“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar

“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
12 iyun 2021
# 09:03

Kulis.az “İllərin mahnısı” layihəsindən “Almanı atdım xarala” mahnısı haqda maraqlı faktları təqdim edir.

"Almanı atdım xarala" mahnısı bizim folklorumuzun ən parlaq və məşhur nümunəsidir. Bu mahnının tarixçəsində maraqlı eksperimental ifalar olub.

***

Lirik mahnı olan “Almanı atdım xarala” mahnısı həm də rəqs ruhuyla, fərqli üslubuyla da seçilir. Mahnı aşiqin dilindəndir və aşiq qovuşmaq həsrətindədir. Sadəcə bu həsrət daha oynaq və pozitiv dildə çatdırılır.

***

Mahnının müəllifi və dəqiq tarixi məlum deyil. Onun hansı əsrdə yarandığı haqda sadəcə təsəvvürlər var. Ancaq bu təsəvvürlər yalnız fərziyyə olaraq qalacaq.

***

Oktyabr ayında yığılan almaları o vaxtları nişanlı qızlara sovqat apararlarmış. Yığılan meyvələr saf-çürük edilir, zədəsi olmayanlar xüsusi yerlərə yığılıb qışa saxlanılırmış. Bir də deyirlər ki, samanın, buğda-arpanın içərisində saxlanılan meyvə uzun müddət xarab olmazmış. Elə həmin xalq mahnımızda da ona görə deyirlər:

Almanı atdım xarala,
Qaldı sarala-sarala.

Qabaqlar taxılı yığmaq üçün ipdən toxunmuş böyük kisədən - xaraldan istifadə edərlərmiş. Belə rəvayət olunur ki, nişanlı qız toya tədarük edilən almanı xarala yığar, toyun yubanmasından narahat olaraq bu mahnını oxuyarmış. Əvvəllər toylar, adətən, payız aylarında keçirilərmiş. Oktyabr ayında məhsulu toplayıb qurtaran, satılmaq üçün nəzərdə tutulan məhsulu, heyvanları satıb pul toplayan və iş-gücdən azad olan əhali payız toylarına başlayarmış.

***

Başqa bir xalq inancına görə, əvvəllər meyvəni, xüsusən almanı çox saxlamaq üçün buğdanın içərisinə qoyarmışlar. Adaxlı qız almanı xarala (cecim və palazdan tikilmiş böyük kisə) buğdanın içərisinə qoyub toya saxlayırmış. “Almanı atdım xarala” mahnısı payız fəslində olan toyun yubanmasını adaxlı qızın adından dilə gətirən oynaq mahnıdır.

***

Tədqiqatçı Gulara Munis yazısında qeyd edir ki, əvvəllər hər alma qışa qalmazdı. Çünki o vaxt müasir dövrdə istifadə olunan zəhərli dərmanlar yox idi. Qışa qədər yaxşı qalan balaca ölçüdə olan sarı almalar olardı:
“Yaxşı yadımdadır, nənəm ona “Anton alması”- deyərdi. Alma qaldıqca bir az da yetişər, rəngi saralardı. Almanı məhz xaralda saxlamaq ona işarədir ki, xaralda olan almaya hava dəyəcək, çürümək qorxusu olmayacaq”.

***

Folklorşünasların söylədiklərinə görə, “Almanı atdım xarala” mahnısının sözlərində gizli bir məna var. Nədir o məna? “Sevən oğlan öz sevdiyinə işarə edir ki, sənin həsrətindən alma kimi saralmışam və saralmaqdayam. Xaralda olan alma kimi sanki qəfəsdəyəm…”

***

Ötən əsrin əvvəlində məşhur müğənni və peşəkar vokalın parlaq nümayəndəsi Bülbül ilk dəfə Azərbaycanda folklorun yığımı və öyrənilməsi üzrə elmi-tədqiqat kabineti yaradır. O, klassik xalq melodiyalarının mirasını öyrənmək məqsədi ilə bura xalq yaradıcılığını yaxşı bilən, gənc və istedadlı bəstəkarları, təcrübəli musiqiçiləri cəlb edir. Beləliklə, xalq musiqisi ifaçılarının dilindən səslənən bir çox gözəl, bir-birinə bənzəməyən mahnılar ölkənin kənar yerlərindən olan və paytaxt ifaçıları tərəfindən fonovalikə yazılmağa başlayır. Sonra o dövrün peşəkar musiqiçiləri bu mahnıları notlara köçürürdülər. Nota yazılan bu mahnıların arasında bir mahnı da var ki, keçən əsrin başlanğıcından çox maraqlı efir həyatı yaşayıb. Elə bir müğənni tapmaq olmaz ki, bu mahnını oxumaqdan yan keçsin. Bu bəhs etdiyimiz “Almanı atdım xarala” mahnısıdır.

***

Bu mahnı ilk dəfə fonovalikə yazılmış əlli mahnının içində yox idi və 1956-ci ildə ilk dəfə notla qeydə alındı. Bu əlli mahnı toplusuna yalnız Cabbar Qaryağdıoğlunun əsərləri düşdü. Deyilənə görə, Cabbar Qaryağdıoğlunun ifa etdiyi mahnılar arasında "Almanı atdım xarala" mahnısı da vardı. Amma bu mahnını Cabbar Qaryağdıoğlunun yazmasına dair sübutlar yalnız şifahi xarakter daşıdığından, etibarsız sayıla bilər. Ona görə də bu mahnının müəllifinin kim olmasını dəqiq demək mümkün deyil. Ancaq bu mahnının indiyə qədər gəlib çatmasında, Cabbar Qaryağdıoğlunun və əlbəttə, Bülbülün rolu danılmazdır, elə Bülbülün özü bu mahnını fonovalikə yazdırmışdı. Düzdü, Cabbar Qaryağdıoğlunun ifası bu günümüzə kimi gəlib çıxmadı, ona görə də məhz Bülbülün ifası bu mahnıya öz möhürünü vurdu.

Almanı atdım xarala
Qaldı sarala-sarala
Dağlarda döndüm marala
A tirmə köynək, ay sarı çəpkən
A tirmə köynək, sarı çəpkən
Gəlin haralısan?
Özü göyçək, sözü göyçək
Hara maralısan?
Yarın bağında üzüm əsgəri
Bağında dalında həzin səs gəlir
Sağ ol gəl, var ol gəl
Bir gecə mehman ol gəl
Gəlin gedək bizim bağa
Hərə çıxaq bir budağa
Ləb-ləbə dodaq dodağa
A tirmə köynək, ay sarı çəpkən
A tirmə köynək, sarı çəpkən
Gəlin haralısan?
Özü göyçək, sözü göyçək
Hara maralısan?
Yarın bağında üzüm əsgəri
Bağında dalında həzin səs gəlir
Sağ ol gəl, var ol gəl
Bir gecə mehman ol gəl.

Bülbüldən sonra bu mahnını daha bir nəfər folklor variantda yazıya alıb. Əlövsət Sadıqov xalq musiqi alətləri ansamblının müşayiəti ilə 1957-ci ildə bu mahnını oxuyub lentə yazdırır. Məhz bu ifada "Yarın bağında üzüm əsgəri" sözləriylə başlayan bənd, mahnının sonuna əlavə olunub. Bu, Əlövsət Sadıqovun əlavəsiydi və bu əlavə mahnıya forma və məzmun yeniliyi gətirdi. Sanki mahnı bu ifayla iki ayrı hissəyə bölündü.

***
Bir neçə il sonra Əlövsət Sadıqovun ifa variantını Əbülfət Əliyev təkrarladı. Təxminən eyni müşayiət və eyni mətn. Ancaq yalnız Əbülfət Əliyevə məxsus xoş avaz və intonasiya bu mahnıya yeni nəfəs verdi. Sonra bu mahnının başqa versiyaları da üzə çıxdı. Bu ifalar Anatolu Qəniyevə və Gülağa Məmmədova məxsusdur. Həm də bu ifalar müşayiətinə və tərtibatına görə də oxşar idi. Hər iki ifa xalq musiqi alətlərinin ansamblıyla müşayiət olunurdu, həmçinin də xorla.
Beləliklə, orkestrin və xorun müşayiəti ilə ifalar 60-cı illərin əvvəllərində oldu. Elə bu onilliyin sonunda bəstəkar Nazim Aliverdibekov kapellanın xoru üçün bu mahnının notlarını köçürtdü. Həmin mahnı kapellanın peşəkar xorunun repertuarına da daxil oldu. 40 ildən çoxdur ki, "Almanı atdım xarala" mahnısı bu xorla yalnız vətəndə deyil, həm də xaricə səfərlər zamanı ifa edilir.

***

Biz bu mahnının estrada janrında maraqlı müasir çoxsəsli ifasının da şahidi olduq. "Qaya" vokal-instrumental kvarteti "Almanı atdım xarala" mahnısını çox maraqlı ifa etdi. Bu mahnı royal, tütək, gitara, elektron musiqi alətləri və s. qərb alətlərinin müşayiəti ilə dörd səslə ifa olunur.
Beləliklə, bu mahnının çox spesifik, yeni və cazibədar versiyası üzə çıxdı. Və baxmayaraq ki, "Qaya" kvarteti bir çox çox gözəl mahnıların ifasıyla məşhur idi, "Almanı atdım xarala" mahnısı kvartetin vizit kartı oldu. Müəyyən vaxt ötdükdən sonra, "Qaya" kvarteti öz köhnə mahnılarından popurri hazırladı. Bu popurriyə, əlbəttə, "Almanı atdım xarala" mahnısı da daxil oldu.

“Qaya”nın ifasıyla bağlı daha bir maraqlı fakt odur ki, 1971-ci ildə Arif Babayevin "Gün keçdi" filmində məhz "Qaya" kollektivinin bu mahnısı istifadə olunmuşdu. Və bu, təsadüf deyil. Rejissora xalq mahnısı lazım olur. "Qaya"nın repertuarında isə bu, ən məşhur folklor mahnısı idi. Beləliklə, 60-cı illərin sonlarında mahnının tarixində ilk dəfə parlaq eksperimental estrada-caz versiyası işıq üzü gördü.

***

"Almanı atdım xarala" mahnısı müasir Azərbaycanın estradasının hər bir nümayəndəsinin repertuarında yer alıb. Son illər onu Rüfət Mehdiyev oxumuşdu. Və nəhayət, "Almanı atdım xarala" mahnısının son ifası bizim dövrümüzə aiddir: onu maraqlı ifası ilə Sevda Ələkbərzadə oxudu.

İndinin özündə də bu mahnını tez-tez dilinin altında zümzümə edənlər var...

# 8170 dəfə oxunub

Müəllifin son yazıları

# # #