Tanrının nuru, yoxsa iblisin alovu? - Aydın Talıbzadə yazır...

Tanrının nuru, yoxsa iblisin alovu? - <span style="color:red;">Aydın Talıbzadə yazır...
17 aprel 2018
# 11:34

Kulis.az ötən həftə rəhmət getmiş məşhur rejissor Miloş Formanın “Amadey” filmi haqqında tənqidçi Aydın Talıbzadənin yazdığı mqaləni təqdim edir.

Soruşacaqlar ki, nədən birdən-birə bu film yadıma düşdü?

Deyəcəyəm ki, “dahilik nədir?” müstəvisində bir az düşünmək istədiyim üçün.

Bu dəfə də soruşacaqlar ki, necə oldu belə bir sual gəldi ağlına?

Əvvəla deyəcəyəm “maraqlıdır” ona görə… Sonra deyəcəyəm ki, “Amadeus” dahi haqqında dahiyanə filmdir və fikirlərimi sistemləşdirməkdən ötrü mənə bir nümunə kimi lazımdır. Üçüncü onu deyəcəyəm ki, dahilərdən danışmağı hər kəs xoşlayır; çünki müəyyən müddətə həyəcanlanıb sanır ki, özü də onların sırasına daxildir. Dördüncü deyəcəyim budur ki, dahilər barədə oxumağı da camaat yetərincə əyləndirici sayır: nədən ki, daim olağanüstü faktlarla üzləşir. Beşinci də onu deyəcəyəm ki, bu kinofilm dünyəvi bir şübhəni təzədən alovlandırır: dahilər ilahi, yoxsa iblisanə başlanğıcın təmsilçiləridir? Onların üzündəki işıq hardandır: Allahın nurundan, yainki İblisin alovundan? Yenə həmin xeyir və şər, yenə həmin ağ və qara?..

İndi görək dahi kimə deyilir, bu söz kimlərə düşür, kimlər üçün haqq edilir: nə üçün iki təqribən eyni dərəcədə istedadlı adamdan biri üçün söyləyirlər ki, “dahidir”, o birisi üçünsə bu kəlməni işlətmirlər? Hardansa oxumuşam, amma sitat verə bilməyəcəyəm: fikrin mahiyyətisə huşumda təqribən belə qalıb: istedadlı şəxs hamının gördüyü hədəfi görüb onu düz vurur. Dahi isə üfüq arxasında heç kimin görə bilmədiyi hədəfin tən ortasını dəqiq nişan alıb atır. Lakin heç kim onun hədəfə dəyib dəymədiyini müəyyənləşdirə bilmir: bunu yalnız gələcək nəsillər və bir də üfüqdən o yana getməyi bacaranlar aşkarlayıb bu sərrastlığa bayılacaqlar.

Çox zaman psixiatrlar çalışırlar ki, dahilərə müəyyən sistem çərçivəsindən yanaşsınlar: onları ya potensial dəlilər, ya potensial canilər, ya da potensial manyaklar tipində təsnif eləsinlər, ya da onların dahiliyini hansısa bir xəstəliyin boynuna atsınlar… Yanılırlar: dahiləri anlamaq üçün, təsnif eləmək üçün gərək sistemdən çıxasan. Dahilər o adamlardır ki, qavrayışı dəyişirlər, şüuru dəyişirlər və sistem dışına çıxırlar. Buna görə də sistem onları təhlil etməkdə, anlamaqda acizdir.

Dahilər div insanlardır. Onları divləşdirən cəmiyyətdir. Cəmiyyətdən kənarda dahi dahiliyini itirir. Dahiliyin müəllifi bizik, yəni bir yerə yığışıb toplum olan fərdlərik: dahilərə olan sevgimiz bizi dostlaşdırır. Çünki biz dahiləri oyuncaqlarımız kimi, kuklalarımız kimi sevirik. Dahilər bir nəfər üçün yox, toplum üçün, kütlə üçün oyuncaqdır. Dahilərsə bu sevgini sevə-sevə, bu sevgilə yaşaya-yaşaya onu məsxərə obyektinə çevirirlər, yəni onları yaratmış sistemi inkar etməyə başlayırlar və oyuncaq olmağın fövqünə yüksəlirlər.

Dahiliyi diaqnozlaşdırmaq mümkün deyil. Dahiliklə peyğəmbərlik arasında heç bir addımlıq məsafə də yoxdur.

Heç kim həqiqətin mütləqliyinə dahi kimi inanmır. Bu inam onu başqalarının gözündə dəliyə oxşadır. Ona görə ki, hamı uyğunlaşıb, kompromisə gedib, yəni həqiqəti tapdalayıb yaşaya bilir. Dahilərsə yox. Heminguey deyirdi ki, öküz meydan içində sinirli birisidir, çəməndə isə sakit adi oğlan. Dahi həmişə meydandadır və hamı həmişə ona baxır.

Dahi cəmiyyətlə toqquşanda dəli olur. Dəlilik dahilərin ironiyasının epataj formasıdır.

Dahi həmişə möcüzədir: dahi həmişə sevimli olduğu qədərincə də qorxuncdur. Çünki adi öləri insanlardan ötrü anlaşılmazdı.

Lütfizadə anlayışlar sistemində inqilab etmiş bir dahidir: amma çox sadə, sakit, normal bir insandır və adi bir həyat sürür. Dahiləri monstra çevirən, onlardan bədheybətlər yapan cəmiyyətdir, psixiatrlardır… Hər adı tarixdə qalan şəxs dahi sayılmaz ki… Sizə kim deyib ki, Markiz de Sad və ya Leopold fon Zaxer-Mazox dahidir? Herostrat dahi sayıla bilərmi Artemida məbədgahını yandırdığına görə və psixiatrların sadaladığı bütün əlamətlərin onda olduğuna görə?

Hər xəstə dahi olmur, hər dəli dahi olmur: amma dahilərdə xəstəlik, dəlilik əlamətləri ola bilir.

Image result for “Amadeus” film

Mən psixiatrlara inanmıram. Əksərən psixiatrların özləri dəliliyə meylli olurlar, normanı aşırlar: ancaq heç kim onlara dahi demir. Bilirsiniz psixiatrlarda haradan yaranır özünə əminsizlik: çünki qarşılarına çıxan hər adamdan, hər jestdən, hər sözdən şübhələnirlər və heç kəsə etibar eləmirlər, hamıya pasiyent kimi baxırlar və getdikcə özlərinə də etibarlarını itirib özlərindən şübhələnirlər.

5-7 yaşlarında klavesin və skripka üçün sonatalar bəstələmək?

Kar olub musiqi yazmaq?

Uzun illər kim olacağını bilməmək, təsviri sənət dərslərini yarımçıq atmaq və sonra gəlib dahi rəssam olmaq, qulağını kəsmək?

Kor olub “İliada” və “Odisseya” poemalarını qoşmaq?

Tanrı vergisi, yoxsa şeytan əməli?

Ona görə kinorejissor Miloş Forman Avstriya musiqiçisinin bəstələrinə şünas kimi, tədqiqatçı kimi yanaşmaqdan, tarixi faktların doğru və yanlış olduğunu yoxlamaqdan, kimin kimi zəhərlədiyini dəqiqləşdirməkdən çox-çox uzaqdır. Süjet müəllif üçün bir oyundur, vəssalam. Elə bu səbəbdən film İtaliya və Avstriya bəstəkarı Antonio Salyerinin xatirəsi kimi düşünülüb, Salyerinin gördüyü və qiymətləndirdiyi bir dahi haqqında film kimi düşünülüb, Salyerinin etirafı və şübhələri kimi düşünülüb.

Odur ki, kinorejissor filmin adında “Mosart” ismindən imtina edib onu “Amadeus” adlandırır. “Amadeus” burada təkcə Mosartın 4-cü adı deyil, həm də filmin fəlsəfi paradiqmasının şifrəsidir. Belə ki, latınca Amadeus, italyanca Amadeo, almanca Gotlib sözlərinin mənası “Allahın sevimlisi” (və ya “Allah sevgisi”) qismində çözülür.

Bax, Salyeri də elə bunu anlamaq istəyir: niyə tanrının istəklisi o, deyil, Mosartdır? Axı, o Amadeusdan fərqli əsl, pak xristiandır; tanrısına da Mosartdan daha çox inanır, daha çox sadiqdir: dahi musiqini isə Mosart bəstələyir. Əgər Mosartın bəstələri Allah nurunun təcəssümüdürsə, Amadeusdursa, bəs bu şeytani ironik qəhqəhələr, bu dəlisov ehtiraslar, psixi-emosional kollapslar, bu qürur, bu dağıdıcı enerji nəyin bildiricisidir? Baş çıxarmaq olmur: bilmirsən ki, dahilərin xeyri çoxdur insanlığa, yainki zərəri? Bilmirsən ki, onların içində tanrının işığı yanır, yoxsa İblisin alovu şölələnir?! Bilmirsən ki, dahilərin kəşfləri insanlığın nicatıdır, yoxsa faciəsi?

Yaman yerdə axşamladım… Elə Miloş Forman da üç nöqtə ilə çıxmışdı aradan… kütləvi qəbiristanlıqda naməlum bir yer… Urvatsız ölüm… Tolstoy da belə ölmədimi?.. Bütün dahiləri tanrı təbəssümlə yola salır o dünyaya… Axı o, iddiaların əbəsliyinə gülən tanrıdır…Ancaq getdikcə dahilik sistemin içində əriyir. İndi sistem dahidir. Sistemin adı artıq cəmiyyət yox, İnternetdir. İnternet sürrealist cəmiyyətdir, cəmiyyət üstündə fövqəl cəmiyyətdir. Orada hamı bərabərdir: orada hamı hər cür fərqlər dışındadır. Sosial şəbəkələrdə dahiliyə yer yoxdur: hamı özünü yüzdə yüz ifadə eləyə bilir; hamı bir saatlıq dahi ola bilir, hamı bir yol tapıb sitələrdə reytinq qıra bilir, dünyanın diqqətini özünə çəkə bilir… və nə desən, kim desən ola bilir, dahiyə tay ola bilir… Bu gün heç bir roman heç bir kimsəyə sosial şəbəkələrdə yayımlanan xəbərlər, yeniliklər, şayiələr qədərincə maraqlı deyil. Hamı bir kadrın, bir sətrin, bir mahnının, və daha mən nə bilim nəyin, dahiliyini bir günlüyə yaşayır, bir saatlıq xoşbəxt olur və sonra itir. Vasitələrə heç bir qadağa qoyulmur. Amma yenə bilinmir ki, bu nəhəng virtual Sistem insanların dünyasını işıqlandırmaq üçündür, yoxsa yandırmaq üçün… tələdir, yoxsa oyuncaq… tanrıdandır, yoxsa İblisdən?.. İnternet intiharın imitasiyası kimi götürülə bilərmi, əgər insan gerçəklikdən qaçıb virtual dünyada gizlənməyə çalışırsa? /teatro.az/

Image result for aydın talıbzadə

# 2782 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #