Volkov, qaç, atbasdı millət gəlir! - Aqil Abbas yazır...

Aqil Abbas

Aqil Abbas

13 dekabr 2022
# 13:30

Kulis.az Aqil Abbasın yeni yazısını təqdim edir.

Mirzə Cəlilin bir məqaləsi var, Şuşanın qubernatoru Qalaşapova yazıb. Yazır ki, ey yari-bivəfa Qalaşapov, sən Şuşada müsəlmanları niyə incidirsən? Və Qalaşapovun müsəlmanların başına açdığı oyunlardan yazır. Uzun-uzadı yazmıram, həmin məqaləni tapıb şənbə nömrəmizdə çap edərəm oxuyarsınız. Savadınızı bir az artırarsınız görərsiniz ki, bu gün Qarabağda baş verən hadisələr həmin hadisələrin təkrarıdır, heç nə dəyişməyib. Təkcə o vaxt qubernatorun soyadı Qalaşapov idi, indi general- qubernatorun soyadı Volkovdur.

Məqalənin axırında da Mirzə Cəlil gül vurur, yazır ki, ey yari- bivəfa Qalaşapov, əgər, Şamaxıdan Hacı filankəs 40 peçenyənin üstünə Quran ayələri yazdırıb, Nikolay padşaha göndərməsəydi, Rus-Yapon müharibəsində (indi olsun Rus- Ukrayna müharibəsi) canınızı hara qoyardınız, Yaponların qabağında dayana bilərdiniz və sair və ilaxır.

Mirzə Cəlilinin bu məqaləsindən sonra, Qalaşapova Bakıdan teleqrama gedir ki, başını orda islat, gəl burda qırxdır. Yəni Qalaşapovu işdən çıxardırlar. Onun ardınca Mirzə Cəlil ikinci bir məqalə yazır. Bu dəfə Qalaşapovun dilindən, Qalaşapov deyir ki, məni niyə çıxardırsınız, mən hələ sizin bütün əmr və tapşırıqlarınızı yerinə yetirə bilməmişəm, yəni müsəlmanları sizin dediyiniz qədər hələ incitməmişəm. Bakıdan 2-ci teleqrama gedir ki, sən gəl, başqasını göndərərik, yerdə qalanlarını da o edər.

Bununla Mirzə Cəlil xalqa demək istəyir ki, bu Qalaşapov gedəcək, başqa bir Volkov gələcək.

İndi iki gündür yüzlərlə QHT nümayəndəsi, jurnalist Laçın dəhlizinin ətrafına yığılıb, Qalaşapovu, bağışlayın, Volkovu tələb edirlər. Tələb edirlər ki, niyə üzərinə götürdüyü missiyanı yerinə yetirmir, niyə ekoloqları Qarabağa buraxmır və sair və ilaxır.

Volkov da iki gündür üzə çıxa bilmir, yəqin, Moskvadan tapşırıq alıb ki, otur, xarabanda, biz hələ sənə verdiyimiz tapşırdıqları yerinə yetirməmisən, hələ seperatçılara lazımi qədər silah-sursat göndərə bilməmişik, hələ Vardanyan bizə verdiyi rüşvətin yarısını çıxarda bilməyib.

Volkovun da xayası qalıb qapının arasında, bilmir neyləsin. Yaxşı başa düşür ki, Moskvanın bütün tapşırıqların, əmrlərin yerinə yetirməsə, Putin dartıb xayaların qoparıb özünə yedirdəcək.

Ola bilsin ki, bizim mitinqçilərin bu dirənişini sakitləşdirmək üçün Putin Volkovu geri çağırsın, yerinə Medvedyevi göndərsin. Söhbət vaxtı ilə prezident olan Medvedyevdən getmir. “Kakoy-nibud” general Medvedyevdən gedir.

Volkov, qaç, atbasdı millət gəlir! Bu gün əliyalın, dinc azərbaycanlılar Laçın dəhlizini bağlamağa çalışırlarsa, sabah Hikmət Mirzəyevin bozqurdları o Laçın dəhlizini bağlayar və Dəmir Yumruq işə düşər.

Həm də bizim heç bir hacımız, kərbəlayımız, məşədimiz 40 peçenyənin üstünə Quran ayələri yazıb Putinə göndərmək fikirləri yoxdur və olmayacaq da. Görüm Ukraynanın qabağında necə duracaqsınız?!

# 4477 dəfə oxunub

Müəllifin son yazıları

# # #