Fəridənin hər şeyi ilə uğursuz romanı – Vüqar yazır...

Fəridənin hər şeyi ilə uğursuz romanı – Vüqar yazır...
4 may 2022
# 10:30

Kulis.az Vüqar Babazadənin "Pinqvinlər uçmur, Fəridə" adlı yazısını təqdim edir.

Əvvəla, onu qeyd etmək istəyirəm ki, Fəridə ilə dostluq və müttəfiqlik əlaqələrim olduğu üçün bu yazını yazanda “yazmaq, yoxsa yazmamaq?” dilemması qarşısında qaldım. Çox çətinliklə də olsa, yazmaq qərarına gəldim. Bilirəm ki, Fəridə bu yazıya görə nə məndən inciyəcək, nə də məndən xoşu gələcək. Özümü sığortalamağım da, hər halda, lazımdır. Çünki bizim dost itirən yaşımız deyil.

Fəridənin “Pinqvinlər uçur, Mari” adlı romanını evdə, divanda uzanıb bir günə oxudum. Hərdən yuxuya da daldım və yuxuya dalacağımı hiss edən kimi qaldığım səhifənin içinə əlfəcin qoyub, yatdım.

Fəridə bu kitabı 2015-ci ildə yazıb. Yəni bu kitabın yazılmağından 7 il keçib. Bu yazını yazmağa 7 il gecikmişəm. Buna görə də bir azdan yazacağım abzasların çoxusu ilə əminəm ki, Fəridə də razılaşacaq, mənə haqq verəcək.

Bu kitabın janrı haqqında xeyli fikirləşdim. Əslində, kitabın üstündə “roman” yazılsa da, mən elə bilirəm ki, bu, roman deyil. Çünki belə roman olmur. Əgər bu kitaba roman desək, digər romanlara haqsızlıq etmiş olarıq. Bu kitab uzun hekayə ola bilər, hekayə ola bilər, uğursuz uzun hekayə ola bilər, qısa povest ola bilər, çox uğursuz qısa povest ola bilər, amma roman ola bilməz. Çünki roman janrının özündə ehtiva etdiyi bir çox hal, Fəridənin yazdığı kitabda yoxdur.

Kitabın annotasiyası da yoxdur. İstərdim ki, maraqlanan oxucular üçün kitabın annotasiyasını özüm yazım. “Əgər mən bu kitabın redaktoru olsaydım” deyə bir anlıq xəyal etdim və mən bu kitabın redaktoru olsaydım, yəqin ki, ortaya belə aşağıdakı kimi bir annotasiya çıxardı.

“Hadisələr Parisdə baş verir. Əsərin qəhrəmanı olan İsmael yaddaşını itirib və yaxud keçmişini xatırlamaq istəmir. O, Məryəm adlı, döş xərçəngindən əziyyət çəkən bir qadınla yaşayır. Bir gün İsmael həftəlik ədəbiyyat və sənət qəzetindən Sara adında bir qadının şeirlərini oxuyur. Və əhvalat başlayır.
Pinqvinlər uçur, Mari” romanı mövzu və ideya olaraq günümüz ilə çulğaşır. Roman bədii və fəlsəfi cəhətdən oxucunu azadlıq-heçlik strukturu ilə baş-başa qoyur. Romanın qəhrəmanları həyat üzərində zəfər çalmaq istəmir. Onların identifikasiyası xarakterlərində sarsılmaz izlər buraxır. Romanda xətti zaman keçidləri dəqiq işlənib. Məkan olaraq boşluq, zaman olaraq isə heçlikdəyik. Buna baxmayaraq lal axan çay kimi arxada bir təhkiyə var. Yalnız boşluğa diqqət edib, heçliyə qulaq kəsilsək həmin çayın səsini eşidə bilərik”

Belə bir gözqorxudan annotasiya olsaydı, bəlkə, daha yaxşı olardı. Hazırlıqlı oxucu bu annotasiyanı oxuyandan sonra kitabı oxumaq zəhmətindən xilas olardı. Amma pafos sevən, intellektual ədəbiyyatçılar kitabı bəh-bəhlə alıb, oxuyardılar. Hər halda, mən bu kitabın redaktoru olsaydım, belə bir annotasiya yazardım, düzdür. Amma yazdıqlarıma bir qram da inanmazdım.
Roman iki-üç səhifə olsaydı da kifayət edərdi.

Mən şəxsən bu romanı mövzusunu oxucuya çatdırmaq şərtilə, iki-üç səhifə edə bilərəm. Üç də çoxdur, iki səhifə ilə bu kitabı oxucuya çatdırmaq olar.

Düz əlli səhifə heç bir dialoq yoxdur. Xatırladım ki, roman 106 səhifədir. Qəhrəman “dərin” düşüncələr içində Parisin şehli küçələrində, kədərli otel otaqlarında, burjua qoxan, ədabaz bistrolarında, ora-bura şütüyən taksilərində qalıb, özüylə danışır. Siz Allah, görün o özüylə nə danışır:

“Xeyirxahlıq – necə saxta və bayağı ifadədir, deyilmi? Heç kəs xeyirxahlıq məqsədilə gedib ac qurda “gəl məni ye, acından ölmə” deməz axı...”

“İnsan nə qədər axmaq varlıqdır. Milyon illər öncə mağaralardan çıxıb, meşələrdən ayrılan, təbiətdən qopub özünə daldalanacaq düzəldən, ev tikən, özünü azad elan edib təbiətin bir hissəsi olmaqdan boyun qaçıran və inkişaf etdiyini düşünən insan yanılırdı...”

“Hər şey uydurmadır. İlk dəfə a hərfinə b, b-yə d deyilsəydi, nolardı? Qənd, bəlkə, ağacdır, bəlkə, gecə payızdır? Düz xəttin düz olduğunu haradan bilirik axı? Biz kimik allah xətrinə?” - kimi mənasız, heç bir məqsədi, istiqaməti olmayan, mətnin içində əriməyib, çiy-çiy qalan düşüncələrdir.

Romanın İsmael adlı qəhrəmanı universitetdə bağban işləyir. O, ağacları belləyərkən, gülləri suvararkən qulağına universitetdəki mühazirələrin səsi gəlir. Amma boylanıb içəri baxanda auditoriyada heç kimin olmadığını görür. Mühazirələr də nə olsa yaxşıdı? Əlbəttə ki, fəlsəfi mühazirələr. Yəni qəhrəmanın qulağına qeybdən fəlsəfi mühazirələr gəlir. Kamyu, Sartr, Kafka, Dostoyevski, Şekspir, Bekket, Nitsşe və sair filosof-yazıçıların düşüncələri haqqında görünməz bir lektor leksiya oxuyur. Bunu da yalnızca qəhrəmanımız eşidə bilir. Bu hissələrdə elə bilirdim ki, İsrail Məmmədov – “Şəlaləm mənim” mahnısını oxuyur.

Ümumiyyətlə, mən həyat müşahidələrimdən görmüşəm ki, əgər bir qız iyirmili yaşlarda fəlsəfə oxumağa başladısa, çevrilib olacaq filosof. Elə zənn edəcək ki, dünyanın bütün gərdişi-dövranından xəbəri var, həyatın hər qarışına bələddir, nəyi necə etmək lazım olduğunu ən yaxşı o bilir, məişətdə, gündəlik yaşadığı şeylərin necə bu qədər sadə olduğuna görə əsəbiləşir, hər şeyi mürəkkəb görməyi arzulayır, bunun üçün əlləşir, dayanmadan fəlsəfə oxumayan adamları aşağılayır, bunu şərti olaraq etməsə də, içində adi, sadə adamlara qarşı bir qəzəb, yuxarıdan aşağıbaxma və təkəbbür var.

Gənc qızlara məsləhət görürəm ki, fəlsəfəyə çox aldanmasınlar. Həyat hələ çox qabaqdadır. Hər şeyi oxumaq lazımdır və maraqlıdır. Amma qıraqdan dolu görünən, içinə girəndə bomboş fəlsəfi cərəyanlara, düşüncələrə, cürbəcür pafoslu, bəlağətli fikirlərə baş qoşmaq lazım deyil.

Bu hal təəssüf ki, Fəridə də olub. O 7 il bundan əvvəl fəlsəfə oxuyaraq belə qərara gəlib ki, dünyaya şedevr bir fəlsəfi roman verməlidir. Nə üçünsə buna özünü borclu hiss edib. Qələmi, kağızı qoyub qabağına, sonda da ortaya belə bir hər şeyi ilə uğursuz roman çıxıb.

Hiss edirdim ki, xüsusən, Sartrdan daha çox təsirlənib. Onun “Ürəkbulanma” adlı əsərini də az-maz andırırdı “Pinqvinlər uçur, Mari”. Elə bil ki, az büdcəli “Ürəkbulanma” oxuyursan.

Romanda digər çoxlu qüsurlar var. Uğursuz, şablon təsvirlər, sönük dil, zəif konfliktlər, nəsnələri boş yerə mənalandırmaq, quru, kartondan olan qəhrəmanlar, bədii səviyyəsi aşağı, həyatın içindən olmayan dialoqlar, tam anlaşılmayan süjet, pis təhkiyə və bu kimi çoxlu xətalar. Onlardan danışmaq istəmirəm, çünki igidi tutdun, gərək öldürməyəsən.

Fəridəyə nəsə deməyə, hansısa məsləhət verməyimə, məncə, ehtiyac yoxdur. Onsuz da, bu roman 7 il əvvəlin havası ilə yazılıb. Amma buna baxmayaraq, əksər yazıçıların lap erkən yaşlarda çıxan kitablar kimi biabırçılıq deyil. Özünü sıxıb, oxumaq olar. Hətta bu kitab haqqında yazı da yazmaq alınırsa, deməli, rüşeymlər var.

Fəridəyə bir təklif etmək olar ki, o “Azərbaycanda, Qafqazda qadın olmaq” mövzusunda çox möhtəşəm bir roman yazmalıdır. Lakin tərbiyəm buna yol vermir. Heç kimə məna yükləmək istəmirəm. Fəridə bu haqda yazsa, çox yaxşı olar. Onun gözündən bu hadisələri oxumağı bir oxucu kimi çox istəyərdim. Amma yazmasa da, təbii ki, öz seçimidir, öz işidir.

# 2645 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:39 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #