Hücum əmri verilib, dayanmadan irəli... - Cəbrayıl Dövlətzadə haqqında roman

Hücum əmri verilib, dayanmadan irəli... - Cəbrayıl Dövlətzadə haqqında roman
30 aprel 2021
# 09:01

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

RZA

bu döyüşdə çox böyük rəşadət göstərdi. Fərzalının dəstələrinin sağ cinahında döyüşən Rza bu döyüşdə ağır yaralandı. Aldığı yaradan həlak olan Rzanı Fərzalının döyüşçüləri səhəri gün yaylım atəşi sədaları altında dəfn etdilər. Mirzə Həşim qəbiristanlığında dəfn edilən Fərzalının igid döyüşçülərinə axund Molla Ağa özü şəxsən Yasin oxudu, şəhidləri göz yaşları içərisində qəbirə salladı.

Bu döyüşdən sonra Fərzalının şöhrəti bütün Zəngəzura yayıldı. İndi onun tərəfdarlarının sayı günbəgün artırdı.

MÜƏLLİF

Ana babam, güllələnən günə kimi Fərzalının sağ əli olmuş böyük bacısı Gülnisənin oğlu

MƏMMƏDQULU QULİYEV

danışırdı ki, dayım qaraqabaq, sərt baxışlı, ötkəm sözlü, səsinnən yer titrəyən qəzəbli bir kişi idi. Üstündə əzrayıl tükü vardı. Dəlləklər başını qırxa bilməzdilər - əlləri əsərdi. Ona görə başını həmişə ülgüclə mən qırxardım. Çox yeməzdi. Amma dadlı tikə yeyərdi. Kababı, plovu sevərdi. Plovu arvadı Tutu, kababı da mən bişirərdim ona. Şərab içməyi sevərdi. Bir dəfə mənə də içirtmək istədi, içmədim. Sözünü yerə saldığım üçün acığı tutsa da, məni çox istədiyinnən tez bağışladı. Axı həm də ən çətin yerlərə məni göndərərdi. Yox, elə bilmə ki, dayım kimi vurub-yıxan idim. Eləcə bərk yerişim, bir də çox güclü yaddaşım vardı. Mən dayımın çaparı kimi idim. Ona xəbər aparıb-gətirərdim. Birinci arvadımnan boşanannan sonra bacısı qızı İzafəni mənə dayım aldı. Toyumuzu da özü elədi. Dayım qəzəbli adam olsa da, mərd idi həm də. Düz danışan adamla dost olardı. Vay o günnən yalanını tuta. Qanın getdi demək!

Dayım qarınəvli* adam idi. Eşitdiyi bir sözü, xəbəri içinə salar, özü tam arxayın olmayınca bəyan eləməzdi. Teztav* adam deyildi. Ağr oturub, batman gələrdi.

Dayım deyirdi ki, məni allah qoruyur. Neçə dəfə vurmaq istəyiblər, mühasirəyə salıblar, öldürə bilməyiblər. Biri gözümün qabağında olub. Qaraşdar kəndindən enən yolda Mincivan bəylərinnən hansısa təxminən iki yüz metrdən dayımı nişan alıb atdı, güllə açılmadı. Hirslə dönüb yanındakı nökərə çaxdı gülləni, güllə açıldı. Nökər al-qana boyandı...

Deyirdilər ki, guya dayım İranda özünə dua yazdırıb, boynundan asıb. Ona görə güllə dəymir ona. Bunu onnan soruşdum bir dəfə. Gülüb dedi arvadların bəzəməsidi... Hə, arvad demişkən. Dayımın mənim bildiyim 12 arvadı olmuşdu. Hesabnan hər kənddə biri. Amma bircə Tutudan uşağı vardı... Hə, bir də dayımın gözəl səsi vardı. Papağının dalın qaldırıb əvvəl bir fit çalar, sonra girimiş səslə oxuyardı:

Cəfa çəkibən dastanıa müştaq oldum sənin,

Ay qız, ay qız, ay qız, a məməli-məstan,

Belə quzular yatan bostanıa müştaq oldum sənin

Oy-oy-oy-oy-oy, nənən ölsün, ay qız, ay qız...

Dayım deyərdi ki, bircə dəfə belə bir segah oxuyan kimi qız-gəlin sənəyi bulaxda qoyub atımın pişvazına çıxır. Mən arvadları səsimnən tuturam...

SƏTTAR VƏLİYEV

xatırlayırdı: “Mən onda 14-15 yaşlarında olardım. Bir axşamüstü ağam* dedi ki, Fərzalı sifariş eləyib, axşam gələcəm Baharlıya. Cavan-çoluğu bir yerə yığın, silahlandırın, erməninin qabağını kəsməyə gedəcəyik. Həmin gün yox, amma səhəri gəldi. Niyə yadımda dəqiq qalıb, ona görə ki, biz yeniyetmələr kəndin üstündəki dikə çıxıb onun dəstəsinin yolunu gözlədik. Nəysə, səhəri gəldi. Onun Baharlı kəndiylə qohumluğu vardı. Ona görə buradakı adamlara daha çox inanırdı. Əynində çərkəzi paltar, başında buxara papaq, çiynində onatılan tüfəng vardı. Qalifeyi şalvarının üstünnən xrom çəkmə geymişdi. Şəkmənin yanına tatarı şallaq taxılmışdı. Deyirdilər ki, atını da onunla şallaqlayardı. Bir də kimə acığı tutsa, salardı şallağın altına.

Onmu, on ikimi silahlı adam toplaya bildi. Onun da bir neçəsini çıxdaş elədi. Yadımdadır, kəndin məsçidindən dikəcən məsafəni həmin adamları qaçırtdı, qolundakı saatla da vaxtını yoxladı. Yaxşı qaça bilməyənləri sıradan çıxartdı. Sonra seçdiyi adamları da özüylə götürüb getdi. Ta bir həftədən sonra həmin adamlar qayıdıb gəldi və kəndə xəbər yayıldı ki, Fərzalıgil erməniləri geri oturda biliblər... İgid adam idi Fərzalı. Qorxmaz, cəsarətli, həm də basdığını kəsəndi. Gözlərinin içinə baxmaq olmurdu. Adamı üşütmə tuturdu.”

MÜƏLLİF

Bunlar isə ana nənəm (Fərzalının bacısı Pakizənin və Baharlı Səfərin qızı)

İZAFƏ SƏFƏR QIZININ

dedikləridir: “Dayım Sava ermənilərin üstünə qoşun çəkəndə mənim on yaşım olardı, ya olmazdı. Yetər nənəm zulum-zulum ağlayırdı. Xalam oğlu Məmmədqulunu da (sonra məni ona ərə verdi dayım) özüylə çapar kimi aparmışdı. Nənəm Yetər, xalalarım (Fərzalının bacıları) Gülnisə, Şahnisə, Gözəl,(mənim anam Pakizə vəbadan ölmüşdü) qızları Təzəgül, Naran, Tavar ağı deyib ağlayırdılar. Mən də onlara qoşulmuşdum, elə bilirdim ki, dayıma nəsə olub. Bu vaxt Məmmədqulu tanımadığım bir silahlı ilə içəri girdi və üzünü bizə tutub dedi: “Vallah dayım dedi ki, gedib görsən ki, bizim arvad-uşaq ağlaşırlar, tut silahı üstlərinə, güllələ onları! Durun ayağa. Tez təndir salın, çörək bişirin. Mən də Hüsüeynalı dayımın beşyaşar cöngəsini kəsməyə gedirəm. Onu kəsib doğrayanacan biriniz də gəlin əti tökün qazanlara pörttənsin. Qoşun acdır.”

Nənəm kiridi. Bizə də təpindi ki, durun ayağa. Həmin gün kənddə beş təndir saldılar. İlk dəfə mənə də taxta-oxlov verdilər ki, çörək yayım. Axşamtərəfi Məmmədquluyla o yad adam iki qatırı bişmiş ətlə, çörəklə yükləyib yedəklədilər, Sav deyibən getdilər. O gecənin səhəri Qaragöz kəndinin igidlərindən olan İrzaya güllə dəymişdi. Yaralısını gətirsələr də, yazıq qan itirdiyinnən tez öldü. Amma dayımgil erməninin azğın ordusunu bizim tərəflərə buraxmadılar.”

On üçüncü səs

MÜƏLLİF

Payız gəlmiş, pandemiya ac qurd kimi dişlərini qıcayıb əhalinin üstünə atılmışdı. Tanınan adamlar, adlı-sanlı həkimlər, şöhrəti ölkəylə bir olan vəkillər virusa təslim olur, dünyalarını dəyişirdilər. Bizim ailəyə yaxınlığı ilə seçilən, müəyyən qohumluq əlaqələrimizin də olduğu iki ailədə də itki olmuş, hər birindən xanımlar vəfat etmişdi. Təbii ki, yas barədə söhbət belə gedə bilməzdi, ona görə də heç olmasa telefonla baş sağlığı vermək istədim. Hər iki xanımın qardaşlarına zəng etmək istədim. Məlum oldu ki, birinci xanımın qardaşı xəstəxanada süni nəfəs aparatına qoşulu halda yatır. İkinci xanımın qardaşı isə çox çətinliklə telefonda danışdı və boğula-boğula dedi ki, çox sağ olun baş sağlığına görə, inanırsınızmı, heç mən özüm dəfnə gedə bilmədim...

...

Belə bir zamanda xəbər gəldi ki, Sabunçuya şəhid gəlib. Baxmayaraq ki, mən özüm korona virusun caynaqlarından təzəcə qurtulmuşdum, geyindim, ağzıma qoruyucu ağızlıq bağladım və şəhid gələn məhləyə getdim. Soruşun, gedə bildinmi?

Yollarda o qədər maşın vardı, o qədər insan seli vardı, on dəqiqəlik yolu yarım saata gedə bildim. Tatarski adlanan məhlədə gənc şəhid Məhəmmədəlinin təziyəsinə bəlkə on min, ya bəlkə on beş min adam yığışmışdı. Kimsə dodaqlatı deyirdi:”Hələ Sabunçu belə matəm görməyib.”

Hamının ağzında ağızlıq olsa da, uşaqlar və kənarda dayanmış hərbçilər ağızlıqda deyildilər. Bir az aralıda dəstə halında durmuº gənclər tez-tez şüar səsləndirir, aranın sakitləşməsinə mane olurdular.

“Şəhidlər ölməz, Vətən bölünməz!”

“Şəhidlər candır, Qarabağ Azərbaycandır!”

“Düşmənimiz dinməsin, bayrağımız enməsin!”

“Canımızdı şəhidlər, qanımızdı şəhidlər!”

“Hüseynin yolun gedək,
Şəhadətin mübarək!”

Sonuncu sətirləri bütün meydan təkrarladı və az sonra şəhidin cənazəsi gətirildi. Ana evlərinin ikinci mərtəbəsinnən enib oğlunu ağı ilə qarşıladı. Bütün meydanın qadınları onun sözlərini təkrar etdi və

hönkürüb ağlaşdılar.

İyidim cənazədə
Ürəyidi nizədə...
Aləmi yalav qarsdı,
Odu düşdü bizə də...

Daha dayana bilmədim. Hönkürüb ağladım və bərk üşüdüyümü hiss edib evə döndüm.

ANA

Gündüzlər bir gözüm xəbərlərdə, biri hava haqqında məlumatda idi. Gecələr durub göyə baxardım. Üzüm allahdadır ki, yağış yağmasın, qarlamasın, mənim balam da, cəbhə yoldaşları da islanmasın. Bir yandan düşmənin gülləsi yağır başlarına, bir yandan da yağış, qar islatmasın, üşütməsin onları... Onların hamısı mənim balamdır... Ayaqlarına dəyən daş, ürəyimə dəyir...

Dünən eşitdim ki, qonşuya şəhid gəlib. Titrətmə tutdu məni. Uçundum, uçundum...

NƏNƏ

Dilim-ağzım qurusun, bu uşağa nə oldu, niyə zəng eləmir. Bəs bilmir, biz burda onnan ötrü göydən asılı qalmışıq? Ay uşaq, ay bala, bir ayrı telefonnan yığın, bəlkə götürdü?!. O da olmasa yoldaşının, dostunun nömrəsini yığın... Bıy, başıma xeyir. Mənim ürəyimə damanda nəsə olur... Gecə tərslikdən yuxumu da qarışdırmışam... Ay bala, ay uşaq... Hardasınız? Niyə mənə bir söz deyən yoxdur? Bəlkə mənnən nəsə gizlədirsiniz?..

Neçə gündür balamın telefonuna zəng çatmır. O bu səbrin yiyəsi deyil axı...

Gecə qırmızı kitab görmüşəm... Qızılı rəngdə kitab... Bir qab su gətirin, suya danışım...

Qabağınnan ağ su ağsın, ay Cəbrayıl! Nənən gözlərinin giləsinə qurban, zəng elə, səsini eşidim, ay bala!..

MÜDAFİƏ NAZİRLİYİNİN SÖZÇÜSÜ

Ordumuz düşmənin atəş nöqtələrini susdurmuş, onların hücumuna əks-hücumla cavab verərək bir neçə əhəmiyyətli yüksəkliyi ələ keçirmiş, bir neçə yaşayış mənəqəsini düşmənnən azad etmişdir. Hücum zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilmişdir.

MÜƏLLİF

Ürəyim hələ belə ağrımamışdı. Yox, ağrımışdı. Bir də Xocalı faciəsi günlərində ağlamışdı...

Gəncə düşmən raketləri ilə gecə vaxtı bombalanıb və körpə uşaqlar, analar, qocalar – dinc insanlar həlak olub. Və o gecənin səhəri yazdıqlarım qan rəngində idi. Hər yan qan gölü olmuşdu. Gəncə qan gölündə boğulurdu.

GƏNCƏLİ KÖRPƏNİN MƏZARDA DEDİKLƏRİ

Gəncəyə ermənilərin raket zərbəsi zamanı
həlak olan ananı körpəsi ilə bir tabuta qoymuşdular.

(İnternet xəbərlərinnən)

Bura niyə belə dardır, ana? Sən məni həmişə bətninə sıxardın, amma indi bu yanımı bərk şey əzir axı? Məgər sənin bətnində belə bərk yer var?Mən eləsin görmədim hec?!

Ana, niyə dinmirsən? Sənnənəm axı...

Niyə qaranlıqdır bura? Mən axı sənin bətninnən çıxmışdım? Təzədən ora qayıtdım?

Bu adamlar niyə bura yığışıblar? Kimsə anlamadığım dildə nəsə oxuyur. Anlamasam da, ürəyimə yatdı amma...

Bir ora bax, baba ağlayır e... Səni ağlayır, məni ağlayır... Deyir ki, bizi xainlər öldürüblər... Biz ölmüşük? Ölmək nədi ki, ana?

Uy daaaa! Ana, bizi bu taxtanın içərisində dar bir yerə qoyublar ki?! Ana, bir dillən də... Üstümüzə torpaq tökürlər, ana!

Neynək, dinmirsən, dinmə. Sən ki yanımdasan... ömründə qorxmaram.

Hə, hə yadıma düşdü. Nə oldusa oyandım. Baxdım ki, sən yatırsan. Susamışdım. Elə səni çağırmaq istəyirdim ki, bir şey bum elədi. Su nədi, heç hava da olmadı nəfəs almağa... Ölüm buymuş də, ay ana...

O bum eləyəni kim atdı, ana? Bəs bilmədi ki, burda analar var, uşaqlar var?! Pis adammıs e, ay ana...

Ağzıma torpaq tökülür, daha danışa bilmirəm. Gəl ana, gəl səni bərk qucaqlayım ki, bu dar, qaranlıq yerdə tək olmayaq... Bircə bu bərk şey sağ tərəfimi əzməsəydi kaş...

Gəl, ana, gəl indi də mən sənin anan olum, qucaqlayim səni. Laylay çalım sənə:

- Anam laylay, anam laylay...

CƏBRAYIL

Hücum əmri verilib. Dayanmadan irəli şığıyacağıq. Əgər imkanım olsa, uça-uça gedərəm. İstəyirəm, min kilometri bir anda qət edim. Nədənsə ürəyimə damıb ki, ömrüm qısa olacaq. Ona görə bu savaşda daha çox irəli getmək, daha çox düşmən qırmaq istəyirəm.

Ona görə iki gündür telefonum da qapalıdır. Evdəkilər bilirlər, müharibədirsə, məni dayandırmaq olmayacaq. Ən çox anamnan nigaranam. Ona canım qurbandır. Amma neynim? Onun da anası, mənim də anam əvvəl Vətəndir. Mən Vətəni qorumasam, anamı da qoruya bilmərəm...

Bir əsgər vardı. Balaca oğlunun corablarını cibinə qoyub özüylə gətirib bura. Hərdən çıxardıb iyləyir. Düşünürəm ki, bizim Vətən o uşağın ayaqlarınnan, o corablardan başlayır...

Canım, anam. Əlvida. Bir azdan ölüm-dirim savaşına girəcəyik...

On dördüncü səs

TUMSATAN JURNALİSTİN YADDAŞINNAN

CÜMHURİYYƏT DÖVRÜ

Nuru Paşanın ordusu Azərbayjana gələndə onu ilk qarşılayanlardan biri də Fərzalı olmuşdu. Təsadüfi deyil ki, Zəngəzurdakı yerli özünümüdafiə dəstələrinə təlim keçən, silah paylayan türk zabitləri Bəhlul əfəndinin və Fərzalının himayəsində idilər. Fərzalı ərazidəki imkanlı adamları türk əsgərlərini yedirib-içirməyə çağırırdı. Bəzən bunu zorla etmək məjburiyyətində qalması ona əlavə düşmənlər qazandırsa da, o bunu edirdi. Çünki bilirdi ki, gələn qardaş ordusudur və bu ordu Azərbayjana nicat verəcəkdir.

(Türk ordusunun əsgərlərindən biri Rəzdərə kəndində ailə quraraq həmişəlik burada qalır. Həsən Hüseyn* adlanan bu mehmetçik Fərzalının dəstəsinə qoşulub onunla çiyin-çiyinə erməni-rus birləşmələrinə qarşı döyüşüb).

Başda Məhəmmədəmin Rəsulzadə olmaqla Azərbayjanda müstəqil dövlət qurulanda Zəngəzurda bu dövlətin dayaqları yenə də Sultan bəy, Qarabağın general-qubernatoru olan qardaşı Xosrov bəy, müstəqil hökumətin Zəngəzura qazı təyin etdiyi Bəhlul Əfəndi idilər. Fərzalı isə dəstəsi ilə dağlardan enərək milli hökumətə qulluq eləməyə başlayır. Tez-tez qəza mərkəzi Gorusa gedib-gələn Fərzalı minbaşı təyin olunur. Araz sahillərini tərk etmiş rus kazak dəstələrinin əvəzinə yaratdığı yeni silahlı dəstələr əslində gələcək milli hökumətin ordusunun ilk əsgərləri olacaqdı. Nə yazıqlar ki, gülü burnunda müstəqil dövlətimiz kimi onun ordusunun da taleyi faciəli oldu.

TARİXİ TOY

1919-cu ilin payızı idi. Anası Yetər xanım bir səhər oğlunun qabağını kəsib yalvardı:

- Oğlum, ay başına dönüm, Rəhimin böyün-səhər beş yaşı olacaq axı! Bu gədəni müsəlman elə, toyuq başı kəsdirəndə qapıları gəzməyək…

- Ay arvad, başım qarışıqdı, Türkiyədən ordu gəlir, gərək qabaqlarına çıxım… Bakını azad etməyə gedən Osmanlı ordusunun bir dəstəsi Zəngəzura, Araz qırağına gəlir…

- Ə, ay başıa dönüm, lap yaxşı eləyir gəlir! Elə o qonaxlarını da yığ bir yerə… Oğluna sünnət toyu elə.. Gələn ordaya da qurban olum, qabağına çıxana da… Dədən rəhmətlik deyərdi ki, əzəl Rum, axır Rum. Yəni onsuz da Osmannı paşaları bir gün gəlib çıxacaydılar… Sən oğluna toy elə, ordunu da çağır, yaranalını da...

Fərzalı anasının sözünə ciddi yanaşmasa da, bir cümlə tutdu onu: «Əzəl Rum, axır Rum!» Və ata minə-minə bacısı oğlu Məmmədquluya dedi:

- Məmi, qaç Sobuya, çalğıçı Minbaşıya de sabah dəstəsi ilə burda olsun. Ordan get Baharlıya, Moll Ağaya de, qoy qohum-qardaşı da yığıb bizə gəlsin, de ki, uşağı kəsdirirəm…

***

Yarımyaylaq təpəsi boyunca, Araz qırağında, Qara quzeydə və Qala daşında silahlı dəstələr düzülmüşdülər. Qaradərənin Yarımyaylaq təpəsinin yastanında tarixi bir toy başlamışdı. Çalğıçılar, aşıqlar, xanəndələr bir-birini əvəz eləyirdi. Aş qazanları dəmdə idi. Kababçılar qənərəyə vurulmuş toğluları doğrayıb şişə çəkirdilər. Zəngəzurun qazısı Bəhlul Əfəndi toyun indiki dildə desək masabəyisi idi. Həm Osmanlı ləhcəsiylə, həm də Azərbaycan türkçəsiylə danışa bilən Bəhlul Əfəndinin sevincinin həddi-hüdudu yox idi. Bir zamanlar təhsil almağa getdiyi İstanbullu dostları indi Azərbaycanı rus-erməni birləşmələrinnən xilas etməyə gəlmişdi. Üstəlik də, əməl dostu, silah qardaşı, Fərzalının oğlunun kiçik toyu idi.

General Nuru paşa sağlıq dedi və Fərzalıya minbaşı rütbəsi verdiklərini təntənə ilə elan edib cibinnən bir qırmızı məxmərə bükülü əl boyda əşya çıxartdı, parçanı aralayıb əl kiçik xəncəri Rəhimə uzatdı:

- Bu altun hançal bir kardaşlıq simgəsi kimi armağan qalsın. Rahim bey babası kibi kahraman olsun!

Hamı əl çaldı.

Ağbulaqdan gəlmiş aşıq saz çala-çala sobulu Minbaşının balabanının müşayəti ilə məclisdə süzür, Baharlıdan olan Yapon Səməd isə yazdığı şeirlə Fərzalını vəsf edirdi:

Fərzalı bir dövran qurub-
Şahların dövranı kimi.
Dostların yığıb, başına,
Zəngəzurun xanı kimi.
Rəhim bəy sığallanıb-
İstanbul sultanı kimi.
O bu gün sədd açacaq,
Yurdun müsəlmanı kimi.
Gör toyuna kimlər gəlib,
Osmanlı aslanı kimi…

…Hə, Yapon Səməd dedim axı… Deyirdilər ki, Səməd sinədəftər imiş. Həm elmi varmış, həm də xalçaçı-sənətkarmış, əsl aşıq kimi qoşqu qoşar, oxuyarmış. Gözləri qıyıq olduğuna görə Fərzalı ona Yapon Səməd deyərmiş və elə adı qalır Yapon...(Bir ehtimala görə isə Səməd həm bilikli, həm də çox dil bilən imiş. Fars, rus, ərəb dilləri ilə yanaşı fransızcanı da öyrənibmiş Tehranda oxuyanda. Həm də onun Baharlıda xalça sexi də varmış. Bütün bunlara görə ona Yapon səməd deyirmişlər.)

Güney Azərbayjannan – Üçdibin mahalınnan gələn qonaqlar hədiyyə gətirdikləri Qaradağ atını balaca Rəhimə təqdim edəndə anası Tutu xanım yandırdığı üzərliyi məjlisə gətirib əvvəl əri Fərzalı, sonra da bütün qonaqlara tərəf yellədi.

…Uzun illər bu toyun səsi-sorağı insanların yaddaşında qaldı. Qarşıdan gələn məşum illərin bu el qəhrəmanına nə hazırladığını bilməsələr də, hələlik bu xoş, gözəl günlərin dadını çıxarırdılar

İŞĞAL

Osmanlı ordusu öz işini görəndən sonra beynəlxalq güclərin təzyiqi ilə Azərbaycanı tərk etdi. Əslində komandan Nuru paşa ilə müstəqil dövlətimizin qurucularının münasibətləri gərgin idi. Nuru paşagil Azərbayjanı müstəqil dövlət kimi deyil, Türkiyəyə ilhaq olunmuş ölkə kimi təsəvvür edirdilər. Azərbayjan hökuməti adından M.Ə.Rəsulzadə, Fətəli Xan Xoski və Məmməd Hacınski Nuru paşa ilə görüşdülər. Paşa onlara demişdi: “Mən əskərəm, siyasəti anlamıram, ordunun siyasi müşaviri Əhməd Ağoğludur. Onunla görüşün”. Əhməd Ağoğlu isə nümayəndə heyətinə belə cavab vermişdi: “Siz Milli Şuranı bağlayın, hökumətdən əl çəkin. Nuru Paşa istədiyi adamlardan bir Azərbayjan hökuməti qurar”.

Məcburiyyət qarşısında qalan Müsavat hökuməti Əhməd Ağoğlu ilə danışıqlardan sonra ikinci Fətəli Xan Xoyski hökumətini qurmalı oldu.

İstefada olan türk zabiti Hüsaməddin Tuğac sonralar yazacaqdı: “Nəsib bəy Yusifbəyli mənə dedi: “Azərbaycanın sosial quruluşu bambaşqadı. Bakı sənaye və fəhlə mərkəzidir. Sultan rejimi buradakı əhvala uyğun gəlməz . Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyi üzərində dayanan bir hökumət qurmaq fikrindəyik. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son qoyacağıq. Milli və demokratik bir idarə istəyirik. Halbuki Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç də fərqlənmir. Əlbəttə, bu mövzu irq məfhumunnan ayrılır. Əlbəttə ki, Osmanlı türkləri Azərbaycan türklərinin böyük qardaşıdır. Ancaq Bakı İstanbuldan idarə oluna bilməz, bunun üçün Müsavat partiyasının federalizm prinsipi daima Osmanlı idarəsinə qarşı qoyulmalıdır”.

Osmanlı ordusunun ilhaqçı təklifini qəbul etməyən Milli hökumət yenicə dirçəlmişdi ki, şimaldan bolşevik küləkləri əsməyə başladı. Çarizmin imperiya siyasətinin varisi olan Sovet Rusiyası köhnə rus imperiyasının sərhədlərini bərpa etmək fikrinə düşdü və elə ilk hücumu da Azərbayjana elədi. Böyük ordunun qarşısında duruş gətirə bilməyəcəyini anlayan Milli hökumət təslim olmaq məcburiyyətində qaldı.

İşğalçı ordunun ağlasığmaz əməlləri isə həddini aşırdı. Keçdiyi yerlərdə ziyalıları, mülk sahiblərini güllələyən, həbsə atan bolşeviklər qəsrləri, malikanələri, məsçidləri belə dağıtmaqdan çəkimirdidər. Onların hədəfində təbii ki, qaçaqlar da vardı…

Fərzalı yenə silahını götürüb (əslində o heç vaxt onu yerə qoymamışdı) dağlara çəkildi. Çünki artıq Pirçivannan (rayon mərkəzinnən) bolşeviklər xəbər göndərmişdilər: “Fərzalıya deyin, silahını da götürüb rayon mərkəzinə gəlsin”. Özü də xəbəri yeni hökumətin yerli nümayəndəsi, bacısı oğlu Məmmədqulu gətirmişdi. Oğlu qədər sevdiyi bacısı oğlunun belə fərasətli olması onu sevindirsə də, düşmənlərlə işləməsi xoşuna gəlməmişdi. Dağa qalxmazdan əvvəl bacısı oğlunu çağırıb üz-başını qırxdırmış, (dəlləklər onun üzünü, saçını qırxa bilmirdilər, əlləri əsərdi. Deyirdilər ki, Fəzi, üstündə Əzrayıl tükü var, əlimiz əsir…), sonra da onun partiya biletini alıb baxmış və demişdi:

- Bu düşmən partiyasına girməyini istəmirəm… Amma onlarla işləməyini istəyirəm... Birdən mənim başıma bir iş gəlsə, tayfanı yalnız sənə etibar edəcəyəm. Rəhimi Zəngilannan, lap Zəngəzurdan çıxararsan… Qoy gedib sakit yaşasın… Amma harda olursa-olsun gözün üstündə olsun… Qızlarım Naran, Tavar, Təzəgüldən müğayat olarsan… Bacılarım, bacım uşaqları, qardaşımın oğlu… Bunların hamısınnan muğayat olarsan… Əgər sənnən mənim əleyhimə danışmağı istəsələr, danış, təki onların etimadını qazan… Vacib xəbər eşitsən, mənə çatdır… Səninlə mənim gizlicə görüşən adamım olacaq, onlara nə xəbər olsa, deyərsən…

Məmmədqulunun partiya biletini cırıb ayağının altına atdı, sonra atını minib gözdən itdi. Səhəri gün təzə hökumətin Ördəklidəki idarəsi yandı, Məmmədqulunun da partbiletinin kötüyü içində. Beləcə, bir daha Məmmədqulu bolşevik partiyasının üzvü olmadı. Amma təzə hökumətin kənddəki ilk şura sədri oldu...

…Üç gün sonra Bartaz kəndinəki partiya özəyinin binası yandı. (Əslində onda rayon mərkəzi elə Bartaz idi.) Özək katibi də içində yanıb külə döndü.

…Bir həftə sonra Pirçivandakı Məşədi Tarısın ikimərtəbəli imarətində yerləşən milis idarəsi yandı… Atlı milislər, dalınca da rus soldatları (artıq onlar qayıtmışdılar) Qaradərəni üzük qaşı kimi mühasirəyə aldılar. Fərzalının qohumlarının evinə, öz evinə güdükçülər qoyulmuşdu.

Bacısının əri, galladar Kərbalayı Qasım “silah gizlətmə” adı ilə həbs atılmış, bacısı Şahnisə ev dustağı edilmişdi. Rayonda milis idarəsində mühüm işdə işləyən Həsənqulu Bayramovun işə qarışmasından sonra Kərbalayı Qasım azad edildi.

Hələlik Məmmədquludan şübhələnmirdilər…

MÜƏLLİF

Bütün bunlar barədə sonralar görüşdüyüm rayonun ağsaqqallarınnan olan mərhum

HƏSƏNQULU BAYRAMOV

belə danışırdı: “Mən çox gənc idim. Rayon NKVD-sinin sədri Gəncinskinin müavini işləyirdim. Fərzalı ilə də şəxsən tanışlığımız vardı. Bir dəfə o məni Sobu meşəsində üç milis işçisiylə birgə mühasirəyə salmışdı. Müqavimət göstərməyin yersiz olduğunu görüb təslim olduq. Əl-qolumuzu da, gözümüzü də bağladılar. Gözümüzü açanda özümüzü dağın cəbəsində* bir qırğı yuvası boyda yerdə gördük. Amma bir az içəri gedəndə buranın ev boyda bir kaha olduğunu anladıq. Bu kahada bəlkə də bir aylıq azuqə vardı. Bu qırğı yuvasına ancaq kəndirlə qalxa bilərdin. Bu sıldırım qayaların arasında oturan qaçaqlar, istər bizim, istərsə də rusların əskərlərini bir-bir dənləyirdilər. Özlərinin isə heç burunları da qanamırdı.

Fərzalının göstərişilə bizə yemək verdilər. Sonra kəkliyotu çayı içdik. Nəhayət, o eşməsini odlayıb dedi:

- Həsənqulu, bilirsən ki, biz səninlə düşmən səngərlərdəyik. Ona görə sənin qanın mənə halaldı. İstəsəm, bu dəqiqə bir qırma atmadan səni də, milislərini də bu qırğı yuvasınnan ataram, qanınızı da batıraram. Amma mən, özümə söz vermişəm ki, qanı qanımnan olan türkə, musurmana güllə atmıyacam, ta ki, o maa güllə atanacan... Belə baxıram ki, bu xəmir hələ çox su aparacaq. Yəni ya sən məni, ya mən səni öldürəcəyəm. Bunların heç birinin olmaması üçün gəl səninlə belə bir əhd bağlayaq: hansı birimizin əlinə girəvə düşsə, birinci gülləni göyə atsın. Bu, bir. İkincisi, gözlənilən təhlükədən bir-birimizi xəbərdar edək. Üçüncüsü, ən əsası, nəsil-nəcabətimizin qadın qisminə hansı bir hökümət, yaxud səlahiyyət adamının toxunmasına imkan verməyək. Yəni bu ağır zamanda bir-birimizi qoruyaq... Səni də, o milislərini də buraxacam. Bax, o içəridə, kahada oturub qorxudan sarısını udan milislərinə də deyərsən ki, bizi ona görə buraxdı ki, gedib bacısının ərini türmədən çıxartdax... Nə deyirsən?

Dedim, Fəzi, gözlərinin qadasın alım, mən razı. Amma sən adamlarıa deyərsən, yolda qabağımızı kəsib milislərin birini yaralayarlar. Sonra mən qışqıraram ki, Fərzalı bizi buraxıb. Bizdən əl çəkərlər. Yəni rayonda buna inansınlar...

Nə təhər demişdim, həylə də oldu. Amma milislərdən birinin şah damarını güllə qırmışdı, qolu yanında qaldı ömürlük... Hə, o ki qaldı Fərzalıya... O məni həmişə qorudu. Amma mən onu axıracan qoruya bilmədim... Heyf oldu...

----

*Həsən Hüseyn haqqında babam Məmmədquludan eşitmişəm. O danışırdı:”Nuru paşanın dəstəsindən ilişib burada qalan Həsən Hüseynin demiyəsən gözaltısı varmış. Bəlkə elə burda qalmağının bir səbəbi də buymuş. Nəysə, Həsən dərdini Fərzalıya açır. O da gülüb deyir ki, onnan asan nə var? Qorxma, mən yoluna qoyaram.

Fərzalı Baharlı çayının ən hörmətli adamlarını da özüylə götürüb qız evinə elçi gedir. Qızın atası bir az çəm-xəm eləmək istəyəndə Fərzalı tüfəngini çevirib deyir:

- Əşi ey! Gözünü aç, maa yaxşı-yaxşı bax! Mən səni adam yerinə qoydum. Saydım, ayağın yer aldı deyəsən?! Oğlan qızı istiyir, qız da oğlanı. Əslində mən özüm tək gələcəkdim, intəhası dedim qoy el adəticən olsun. O ki qaldı oğlana, o burda qərib-zad deyil! Onun mənim kimi arxa-köməyi, qardaşı var. Hazırlaşın, səhər toydur.

Qızın atası yasalayır:

- Ay Fəz! Qurbanın olum, nə deyirəm ki?! Bir oğlan bir qızındı... O da Osmannıdan olan qardaşımızdı... Xoş gəlib, səfa gətirib... Allah xoşbəxt eləsin...

Uzun sözün qısası, toy olur. Allah Həsənin övlad payın da verir. Sonra Sovet höküməti qurulur, 1928-də Fərzalını tuturlar. Elə o vaxt Həsən Hüseyni də evindən aparırlar. Gecə ikən tutulanları Pirçivandakı iri kanalın üstünə düzür, güllə ilə vurub kanala salırlar. Həsən Hüseynin bəxti gətirir. Güllə xayasına dəysə də, o ölmür. Meyidlərin altında gizlənir. Sonra üzə-üzə gedib o başdan çıxır, qaçır qaynatasının evinə. Arvadı, qaynanası onun yarasını biºirirlər. Düz bir il bayıra çıxmır. Ara sakitləşənnən sonra üzə çıxır.”

Sonra mən Zəngilanda “Bilik” cəmiyyətində və yerli qəzetdə işləyəndə raykomda bir Həsən Hüseynovla tanış oldum. Bu gənc adam 1-ci katibin köməkçisi, babamın haqqında danışdığı Həsən Hüseynin nəticəsi idi. Mən ona bu əhvalatı danışanda, dedi ki, hə düz deyirsiniz, mənim babam Türkiyədən olub. Amma xahiş etdi ki, bu barədə hələ yazmayın... Anladığım qədəri ilə ehtiyat edirdi. (Müəllif)

*Qarınevli – sözü içəri verən, sirr saxlayan.

*Teztav - qarınevlinin tərsi; sözü tez deyən, hisslərini tez biruzə verən, özündən tez çıxan. Muğadəm Baharlısından mərhum ağsaqqal, çox müdrik bir adam olan

*Cəbə - dağın ən sıldırım yeri. Bəlkə də cəbhə sözündəndir.

# 3000 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #