Nataşaların otel ömrü YENİ LAYİHƏ

Nataşaların otel ömrü <span style="color:red;">YENİ LAYİHƏ
14 avqust 2014
# 14:53

Hörmətli "Kulis.az" saytı, bir neçə müddət öncə mənə ünvanladığınız “Son illərdə dərc olunan hansı ədəbi-bədii kitabları oxumağı məsləhət görürsünüz?” sualınıza dərhal və sizin istədiyniz formada cavab verə bilmədim.

Bunun iki səbəbi varıydı: - birincisi, hansı kitabı oxumaq, məncə, hər kəsin özəl seçimindən asılıdır. Məsələn, geniş oxucu kütləsi vaxtilə Əlibala Hacızadə, Əzizə Cəfərzadə, Əlfi Qasımov, Süleyman Vəliyev, Hüseyn İbrahimov, Cəmil Əlibəyov, Aqşin Babayev, Salam Qədirzadə, Ələviyyə Babayeva, Nurəddin Babayev, Əfqan, Qərib Mehdiyev, Xalidə Hasilova, Cəlal Bərgüşad, Əzizə Əhmədovanın belletristikasına önəm verdiyi halda, “ciddi” ədəbiyyat tərəfdarları adıkeçən müəlliflərə bir az (bir aza bax ha!) yuxarıdan aşağı baxırdı.

Bu kitabların bir çoxunu, özəlliklə də Əlibala müəllimin ünlü "Əfqanıstan" trilogiyasını ("İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş") hətta üzündən höccələyən evdar qadınlar belə oxuyurdular və yüz min tirajlarla çıxan (fantastika!) trilogiya milli soğan ehtiyatımıza güclü zərbə vrumuşdu. Gülməyin, gülməyin. Bu, doğrudan da belədir! Çünki trilogiyanın oxusu prosesində ən ucqar kəndlərdən tutmuş ən böyük şəhərlərədək mətbəxlərdə nə qədər soğan yandığını bir Allah bilirdi. "Əfqanıstan"ın ümumxalq şöhrətinin bir vacib göstəricisi vardı - o, sonuncu milli ədəbiyyat örnəyidir ki, qəhrəmanın adını valideynlər övladlarına qoydular. Əgər statistik hesablanma aparılsa, məncə, məlum olar ki, Əlibala müəllimin Əfsanəsi ölkənin bütün əfsanələrindən qocadır.

Yaxud, hazırda Elxan Elatlı və ya Varisin romanları ən çox oxunan kitablar arasında ilk yerləri tutsa da, ədəbi "elita"nın onlara eyni diqqətindən danışmaq çətindir. Birbaşa işim olmasına baxamayaraq, etiraf edim ki, mən bu müəlliflərdən hələ bir səhifə belə oxumamışam. Soruşa bilərsiniz ki, əgər elədirsə, bəs, onların belletristika olduğunu nədən bilirsən? Cavabım sadədir - kütlənin marağından.

Elə güman etməyin bu sözlərlə özümü ədəbi elita təmsilçiləri sırasına qoşuram (Zatən bizdə sözün ciddi mənasında ədəbi elita olduğunu heç güman eləmirəm də). Sadəcə, bellestristika qızılcasını uşaqlıqda çox güclü keçirmişəm və yuxarıda adlarını çəkdiyim və çəkmədiyim bütün sovet dövrü belletristlərini alfadan omeqaya qədər oxumuşam. Hətta dünya (və eləcə də milli) ədəbiyyatın ciddi örnəkləri ilə tanışlıqdan sonra da belletristika oxumaq vərdişindən əl çəkməmişdim - yuxarıda adını çəkdiyim müəlliflərdən bir çoxunu Dantenin, Hötenin, Tolstoyun, Dostoyevskinin, İsmayıl Şıxlının, Anarın əsərləri ilə tanışlıqdan sonra da oxumaqda davam edirdim.

Və indinin özündə də bu yeniyetməlik dövrü müəlliflərimi minnətdarlıq hissiylə xatırlayıram. Onlar mütaliə vərdişlərimin formalaşması və güclənməsində böyük rol oynadılar. Qoy onları da indiki dövrün sadəlöhv (və romantik!) gəncləri oxusunlar. Bu əsərlər ən azı, ən azı oxumağa yeni başlayan gənci kitabı başa vurmaq vərdişinə yiyələndirə bilər. Amma daha mənim belletristika oxumaq limitim dolub. Bir də nəsrə iddialı bəzi gənclər yaddan çıxarmasınlar ki, bu qəbil roman və povestlərin daha yaxşı örnəklərini hələ sovet vaxtı, uşaqlıq, yeniyetməlik dövründə oxumuşuq və bütün oxucuların hamısını təkrarən uşaq yerinə qoymaq, nağıllar, əfsanələrlə aldatmaq mümkünsüzdür.

Biz artıq nəinki öz tənqidçi, hətta oxucu ömrümüzün də əfsanəsiz illərini yaşayırıq. Bizə ciddi ədəbiyyat lazımdır. Və yaxud gənc nasir Elçin Səfərli rusdilli oxucular arasında çox populyar olduğu halda türkdilli oxucular (hətta tənqidçilər!) onun bəlkə adını belə bilmirlər. Halbuki Azərbaycanda doğulub böyüyən, hazırda Türkiyədə yaşayan, əsərlərini rusca yazan (əsil Nabokov oldu ki!) bu cavan nasirin çoxsaylı romanlarından bəziləri, məsələn, "Ordan geriyə yol yoxdur", yaxud "Bosforun şirin duzu" oxunmağa da, dartışılmağa da tamamilə layiqdir. Şərt o deyil ki, onun romanlarında İstanbula qazanc dalınca gedən nataşaların otel ömründən bəhs olunur, erotik (hətta pornoqrafik!) səhnələrə geniş yer verilir, o, öz qəhrəmanlarını alt paltarlarının rənginə qədər təsvir edir. Şərt odur ki, o fahişənin də insan olduğuna oxucunu inandıra bilir. Onun hər romanının mütaliəsindən sonra özünü uçub-dağılmış nəhəng bir binanın qalıqları arasında hiss etsən də, içini qəribə bir işıq da bürüyür, kiməsə bu xarabalığın altından çıxmağa kömək etmək istəyirsən. Elçinin romanlarının xüsusən də nəsrə iddialı gənclər tərəfindən oxunmasını istərdim. Bir şeyi bilmələri üçün - Elçin onların əksərindən istedadda nə qədər üstün, iddiada nə qədər aşağıdır. Deyəsən, iki şey oldu axı!

Sualınıza dərhal və sizin istədiyiniz formada cavab verməməyin ikinci səbəbi də var. Mən cavabı yazdım, amma o, uzandıqca uzandı və nəhayət bu yazı alındı. Yazıda müstəqillik dövrü Azərbaycan nəsrinin klassikləri sayılmağa layiq bildiyim əsərlərlə yanaşı, son bir neçə ildə meydana çıxan və haqqında söz deməyə müəyyən əsas verən bədii nümunələr haqqında da fikirlər yer alıb. Yazı hələ tamamlanmadığından haqqında söz gedəcək müəlliflər və əsərlərin tam olmayan siyahısı təxminən belədir: Anar - "Yaşamaq haqqı"; Kamal Abdulla - "Unutmağa kimsə yox"; Qan Turalı-“Mustafa”; Kamil Əfsəroğlu - "İt qanı"; Eyvaz Zeynalov - "Qisas", "Bələdçi", "Tələ"; Elçin Hüseynbəyli - "Şah Abbas", "Don Juan", "Yolayrıcında qaçış"; Məqsəd Nur - "Şəhər meri", Etimad Başkeçid - "Min yol mənə söylər"; Əyyub Qiyas – "Sounucu büt"; Zakir Sadatlı – "Əfqanıstan uçurumu"; Səxavət Talıblı - "Adəmin övladları"; Natella Osmanova – “Cındır”; Malik Drusunov - "Qara dayı"; Orxan Fikrətoğlu - "Ölü mətn"; Cavid Zeynallı - "Leyla"; Pərvin - "Balerina"; Elxan Qaraqan - "Mələk", "Evakuasiya"; Vüsal Nuru - "Prezidentin qızı"; Səxavət Sahil - "İsanın qadını"... İstər tənqid olsun, istərsə də təqdir, nəzərə almaq lazımdır ki, bu yazının müəllifinin nə prokuror sanksiyası vermək, nə hakim hökmü səsləndirmək, nə də ədəbi apellyasiya iddiası yoxdur. Odur ki, oxuyacaqlarınızı bir nəfərin fərdi-subyektiv seçimi və qənaətləri kimi qəbul etmənizi istərdim.

# 2690 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #