Ölüm yox olsaydı, nə baş verərdi? - Qadın cinsli ölüm haqqında

Ölüm yox olsaydı, nə baş verərdi? - Qadın cinsli ölüm haqqında
16 noyabr 2023
# 15:00

Bu gün görkəmli yazıçı, Nobel mükafat laureatı Joze Saramaqonun doğum günüdür.

Portuqaliya yazıçısı Joze Saramaqo 1922-ci ildə Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində, yoxsul bir ailədə doğulub.

Dəfələrlə Nobelə namizədliyi verilsə də, mükafata 1998-ci ildə, “İsanın incili” əsərini yazdıqdan bir il sonra layiq görülüb.

Saramaqo 2010-cu il iyun ayının 18-də vəfat edib.

Kulis.az Fərid Hüseynin “Təxirə salınmış ölüm” romanı haqqında “Kömək edin ölək” adlı məqaləsini təqdim edir.

Bir gün ölüm yox olsa, kimsə ölməsə, görəsən, dünyada nələr, hansı ağlagəlməz çaxnaşmalar baş verərdi? Ölüm mükafatdırmı? İnsan ölümə görə Tanrıya minnətdar olmalıdırmı? Niyə heç kəs ölmək istəmir? İnsan hansı səbəbdən ölümünü təsəvvür edə bilmir? Ölümün qaçılmaz olması insanın xarakterində, mahiyyətində hansı keyfiyyətləri yaradır? Əgər hansısa yollarla ölümdən qaçmaq mümkün olsaydı, həyat, ölümdən xilas yarışına çevrilməzdimi? İnsan bir ay, bir həftə öncə öləcəyini bilsəydi, özünü necə aparardı?

Yuxarıda ölüm haqqında sadaladığım suallar müxtəlif insanları zaman-zaman düşündürüb. Arzular zənciri, dinamik həyat, qaçaqaç güzaranı ölümü unutdurmağın olsun ki, ötəri yollarıdır. Ölüm isə “unudulanda” özünü daha çox yada salır. Biz ölümü ona görə unutmuşuq ki, o bir dəfə gəlir, hər kəs o təcrübəni tam mənada bir dəfə reallaşdırır, əgər ölümsüzlük mövcud olsaydı, bəlkə də biz ölümü daha çox xatırlayardıq...

Joze Saramaqonun “Təxirə salınmış ölüm” romanı bu məşumdan məşum cümlə ilə başlayır: “Səhəri gün heç kəs ölmədi”. Əsərdə naməlum ölkə təsvir edilir və bir gün ölüm o vilayətdən qeybə çəkilir. Cəmiyyət çaş-baş qalır. Və görün hansı problemlər meydana çıxır:

Kral ölüm ayağındadır, ancaq canını tapşıra bilmir, nəticədə hakimiyyət dəyişmir.

Yollarda saysız qəza olur, fəqət heç kəs ölmür ki, kiməsə görk ola.

İnsan ölməyəcəksə, sığorta şirkətləri nəyə lazımdır?

Ölüm qeybə çəkilibsə, deməli, insanlar qocalacaq, xəstəliyə düçar olacaq, ancaq ölməyəcəklər, bəs insanın bu gücsüz əbədiyyəti nə ilə nəticələnəcək?

İnsanlar qocalıb ölməyəcəksə, bu qədər təqaüd yaşına çatmış insanlara dövlət necə pul çatdıracaq?

Xəstəxanalara saysız-sanasız xəstələr necə yerləşəcək?

Xəstə olduqlarına görə yaxınları tərəfindən tərk edilənlər üçün dirilər qəbiristanlığımı yaradılmalıdır?

İnsanlar ölmürlərsə, “dəfn büroları” dağıdılmalıdırmı?

Əgər ölkədə çevriliş baş versə, insanlar bir-birinə nə qədər atəş açsalar, heç kəs ölməyəcək, bu təqdirdə vətəndaş müharibəsi qiyamət gününə qədərmi davam edəcək?

Bu sualları və müşkülləri yaradan vəziyyət insanları çıxılmazlığa salır. Həmişə hər çətini asan etmək istəyən insan düşdüyü vəziyyətdən çıxmağa çalışır. Ölüm qeyb olan ölkənin sakinləri də nicatsız qalmamaqdan ötəri ağlagəlməz yollar tapmaq haqqında düşünürlər: Xeyriyyə Təşkilatı xəstələri ölkə sərhədindən çıxarsın. Belə olsa insanlar başqa ölkənin ərazisinə keçəcəklər, o yerlərdə isə ölüm qeybə çəkilməyib. Nəticədə insanlar öləcəklər...

***

Ölümün qeyb olmağı ilə bütün həyat dəyişir və insanlar saysız-hesabsız problemin cənginə düşürlər. Yazıçı hər mümkün vasitə ilə göstərmək istəyir ki, biz əslində nə qədər barışmasaq, ölənin arxasından yanıb-tökülsək də, bəşərin milyon illik qayda-qanununa, nizamına adətkərdəyik. Yaradılmış bütün qayda-qanunlar bizim bəlkə də xeyrimizədir. Bu adətkərdəliyimiz dünyanı bizə arzuolunan nizamda təqdim edir. Biz gözümüzü açdığımız reallıqlara, sivilizasiya ənənələrinə ziyadə bağlanmışıq. Bizim hamı kimi doğulub, hamı kimi yaşamaqdan savayı yolumuz yoxdur. Və bu elə dəyişilməz, daşlaşmış, cilalanmış üsul, yol, tale nəsibidir ki, insan iradəsindən asılı olan hansısa rejimlər, həyat tərzi, təbiət və s. onun sadəcə formasına müdaxilə etmək iqtidarındadır, köklü-köməcli dəyişməyə isə qabil deyil...

***

Saramaqonun üslubuna, eləcə də digər romanlarına xas olan metod - əsas hadisənin qəfil baş verməsi - bu əsərdə də özünü göstərir, hadisələr bir-biri ilə demək olar ki, keçidsiz əlaqələndirilir. Yazıçı isə bəzən təhkiyəçinin arxasından çəkilib sırf oxucu ilə söhbət edir. Sanki roman haqqında oxucu ilə danışır. Postmodern düşüncə tərzi bir çox məqamda, xüsusən tarixə münasibətdə özünü göstərir. Yazıçı tarixin ayrı-ayrı dövrlərinə ekskurs edir, sonda isə heç bir dövrü üstün hesab etmir və insanın çarəsizliyini ələ salır. Saramaqo digər əsərlərində də, insanı bəşərin əşrəfi gözündə görmür. “İsanın incili”, “Qabil” və s. romanlarında olduğu kimi bu əsərdə o dini ehkamları “qırmanclayır”. Və kilsənin çarəsizliyini qəribə bir detalla göstərir: Əgər insanlar ölməyəcəksə axirətə də getməyəcəklər, əgər o biri dünya yoxdursa, insanlar daha yaxşılıq haqqında düşünməyəcəklər və nəticədə kilsə məhv olacaq. Hətta kilsədəki “müqəddəslər” – keşişlər Allaha dua etmək istəyirlər ki, Allah ölümü geri qaytarsın. Bu incə məqamla kilsənin axirətə hesablanmış xeyirxahlıq təlqinini, insanları bu dünyada ancaq cənnət qazanmağa, o dünyaya sərmayə toplamağa səsləyən, təmənnalı düşüncələri yazıçı ikrah hissi ilə qabardır. O, kilsənin çaş-başlığını və yalandan özünü oda-közə vuranların əməyini, fəaliyyətini qurbağanın ayağına təpitmə qoymaqla müqayisə edir: “Təpitmə qoymaq, cənablar o deməkdir ki, təpitmə qoyursan sınmış, ya da əzilmiş bir yeri sağaltmaq üçün... ...qurbağa ayağına təpitmə qoymaq heç kəsə nəsib olmayıb... ...Çünki onun ayağı bir yerdə durmur... ...O deməkdir ki, elə işlər var onlara girişməsən yaxşıdır, onsuz da əmələ gəlməyəcək...”

***

Saramaqo “Təxirə salınmış ölüm” romanında həm də insanın həyata məhkum olmasını göstərir: Göstərir ki, ey insan, həyatında bircə nəsnənin (ölümün) yox olması sənin və nəsil-nəsil insanların növrağını döndərməyə, rahatlığını pozmağa qadirdir. Bəşərin amansızlığına, qəddarlığına qarşı isə ancaq insan ümidləri mübarizə aparır: “Ümidin alnına yazılıb ki, çin olmayanda da elə özünə bənzərlərini doğurur, bəlkə də, o səbəbdəndir ki, saysız-hesabsız xəyal qırıqlığına baxmayaraq, ümidlərin yer üzündən kökü kəsilmək bilmir hələ”.

Əsərdə ölümün yoxa çıxması ilə bütün cəmiyyətdə pozulan nizam, itən ahəngdarlıq qəribə şəkildə (norma kimi) üzə çıxır: “Ömür boyu ölümə doğru gedən insanlar, indi ölümün gəlməsini gözləyirlər”. Belədə cəmiyyətdə əxlaq prinsipləri çökür, insanlar doğmalarından imtina etmək həddinə çatırlar, bir-birinə ölüm arzulayırlar, əvvəllər qocalara, xəstələrə baxmaq insaniyyətlik, humanizm göstəricisi idisə, artıq dözülməz əbədi cəfadır. Saramaqo cəmiyyətin insani keyfiyyətlərinin – xeyirxahlığın, nəcibliyin, qayğıkeşliyin, sədaqətin sadəcə fani insanın əməlləri olduğunu göstərir. Saramaqo dünyanın nizamını, düzümlülüyünü fanilikdə görür, onun düşüncəsinə görə fanilik hissi insanı neçə-neçə neştərli, qəddar əməllərdən saqındırır, quzunu qurda, nəcibi cəllada çevrilməyə qoymur.

Nədənsə bizə əksərən düşünürük ki, ölüm həmişə vaxtsız gəlir, ölümü ömrün kəsilməsi, yarıda qalması kimi baxılır. Hər ölüm acı bir təəssüflə neçə-neçə sinələri oyur. Bu roman vasitəsi ilə dərk edəndə ki, ölüm olmasa nələr baş verərdi, onda insan bir balaca toxtaqlıq tapır. Fəqət da nə olur olsun, hansı məqamı dərk edir etsin, heç bir qüvvə insanın əbədiyyətə can atmasının, ölməzliyin sirrini axtarmasının qabağını kəsə bilmir. Əbədiyyət isə yalnız əbədi cəza çəkənlərə verilir. Bu əsəri oxuyanda ideyası mənə çox orijinal gəlmişdi. Hətta, belə bir ideyanı tapdığına görə Saramaqo zəkasına heyran olmuşdum. Bir gecə yadıma nə düşsə yaxşıdır? Sizifin ölüm allahı Tanatı xaincəsinə aldadıb zəncirləməsi. Tanat əsir düşdüyünə görə heç kəs ölmür və təmtəraqlı ölüm mərasimləri keçirilmir. Məncə, Saramaqo adını çəkdiyim romanın Sizif əfsanəsində yuxarıda danışdığım səhnənin sualını tapıb: “Ölüm yox olsaydı, nə baş verərdi?”.

Yuxarıda əbədiyyətlə bağlı dediyim məqamla bağlısa yadıma Anarın “Gecə düşüncələri” adlı esselərindəki belə bir cümlə yadıma düşdü: “Əbədi həyat insanlara niyə verilməlidir ki, Əbədiyyən bir-birini öldürməkçün, bir-birini qırıb-çatmaqçün?”

***

Saramaqo cahanşümul yazıçıdır və onun romanlarını oxumaq ziyadə diqqət tələb edir. Çünki onun əsərlərindəki ironiya, göndərmələr, işarələr təkcə sözlə ifadəsini tapmır, bəzən həmin işarələr hadisələrin axarına salınır və belədə süjetin arxasınca gedib hadisələri aydınlaşdırmaq cəhdləri oxucunu azdıra bilir. Misal olaraq bir məqamı qabartmaq istəyirəm: Ölümü geri qaytarmaq, ölməzlikdən can qurtarmaq üçün dövlət plan qurur – İşə mafiya qarışır ki, insanları necəsə öldürsünlər. İnsanın dünyanın nizamına bu süni müdaxiləsi əsərdə hər nə qədər süjetin irəliləməsi, növbəti hadisələrin açılması kimi sadə görünsə də, xüsusi vurğulanan mafiya bugünkü dünyamızı cəhənnəmə çevirən terror təşkilatlarına gizli-aşkar işarədir. Axı terror təşkilatları da öz aləmlərində, tapındıqları inam və əqidə yollarında dünyanı nizama salacaqlarını, ədaləti və rifahı bərqərar edəcəklərini bəyan edirlər və onların da arxasında əli bəşəriyyətin qanına bulaşmış güclər, dövlətlər dayanır...

***

Haqqında danışdığım romanda iki sarsıdıcı məqam var. Birincisi ölümün yox olması, ikinci isə ölümün meydana çıxması. Əsərin əvvəlində qeybə çəkilən ölüm, əsərin ortasında yenidən qayıdır. Bir gün televizor direktoruna məktub gəlir, açıb oxuyur və məlum olur ki, insanlar öləcək, ölüm geri qayıdıb (Ölüm əlində dəryazla təsvir edilir). Uzun müddətdir ki, ölməzliyə öyrəşən insanlar dünyadan köçəcəkləri xəbərini eşidəndə yenidən təşvişə düşürlər.

Bu dəfə fərqli problemlər meydana çıxır:

Can verən minlərlə insanın hamısı birdən ölsə, bu xaos necə idarə olunacaq?

Dəfn büroları bu qədər ölümün öhdəsindən gələ biləcəklərmi?

Bu qədər ölü üçün qəbirqazanlar hardan tapılacaq?

Ölüm öləcək insanlara məktub yazır (“Çox hörmətli filankəs xanım, dərin təəssüf hissi ilə sizi xəbərdar edirəm ki, həyatınızın müddəti bir həftədən sonra amansızcasına bitir və qalan müddətdən mümkün qədər yaxşı istifadə etmənizi arzulayıram, hörmətlə, ölüm”), öləcəkləri günü onlara çatdırır, aqibətini əvvəlcədən bilən insanlarda hansı dəyişikliklər meydana çıxacaq, onlar neyləyəcəklər?

Ölüm tale olmaqdan çıxıb, qatiləmi çevrilib?

Məktubları qrofoloji ekspertiza yoxlayır, məlum olur ki, ölüm qadındır. Çünki cümlələrdəki fellər də qadın cinsində yazılır. Ancaq bu nəyi dəyişir ki? Ölüm niyə qadın cinsindədir?

Roman boyu yazıçının əsas qayəsi cəmiyyətin şüurundakı ölümün mahiyyətini açmaqdır. Yəni başı yaşamağa qarışan insanlar ölümü düşünmür, əgər başımız ölümə qarışsaydı, həyatı barədə bunca fikirləşməzdik. Saramaqo bir yazıçı kimi kütlənin psixologiyasını, davranışını və onun mahiyyətini faş etmək istəyir. O göstərir ki, insan milyon illik qayda-qanunlara sığınıb, o milyon illik vərdişlər onu möhkəmlədə, gücləndirə bilməyib. Hətta çıxış yolu tapması belə onu xilas etmək, nəsibini dəyişməyək iqtidarında deyil. İnsan daim bütün bəlaları hazırlıqsızdır. Əsərin əvvəlində jurnalist nazirə belə deyir: “Xatırladım ki, hələ dünən insanlar ölürdü və bundan narahat olmaq heç kəsin ağlına belə gəlmirdi”. Eyni zamanda dünyanın nizam içində olduğunu, hər şeyin yaşarılılığa hesablandığı əsərdə aydın boyalarla əks etdirilir. Və bununla da başqa bir mesaj ötürülür: Bəşər qiyamət gününə hazır deyil, dildə “ölmək-ölmək” desə də, əslində dünyadan köçəcəyi hissi ilə insan daim müxalifdir.

***

Romanın sonuna yaxın birdən-birə hadisələrin axarı dəyişir, süjet cəmiyyətin aqibətindən “qopur” və violonçelçalanın üzərinə köklənir. Burda artıq ölüm bir fərdin timsalında görünür və violonçelçalanla təkbətək qalır. Yazıçı “izləyici işığı” bir obrazın üstünə salır. Cəmiyyətin ölüm qorxusu, eləcə də ölümün cəmiyyət üzərindəki təsiri azalır və yazıçı bir də demək olar ki, kütləni təsvir etmir. Ölüm violonçelçalanı qarabaqara izləyir, hər addımını güdür. Hadisələr bəzi məqamlarda ölümün dili ilə təsvir edilir.

Əsərdə bir ideya da ondan ibarətdir ki, həyat da ölüm də daxil olmaqla heç nə əbədi deyil. Ölüm insan kimi təsvir edilir. O yeyir, içir, gəzir düşünür, bircə yatmır. Çünki ölüm həmişə oyaqdır. Əsərin sonunda ölüm qadın donunda gəlir violonçelçalanla sevişir. Bu sevişmə səhnəsi hardasa insanı ölümlə barışdırır. Sevişəndən sonra violonçelçalan yatır, ölüm violençelçalana gətirdiyi ölüm xəbərçisini - bənövşəyi məktubu yandırır. Və roman başlandığı cümlə ilə də bitir: “Səhəri gün heç kəs ölmədi”. Saramaqo ölümün gəzməsini, yeriməsini, sevişməsini təsvir etməklə göstərir ki, ölüm də həyat kimi canlıdır. Əsərin ilk cümləsinin həm də onun son cümləsi olması romanın başlanğıcının həm də sonu, sonun isə başlanğıc olmasına işarədir.

GÖZARDI EDİLMƏYƏSİ MƏQAMLAR

“Təxirə salınmış ölüm”də yazıçı başqa bir romanına göndərmə, işarə edir. Saramaqonun “Bütün adlar” romanındakı ölülərin və dirilərin adlarının eyni qeydiyyat şöbəsinin kargüzarı tərəfindən sənədləşdirilir. Bu isə bəşəriyyəti birgə qavramağa kömək kimi nəzərə çarpdırılır. Yazıçı bu məqamı xüsusi vurğulayaraq belə bir məsələyə ölümün timsalında işıq salır. Yaxud romanın başqa bir yerində belə bir məqam var: “Ölüm fikirləşdi ki, müstəsna olaraq yalnız insanlara aid olmasaydı, bu heyvan da onun rəmzi dəryazının ağzından qurtulacaqdı və ilk dəfə təəccübləndi, indi onun iradəsi daxilində deyildi ki, heç olmasa, barmağının ucuyla bu heyvana toxunma. Bu səbəbdən, yatmış köpək də ölümsüzlüyə qovuşardı, əgər onun öz ölümü – o biri ölüm, bitki və heyvanlar aləminə mənsub olan bütün canlıların cavabdehliyini daşıyan ölüm də özünü elə onun kimi aparsaydı, kimsə öz kitabını aşağıdakı cümlə ilə başlamasına gözəl imkan yaranardı: “Səhəri gün heç kəs ölmədi”.

Saramaqo yazıçı kimi dilə, sözlərin mənşəyinə, yaranmasına qarşı hədsiz həssas yazıçıdır və müəllif müdaxilələri ilə sözlərin quruluşuna, məna çalarlarına onun həm romanlarında, həm də “Ölümlü nəsnələr” adlı hekayələr kitabında rast gəlmək mümkündür. Saramaqo dil oyunlarıyla yanaşı, qəribə təsvirlərin də “dəlisi”dir. Nümunələr saysızdır deyə bir yazı darlığında əksərini göstərmək imkanı məhduddur, ancaq fikrimi qüvvətləndirmək naminə birini qeyd etmək olar: “Köpək sahibinin ardınca gəldi və öz oxu ətrafında üç dəfə dövrə vurub, döşəməyə uzandı – onun canavar olduğu dönəmdən qalmış yeganə mirası məhz bu vərdişi idi”.

Saramaqo romanda qoyduğu, yuxarıda sadaladığım sualların təbii ki, hamısına cavab vermir, o neçə-neçə məşum suala bir insanın (violonçelçalan) ölümlə münasibətləri fonunda yekun vurur. Və bununla da bir daha hamımıza gün kimi aydın olur ki, insan suallara cavab tapmaq ümidi ilə ömür eləsə də, sadəcə cavabsız sualları yaşada bilir və ölüm istənilən halda fərdə aiddir, hətta müharibələrdə belə kollektiv hadisə deyil... Ölümün məqsədi isə insanlara əbədi yaşamağın nə demək olduğunu izhar etməkdir.

Saramaqonun yazıçı kimi bir üstün cəhəti onun əksər romanında mövzunu geniş aspektdə götürüb, ləngərli təhkiyəsi ilə idarə etməsindədir. Onun əksər romanları kimi bu əsər də sırf təhkiyə üzərində qurulub və müəllif yeri gələndə heç bir dəlil gətirmədən situasiyanı diktə edir: Məsələn, ölüm hansı səbəbdən qeyb olur, nə səbəbdən gəlir, yaxud niyə məhz qadın cildində peyda olur, bənövşəyi məktublar yazır? Bu suallara Saramaqo cavab vermir, sadəcə o labüd, çıxılmaz durumda olan insanı, insanlığı göstərir. Ən əsası isə onun xəyalı dünyasının sakininə çevrilən oxucu özünü fantastik aləmdə deyil, tam real aləmdə, ancaq ağlagəlməz hadisələrin qoynunda, hətta deyərdim iştirakçı qismində görür. Bundan özgə Saramaqoya görə ölümü araşdırmağın özü absurddur və məncə, o bunu təbii fəlakətləri araşdırmağa ironiya kimi təqdim edir. Məsələn insan ölür, sən onun nədən öldüyünü bilsən nə dəyişəcək, yaxud zəlzələ olur, sən hansı litosfer tavalarının necə hərəkətindən bu bəlanın üz verdiyini anlasan, guya neyləcəksən ki? Axı insana aqibət dəyişmək hünəri verilməyib...

Romanda təkcə cavablar yox, təzadlı, dolaşıq fikirlər də əks etdirilir: Həyatın ölümlə sonuclanmayacağı cəmiyyəti qorxuda saxlayır. yaxud ölümün hamıya bəxş olunmağı hansı əsasla mükafat saymaq olar? Bir də ölüm müstəqil (Allahın, yaxud hansısa qüvvənin iradəsindən asılı olmayan) varlıq kimi təsvir olunur. Ancaq ölüm violonçelçalana 3 dəfə məktub göndərir – öləcəyi ilə bağlı məktubların üçü də geri qayıdır, ölüm bircə bu məqamda ölümdən daha ali qüvvə olduğu aşkara çıxır.

Haqqında danışdığımız romanda zaman anlayışı da şərtidir, gah yeni dövrdən bəhs edilir, gah da (məntiqlə yanaşanda) vaxt anlayışı simvolik səciyyə daşıyır. Romanın eyni cümlə ilə başlayıb eyni cümlə ilə də başa çatması da əslində zamanın şərtiliyi deməkdir – dünyanın əvvəli naməlum olduğu kimi sonu da naməlumdur, Saramaqoya görə...

# 4698 dəfə oxunub

Müəllifin son yazıları

# # #