Sağımdaydı... – Şəhriyardan YENİ ŞEİR

Sağımdaydı... – Şəhriyardan YENİ ŞEİR
19 noyabr 2017
# 03:01

Kulis.az tanınmış şair Şəhriyar del geraninin yeni şeirini təqdim edir.

***

Sağımdaydı

tam sağımdaydı yəni,
İki addım qabaqda - sağımca irəliləyirdi.

Qollarını havada ölçür,
yağışı göstərirdi.
Küləyin istiqamətini sanki,
Həyatın sürətini sanki
Və sanki ömrün necə keçdiyini göstərirdi;
Heç nə demirdi,
Demək istəmirdi bəlkə,
Amma nəsə göstərirdi sanki...

Məsələn, özündən danışırdı, hara getdiyini deyirdi, amma niyə getdiyini demirdi.
Gördüm, əlləri əsir
Və əlləri əsirdi sanki...

Yorğundu, qəm-qərib bir səsi vardı,
nimdaş ayaqqabısı və şalvarının arxa ətəyində palçıq izləri.
Tələsdiyi bəlliydi,
səsindən, tonundan da,
şalvarının arxa ətəyindəki palçıq izlərindən də bəlliydi,
Amma hara tələsdiyini demirdi...

Sağımdaydı,
Məndən iki addım qabaqda - sağımca irəliləyirdi.
Sağımca dediyim, tam sağımda yəni.

Telefonun obri başında kim vardı? - bilmirəm.
Çox yəqin bu qadın da bilmirdi.
Sağımdakı qadını deyirəm;
Məndən iki addım qabaqda
tam sağımca irəliləyən qadını.

Deyirəm, heç bu qadın da telefonun obri başındakı adamın kimliyini bilmirdi.
Yəni qadın "mən səni sevirəm"dəki "səni"-nin ünvanını tanımırdı.
Məsələn, cümlənin morfoloji təhlilini soruşsan, "Səni - mücərrəd isimdir" deyərdi.
Və deyirdi sanki...

Amma indi
nəyisə izah edir adama,
havanı ölçür qollarıyla,
yağışı bəlkə də,
küləyin istiqamətini,
ömrün sürətini,
Sürətini deyirəm, surətini bəlkə də...
Yəni o adamı - telefonun digər tərəfindəki adamı başa sala bilmirdi qadının flyuger qolları.

Sağımdaydı, tam sağımdaydı yəni.
Məndən iki addım qabaqda - sağımca irəliləyirdi.
Telefonu qapadırkən öz-özünə bu cümləni pıçıldadı:

- eh, bu ömür də bitsəydi, niyə yaşadığımızı bilərdik...

# 2634 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər