Heç bir anası ölmüş bunu eləməzdi, o elədi

Heç bir anası ölmüş bunu eləməzdi, o elədi
29 avqust 2013
# 14:05

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz tanınmış tənqidçi Cavanşir Yusiflidir. Qeyd edək ki, C. Yusiflinin ən sevdiyi əsər Alber Kamünun “Yad” romanıdır.

- Cavanşir müəllim, hansı məziyyətinə görə A. Kamünun “Yad” romanı sizin ən sevdiyiniz əsərdir?

- Kamünün əsərlərini tələbə vaxtlarımdan oxumağa başlamışam. “Yad” əsərini oxuyanda hiss elədim ki, hələ belə əsər oxumamışam. Əsərin sadə sintaktik tərkibdə, bu cür təsirli olması, folknervari iki səhifəlik cümlələrlə yox, sadə cümlələrlə böyük mətləblərin təlqini və izahı məni heyran eləmişdi. Sonra ayrı-ayrı vaxtlarda bu əsəri bəlkə də 15 dəfə oxumuşam. Romanın həcminin az olması da buna imkan verir.

Tələbə vaxtlarımdan hissə-hissə əsəri tərcümə etməyə başladım. Maraqlıdır ki, hər dəfə də əsəri ayrı bir ləzzətlə, açılışla oxumuşam. Bu əsərlə tanış olmağımla bağlı. Qaldı ki, əsərin sevdiyim məziyyətləri... Əgər əsərin birinci cümləsi yadınızdadırsa belədir: “Bu gün anam ölüb. Bəlkə dünən olub bu, xəbərim yoxdu. Qocalar evindən teleqram gəlmişdi: “Anan vəfat etdi. Dəfn sabahdır””.

Fikir verirsizsə, elə bil roman başlamamışdan əvvəl hadisələr özlüyündə ilkin nəticəsinə çatıb. Roman başlamır, sanki qəhrəman da, hadisə də öz taleyini artıq yaşayıb. Ona görə də əsərə birbaşa daxil olursan. Roman bizim vərdiş elədiyimiz hansısa təsvirlər, yavaş böyümələrlə müşayiət olunmur. Sona qədər də bu üslub qorunur.

Əsərin ikinci hissəsində isə soyuq, ekzistenialist qəhrəman dəyişir, dünya haqqında, bu günə qədər olan

hadisələr barədə düşünür. “Yad” romanı son dərəcə soyuq, ağrısız cümlələrlə başlayır, burada dərhal iki qat nəzərə çarpır: ilkin olaraq elə bil baş verən hadisəyə laqeyd adamın danışığını eşidirik, sonra isə sanki, baş verən hadisənin təsirindən hətta səsini itirmiş insanın iniltisi duyuruq.

Amma Kamü bunu əsərin kompazisiyasını zərrə qədər də olsun pozmadan edir. Mersonun dilindən sıxılmış bir dillə nəql edilən təhkiyənin sürəti ən aşağı tempdən ən dəhşətli və qarşısıalınmaz becidliyə qədər damcı-damcı böyüyür və əsərin heç bir yerində bu ritm pozulmur. Əsər geniş kapsamlı bir fəlsəfi diskursu xatırladır. Belə deyək, bu cür texniki nüanslar, o vaxt da mənim diqqətimdən yayınmamışdı. Başa düşürdüm ki, bu nə klassik tipli romanlardan deyil, nə də yeni “roman” üslubundan. Ümumiyyətlə, Kamü yeni tipli yazıçı idi – fəlsəfi yüklü, fəlsəfədən çox insanlara həyatın görünməyən qatlarını sərrast və yeni stilistika ilə anladan, həyata və varlığa dair yeni ideyalar kəşf edib bunları ədəbi mətnlərin şəffaf dili ilə dünyaya çatdıran avanqard üslublu büsbütün yeni yazıçı.

- Əsərin qəhrəmanı Merso – hamıya yadlaşmış insan heç kəsdən heç nə ummur, hətta deyir ki, mən yadamsa, mənə bu insanların duaları da lazım deyil. Bu edama məhkum olunmuş insanın dedikləridir. Amma “Yad” romanının hansı şəkildəsə davamı sayılan “Çöküş” romanında qəhrəman xilas üçün bütün mümkün vasitələrə əl atır. Əslində, bu əsərlər bir-birinin davamı sayılsa da, bu cür dəyişikliklər də diqqətdən qaçmır.

- Kamü dünya haqqında, ölüm, ölümün qaçılmazlığı, absurd və s. düşünürdü. Bu suallar hətta həyatının son anına qədər onun yaxasını bircə an da buraxmayan müdhiş suallar idi. Hətta Kamü avtomobil qəzasına düşüb ağaca çırpılanda da yəqin ki, o suallar onun beynindən çəkilməyib. Həmin suallarınsa cavabları bir yerdən idarə edilə, bir mərkəzdə toplaşa bilməzdi. Həyat kimi ideyalar da dəyişkəndir.

Ona görə ayrı-ayrı situasiyaları açmaq üçün Kamü qəhrəmanları bu cür vəziyyətlərə salıb dünyanın iç üzünü açırdı. Bir də ki, bu əsərlərdə absurd ideyasının davamı kimi oxşarlıqdan söhbət gedir, hansısa xarakter və situasiya, fikir oxşarlığından yox. Kamüdə əsas sütün suallar və yozumların sonu absurda söykənir. Həm də yadlaşan insanın çöküşü, məhvi, absurdun labüdlüyü baxımından bu romanları bir-birinin davamı hesab edirlər.

- “Yad” romanında ittiham olunan müqəssir, “Çöküş” romanında isə ittiham edən – vəkil obrazı var. Sizcə, nəyə görə Kamü mühakimə edən və olunan insanlar fonunda absurd fəlsəfəsini açırdı?

– Kamü ideya yazıçısı idi, romanlarının hər birinin adı ədəbi kəşfi olan metaforalar idi, o bütün “izm”lərdən yuxarıda dururdu. Ekzistensializmi ədəbi rakursdan populyarlaşdırdığına görə bu fəlsəfi cərəyanda ilişib qalmırdı, bu baxımdan onu təkcə absurd fəlsəfəsini açan biri kimi təqdim etmək olmaz. Fərid, Kamü üçün situasiya, qəhrəmanın düşdüyü belə deyim də, vəziyyət ideyaya xidmət edir. Ona görə də Kamü üçün ideya əsas idi. Amma bu cür mühakimə yolları ilə o, ölüm, Allah, absurd və s. haqqındakı ideyalarını yazıçı kimi yazırdı, özü də birbaşa, keçidsiz yazırdı, qısa yazırdı.

Yəni elə bil əsas hadisələrdən əvvəlki və sonrakı hissələr atılıb, hadisənin ancaq özəyi qalıb. Kamünü ancaq nəticə maraqlandırırdı, təfərrüatlar yox. Kamü mühakimələrlə obrazın və hadisənin açılması baxımından Dostoyevski ilə müqayisə edilə bilər. Onlar əks paralellərdə bir-birinə bənzəyirlər. Ümumiyyətlə, təsir də, oxşarlıq da belə dolayısıyla olmalıdır, birbaşa təsir və ya paralellər də belə olmalıdır. Bizim ədəbi tənqidçilər paralellərdən yazanda, az qala, yazıçını eyniylə başqa yazıçıya oxşatmağa çalışırlar. Məsələn, Rafiq Tağı Azərbaycanın Çexovudur-filan. Belə şey olmur axı. Ümumiyyətlə, götürəndə isə, fransız ədəbiyyatında Dostoyevskidən təsirlənmələr çox olub. Kamünun da Dostoyevskinin də qəhrəmanlarına fikir versəz, onların iç dialoqlarına baxsanız görərsiz ki, əsas mühakimə onların içində gedir.

Xatırlayaq ki, Avropada burjua münasibətləri formalaşdıqca insanın insandan yadlaşması prosesi də güclənirdi. Cəmiyyət bir-birindən təcrid edilən insanlardan təşkil edilir və ekzistensialist fəlsəfənin ən böyük xidməti onda idi ki, bu sosial anomaliya ekzistensialistləri çox düşündürürdü. Qərbdə meydana gələn insan tipi təkcə müharibələrin şikəst elədiyi insan deyildi, o, həm də tək idi, təcrid olunmuş, cəmiyyət tərəfindən təbii bir proseslə uzaqlaşmış, yadlaşmış çarəsiz insan idi. Bu ideyasa elə birdən-birə yaranmamışdı. Bu yadlaşma, Dostoyevski “Gizlindən qeydlər” romanında aşkar yazdığı eqoizmin daha faciəvi forması idi. Ancaq ekzistensialistlərdən fərqli olaraq Dostoyevski bu kimi tənhalığı sosial patologiya sayırdı. Belə...

Əsərin qəhrəmanı istənilən halda, yaşamağı seçir, o deyir ki: bir dəfəlik ölməkdənsə cəhənnəmdə yanmaq yaxşıdır. Yaxud deyir: “Anam deyir ki, insan heç vaxt tam bədbəxt olmur”. Başqa bir misal: əsərin sonunda ölüm ayağında belə bir fikrə gəlir ki, ölməkdənsə bu ağır taleyi bir də yaşamağa razıyam. Amma bu cür nikbin, son məqamda da insanı yaşamağa səsləyən fikirlərdən sonra Kamünu nihilist adlandırırdılar, qəribədir deyilmi?

- Ümumiyyətlə, elə düşünmək olmaz ki, obrazlar nə düşünürsə yazıçı da o fikirdədir. Kamü atesit ola bilərdi, amma Kamü nihilist deyil. Kamüya filosof və yaxud filosof-yazıçı demək, onun əsərlərini anlamamağa bərabərdir. Kamü heç vaxt özünə filosof deməyib, yazıçı sayıb. Kamü necə ola bilərdi ki, insanı ölümə səsləsin. Axı Kamünün hələ bir yaşı tamam olmamış, Birinci Dünya müharibəsi başlayan kimi atası hərbi xidmətə çağırılır və döyüşdə aldığı yaradan dünyasını dəyişir. O müharibəni kütləvi ölüm kimi qiymətləndirirdi. Uşaq ikən Kamünün atası haqqında öyrəndiyi yeganə şey o olur ki, bir dəfə kütlə qarşısında icra edilən edam səhnəsində iştirak edərkən möhkəm təsirlənir və ölüm yatağına düşür.

Kamü “Gilyotin haqqında düşüncələr” adlı essesində bir daha xatırlatdığı bu hadisə Kamüyə dərindən təsir etmiş və ömrü boyu edam cəzasına qarşı olması ilə nəticələnmişdi. Ona görə də o qəhrəmanlarını ölümün kandarına, astanasına gətirib düşündürür və hər addımda insanın öldürülməsinə qarşı olduğunu vurğulayırdı. Bu ideya, ölümə qarşı dayanmaq, müharibənin əleyhinə olmaq onun “Taun” romanında da müharibənin xəstəlik kimi insanların axırına çıxması ideyasını yazdı.

Bəlkə də, kommunizmi bu cür tənqidi, Sovet kəşfiyyat orqanlarının əli ilə onun öldürülməsinə də gətirib çıxardı. Yəni, öz həyatında bu cür ağrılı hadisələr yaşamış biri insanı ölümə, nihilistliyə səsləyə bilərdimi? Yox, bu elə onun əsərlərindən də aydın görünür.

Kamünün “Yad” əsəri haqqında bir neçə tədqiqat əsəri oxudum, roman barədə iki fikir var: Bəzi tənqidçilər deyir ki, bu əsərdə Kamü absurdu yayır, bəzilərisə deyir ki, absurdu tənqid edir. Bəs siz necə düşünürsünüz?

– Mənə görə hər iki fikir ayrı-ayrılıqda bir mənalıdır, birgə isə doğrudur. Kamünun əsərlərinə bu cür birbaşa yanaşmaq olmaz, ona görə ki, onların dediyi cəhətlərin hər ikisi onun əsərlərində var. Əgər belə olmasaydı, Kamünun əsərləri müxtəlif yozumlara imkan yaratmasaydı, onda biz bu gün “Yad” əsərindən danışmazdıq. Bu əsər də öz dövründə və öz dövründən sonra yazılan saysız əsərlər kimi təkqatlı olardı, unudulardı. Kamü üçün dünya absurd idi, o düşünürdü ki, nəyə görə insanları ölümə məhkum edib, sonra onlara acımaq lazımdır? Yaxud edam olunacaq insanın halına nəyə görə yanmaq lazımdır, guya digər insanlar ölməyəcəklərmi, hamı doğulduğu gündən ölümə məhkum deyilmi?

Eləcə də, insanı öldürmək bir anlıq qərar nəticəsində olur, bir insan ömrü nəyə görə bir anlıq qərara qurban getməlidir? Bir insanın ölümünə niyə digər insan, hakim, vəkil, prokuror və s. imza atmalıdır, onda Allah və allahlıq ideyası nəyə lazımdır? Edam ediləcəksənsə dua etmək nəyə lazımdır? Bütün bunlar absurd düşüncələrdir? Ölüm nəyin hesabına başa gəlir, nəyin nəticəsidir? Kamü sadəcə qatı realist idi. Ona görə də əsərləri dözülməz təsir bağışlayır. Ölümün qaçılmazlıq ifadə edən mənası onun önündə müdafiəsizliyi və əbədi narahatlığı da ifadə edir. Kamünün romanlarında “ölüm hökmü” oxucuda ədalətin təntənəsi hissini deyil, qətl təəssüratı yaradır. Yəni insanın verdiyi hökm ədalətli ola bilməz.

# 3185 dəfə oxunub

Müəllifin son yazıları

# # #