Onun meyxanadan danışmağa haqqı yoxdur

Meyxana

Meyxana

15 noyabr 2021
# 12:30

Kulis.az Mehdi Dostəlizadənin "Füzuli olmağın yolları" adlı yazısını təqdim edir.

"Biz düşmənlərimizi məhv etmək üçün çalışmırıq, onları dəyişirik".

Corc Oruell

Bu adamlar Füzulinin cəmi iki-üç qəzəlini eşidiblər, bəlkə də, heç eşitməyiblər. Oxumadıqlarından adım kimi əminəm. Hər yoldan ötənə də əsrin Füzulisi deməyə hazırdırlar. Məsələn, onların yanında “qara” əvəzinə “qarə” desəniz, təbrik edirəm, artıq siz də əsrin Füzulisisiniz. Əksəriyyəti də heç Füzulinin neçənci əsrdə yaşadığını bilmir. Bunlar xiridarlardır.

Bir də meyxanaçılar var. Bunlar da, əsasən, kim daha çox Füzuli olacaq deyə bir-biri ilə yarışırlar. Əvvəllər belə deyildi, o vaxt Əliağa Vahid olmaq uğrunda qızğın mübarizə gedirdi. Yəqin, hamısı Əliağa Vahid olmağı bacardı deyə, qarşılarına təzə məqsəd qoydular. Əliağa Vahid olmağa nə var ki? Müftəilün, müftəilün, failun. Bir-birinə dəxli olmayan sözləri bu bəhrdə yan-yana düzdünsə, əsl Əliağa Vahidsən. Məsələn, “Vahidçilər” cərəyanın əsasını qoymuş Ağasəlim Çıldaq, bir qəpiklik meyxana deyə bilməməsinə baxmayaraq ağzına gələn sözləri bir-birinin yanında düzmək peşəsində mahir usta olduğuna görə, hələ də onu meyxana ustadı hesab edənlər var. Guya Əliağa Vahidin yadigarıdır. Belə baxanda, Əliağa Vahid olmağa nə var ki? Məncə post-Əliağa Vahid meyxanasının ən zəif nümayəndəsi belə, Ağasəlim Çıldaqdan daha yaxşı meyxana deyir.

Cərəyanlar, əsasən, dəyişdikləri, yeniləri ilə əvəz olunduqları zaman, müasirləşirlər. Amma meyxanada bu qətiyyən belə deyil. Müasir meyxanaçılar 500 il əvvəlin söhbətlərini öz həyatlarından daha maraqlı hesab edirlər. Məsələn, onların fikrincə, Məcnun hələ də ən güclü aşiqdir, sevgililərinin üzü Aya bənzəyir, Fərhad da hələ dağı çapıb qurtarmayıb. Düzü, Fərhad məsələsinə mən də qatılıram, ən azından, bir küçənin hər həftə yenidən təmirə bağlandığı ölkədə, belə düşünmək normal qəbul edilməlidir. Gənc meyxanaçıların işini asanlaşdırmaq üçün, onlara bir neçə məsləhət vermək istəyirəm, yazdıqlarıma əməl etsələr, Füzuli nədir, hətta Vüqar Biləcəri də ola bilərlər:

1. Rəxşəndə, bülbüli-şeyda, tərazuyi-həqiqət, surəti-əşrəf, büti-növrəs, sərgəştə, zülfi-pərişan və s. əndrəbadi sözləri yaxşı-yaxşı əzbərləyin. Mənalarını bilməyinizə ehtiyac yoxdur, bu sözləri bəndlərinizə yerləşdirin, hörmətiniz artacaq. Azərbaycanlılar başa düşməməyi çox sevirlər, onları mat vəziyyətdə qoymağınız şabaşlarınızın bol olmasının zəmanətidir.

2. Kərbəlanın xəritədə harda yerləşdiyini bilmirsinizsə narahat olmayın. O haqda dediyiniz istənilən söz ikiqat alqışa və “hərri!” “sağ ol şair!” kimi qışqırıqları eşitməyinizə səbəb olacaq. Bədahətən dediyiniz meyxanalarda tarixi hadisədən yanlış məlumat versəniz də, ürəyinizi sıxmayın. Onsuz da, sizə qulaq asanların əksəriyyəti imamla peyğəmbəri ayırd edə bilməyən adamlardır.

3. Mənasız qəzəllər yazırsınız? Bu da sizi narahat etməsin. Meyxana deyəndə hər bəndə bir-iki əndrabadi söz yerləşdirirdinizsə, qəzəlin bütün beytlərini başdan-başa ərəb-fars tərkibli anlaşılmaz sözlərdən təşkil edin. Söz ehtiyatınız azdırsa, təsadüfi uzun və qısa hecaları birləşdirin, yeni söz yaradın, onsuz da, heç kim buna fikir verməyəcək, əruz vəzninin ahəngi sizi vəziyyətdən xilas edəcək. Məsələn:

“Şövqi-dilbərdir əziyyət, ahu-əfqan, eşqü-vay,
Qətli-üşşaq, xətmi-kövrək, dalbadal söz naynanay.”

Bu qədər sadə.
Belə qəzəllərdən çoxlu-çoxlu yazın. Qətiyyən dayanmayın. Divanınız yetərincə zəngin olduğu vaxt isə bir kitab nəşr etdirin, üstünə şəklinizi vurdurun, dost-tanışa paylayın. Bu sizi sıravi meyxanaçı stulundan qaldırıb şair kreslosunda əyləşdirəcək.

4. Dünya klassiklərinin adlarını yaxşı əzbərləyin, bacarırsınızsa ali məktəbə daxil olun, dərsə getməsəniz də olar. Kimsə sizi cahillikdə ittiham edəndə, Tolstoy, Dostoyevski və universitet diplomu sizin köməyinizə çatacaq. Onlara sübut edəcəksiniz ki, meyxanaçılar əslində savadlıdırlar, bayağı şeylərdən uzaqdırlar. Əlbəttə, bunların hamısını həmin adamlara cavab verəndə edin, öz mühitinizdə Balabəyə qulaq asmağa davam edə bilərsiniz. Lüğətinizdə bu iki cümləni möhkəmləndirin: “onun meyxanadan danışmağa haqqı yoxdur” və “o özü nə yazıb?”. Universitet diplomunuz heç yerdə işə yaramadığı kimi bu məsələdə də köməyə çatmayanda qeyd etdiyim iki cümlə mütləq sizə yardım edəcək.

Yuxarıda yazdığım məsləhətlərə əməl etsəniz, sənətdə böyük uğurlara imza atmış olacaqsınız.

# 17455 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #