Ərtoğrul olmaq istəyən məktəb direktoru və təhsil sistemimiz

Ərtoğrul olmaq istəyən məktəb direktoru və təhsil sistemimiz
28 mart 2023
# 15:00

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Qarşıma bir video çıxdı, yəqin siz də görmüsünüz bu videonu.

Hadisə Mərdəkanın 124 saylı orta məktəbində baş verib. Məktəbdə, deyəsən, Novruz bayramı ilə bağlı çox böyük bir tədbir keçiriblər. Elə-belə tədbir yox e. Əməlli-başlı “tamaşa” oynayıblar az qala.

Məktəbin direktoru Adil Əliyev qırmızı rəngli xalat geyinib, başına tacı taxıb şagirdləri sıraya düzür. Müavinləri isə şagirdlərə “qalxın, Ertoğrul bəy gəlir!” deyə göstəriş verir.

Əməlli-başlı bütün şagirdlər tarixi geyimlərdədilər, hərəsi bir obrazı canlandırır. Bellərində qılınc, əllərində fərman, çadırlar qurulub, məktəbin həyətində meydan açılıb. Şagirdlərin bir qismi güləşir, bir qismi rəqs edir, bir qismi nağara çalır. Hamısı da yenə müvafiq libaslarda.

At da var idi. Vallah, düz deyirəm, özünüz videoya baxın, görəcəksiniz. Hardansa at da tapıb gətiriblər. Təsəvvür edirəm, bu tədbirə nə boyda xərc çəkiblər, nə qədər məşq ediblər, bəlkə, əziyyət də çəkiblər.

Dəlixanadır!

Hərdən elə bilirəm ki, ölkədə məndən başqa hamının başı qaçıb. Ciddi sözümdür.

Bu tiktoklar, kinolar-filan hamının zayını çıxardıb. Vəziyyət o həddə çatıb ki, məktəb direktoru Ərtoğrul libasında şənlik təşkil edir.

Yenə Şah İsmayıl Xətaini, Şəmsəddin Eldənizi, nə bilim, Uzun Həsəni oynasa, deyərdim, dərd yarı. Amma mən adım kimi əminəm ki, direktorun ağlına bu möhtəşəm ideya Türkiyənin “Diriliş Ərtoğrul” serialını izləyəndən sonra gəlib. Adam o seriala baxıb, deyib ki, “vapşeee mən də Ərtoğrul olacam!”.

Yığıb müavinlərini, müəllimlərini, bir fərman imzalayıb ki, Novruzda belə bir şənlik edəcəyik, məktəbimizdə tonqallar qalanacaq, at atlanıb, ov ovlacayaq, quş quşlayacağıq. Yəni bu direktor məktəb direktoru yox, şagird olsaydı, yüz faiz tiktok üçün videolar çəkib Ərtoğrulluq edəcəkdi.

Mənim qətiyyən direktorun şəxsiyyəti ilə, insanlığı ilə işim yoxdur. Üz-gözündən çox yaxşı adama oxşayır. İnanıram ki, çox yaxşı ata, çox yaxşı babadır. Xeyirdən-şərdən qalan adama da oxşamır. Amma bu etdiyini sorğulamaq mənim haqqımdır. Mən onun əməlini şəxs kimi yox, məktəb direktoru kimi sorğulayıram.

Hələ cənab direktor videoda dəfələrlə "99 Allahın adı ilə sizi salamlayıram" deyir.

Eynən belə deyir: "99 Allahın adı ilə sizi salamlayıram".

"99 Allahın adı ilə" nə deməkdir?

Ərinmədim, oturdum saydım, Yunan allahları, Misir allahları, Hindistandakı allahlar, Hörmüzd və Əhrimənlə birgə heç 50-ni keçmir allahların sayı.

Cümlə səhvdir.

Direktor "99 Allahın adı ilə" yox, "Allahın 99 adı ilə" salamlamalı idi uşaqları!

Deyə bilərsiniz ki, hər şeyə bir mız qoyuram, nə var burda, şənlikdir də.

Bu dediyinizlə onda razılaşardım ki, həmin məktəb ilk olaraq təhsili ilə bizi heyrətləndirərdi. Amma elədirmi? Deyil.

Təhsil var ölkədə?

Yoxdur, ay qardaşım, ay bacım! Yoxdur!

Ölkəmizdə təhsil yoxdur! Təhsil sistemimiz zibil içindədir!

Rüşvət və məsuliyyətsizlik içində batır təhsil sistemimiz!

Heç kimi xalqın, dövlətin gələcəyi narahat etmir.

Ölkədə şagirdlərin, tələbələrin yox e, müəllimlərin, professorların, akademiklərin də savadı sual altındadır.

Çox azdır həqiqətən savadlı və vicdanlı olan müəllimlərin sayı, çox az.

Özünüz məktəb müəllimlərinizi xatırlayın. Sovet dönəmindəki nəsildən danışmıram ha, yeni nəsildən danışıram. Məktəblərimizdə şor, pendir, kalqotka satan, şubasını, dublyonkasını reklam etməyə gələn müəllimlər dərs deyir uşaqlara.

Təhsil proqramlarımızın özü də lap bərbad vəziyyətdə. Yeni, çağdaş dünyanın tələb etdiyi biliklər verilmir, lazımlı şeylər tədris olunmur. Ancaq və ancaq səfsətə.

Məktəblərdə uşaqları o qədər yükləyirlər ki, uşaqların tək məqsədi universitetə qəbul olmaq olur.

Elm insana zövq verməlidir. İnsan öyrənməkdən zövq almalıdır, əylənməlidir.

Elmdən zövq ala bilirmi şagirdlər, tələbələr?

Yeni nəsə öyrənməyin xoşbəxtliyini duya bilirlər, yoxsa elə imtahandan keçmək üçün əlləşirlər?

Universitetlərdə yekə-yekə tələbələrə zorla mühazirə dəftəri yazdırır professorlar. Mühazirə dəftəri olmayan tələbənin qiyməti kəsilir. Yazdırdıqları mühazirələr də sovet dövrünün nəzəriyyələridir. Yararsız, lazımsız, istifadə müddəti bitmiş biliklər. Hansı dövrdü bu? Belə təhsil, belə tədris olar?

Təhsil sistemi bu gündə olan xalqın da heç nəyi ola bilməz. Heç nəyi! Nə səhiyyəsi, nə iqtisadiyyatı, nə ixtirası, nə ədəbiyyatı, nə musiqisi, nə idmanı...

Təhsil olmayandan sonra göydən düşməyəcək ki bu şeylər.

# 8018 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #