“Min bir gecə” haqqında

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

23 avqust 2022
# 16:00

Kulis.az Fərid Hüseynin “Min bir gecə" nağılları haqqında “Şahı uyudan, bizi oyadan nağıllar” yazısını təqdim edir.

Unudulmaq

"Min bir gecə" nağılları haqqında belə bir fikir var ki, bu nağılları heç kəs sonacan oxumayıb. Bu nağılları doğrudanmı sonacan oxumaq mümkün deyil? Xeyr, mümkündür. Sadəcə, "Min bir gecə" nağıllarında hadisələr, ümumi süjet sanki bir-birinin içindən çıxaraq açılır və nağıllar beləcə davam edir. Nağılın bir fraqmenti yaddan çıxanda isə onun daxilindəki digər hadisələr də, təbii ki, oxucunun hafizəsindən qismən də olsa silinir. Nəticədə nağılları oxuyan oxucu, sonradan hansısa bir hissəyə yenidən qayıdanda, əsəri mütaliə edəndə çox şeyi xatırlaya bilmir. Çünki süjet, hadisələr iç-içə açıldığı kimi, iç-içə də yığılır. Bu səbəbdən kitabın ancaq yadımızda qalan hissələrini oxumuş sayılırıq.

Orta çağda insanlar əzbərləməyə, mənimsəməyə ona görə həddən artıq üstünlük verirdi ki, o dövrün insanı ancaq "üstündə" – beynində, yaddaşında daşıdığı bilgiləri həqiqi bilgi, savad nişanı sayırdı. Ona görə də hər peşəkar öz sahəsinin hafizi idi. Şəhrizad isə canını xilas etməyin, ölümün əlindən yaxa qurtarmağın "hafizi" idi...

Həqiqət ünvanı

"Min bir gecə"də bir nağıl danışılır, sonra ona oxşar digər nağıla keçilir, daha sonra hadisənin sonunu tam bəlli edən başqa bir nağıl nəql edilir. Nəticə etibarilə sonuncu nağılı dinləyəndə, sanki ilk nağıldan uzaqlaşmış olursan, onu kimin danışdığını bilmirsən. Beləcə, nağılı danışanın kimliyi ilə bərabər süjetin başladığı məqamı da unutmuş olursan.

Əlbəttə, əvvələ qayıdıb olanları xatırlamaq mümkündür, amma ümumilikdə bu hal əksər oxucuda təkrarlanır. Sanki gəlib çatılan həqiqət məqamında oxucunu o yerə gətirən digər həqiqətlər unudulur. Hazırda danışılan həqiqət bir neçə unudulmuş həqiqətin cəmi təsirini bağışlayır. Beləcə, ilk həqiqət – hadisə unudulmuş olur. Və insana həqiqətləri doğuran həqiqət yox, ən sonuncu – daha real görünən həqiqət maraqlı gəlir. Bu həm insan yaddaşının unutqanlığını göstərən məqamdır, eyni zamanda dünyanın nəhəngliyi, rəngarəngliyi və tarixiliyi kontekstində çox şeyin unudulmağa məhkum olduğunu göstərən acı reallıqdır. Ən əsas məqam isə başqadır, nəticə, mahiyyət yaşanmışları sonda sadəcə təfsilata çevirir.

Şərq dünyagörüşü...

Şərqdə insanlar bir sıra hallarda keçmişdəki gücləri, ötən çağların hakimiyyətini sonradan qəbul etmirlər. Sanki onları həyatlarından silirlər. Uzağı, hansısa xatirə kimi yada salırlar. "Min bir gecə"də bir nağıl var, balıqçı Cini səhəngdən çıxaranda Cin deyir: "Allaha və onun peyğəmbəri Süleymana salam olsun!". Balıqçı cindən soruşur ki, o niyə çoxdan vəfat etmiş Süleymanın adını çəkir, indi ki Allahın peyğəmbəri Məhəmməddir?". Yəni dünənin gücünün – peyğəmbərinin adını niyə çəkirsən, axı indiki həyatda, yaşamda onun ciddi mənada rolu yoxdur.

Bəs Şərqdə niyə belədir? Çünki Şərq insanı əksərən ölümə yox, ölümün gələcəyinə inanır. Qərb isə əksinə.

Bu səbəbdən də Qərbdə ölənin gücü, avtoriteti bu dünyada qalır, Şərqdə isə hər kəs özü gücünü öz ölümü ilə birgə götürüb aparır. Ona görə də Şərqdə ölümdən, hakimiyyətdən sonra ittihamlar, təftişlər daha ağır olur...

Elə biganəlik də...

Asandan asan...

Miflərdən fərqli olaraq "Min bir gecə"də heyvanlar çox zaman "əsas qəhrəman" statusunda deyil. Ona görə də onlarla mübarizə miflərlə müqayisədə daha asan başa gəlir. Məsələn, əgər miflərdə heyvanlarla saatlarla vuruşmaq, yaxud onların zərbəsindən şikəst qalmaq və sair kimi amillər daha barizdirsə, "Min bir gecə"də insan amili, gücü heyvanlara əksər hallarda tez qalib gəlir. Beləcə, onları əlavə qüvvəyə çevrilməyə imkan vermir. Məsələn, 18-ci gecədə qadın öz başına gələnləri danışarkən qeyd edir ki: "Birdən gördüm xurma ağacı yoğunluğunda bir ilan sürünə-sürünə mənə tərəf elə bərk gəlir ki, həm də özünü gah sola, gah sağa verə-verə vurnuxur, elə ki, ilan mənə yaxınlaşdı. Bir də gördüm tez-tez süründüyündən bu uzun ilanın dili bir qarış çıxıb, özü də o, toz-torpağın içi ilə sürünür. Nizə uzunluğunda nazik bir əjdaha onu qovurdu, ilan da gah sağa, gah sola sürünə-sürünə əlləşirdi ki, onun əlindən qurtarsın, ancaq əjdaha onun quyruğundan yapışmışdı, ilanın gözündən yaş axırdı, bərk süründüyündən dili bayıra çıxmışdı. Mənim ilana yazığım gəldi, yerdən bir daş götürüb əjdahanın başına vızıldatdım, daş əjdahanın başına dəyən kimi öldü, ilan da o saat qanad açıb göyə qalxdı, gözdən itdi".

"Min bir gecə" nağıllarında heyvanlarla mübarizə Avropa mifləri ilə müqayisədə tez yekunlaşır. Bu həm də nağılların insan təfəkkürünün reallığa daha da yaxınlaşması ilə bağlıdır. Çünki dünyaya realist nəzərlərlə baxdıqca insanın qüvvəsinə inam və onun iqtidarına etimad istər-istəməz artır. Eyni zamanda Şəhrizad bu cür nağıllar vasitəsilə qadının qüvvəsini, xilaskar gücünü mətnaltılarla onu əsir edən şaha anladır.

Şah şüurlu olaraq Şəhrizadı əsir edib, ancaq şüuraltı olaraq onun azadlığını tanıyır. Nağılların qəribəliyi ondadır ki, oradakı ümumi hadisələr şüura, nəticələr şüuraltına xitab edir.

Mütaliə formaları

"Min bir gecə" nağıllarının mütaliə prosesi çox mürəkkəb amillərlə bağlıdır. Adətən, bu nağılları dörd qaydada oxumağa cəhd edirlər:

1. Nağılları ardıcıl oxumaq;

2. Adi kitablar kimi bir gündə 30-40 səhifə oxuyurlar;

3. Nağılları ayrı-ayrı hissələrdən mütaliə etmək;

4. Hər dəfə bir gecənin nağılını oxumaq;

Ancaq düşünürəm ki, ən effektiv metod hər gün "bir gecənin nağılı"nı oxumaqdır. Hətta bir gecədə bir nağıl başa çatmasa belə, yenə də bu metod daha yaxşıdır. Təxminən üç ilə qədər vaxt alan bu nağılları hər gecə oxumağın ayrıca ləzzəti var. Bu halda oxucu nağılları sadəcə araşdırmaçı, oxucu gözü ilə oxumur, növbəti gecəni gözləyən şah kimi dinləyir. Çünki burada ən qəliz psixoloji vəziyyət şahla bağlıdır. Şah sanki bu nağılları öz həyatının davamına çevirir, yəni onun gündüzdəki həyatının reallığı gecəki nağılların irreallığında əks olunur.

Şahın taxta keçən hər günü bir nağılın sonu deməkdir. Şəhrizadın hər gecə nağıl danışaraq sabaha salamat çıxması xalqın gələcəkdə var olmasına işarədir. Nağılların özü isə ümumilikdə zamanı simvolizə edir. Ona görə də "min bir", yəni sonsuzluq rəqəmi ilə ifadə olunub.

Gecə simvolikası

Bu nağılları gecə oxunmasının daha məqbul hesab edilməsi sadəcə onlardakı bəzi erotik məqamlarla bağlı deyil. Bu nağılları gecə çoxları yatandan, çöldə əl-ayaq çəkiləndən sonra oxumağın ayrı mahiyyəti var. Nağılları səhər oxuyanda üstündən keçilən, oxucuya uzaq keçmişin adətləri ifadəsi təsirini bağışlayan məqamları gecələr onlara tamam başqa və dərin təsir bağışlayır.

Nağılları gündüz oxunanda elə təsir bağışlayır ki, sanki hamının yanında hər kəsə bələd olan söhbəti danışırlar, gecələr oxuyanda isə elə bil ancaq oxucuya etibar ediləsi sözlər eşidilir. Çünki batini mənalarla dolu nağılların sirri gecələr daha aydın faş olur.

Nəzərə alaq ki, şaha əsir olmasaydı, Şəhrizad o nağılları heç kəsə həmin ardıcıllıqla danışmayacaqdı. O nağılları isə bir-birinə o şəkildə əsirlikdəki gecələr toxuyur. Eyni zamanda, insan gündüz eşitdiklərini analiz etməyə, dəqiqləşdirməyə can atır, gecələr isə anlamağa, yəni qəbul etməyə. İnsanı gündüzlər nəyəsə razılaşdırmaq, gecələr hansısa şərtlərlə barışdırmaqdan daha asandır. Nağıllardakı gecə simvolikası həm də bu cür xırdalıqları özündə ehtiva edir.

Siğə məsələsi...

"Min bir gecə" nağıllarında həm də siğə məsələsinin şərti mahiyyətinə toxunulur. Belə ki, şah Şəhrizada qədər hər gün bir qadınla izdivaca girib, gecə boyunca onunla əylənib səhərə yaxın öldürür. Bu, siğənin heç bir mənəvi bağa əsaslanmayan, kişiyə müstəsna hüquqlar verən bir şərt kimi təqdimini göstərir. Əslində, hər bir mənəvi əsası olmayan siğə qadının ölüm hökmüdür. Bu mətləb nağıllarda daha "gizli" şəkildə oxucuya çatdırılır.

Elm və qəzəb

Şah xanımının ona xəyanət etdiyinə görə bütün qadınlara nifrət edir və onları öldürür. Bu məqamda şah qəzəbi təmsil edir. Şəhrizad isə danışdığı nağıllarla elmin, biliyin tərəfdarıdır. Sonda elm, qəzəbə qalib gəlir. Eyni zamanda, insan dünyanın mahiyyətini – saysız hesabsız-nağıllardan ibarət cahanın anlamını başa düşəndə öz nəfsinə sahib olaraq qəzəbini boğa bilir.

Zaman anlayışı...

"Min bir gecə" nağıllarında hər nağıla qulaq asdıqca şah öz əmrini – hər gün bir qadınla gecələyib onları edam etdirməsini təxirə salır. Sonda isə əmri ləğv edir. Şah qadınları edam etmək əmrini bir anda verir. Əsəbin, hikkənin nəticəsində. Ancaq bu, yanlış qərar idi. Ancaq doğru qərarı – bağışlamağı isə min bir gecədən sonra alır. Sanki bununla oxuculara təlqin olunur ki, qərarlarınızda tələsməyin, ani qərarlardan doğan səhvləri düzəltmək üçün sonra sizə min bir gecə lazım gələcək.

Şahın məlum əmrini geri oxuması isə özünü düzəltməsi anlamına gəlir. Yəni Şəhrizad vasitəsilə şah özünü islah edir. Paradoks nədədir? Özünü xilas etmək istəyən Şəhrizad şahı səhvlərin məngənəsindən qurtarır, qadınlardan qisas almaq istəyən şah isə səhv qərarına uyaraq min bir gecə yubanaraq özündən qisas almış olur. İtirdiyi zaman şahın cəzası olur.

Qəribədir ki, itirdiyimiz, yaxud nəyəsə sərf etdiyimiz zaman həm bizim qələbəmizi təmin edir, həm də peşmanlığımıza səbəb olur. Ömrünün min bir gecəsini qələbəsinə və peşmanlığına xərcləyən şah kimi.

"Ədəbiyyat qəzeti"

# 3040 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #