Ata-analarınızdan imtina edin!

Ata-analarınızdan imtina edin!
30 iyul 2019
# 11:42

Fəridə Zero

İndicə fb-da bir paylaşım gördüm. Hansısa yüksək çinli məmur öz oğlundan imtina edib və səbəbi gənc fəallardan olan, ABŞ-a mühacirət etmiş oğlunun müsahibəsində qeyd etdiyi tənqidi fikirləri imiş. Bizim yüksək çinli məmur oğlunun fikirləri üçün üzr də istəyib hələ camaatdan.

O paylaşımın şərhində isə belə bir cümlə vardı:

“Azərbaycanda oğullar atalarından imtina etməlidir, proses tərsinə gedir”.

Paylaşım o qədər maraqlı olmasa da, o şərh məni yaman tutdu. Payız buludu kimi doldu gözlərim. Və çoxdandır yazıb yarımçıq qoyduğum bu yazını (anam oxusa məndən könlü lap qırılacaq deyə qorxub yarımçıq saxladığım bu yazını) tamamlamaq məcburiyyəti hiss etdim.

Bəli, Azərbaycanda bugünkü şəraitdə oğullar (qızlar) atalarından, analarından, valideynlərindən, “böyüklərdən” imtina etməlidir. Həyatımızı büsbütün “işğal edən” böyüklərimiz bizə yaşamağa imkan verirmi? İmkan verirlərmi qərar verək, seçim edək? Sovetdənqalma dəyənəkləri ilə qatıb ömrümüzü qabaqlarına qoyun haylayırlar sanki. “Hər şeyi mən doğru bilirəm”, “mən deyən kimi yaşamaq lazımdır”, “mən bildiyim kimi geyinmək”, yatmaq, durmaq, mən seçdiyim peşənin ardınca getmək, mən istədiyim ailəylə qohum olmaq və s. Düzünü deyin, aramızda neçə nəfər məhz öz arzuladığı yerdədir? Və ya, yaxınlıqda ailə təkidi ilə evlənib-ərə gedib xoşbəxt olan neçə ailə tanıyırsınız? Bəs tanıdığınız ailələrdən neçəsi məhz ana-ata, pul, cehiz, qaynana-quda probleminə görə dağılıb? Allah haqqı, mən şəxsən bir illik ailəli olan cütlük tanıyıram ki, qız anası yeni doğulan uşağın qırx mərasimi üçün tort üstdə dava salıb qızını boşatdırıb.

Bir tanışımın anası isə qız evindən o qədər cehiz tələb edib ki, toya bir həftə qalmış nişan pozulub, toy təxirə düşüb. Qız bu “bədbəxtliyə” dözməyərək “uksus” içib özünü zəhərləyib.

Universitetdən qovulduğu üçün ailə qorxusuyla intihar edən gənclər...

“Atam mən ərə gələndə deyib ki, o qapıdan bircə meyidin çıxa bilər ancaq” fikrini özünə ömür-gün yoldaşı seçib yaşayan üç uşaq anası qadınlar... (amma İnstagramda hamı xoşbəxt görünür)

“Anam haqqını halal etməz”, “atamın beli bükülər” deyə rüşvət, vicdansızlıq, yaltaqlıq, saxtakarlıq dolu bu cəmiyyətdə dözüb yaşamağa çalışan gənclər...

Hara baxsan bədbəxtlik yağır gənclərin həyatından. Hərə bir tərəfdə içinə qısılıb gözləyir. Kimi nəyinsə dəyişəcəyini, kimi hər şeyin bir gün gözəl olacağını gözləyir, kimi bu qocaların bir gün yorulub öləcəyini gözləyir, kimi də sadəcə zamanın ötüb keçməyini...

Zaman gedir, ömür gedir. Olan bizə olur. Onlar nə vaxtsa öləcəklər, qurtaracaqlar, sovetdənqalma beyinlər hamısı yavaş-yavaş çürüyüb gedəcək, amma heç nə gözəl olmayacaq. Bizə zor gücünə, duyğu gücünə, adını “doğmalıq”, “qan bağı”, “ana haqqı”, “ata borcu” qoyduqları zəncirlər hesabına yeritdikləri, tərbiyə etdikləri qorxularla, susmaq, dözməklərlə darmadağın etdiyimiz ömrümüzü elə onlar kimi davam etdirəcək, ardımızda da özümüz kimiləri qoyaraq məhv olub gedəcəyik. Nə qədər gec deyil hərəkət etmək lazımdır. İtələyin çıxardın ömrünüzdən anaları-ataları-qaynanaları. “Valideyn”, “böyük”, “ağsaqqal” sözlərinə söykənib ömrünüzü yelə verənlərə “dayan” deməkdən qorxmayın.

İncitməkdən qorxmayın. Heç kimin göz yaşını öz iyirmi-otuz illik ömrünüzdən dəyərli sanmayın. Abır-mərifət-qanacaq məngənəsində əzilməkdən xilas olub yaşamaq lazımdır. İkinci ömrü heç kim hədiyyə etməyəcək bizə. Yalan deyin, qaçın, uzaqlaşın, müharibə edin, nə bacarırsınızsa edin – amma susub, dözüb, gözləməyin. Nə ana, nə ata – heç kim müqəddəs deyil. Bir uşağın necə yaranıb dünyaya gəldiyini bilirik necə olsa! Müqəddəs olan yeganə şey zamandır. İtirməyin...

İşlərinə gəlməyəndə onlar sizdən imtina edəcəklər, inanın. Çünki qorxaqdırlar.

# 5917 dəfə oxunub

Müəllifin son yazıları

# # #