı toyu filan restoranda edib, biz daha yekəsində edək, nə bilim, bizim toy səhər beşəcən çalınsın – inanın, qadınların beynində ancaq bunlar fırlanır.

Mən inanmıram ki, hansısa kişi özünə gecənin şirin yuxusunu haram edib qara-qara düşünə - qızın da on altı yaşı olub, görüm kimin oğluna verə bilirəm? Bu şeylərin hamısını kişilərin də beyninə soxan elə o analardır. Səhərə kimi vatsapda bacılıqlarla düşmən çatlatma planı qurub, durumda “söz soxan” qadınlar.

Xoşqədəmin, Zaurun verilişlərinin “bağımlısı” olan cahil analar. Bunu aludəçisi kimi yaza da bilərdim amma “bağımlı” demək xoşuma gəlir.

Bu cahillərlə heç bir dildə anlaşmaq mümkün deyil. Söz deyən kimi qarğa kimi qarıldaşırlar – bizimki can deyildimi, biz bu yaşda doğmamışıqmı, bla... bla... bla.

On dörd yaşlı qızla iyirmi səkkiz yaşlı oğlanın nigahı pedofiliyadır – bunun başqa adı ola bilməz!

İyirmi yaşın altındakı qadın bədəni hamiləlik və doğuş üçün nə fiziki, nə psixi cəhətdən hazırdır. Ana ölümlərinin 13 faizi dünya üzrə erkən yaşda doğuş zamanı həyatını itirənlərin payına düşür!

Ümumdünya Səhiyyə Təşkilatı 10-19 yaş arasında olan qızların hamiləlik və doğuş hallarını „erkən yaşda hamiləlik” kateqoriyasına aid edir ki, bu zaman erkən doğuş, düşük, ana və döl ölümü qaçınılmazdır.

Sizin dövrünüzdə də va idi bunlar. Yoxuydu? Sadəcə, sizi insan yerinə qoyan yox idi. Qadın ölümü, uşaq ölümü, psixologiya, depressiya, cinsi yetişkənliyə çatmamaq, erkən nigah – bu anlayışlardan xəbəriniz yox idi.

On dörd yaşlı nənəniz doğuşda öləndə babanız gedib yetimlərin üstünə başqa bir “ana” gətirirdi.

Bütün bunlar o qədər adi, bəsit, qanunauyğunluq kimi yaşanırdı ki, heç kim narahat olmaq haqda düşünmürdü.

Bu gün isə insan, qadın, psixi pozğunluq, depressiya və s. kimi anlayışlar var. “İnsan haqqları” deyə bir şey var.

Cinayət məcəlləsi, demokratik ölkə – bu sözlər nəyləsə assosiasiya olunurmu boz maddədən əksik beyninizdə?

Sizin Fatmanisə nənənizin zahı vaxtı “başına hava gələndə” bu faciə kimi qəbul olunmurdu.

On iki yaşında doğanda heç kim pedofiliyadan danışmırdı.

Ona görə də tütəklərinizi gizlədin, mahnılarınızı kəsin və gəncliyi bədbəxt edən görməmiş, cahil və insan haqqlarına hayqırı olan əməllərinizi dayandırın. Bunu özbaşına edən deyilsiniz, sözlə izah etmək də mümkün deyil. Tv-lərdə də Xoşqədəm, Zaur öz reytinqləri, proqramları üçün potensial qurban-cinayətkar yetişdirmək hayındadır.

İcra orqanları hara baxır, onu da bilmirəm.

Yazarlarımızın da başı kreslo-vəzifə davasına, təqaüd bölgüsünə qarışıb.

Nə isə. Məsələ o qədər dərindir ki, yazıya da sığışmır.

Bu təkcə sizin günahınız deyil bilirəm, amma sizdən gözəl “günah keçisi” tapa bilməzdim.

Bircə dəqiqəlik kənardan cəmiyyətə baxıb, məni dəli edən şeylərin nə olduğunu görə bilsəz... Çətin. Qoyun özüm deyim – həyatı boyu kimsə tərəfindən bircə dəfə insan yerinə qoyulmayan cahil qadınların bədbəxt övladları – bu gün cəmiyyətin mənzərəsi belədir.

Tərbiyə üsullarınızı yuxarıda yazdığım kimi, qatın o ifadələrinizin böyrünə, yumşaq yerdə gizlədin. Tərbiyə etdiyiniz cəmiyyət də, ailələr də, gənclik də göz qabağındadır.

Nə dedim, özüm də bilmədim, kaş söyüş yaza bilərdim!

# 7978 dəfə oxunub

Müəllifin son yazıları

# # #