100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi

100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
24 iyul 2021
# 09:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Cücələrim” mahnısı haqda maraqlı faktları təqdim edir.

Bütün məşhur və gözəl mahnılar kimi “Cücələrim”in də taleyi qəribə olub. Deməli, mahnı yazıldığı tarixindən düz 10 il sonra məşhurluğa çatıb.

***

Mahnının yaranması ilə bağlı versiyalardan birində deyilir ki, 1947-ci ildə, Gəncə Flarmoniyasında bədii rəhbər işləyən vaxtlarda Qəmbər Hüseynli bu sadəlik abidəsini yaradır. “Cücələrim” Gəncə şəhəri 20 saylı orta məktəb şagirdlərinin xor kollektivinin Bakı şəhərində keçirilən məktəblilərin olimpiadasında ifa etmələri üçün yazılıb. Şəhər mədəniyyət evinin özfəaliyyət kollektivində çalışan məşhur bəstəkar həmin mahnının musiqisini notlara köçürür və uşaqlara öyrədir. Mahnının da ilk ifaçılarından biri o vaxt Qəmbər Hüseynlinin rəhbəri olduğu Sazçı Qızlar Ansamblının solistlərindən Səmayə Mirzəyeva olur. Sonra isə hazırda Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Muğam Teatrının direktoru çalışan Arif QazıyevMünəvvər Seyfullayev mahnını ifa ediblər. Arif Qazıyev sonradan verdiyi müsahibələrdə dəfələrlə vurğulayıb ki, “Cücələrim” mahnısı onun öz uşaqlığının xatirəsidir.

***

Bir başqa faktda isə qeyd olunur ki, Qəmbər Hüseynli bu mahnının ilk versiyasını Abbas Səhhətin sözlərinə uyğun bəstələyibmiş. Düzü, bu haqda dəqiq məlumat yoxdur. Hərə bir fərziyyə irəli sürür. Onlardan biri budur ki, Abbas Səhhətin məlum şeirində bəzi əski türk mənşəli sözlər varmış və bu sözlərin anlaşılması mahnı üçün çətinlik yarada bilərmiş. Ona görə də qısa zaman sonra vəziyyət dəyişir və bəstələnən musiqiyə şeiri Tofiq Mütəllibov yazmalı olur.

***

Müharibədən sonrakı illərdə, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibovla görüşür, ona bu musiqini dinlədir. Şair musiqini dinləyəndən sonra bəstəkar ondan xahiş edir ki, buna söz yazsın. İllər sonra Tofiq Mütəllibov xatirələrində yazır: “Mən hələ tələbə idim. Onda Respublika Bəstəkarlar və Yazıçılar İttifaqının iştirakı ilə ən yaxşı uşaq mahnısı üçün mətn müsabiqəsi elan olunmuşdu. Qəmbər Hüseynli mənim bir şeirimi qəzetdə görmüş, bəyənmiş və ona musiqi bəstələmişdi. O gündən başlayan dostluğumuz sıx münasibətə keçdi. Bir gün bəstəkar mənə yenicə bəstələdiyi musiqini göstərdi və ona söz yazmağımı xahiş elədi. Sözlər çox tez hasil oldu və “Cücələrim” yarandı. Mən təsəvvür eləyə bilməzdim ki, bizim birgə işimiz bu dərəcədə məşhur olacaq, sərhədləri aşaraq bütün dünyaya yayılacaq. Bu, böyük xoşbəxtlikdi. Şadam ki, “Cücələrim”in uğurunda mənə də pay düşür”.

***

Şair Tofiq Mütəllibovun qızı danışır ki, atası canlı aləmi, heyvanları çox sevirmiş. Atası köhnə evlərində toyuq-cücə saxlayırmış. Hətta evdəkilərə deyirmiş ki, mənim toyuq-cücələrimə dəyməyin, kəsib eləməyin.

***

1959-cu ildə, düz on il sonra mahnı məşhurlaşıb. Moskvada keçirilən Azərbaycan incəsənətinin ongünlüyündə incəsənət xadimləri ilə bir yerdə həmçinin pioner məktəblilərinin musiqili rəqs ansamblı da iştirak edirdi. Rəqs ansamblı tam fərqli bir formada çıxış hazırlamışdılar. Moskvanın Böyük teatrının səhnəsində, kütləvi xareoqrafiyada və eyni zamanda maestro Niyazinin rəhbərliyi ilə simfonik orkestrin müşaiyətində balaca Suğra Bağırzadə “Cücələrim”i oxuyur və alqışlarla qarşılanır. Tez bir zamanda mahnı bütün SSRİ-də məşhurluq qazanır. Hətta mahnı o qədər bəyənilir ki, hamının dillər əzbərinə çevrilir və SSRİ sərhədlərini aşaraq dünyada da tanınır. Məhz həmin konsertdən sonra pionerlərin rəqs ansamblı adını dəyişib “Cücələrim” olur. Suğra Bağırzadə həmin illəri danışarkən bir məqamı xüsusi vurğulayıb deyir ki, onlar Bakıdan Moskvaya gedərkən uşaqları bir yerə, onu isə müəllimlər olan kupeyə qoyublar. Səbəb isə Suğranın dondurma yeyib səsini korlamaması idi. Həmin uşaqlara rəhbərlik o dövrün ən dadlı dondurması olan “Minvod”u paylayır və onlar yeyərkən balaca Suğra bunu görüb ağlamağa başlayır.

***

Mahnının məşhurluğu filmlərə də gedib çıxır. Dövrün məşhur cizgi filmi “Nu, poqadi!”də də “Cücələrim” mahnısı səslənir, özü də Azərbaycan dilində. Canavarın toyuqların hininə girdiyi səhnədə. Azərbaycanın məşhur filmlərindən olan “Ögey ana” filmində də personajların birinin dilindən bu mahnı səslənir. Həmin mahnını Əfsər Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solistlərindən biri Almida Musayeva ifa edib və özünəməxsus ifası ilə rəng qatıb. Tofiq Quliyevin rəhbərliyindəki simfonik orkestr isə solisti müşaiyət edirdi. Eləcə də “Cücələrim” “Ulduz” filmində də səsləndirilib. Nəsibə Zeynalova ilə Lütfəli Abdullayev ilə birgə səhnəsində...

***

Mahnının məşhurluğuna daha bir sübut: 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Deyilənə görə, elə o illərdə Çexoslovakiyaya dəvət alan sovet nümayəndə heyətinin qarşılanma mərasimində SSRİ himni əvəzinə səhvən “Cücələrim” melodiyası ifa edilib və tərəflər arasında çaşqınlıq yaradıb. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi. Bəlkə də bizim ilk mahnımız idi ki, ölkəni dünyaya tanıtdı. Hətta “Cücələrim”i Azərbaycanın “vizit kartı” da hesab edirlər.

***

Maraqlı faktlardan biri də budur ki, 1968-ci ildə Hindistana qastrol səfəri zamanı Elmira Rəhimovanı stadionda 30 mindən çox adam xorla “Cücələrim”i ifa edərək qarşılayıb və bu jest müğənninin heyrətinə səbəb olub.

***

Ən maraqlı hadisələrdən biri isə bəlkə də budur: Azərbaycanın kino xadimləri Fransada olanda dünya şöhrətli rejissor və aktyor Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə qəfil pianinonun arxasına keçir və gözlənilmədən “Cücələrim” mahnısını ifa edir. Onu izləyən qonaqların təəccübünü görən Çarli Çaplin əlavə edir: “Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”

***

“Cücələrim”in bəstəkarı Qəmbər Hüseynli isə “bəxtəvərlik”dən uzaq öz zirzəmi evində yaşayır və bütün bunlardan xəbərsizmiş kimi yeni əsərlər yaradırdı. Yaxınlarından biri onun evinə qonaq gedib qayıdarkən pərişan imiş. Evdəkilər ondan səbəbini soruşanda Qəmbər Hüseynlinin evdəki vəziyyətindən gileylənir və əlavə edir: “Pianinosu belə yox idi...” Sanki onun bəstəsi dünyaya çıxmamışdı, sanki heç o mahnını bəstələməmişdi. Qəmbər Hüseynli isə dayanmırdı, yaradırdı, “Ay işığında”, “Muğana ceyran” kimi əsərlər yaradıb daha da çox sevilməyə, xalqın sarı simininə toxunmağa davam eləyirdi...

***

İndi isə mahnının bəstəkarı Qəmbər Hüseynli haqda... O, 1916-cı ildə Gəncədə anadan olub. Uşaq vaxtı atasını itirib. Uşaqlığı çətinliklə keçib. Qəmbərin kiçik yaşlarından musiqiyə sevgisi olub. Yaşadığı Gəncə şəhərində də mədəni mühit vardı, tez-tez buraya Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malıbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov kimi nəhəng imzalar gəlirdi. Qəmbər Hüseynli belə bir mühitdə böyüyür və musiqiçi kimi oxuyub xeyli uğura imza atır. 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə, 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur. Sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və görkəmli tarzən Zərif Qayıbovla birgə təhsil alır. “Rast”ı, “Şur”u, “Zabul segah”ı tarda məharətlə ifa etməsi ilə şəhərdə tanınır. Tələbəykən aşıq və el havalarını toplayıb nota alır… 1934-cü ildə istedadlı gənci Bakıya göndərirlər. Qəmbər Bakı Musiqi Texnikumunda tanınmış pedaqoq A.S.Şvartsın violonçel sinfində təhsil alır. Daha sonra qabiliyyətini görüb bəstəkarlıq şöbəsinə keçirirlər. O, pedaqoq Buruşteynin sinfində oxuyur. Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını da bu illərdə bəstələyir. Mahnı çox sevilir. 1939-cu ildə bəstəkar Şuşa Musiqi Texnikumuna direktor təyin olunur. Qəmbər direktor kimi yaxşı işləsə də, təzədən onu Bakıya çağırırlar və o, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi çalışır, həm də Üzeyir Hacıbəylinin məsləhətilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri olur. 1951-ci ildə Qəmbər yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq şöbəsində – bu dəfə professor B.İ.Zeydmanın sinfində təhsil almağa başlayır. Üç ildən sonra şair Mirmehdi Seyidzadənin librettosu əsasında “Qızıl quş” operasını, öz diplom işini yazır və 1954-cü ildə məktəbi bitirir. Bəstəkar 45 yaşında səssiz-küysüz bu dünyadan ayrılır... “Cücələrim”in məşhurluq qazanmasından iki il sonra – 1961-ci ildə. Keşməkeşli, ağır həyat keçirən Qəmbər Hüseynlinin ömrünün sonları da qara rəngsiz ötüşmədi. O, haqsızlığa uğrayaraq beş il müddətinə həbs olunmuşdu – Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiqin müdafiəsində dayandığı üçün... Dostlarının səyi ilə azadlıqdan çıxan Qəmbər Hüseynli sevinə bilmədi, çünki bu dəfə həbsdə keçən günlər ona xəstəlik bəxş etmişdi və o xəstəliklə də bu dünyadan köçdü.

***

Deyilənə görə, ölümündən bir neçə il əvvəl ona təzə mənzil də verilmişdi. Lakin “bəxtəvər” bəstəkara o mənzildə yaşamaq qismət olmadı... Qəmbər Hüseynlinin nəvəsi danışır ki, bir dəfə bəstəkar zarafatla dostlarına belə deyib: “Mənim “Cücələrim” dünyanın hər yerində özünə isti yuva tapdı, mən öz Vətənimdə o isti yuvanı tapa bilmədim”.

***

Qəmbər Hüseynlini bu mahnı üstündə tənqid edənlər də zaman-zaman tapılırdı. Deyirdilər: “Bu nə mahnıdır yazıbsan? İndi zəhmətkeş sovet fəhlələrindən yazmaq lazımdır. Yoxsa cücələrim, cücələrim”. Bəstəkar isə onlara özünəməxsus yumoru ilə cavab verib: “Cücələr böyüyəcək, toyuq olacaq, yumurtlayacaq, həmin yumurtaları da zəhmətkeş sovet fəhlələri səhər yeyib, işə gedəcəklər”. Onun bu sözləri quruluşu əsəbləşdirir. Deyilənə görə, Qəmbər Hüseynlinin həbs səbəblərindən biri də “Cücələrim” idi, çünki sovet rejimi mahnıdakı türk üslubuna görə hiddətlənmişdi.

***

Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkarımız Fikrət Əmirov Qəmbər Hüseynli haqda demişdi: "Qəmbər Hüseynli ömrü ərzində tək bircə “Cücələrim”i yazsaydı, yenə kifayət edərdi ki, onu musiqi sənətinin korifeyi kimi tanısınlar və sevsinlər".

***

“Cücələrim”i bir çox tanınmışlar ifa edib. Zeynəb Xanlarovanın bu mahnını ifa edən lent yazısı hələ də durur. Azərbaycanın böyük kaman ustadı Habil Əliyev də repertuarında “Cücələrim”ə müraciət edib və ən qəribəsi orasıdır ki, onun kaman ifasında hətta cücələrin səsi belə eşidilib. Və daha sonra Azərin, Aygün Kazımova, Dəyirman qrupu... Eləcə də xarici ifaçılar...

***

Maraqlı bir faktı da diqqətinizə çatdırmaq istəyirik: “Ayrılıq” mahnısı ilə könüllərdə taxt quran Yaqub Zurufçu 7 yaşlarında Təbrizin uşaqlar proqramında iştirak edib və “Cücələrim” mahnısı ilə həm Azərbaycanda, həm İranda dillər əzbəri olub.

***

Bir maraqlı faktı da diqqətinizə çatdıraq: “Cücələrim” üçün 1979-cu il sentyabrın 14-də Gəncə şəhərində ayrıca muzey yaradılıb. Bununla da “Cücələrim” adına muzey yaradılan yeganə uşaq mahnısı kimi tarixə düşüb.

***

“Cücələrim” 100-dən çox dilə çevrilib. O cümlədən “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib. Türk, rus, ingilis, alman, yapon, bolqar, polyak, serb, xorvat və rumın dillərinə tərcümə edilən “Cücələrim” bu gün də dünyanı gəzməkdə və sevilməkdə davam edir.

Eyni zamanda mahnı bir çox ölkələrdə rəsmən musiqi tədrisilərində də istifadə olunub.

İndinin özündə də “Cücələrim” əvvəlki şöhrətini qoruyub saxlayır və hələ də uşaqların, həmçinin uşaq qalan böyüklərin ən sevimli mahnısı olaraq qalır.

# 3902 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #