Hüseynbala Mirələmovla kiçik bir xatirəm və məlum video söhbəti 

Hüseynbala Mirələmovla kiçik bir xatirəm və məlum video söhbəti 
22 aprel 2021
# 11:03

Mədəniyyət Nazirliyinə yenicə işə düzəlmişdim. 2008, ya da 2009 olardı. O vaxt Hüseynbala Mirələmov millət vəkili idi və hər yanda ondan bəhs edirdilər; yaltaq tənqidçilər, yazıçılar onu tərifləyir, titullu yazıçılar yanlarında verilişə çıxarır, teatrlar əsərlərini səhnələşdirirdi.

Amma Azad Yazarlar Ocağının gənc və nadinc üzvləri bu rahatlığı Hüseynbala müəllimə çox görürdülər. Mütəmadi sərt tənqidlər yazılır, lətifələr qoşulur, karikaturalar çəkilirdi.

Mən düşünürdüm; görəsən, ədəbiyyatda, zorla, təbliğatla nəyəsə nail olmaq mümkündürmü?

Cavabım hazır idi: əgər belədirsə, o ədəbiyyat ədəbiyyat olmaz axı!

Sonralar bir balaca səhv elədiyimi anladım. Sən demə, təbliğat müəyyən zaman dilimində olsa da öz işini görür.

Söhbət təkcə Hüseynbala Mirələmovdan getmir, ümumilikdə deyirəm. Sovet quruluşunda da, kapitalist cəmiyyətində də təbliğat və reklamla ictimai rəyə otuzdurulan imzalar olub. Onların bəziləri qısa ömürlü, bəziləri uzun ömürlü, bəziləri hardasa əbədi davam edib.

Söhbətdən yayınmayaq. Nazirliyin bir tədbirində Hüseynbala müəllimlə tam təsadüfdən yanaşı oturası oldum. Bu vaxt müxalif düşüncəli gənc bir dostumun əlində fotoaparat ortalıqda gəzdiyini gördüm. Hiss etdim ki, o, məni Hüseynbala müəllimlə çəkib zarafatlaşacaq. Ona görə, dostumu özüm çağırdım, təklif etdim ki, müəllimlə mənim şəklimi çək.

Bu vəsilə ilə Hüseynbala Mirələmovla aramızda səmimi bir söhbət başladı. Mən məni maraqlandıran mətləbi onun özündən soruşdum.

Dedim, bəzi gənclər sizi sərt tənqid edirlər, buna necə baxırsınız?

Dedi, onların hamısı mənəviyyatını itirən, alkaş, avara, axmaq adamlardır, bütün günü onun-bunun dalınca danışmaqdan başqa iş-gücləri yoxdur.

Dedim, heç düşünmüsünüzmü ki, bəlkə bu tənqidlərdə həqiqət də var?

Dedi, qəti elə deyil, o adamlar nə danışdıqlarını, nə yazdıqlarını bilmirlər.

Mən diqqətlə həmsöhbətimin üzünə baxdım. O, bu sözləri əminliklə söyləyirdi və dediyinə səmimi-qəlbdən inanmışdı.

Elə oradaca anladım – yazıçı kimi tanınmaq həvəsi reallıq hissini tamamilə itirə bilirmiş!

İllah da imkanın və titulun varsa...

Onu böyük yazıçı olduğuna inandırmışdılar!

Yaltaq və işbaz ordusunun içərisində mütləq azlıq kimi görünən həqiqət Hüseynbala müəllimi əsəbiləşdirirdi.

Məncə, bu, Hüseynbala Mirələmovdan çox çirkaba bulaşmış mühitin problemi idi.

Eynən indi video söhbətində olduğu kimi...

# 3617 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #