Əli Əmirlidən yeni hekayə: Mələk əmi

Əli Əmirlidən yeni hekayə: Mələk əmi
20 aprel 2021
# 09:00

Kulis.az “Hekayə günü” yazıçı-dramaturq Əli Əmirlinin “Mələk əmi” novellasını təqdim edir.

Mən çox gözəldim, bəlkə elə buna görə ailəmizin sonsuz məhəbbəti ilə əhatə olunmuşdum, çöldə-bayırda, küçədə insanların həsəd dolu heyrət ilə üzləşirdim, bitib-tükənməyən xoşbəxtlik içindəydim. Atam, yazıq anam, ondan da yazıq bacım mənimlə fəxr edirdilər. Kiçik yaşlarımda hər biri əlimdən tutub məni gəzdirməkdən zövq alırdı.

Ailəmiz adi xoşbəxtlik standartlarına cavab verən kiçik bir ailə idi. Atam, onda çox xoşbəxt olan yazıq anam, o vaxtlar yazıq anamdan da xoşbəxt olan zavallı bacım, bir də hamını uşaq gözəlliyi ilə heyran eləyən mən...

Bilmirəm babammı, bəlkə ulu babam vaxtı ilə repressiyaya uğramış, Qazağstana sürgün edilmişdi. Mən bunu çox sonralar bildim, dünyadan ağlım bir şey kəsəndən sonra. Niyə, səbəb nəydi, bu nə repressiya idi, heç vaxt başa düşmədim, indinin özündə də bunu anlamaq mənim üçün çətindir.

Mən o sürgün olunmuş adamları görməmişdim. Onlar haqqında bildiklərim də az idi. Bəlkə bu barədə danışacaq adamlar qalmamışdı. Gözümü açıb atamı görmüşdüm, o da elə Qazağıstanda doğulmuşdu, deyəsən Kokşetauda. Biz rus dilində danışırdıq: anam, bacım və mən. Atam məktəbi bir az qazax dilində oxumuşdu, sonra da rus dilində. Atamla anamın başqa bir dildə də danışdıqlarını eşidirdim hərdən. Bu dildə qazax sözləri də vardı. Sonradan, bir az yaşa dolanda bildim ki, bu Azərbaycan dilidir, biz Azərbaycanlıyıq, əsil vətənimiz də Bakıdır. Və günlərin bir günü atam bizi yığıb vətənə gətirdi, Bakıya. Bu o illərdi ki, Sovetlər dağılmışdı, hər yerdə yaşamaq çətinləşmişdi. Hamını öz vətəni çəkirdi.

Əmim deyilən bir kişinin evlərindən birində, iki otaqlı mənzildə yerləşdik.

Bakıda bizim, daha doğrusu, atamın işləri düz gətirmədi. Qazağıstanda nə qazanmışdısa, əlindən çıxdı, böyük borca düşdü, Rusiyaya getdi, bəlkə də borclu olduğu adamlardan qaçmışdı.

Bir neçə ay, bəlkə də il, beləcə keçdi. Atamdan vaxtaşırı dolanışıq üçün pul gəldi, sonra da ölüm xəbəri. Anam demiş, dərd gələndə batmanla gəlir. Bacımın çoxdan heydən düşmüş ayaqları sözünə baxmırdı. Məktəbə güclə gedirdi. Həm yeriməyə çətinlik çəkirdi, həm də utanırdı. Dava-dərman da kömək eləmirdi. Anam qiymətli nəyimiz vardı bir-bir satdı. Əmim deyilən kişi də bizi evdən çıxarmaq istəyirdi. Əslində atam öləndən sonra biz onun üçün yad adamlardıq. Anam Qazaxıstan vətəndaşı olduğundan heç yerdə işə girə bilmirdi... yaşamaq üçün heç nəyimiz yoxdu. Bunları mən sonralar başa düşdüm, o vaxtlar yaşım az olduğundan qanmırdım belə şeyləri, elə həmişə nəsə tələb eləyirdim, istəyirdim...

Vaxt gəldi yazıq bacım daha evdən çıxa bilmədi, adı çətin olan, əlacsız bir xəstəlik öz işini gördü. Onuncu sinfi yarımçıq qaldı, amma müəllimlər hərdən gəlib evdə ona dərs deyirdilər. Məktəb də güzəşt edirdi. Bacıma kimsə əlil arabası da vermişdi, anam onu əlil arabasında məktəbə aparıb-gətirmək istəyirdi, amma Mina heç cür razı olmurdu. O, əlil arabasında sinfə girməkdən qəti imtina elədi. Bu ağır xəstəlikdən sonra mənim onsuz da az danışan bacım tamam susmağa üstünlük verdi.

Bilmirəm, biz necə yaşayırdıq, amma evdə hər dəfə nəyinsə yoxa çıxması çox şey deyirdi. Anam tez-tez ağlayırdı. Bizim müraciət etməyə heç kimimiz yoxdu. Siz elə bilirsiniz bu bədbəxtliklərin sonu idi? Elə olsa nə vardı?! Anam demiş, xoşbəxtliyin həddi var, bədbəxtliyin isə həddi-hüdudu, sonu yoxdur, onun elə gözlənilməz oyunları var ki!

Həyat içində çapalayırdıq, bizim hər günümüz yaşamaq uğrunda savaşdı, savaşan isə biz deyildik, həyatın özü idi bizi davaya çəkən. Mən bütün bunları sonradan başa düşdüm, tamam tək qalanda, həyat məni paltar kimi yuyub sıxanda. Həqiqətən, xoşbaxtlıq adama az şey öyrədir, bədbəxtlik isə... Mən birdən-birə böyümüşdüm. Bir vaxtlar necə xoşbəxt olduğumu indi qanırdım, onu atamla bir yerdə itirəndən sonra.

Bircə sevinc yerim vardı: insanların mənə, mənim gözəlliyimə heyranlığı! Yeniyetmə yaşında qız nə qədər tərif, kompliment eşidər?! Bütün məktəbdə məşhurdum, o qədər yaxşı oxumasam da, şəklim şərəf lövhəsindəydi. Müəllimlər də məni tərifləməkdə yarışa girmişdilər.

Daşdan-qəmbərdən ağır illər beləcə keçirdi. Bacım ölüm-zülüm məktəbi bitirdi. Mən də böyüyürdüm, anam hərdən nəsə müvəqqəti bir iş tapır, yarıac, yarıtox dolanırdıq. Bu o vaxta qədər davam elədi ki, mən bir gün atdana-atdana məktəbə gedəndə yıxıldım. Sonra bir də... Bir də... Hər dəfə də yıxılanda anam qorxu ilə baxırdı mənə. Bir dəfə lap hirsləndi:

- Niyə yıxılırsan? Niyə ayağıvın altına baxmırsan? Niyə ora-bura ilişirsən?

- Mən ilişmirəm, mama...

- Ayağıvın altına baxmaq əvəzinə camaatın üzünə baxırsan, tərif gözləyirsən... Yekə qızsan, hələ də...

Anam haqlıydı, mən təriflərə, heyran baxışlara elə öyrəşmişdim ki, yanımızdan ötən hər adamın üzünə baxırdım, nəsə axtarırdım. Mən tərifə alışmışdım... Amma yıxılmağım ona görə deyildi, ayaqlarım məni saxlamırdı, ayaqlarım keyiyirdi...

Bir dəfə də anam əlimdən tutub məni məktəbə aparanda dümdüz yerdə yıxıldım. Anam hirslə qolumdan tutub məni qaldırmaq istədi, mən də qalxmağa çalışdım, amma qalxa bilmədim.

- Nə oldu, niyə durmursan, əzildin?

- Mən dura bilmirəm.

- Necə yəni dura bilmirəm? Bu nə deməkdi? Xəstələnmisən?

Anam az qala məni qucağında geri, evə gətirdi. Yazıq anam qarayanızdı, indi isə rəngi qapqaraydı. Danışa da bilmirdi.

- Nə olub mənə, mama? Mənim də ayaqlarım Minanınkı kimi...

- Axmaq-axmaq danışma!

Anam kobud hərəkətlə ağzımı yumdu, sonra ayaqlarımı yoxladı, dizlərimi, baldırlarımı əllədi, budlarımı ovuşdurdu. Bir az aralıda dayanıb bizə göz qoyan yazıq bacım səssizcə ağlayırdı.

Bundan sonra anamın ayaqlarımla ölüm-dirim savaşı başladı. Anam hesab edirdi ki, mən yeriməliyəm, mənim də şikəst olmağa ixtiyarım yoxdur. Ola bilməzdi ki, bir evdə iki uşağın ikisinin də ayaqları tutulsun, şikəst olsun! O bunu məntiqdən kənar bir şey bilirdi.

O, indi məni məktəbə piyada aparırdı. Mənə necə zülüm elədiyindən xəbəri də yoxdu. Mən dözməyib ağlayırdım. Onda anam daha inadkar və qəddar olurdu.

- Sən yeriməlisən!

Yaxşı ki məktəb çox uzaqda deyildi. Anam rəhm etmədən qolumdan tutub məni sürüyürdü...

- Sən yeriməlisən!

Mən yazıq anama təslim olmuşdum. Yıxıla-dura, onun əlindən asılaraq sürünürdüm.

Bir əhəmiyyətsiz hadisə qalıb xatirimdə, xəstəliyimin getdikcə şiddətləndiyi vaxtlar idi. Buna baxmayaraq anam hələ qalib gəlmək inamını itirməmişdi. Yenə də çiskinli bir gündə ayaqlarım bir-birinə ilişə-ilişə məktəbə getdiyimiz yerdə gördüm yolumuzun üstündə kiçik bir gül dükanı açıblar. Dükanın lap qabağında qırmızı vedrədə bir qucaq ağ qərənfili görəndə ürəyim getdi. İstəyimin nə qədər ümidsiz olduğunu bilsəm də dilləndim:

- Mama, mənə gül al, ağ güldən...

- Az danış, Tina! Mənim bir gülüm çatmır!

Mən dartınıb dayanıram.

- Bircə dənə, mama! Nə olar, bircə dənə...

Anam qarşımda çömbəlib qulağıma pıçıldayır:

- Tina, indi sən yekə qızsan, başa düşməlisən, mamanın pulu yoxdu. Çörəyi bir həftədir nisyə alıram.

- Mən çörək istəmirəm, mama, gül istəyirəm... - Gözümdən yaş sıçrayır.

- Sən qələt eləyirsən, axmaq qız! Bu saat qalx ayağa!

Anam dartıb aparır məni.

Ertəsi gün yenə də həmin dükan, həmin qərənfillər.

- Mama, qurban olum, bircə dənə, lap bircə dənə...

- Bəsdi, Tina!

- Mama, yalvarıram, bircə dənə! - Var gücümlə dartınıram. - Saçıma taxacam!

- Bəsdi! Sən mənim zəhləmi tökdün! - Qolumu az qalır qopartsın. Məni sürüyə-sürüyə deyinir: - Gül elə sənin şikəst ayaqlarıva yaraşır...

- Mən şikəst deyiləm... - Qışqırığıma özüm diksinirəm.

- Bəs şikəst necə olur?!

Anam sürətini artırır. Mən ona çata bilmirəm...

- Xanım! Bacı! Sənnənəm!

Bizi səsləyən kişini birinci mən görürəm. Gül dükanının qabağında gördüyüm yekəqarın, qıvrım saçlı cavan kişini. Əlində həmin ağ qərənfillərdən kiçik bir dəstə bizim dalımızca qaçır.

- Mama, dayan!

- Gəl dedim, Tina, qışqırtma məni.

Kişi özünü yetirir bizə.

- Bacı, sən allah, pis başa düşmə... - Qabağımda diz çöküb əlindəki gülləri mənə uzadır.

- Bu qərənfillər sənindi, - altdan yuxarı anama baxıb günahkar kimi gülümsəyir. Qızıl dişləri parıldayır.

- Nəyə lazımdı? - anam tərəddüdlə etiraz etmək istəyir.

- Halal xoşu olsun!

Neçə gün həsrətində olduğum ağappaq qərənfillər mənimdi.

- Mama, bu güllər mənimdi?

Anam əlimdən tutub yenə də məni məktəbə tərəf dartır. Altdan yuxarı ona baxıram. Yanaqlarında yaş var, amma mən öz güllərimlə xoşbəxtdim.

***

Bilmirəm mənim məktəb yollarında çəkdiyim əzablı günlərin sayını. Mən artıq yekə qızdım, onuncu sinfə gedirdim, daha doğrusu sürünürdüm. Mən hamı kimi olmadığımı getdikcə daha yaxşı anlayırdım. İndi gözəlliyim də mənim kədər yerimə çevrilmişdi. Mənə deyilən təriflərin hamısı mütləq "Hayıf!" nidası ilə bitirdi. Qulağım "Hayıf, bu qızdan!" sözlərini tez-tez eşidirdi. Tez-tez də ağlayırdım. Mən artıq şikəst olduğumu bilirdim. Başa düşürdüm ki, mən bir də ayağa qalxıb hamı kimi yeriyə bilməyəcəm, yazıq bacım kimi.

Nəhayət, xəstəlik istədiyini elədi: yazıq anamı da, məni də məğlub elədi. Mən daha məktəbə gedə bilmədim. Beləcə, iki bacı, biri əlil arabasında, o biri çarpayıda, yaxşı halda stulda... Mənim əlil arabam yoxdu, istəmirdim də. Küçəyə çıxmırdım, adamlardan qaçırdım. Onların "Hayıf bu qızdan" sözlərini eşitmək istəmirdim.

Xəstəlik bizi tamam müflis eləmişdi. Vəziyyətimiz dözülməzdi. Qiymətli nə vardı dəyər-dəyməzinə satılmışdı. Doyunca yeməyimiz yoxdu.

Yazıq anam həm bacıma, həm də mənə qulluq eləməkdən üzülmüşdü. Bu qulluğun nə demək olduğunu ayaqdan məhrum olan adam özü, bir də ona qulluq eləyən bilir. Əmi deyilən kəs də qardaşının başsız qalmış yetim ailəsini, ayaqsız iki qızını evdən çıxarmaq istəyirdi. Bunu açıq deməsə də, məsləhət verirdi anama. Bizim hər ikimizin əlillər evinə verilməyimizi istəyirdi. Belə olanda anam da özünə bir gün ağlaya bilərdi. Yazıq anam əmim deyilən kişinin məsləhətini sükutla qarşılayırdı. Hərdən yanaqlarına axan göz yaşlarını ovcunda bürmələdiyi dəsmalla silirdi.

Satmağa daha heç nə qalmamışdı. Yaxın dükanların hamısının nisyə dəftərindəydik. Sabaha nə ümid vardı, nə güman. Bir dənə satıla biləcək şey pəncərəmizə bərkidilmiş kondisioner idi, sovetdən qalma Bakı kondisioneri.

- Kim alacaq onu? - Anam öz-özünə ümidsiz səslə deyinir. -Kimin nəyinə lazımdı bu traktor?!

Bacım da öz-özünə danışır:

- Tutaq elə aldılar, beş-on şirvan da pul verdilər. Bəs sonra?

- Sonrasını bilmirəm. Sonrasını bizə zülüm eləyən Allah bilir.

- Mən bilirəm, mama. İki şikəst qız, sümükləri də getdikcə əriyir, əyilir. Bir azdan əlimiz qaşıq da tutmayacaq... - Yazıq bacım qəfil qışqırır. - Bax, mənim əllərimə! Bax, necə əyiliblər. Qələm tuta bilmirəm.

- Sakit ol, Mina, qızışdırma özünü, onsuz da...

- Əlsiz-ayaqsız mən kimə lazımam?

- Mənə lazımsan, Mina.

- Yalan deyirsən! Elə bilirsən mənə necə nifrət elədiyini görmürəm mən?

- İnsafsız olma, qızım. - Yazıq anam kolyaska qarışıq onun titrəyən arıq çiyinlərini qucaqlayır. - İkiniz də mənə lazımsınız! Nə qədər canımda can var, sizi saxlayacam, kipriklərimlə od götürəcəm, amma saxlayacam!

Yazıq bacım sakitləşmir:

- Sən ömrün boyu iki əlil qızla yaşaya biləcəksən? Sənin buna gücün yetəcək? Tutaq, lap yaşadın, dözdün, bəs, sən xəstələnəndə, nəhayət, öləndə necə olacaq bizim günümüz?

- Sabahın dərdin bu gün çəkmə, qızım, Allah bir yol göstərər.

- Allah?! Bizi bu yaşda yetim qoyan, bu azmış kimi, iki bacını şikəst eləyən Allah yol göstərəcək?!

- Bilmirəm, Mina, mənə əzab vermə, qızım...

Bacım, yox, mama, mən daha sakit ola bilmirəm desə də, qəfil sakitləşir, əyilmiş əllərinin içi ilə batıq yanaqlarında ilişib qalmış göz yaşlarını bir sivrimə silir və az qala pıçıldayır:

- Mən artıq qərara gəlmişəm.

Bir müddət evə qəribə, hətta müdhiş bir sükut çökür. Heç kim danışmır. Mən vəziyyətdən istifadə edib böyük maraqla "Səfillər"i oxuyur, balaca Kozettanın taleyinə acımaqda davam edirəm. Bu ara heç kəsin mənə mane olmasını istəmirəm.

Uzun çəkən bu səssizliyi anamın hardansa çox uzaqdan gələn səsi pozur. Artıq yatmaq vaxtı olsa da, yazıq Anam aram-aram danışır. O bizim üzümüzə baxmadan danışır. Elə bil özü üçün xımır-xımır söylənir. Keçmişləri xatırlayır, atasını-anasını, erkən itirdiyi bacısını, zəlzələdə yox olan qardaşını. Atamızı da yadına salır, onunla necə xoşbəxt olduğunu xatırlayır. Yanaqlarına axan göz yaşlarını silib məni bərk-bərk qucaqlayır, yanaqlarımdan öpür.

- Prosti menya, Tina, prosti, devoçka moya.

Mənim də şikəst olduğumu biləndən sonra mənə məhəbbəti xeyli azalmış yazıq bacım da arabasında yaxınlaşır, üzümdən öpüb qulağıma pıçıldayır:

- Ya tebya lyublyu, Tina...

***

Gözlərimi açanda ətrafımda tamam özgə adamları görürəm. Onların içində nə anam, nə bacım var. Ev də bizim deyil. Başı bağlı, yaşı çox olsa da, yaraşıqlı bir qadın gözündə soyumuş bir gilə yaş, üzündə mehriban təbəssüm mənə baxır.

- Mən hardayam? - Ətrafa boylanıram. - Mama?!

Qadın üzündən çəkilməyən kədərli təbəssümlə mənə baxmaqda davam edir. Onun yumşaq məlahətli səsini elə bil lap uzaqdan eşidirəm:

- Necəsən, Tina?

- Siz kimsiz? Mənim adımı hardan bilirsiz? -deyib soruşsam da qadına qəribə bir doğmalıq hiss eləyirəm, rus dilində soruşuram:

- Qde moya mama? Poçemu ya zdes?

Qadın başını bulayır. Düz gözlərimə baxsa da, susur... Hiss eləyirəm, o mənim sualıma cavab verə bilmir.


***

Nəhayət, mələk təbəssümlü qadın mənə hər şeyi danışdı. Mənim göz yaşlarıma, isterik qışqırıqlarıma fikir vermədən, əlimi əlindən buraxmadan. Demə adı Mələk olan bu qadın bizim blokda yaşayan qonşumuzdur. Havada qaz iyi olduğunu hiss eləyib. Qapımızı çox döyüb, açan olmayıb. Adam tapıb qapımızı açdırıb. Anamla bacımın ölüsünü tapıblar, məni isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırıblar.

Mən indi başa düşdüm anamın yatmağa getməzdən qabaq mənə "Prosti menya, Tina, prosti, devoçka maya" söyləməsini. Demə onlar həyatımıza könüllü şəkildə son vermək qərarına gəliblər, mənim razılığımı almağı isə artıq biliblər. Buna görə məndən üzrxahlıq edirmişlər.

Mən qorxu içindəydim. Qorxu mənim bütün hisslərimi korşaltmışdı. Mən bədbəxtliyin miqyasını hiss etmirdim. Anamsız necə yaşayacağımın qorxusu sarmışdı bütün varlığımı. Mən bilmirdim nə deyim, nə düşünüm, amma təsəvvür eləyəndə ki, mən bu insafsız, qəddar dünyada şikəst ayaqlarımla tamam tək qalmışam...

Mən niyə ölmədim, niyə qaldım? Yazıq anamın son sözləri qulağımda bir də səsləndi: "Prosti menya, Tina, prosti, devoçka moya", dalınca da yazıq bacımın səsi: "Ya tebya lyublyu, Tina". Bu mənim onlardan eşitdiyim axırıncı sözlərdi. Bir daha onların səsini eşitməyəcəkdim. Qəfil qışqırdım, qışqıra bildikcə...

- Amma mən sizi sevmirəm, bağışlamıram da! Siz məni bu dünyada tək qoyub qaçdınız. Bu qəddarlıqdır! İnsafsızlıqdır! Eto jestoko!!! Gözlərimdən yaş süzülürdü, dayanmadan.

- Ağlama, qızım, hər şeyin bir yolu var, heç nə yolsuz deyil. - Mələyin səsidir. - Heç kimi də qınama. Nə olursa, Allahın əmri ilə, Allahın istəyi ilə olur.

Mən təəccüblə baxıram mələk üzlü qadına. O isə davam edir:

- Anan da, bacın da günah iş tutdular. Onlar Allaha tapınsaydılar, özlərinə qəsd eləməzdilər. İntihar böyük günahdır. - Mən heyrət qarışıq qəzəblə baxıram hələ də aramla danışan qadına. - Allah mərhəmətlidir, böyükdür, hər şeyin bilənidir. O heç nəyi məqsədsiz eləmir.

Mən isterik səslə qışqırıram:

- Mərhəmətli?! Mərhəmətli Allah adamı şikəst eləyər? İki bacını birdən? Bu da bəs eləmədi, onları öldürdü! Bəs o mərhəmətli Allah düşünmədi mən necə yaşayacam anamsız? Axı, mən yeriyə bilmirəm! Anamsız heç nə eləyə bilmirəm. - İsterik hönkürtü məni danışmağa qoymur.

Gözləri yaşarsa da , Mələk gülümsəyir. Bu təbəssümün dili var, mən onu sözsüz də başa düşürəm, amma o danışır:

- Allah bütün yaratdıqlarını sevir, heç kəsi də yaddan çıxarmır.

Mən birdən sakitləşirəm:

- Bəs niyə mən o sevgini görmürəm, hiss eləmirəm?

- O sevgini görmək, hiss eləmək üçün Allahın varlığına, qüdrətinə şəksiz inanmalısan, Tina. Onun səni sevdiyinə də inanmalısan. Əgər bədbəxtlik varsa, mütləq xoşbaxtlıq da olacaq.

- Axı, ölən dirilmir.

- Sən ki ölməmisən.

- Siz doğrudan elə bilirsiz mən sağam, ölməmişəm? - səmimi təəccüblə qadının yaş dolu ala gözlərinə baxıram. - Anamsız mən acizəm, ölüyəm. Mənim burdan çıxıb evimizə getmək imkanım belə yoxdur. Mənim indi heç nəyim yoxdur. Mənim heç...

Qadın gülümsəyir:

- Bəs mən burda neynirəm? Bəs mən sizin qapınızı niyə açdım? Axı mən bir az gec gəlsəydim sən də öləcəkdin.

- Kaş gec gələydiz!

- Elə demə, Allaha ağır gedər?

- Ağır gedib nə olacaq, ta neynəyəcək mənə? Daha hansı cəzanı göndərəcək?

- Sus, qızım, danışma, başa düşməyə çalış. Allah adama cəza göndərmir, onu sınağa çəkir. Əgər sınaqdan yaxşı çıxırsansa , mükafatın böyük olur.

- Mükafat?! Mən bu əlil arabasından heç vaxt qalxa bilməyəcəm. Siz ki bunu bilirsiz.

- Hər şey Allahın əlindədir. Əgər sənin Allaha məhəbbətin olsaydı, sən bu vəziyyətdə də özünü xoşbəxt bilərdin.

- Əlil arabasına möhtac olan qız necə xoşbəxt ola bilər?

- Onun da yolu var. Bax bu gündən başlayaraq sən özünü inşa etməlisən, özünü yenidən yaratmalısan. İnanmalısan ki, normal adam elə belə olmalıdır, sənin kimi, ayaqdan xəstə.

- Bunu bacarmaram, mənim buna gücüm çatmaz, heç istəyim də yoxdur.

- İstəməlisən! Yaşa, mübarizə apar, inan... - Mələk bir anlıq susub qətiyyətlə davam edir. - İbadətin olsun, dua elə, namaz qıl. İnan, Allah rəhmlidir, mütləq səni eşidəcək.

- Axı, mən heç vaxt Allah haqqında düşünməmişəm, nə namaz qılmışam, nə dua eləmişəm, heç bacarmıram da.

- Mən sənə öyrədərəm, namazı da, dua eləməyi də...

***

Günlər keçirdi. İndi mən bizim iki otaqlı mənzildə təkdim. Yox, tək deyildim. Mələk mənimləydi. Hər gün mənə baş çəkirdi. Ehtiyacı olanlara yardım etmək istəyən xeyirxah insanlara məni nişan verirdi. Mələk neynəmişdisə, əmi deyilən adam birdəfəlik yoxa çıxmışdı, evdən də əl çəkmişdi. Mənə əlillik pensiyası da düzəltmişdilər. İnanclı başıbağlı volontyor qızlar da gəlirdi yanıma, mənə bir çox işlərimdə iyrənmədən, çəkinmədən yardım edirdilər. Burda özümü gülməkdən saxlaya bilmirəm. Bilirsiz niyə? Mən özümü savab qazanmaq üçün yaxşı bir vasitə hesab edirdim...

İndi mən, demək olar, firavan yaşayırdım. Yox, yaşamırdım, yaşamaq istəmirdim. Daim intihar haqqında düşünürdüm. Və bir gün namazı bitirib Mələyin öyrətdiyi kimi dua eləyəndə bütün həyatım gözlərimin qabağından gəlib keçdi, sonrakı həyatımı da gördüm. Heç bir istəyə yer qoymayan bir ümidsizlik bürüdü məni... Üzümü göyə tutdum və sakit qəzəblə, bəlkə də tənə ilə dedim:

- Niyə məni eşitmirsən? Niyə məni eşitmək istəmirsən? Niyə mənə zülüm eləməkdən ləzzət alırsan? Niyə səndə insaf yoxdur? Axı, mən ta nə etməliyəm ki, məni eşidəsən, dərdimə əlac eləmək istəmirsən, öldür məni. Bəs deyirlər sən bilənsən, eşidənsən, mərhəmətlisən? Öldür məni, nəhayət, öldür ürəyin soyusun, öldür!

- Allah səni eşitsin deyə qışqırmaq lazım deyil. - Bu, Mələyin səsidir. Demə çoxdan gəlib, mənə qulaq asırmış. - O bizi susanda da eşidir, o bizim hamımızın qəlbində, ürəyindədir.

- İnanmıram, inana bilmirəm...

- İnanmalısan!

- Necə inanım? Necə inanım ki, o məni eşitmir, dərdimə əlac eləmir? Mən daha nə etməliyəm, ibadətdən və duadan başqa əlimdən nə gəlir?

- İnamın zəifdir... Elə olmasaydı deməzdin o məni eşitmir. İnanmalısan ki, bir yarpaq belə onun istəyi olmadan düşə bilməz.

- Amma mən yarpaq deyiləm, yetim, xəstə, zavallı... bilmirəm nəyəm?

- Sən sağalmaq, şəfa tapmaq üçün namaz qılır, dua eləyirsən, sən, incimə, alver eləyirsən.

Hiss edirdim ki, Mələk haqlıdır. Mən Allahı sevmirdim, inanmırdım. Ali varlıq belə qəddar olmazdı. Mənə bu qədər zülüm eləyən varlığı mən necə sevə bilərdim?

- O sənə zülm eləmir, o heç kimə zülm eləmir, sınaqlar vasitəsilə bəndələrini kamilləşməyə dəvət edir. Bu sınaqlar var-dövlətlə də olur, kasıblıqla da, bədbəxtliklə də, xoşbəxtlıklə də...

- Bu vəziyyətdə mən necə kamilləşə bilərəm? Qüsurlu adam necə kamil ola bilər? Kamil olmaq üçün mənim heç bir imkanım yoxdur.

- Yanılırsan, qızım. Sənin hər cür imkanın var, gör ətrafında nə qədər xeyirxah insan var? Elə bilirsən onlar bura təsadüfən gəliblər?

- Hamı mənə yardım eləyir savab qazanmaq üçün. - Pis gülürəm. - Mən savab qazanmaq üçün vasitəyəm. Mən nə qədər əzik, yararsız, bədbəxt olsam bir o qədər yaxşıdır o mərhəmətli insanlar üçün. Savabları daha çox olar.

- Sənin, bədbəxtliyin, dediyin kimi, şikəstliyinlə bağlı deyil, Tina. Sənin çətinliklərin ruhunla bağlıdır, sən ancaq özünü düşünürsən, özünü sevirsən. Özünü sevən insan tənha qalır.

- Heç kəsin məni sevmədiyi halda, mən başqalarını necə sevim?

- Bəs səni əhatə edən, qayğına qalan, əziyyətlərini çəkən insanları nə vadar eləyir buna?

- Siz mənim cavabımı bilirsiz, savab yiyəsi olmaq, cənnət qazanmaq...

- Susss... Belə insafsız danışma. Axı, sən dediklərinə inanmırsan.

- Təəssüf ki, axır vaxtlar inanıram...

- Tutaq ki belədir, bəs belə olmasın deyə sən neynəmisən?

- Bu vəziyətdə mən neynəyə bilərəm? Kolyaskaya möhtac olmuş qarabəxt aciz qız neynəyə bilər?

Mələk qətiyyətlə:

- Sənə demişəm, bir də deyirəm, özünü inşa etməlisən yenidən.

- İnşa etməliyəm? Yəni neynəməliyəm, ayaqlarımı düzəltməliyəm? Bəlkə mən Pinokkio kimi taxta parçasındanam, rəndələyib istədiyim formaya sala bilərəm özümü?

Mələk qeyzlənir:

- Axmaq qız!.. - Dayanır, elə bil söz axtarır. - Ayaqlarını yox, ruhunu rəndələmək lazımdır sənin. Əks halda ya ölənə qədər, özün dediyin kimi, savab vasitəsi olacaqsan, ya da tam, bütöv insan kimi yaşayacaqsan. İkinci yolu seçsən, ölüm haqqında düşünməyəcəksən...

- Axı, mən bu ölü ayaqlarla neynəyə bilərəm?

- İndiki zamanda vacib deyil hər səhər durub harasa işə yollanasan. Evdə işlə, kompüterdə işləməyi öyrən, sənə iş də taparam, müəllim də taparam.

- Mənim heç normal kompüterim yoxdu.

- Olacaq! Hər şeyin olacaq, təki sən istə!

Mən istehzadan özümü saxlaya bilmirəm:

- Allah yetirəcək?!

- Qızım olsaydın, ağzıvın üstünə bir şapalaq çəkərdim!

Onun qəzəblənməsi yazıq anamı yadıma saldı. Qəfil qadının əlini öpdüm. Ağladım...

Onun mehriban əli başımı sığalladı və qəhərli səsi eşidildi:

- Bir yaxşı insan tanıyıram, onunla danışaram, bilirəm, yox deməz. Hələ müəllim də tapar sənə.

- Oliqarxdı?

- Nə oliqarxdı, nə milyonçu, quruca adı var, amma böyükdən kiçiyə hamı onu tanıyır, lap yuxarılarda da onu sevirlər, o da insanlardan aldığı sevgini ehtiyacı olanlara paylayır. Allah onu yer üzünə mələk kimi göndərib.

Mən gülümsəyib başımı qaldırdım:

- Onun da adı Mələkdir?

- Yox, Mələk deyil, o kişidi, amma əsil mələk elə odur.

- Yəqin o da savab qazanmaq istəyir?

Mələk tərs-tərs baxdı mənə, hətta acıqlandı da.

- Sənin dərdin ayaqsızlıq dərdi deyil, qızım, yaxşıya inamsızlığındır. İnan Allaha, inan onun mərhəmətinə, Allah yaxşılığı özü eləmir, insanların əli ilə eləyir. O mərhəmətli adamlar özbaşına gəlmir bura, onları bura yönəldən var. Allah bəndəsinə sınaq göndərəndə, çıxış yolunu da göstərir. O yolu görmək üçün inamın dərin olmalıdır.

- Mənim qəlbim boşdur, Mələk xala, bomboşdur. Gələn hər gündən qorxuram, yaşamaqdan qorxuram...

- Dua elə inam işığı düşsün qəlbinə, qızım, dua elə...

- Mən sidq-ürəkdən dua eləməyi bacarmıram.

- Sən heç nə eləməyi bacarmırsan, heç ölməyi də!

Mələyi ilk dəfə idi, belə acıqlı, qəddar görürdüm. Amma o haqlı idi, mən bir neçə dəfə intihara təşəbbüs eləsəm də, bacarmamışdım.

***

Cavabsız suallar məni üzürdü. Niyə mən özgələrə möhtac olmalıyam, niyə mənim də hamı kimi ayaqlarım yoxdur? Niyə bu xəstəlik məhz məni tapmalı idi? Elə bil səs gəldi hardansa. Mələk xalanın da səsinə oxşadı: "Bəs yeriyəndə, hamını gözəlliyinlə heyran edəndə niyə soruşmurdun, niyə mən? Niyə mən belə gözələm?" Susdum. Sual məni tutmuşdu. Niyə insan xoşbəxt olanda, "Niyə mən xoşbəxtəm?" sualını vermir özünə, niyə Allahı çəkmir ortaya, niyə asi düşmür? Yaxşı olan hər şeyi haqq edirmiş kimi alır? Elə ki mənim kimi bədbəxt, şikəst, əlil olur, onda qışqırır: "Niyə mən?"

Bu sualdan və sanki qeybdən gələn cavabdan sonra qəlbimə həzin bir sakitlik çökdü. Bu dəfə həqiqətən, Mələyin səsini eşitdim: "Xoşbəxt olanda Allaha şükür elə, bədbəxt olanda soruşma niyə belə? Bil ki, o da Allahdandı, deməli, məsləhət belədir". Yazıq anam yadıma düşdü, ondan da yazıq bacımı xatırladım. Arabamı kitab şkafına tərəf sürdüm, onların ölümündən sonra bir dəfə də əlimə almadığım köhnə cildli albomu götürdüm. Şəkillərə baxdım, müxtəlif illərdə çəkilmiş fotolara. Köhnəlikdən solmuş, bozarmış ağ-qara şəkillər. Bax, bu şəkildə bacım da, mən də ayaq üstdəyik, ikimiz də gülürük, anam da xoşbəxt təbəssümlə gülümsəyir. Bax, bu da... Ürəyim sızıldadı, burnumun ucu göynədi, gözlərim yaşla doldu. Albomu yerinə qoyanda cildi çoxdan sürtülmüş, kartonu tiftiklənmiş kitab dəydi gözümə. İlahi, "Balaca şahzadə", köhnə dost! Kitabı sinəmə sıxdım, anamın çoxdan unutduğum iyi dəydi burnuma, bayaqdan gözümdə silələnmiş yaş yanaqlarıma axdı...

Yazıq anam bu kitabı nə qədər oxumuşdu bizə, əvvəl yazıq bacıma, sonra mənə. Özü də dəfələrlə. Hər dəfə təzə kitab oxumaq istəyəndə qoymurdum, balaca şahzadəni istəyirdim. Kitabı anamı qucaqlayırmış kimi sinəmə sıxdım, pıçıltı ilə "Mama" deyib çox uzaqda olan anamı səslədim: "Мама, ya sovsem odna..." Zığıltılı səslə ağladım, göz yaşım quruyana qədər.

Toxtayandan sonra kitabı açdım, içindən iki qatlanmış bir kağız düşdü. Bu nəydi? Çətinliklə əyilib döşəməyə düşmüş kağızı götürdüm. Açdım... anamın xətti idi. Ürəyim yarpaq kimi titrədi.

"Doroqaya Tina, devoçka maya! Əgər sən sağ qalsan, əminəm ki, bir gün bu kitabı açıb sənə yazdığım kağızı oxuyacaqsan. Nə bilim, bəlkə də... Əgər qismətdirsə, oxuyacaqsan. Gen dünyada bizim yerimiz olmadı, qızım, yaşaya bilmədik, bu bizim Mina ilə qərarımız idi, sənsə xəbərsizdin, biz sənə də səndən icazəsiz ölüm hökmü çıxarmışdıq. Bu mənim ən böyük günahımdır. Amma əlacsız idim, səni yalqız buraxıb gedə bilməzdim. Mən o günahla gedirəm haqq dünyasına. Bağışla məni, yox, bağışlama... Əziz qızım, çox çətin olanda mənə məktub yaz, bütün dərdini-sərini söylə mənə, mənim gözəl qızım... İnan, mən harda olsam səni görəcəm, səni izləyəcəm. Mina kağız yazdığımı görüb xahiş elədi onun dilindən yazım: ya tebya lyublyu. Tina... Mama."

Bilmirəm, əlimdə anamın neçə il qabaq yazmış olduğu məktub bayılmışam, yoxsa huşa getmişəm... Gözümü açanda Mələyi gördüm. Anamın məktubu əlində idi.

- O, məktub mənimdir, anam yazıb...

Mələk məktubu mənə verib yaşarmış gözləri ilə gülümsədi.

- Necəsən, Tina?

- Mən oxuyacam, Mələk xala, mütləq işləyəcəm, özümü siz deyən kimi yenidən quracam, inşa edəcəm, mən sübut eləyəcəm, Mələk xala. Qoy Mələk əmi gəlsin, mənə kömək eləsin.

- Mələk əmi burdadı, Tina. - Səs lap yaxında idi. Özü də çox məlahətli, ürəyə yatan doğma, həlim səsdi.

Mən səs gələn tərəfə baxdım. Səsin yiyəsi orta boylu, yaraşıqlı gənc bir kişi idi. Yox, kişi sözü fikrimi düzgün ifadə etmir, o... o... mələkdi. Əynində heç kəsdə görmədiyim parlaq gülləri olan pencək vardı. Boynunda elə pencək qədər parlaq, heç kəsdə görmədiyim qalstuk, döş cibində kiçik bir çiçək buketi. Mən heyrətlə, yox, heyranlıqla baxırdım ona. Onun əlində portfelə bənzər nəsə vardı.

- Mələk əmi? - Məni gic gülmək tutdu. Əlimi ağzıma aparıb gülməyimi gizləməyə çalışdım.

- Nə yaxşı gülürsən? Bəs mənə dedilər sən gülmürsən?

- Nəyə gülüm, Mələk əmi, - əllərimi açıb bir növ özümü göstərdim, - Harama baxıb gülüm?

- Doğrudan da! - O, bir mənim yaşlı, amma gülən gözlərimə, bir də kolyaskama baxıb qəfil pıqqıldadı, tez də uşaq kimi əli ilə ağzını tutub gülməyini gizlətməyə çalışdı, alınmadı, gülüşü əlinin yanlarından, barmaqlarının arasından pırtlayıb çıxdı.

Məni də gülmək tutdu və ikimiz də bərkdən güldük.

- Bilirsən nəyə gülürəm, Tina?

Mən başımı yellədim. O isə yenə də gülə-gülə dedi:

- Mələk əmi ey! Yaxşı ad qoydun mənə.

- Bəs Mələk deyil adınız?

- Əlbəttə, Mələkdir, lap elə Mələk əmi. Heç pis səslənmir, hə, Mələk xanım? - Bir kənarda dayanıb gülümsəyən Mələk xalaya baxdı. - Mələk əmi! - Yenə də pıqqıldadı, bu dəfə gizlətmədi gülməyini, çox gözəl gülürdü, su şırıltısı kimi noxudu gülüşü vardı. Bu gülüşün virus kimi yoluxucu gücü istənilən qaraqabaq adama sirayət edə bilərdi.

Mələk xala da güldü:

- Axır bu qızı da güldürən tapıldı. Sağ ol, Mələk əmi.

Hamı güldü. Mələk əmi gülüşünü saxlayıb etiraz etdi:

- Mən niyə, o məni güldürdü.

- Nə fərqi, təki gülmək olsun. - Mələk xala bayaq Mələk əminin əlində gördüyüm çamadanı mənə göstərdi. - Gör sənə nə gətirib Mələk əmin... - Mələk xala bu dəfə qaqqıldayıb güldü.

Mən heyrətlə:

- Kompüter! Noutbuk?

Mələk əmi çantanı tələsik açıb gözəl bir noutbuk çıxartdı. Onu ehtiyatla dizlərimin üstünə qoydu.

- Bu sənindir!

Mən heyrətlə gah kompüterə, gah uşaq kimi gülümsəyən Mələk əmiyə baxdım.

- Axı, bu çox bahaılı noutbukdur.

- Yox, baha deyil...

- Neçəyədir?

- Bir şirvana!

Bu cavabın dalınca onun noxudu gülüşü otağı doldurdu. Mən də güldüm.

- Axı mən kompüterdə işləməyi bacarmıram.

- Mələk əmin ölməyib ki! Sən hər şeyi bacaracaqsan. Kompüter proqramlarını da öyrənəcəksən.

***

O gündən mənim kompüter dərslərim başladı. Gənc bir xanım hər gün gəlib mənimlə məşğul olur, noutbukun sirlərini öyrədirdi mənə. Tez-tez də məni tərifləyirdi. Deyirdi mən çox tez qavrayıram. Mələk əmi də hər gün gəlirdi bizə. Hər dəfə də, pencəyini dəyişirdi. Onun bütün pencəkləri güllü-çiçəkli çəmən kimi zəngin və parlaqdı. Mən onu adi kişilərin geyimində heç təsəvvür edə bilmirdim, Mələk əmi məhz bu cür geyinməli idi.

İndi günlər daha tez keçir, əvvəlki kimi uzanmırdı uzana bildikcə. Dünya deyəsən gözəlləşmişdi. Bu gözəlliyi daha yaxından görmək, bütün varlığımla duymaq üçün, nəhayət, məni sıxan bu dörd divar arasından çıxmaq istədim, adamları görmək, həyata, dünyaya qarışmaq istədim. Bəzən mən şikəst olduğumu unudurdum. Həri, mən unudurdum, adamlar isə bunu vaxtaşırı yadıma salır, unutmağa qoymurdular. "Hayıf, hayıf... Uzaq olsun..." kimi replikalar vasitəsilə. Amma bu suflyor xatırlatmaları məni əvvəlki kimi incitmirdi. Mən kim olduğumu, necə olduğumu hamıdan yaxşı bilirdim...

Mən, həqiqətən, yaxşı tələbə imişəm. İndi əməlli-başlı hazır proqramçı idim. Mələk əmi mənə iş də tapmışdı, bir dostunun firmasında proqram təminatçısı idim. Maaşım da yaxşı idi... İanələrə ehtiyacım yoxdu. Mələk xalaya da demişdim, daha mənə yardım lazım deyil, qoy ehtiyacı olanlara yönəltsin xeyirxah insanları.

Həyatım? Ona uyğun olaraq bütün hisslərim, duyğularım, ovqatım yenilənmişdi, dediyim kimi, hərdən ayaqlarımın şikəst olduğunu da unudurdum. Heç vaxt arzulamağa cəsarət etmədiyim xəyallara qapılır, şirin arzular, istəklər oyanırdı içimdə. Bir etirafa cəsarət edirəm, içimdə qadın oyanmışdı, sevgiyə, nəvazişə, kişi nəfəsinə ehtiyacı olan qadın. Bəlkə bu istəklərin təsiri idi, bir yuxu məni qarabaqara izləyirdi.

Görürəm, işıqlı, geniş, bir divarı güzgü salondayam. Ayaq üstdə dayanıb öz əksimə baxıram. Əynimdə çox qısa bir ətək var, ayaqlarım o qədər gözəldir, işıq saçır, yazıq anamın belə ayaqları vardı. Mən heyrət içindəyəm, həm də elə xoşbəxtəm... necə xoşbəxt olduğumu deyib-danışa bilmərəm. Ayaqlarıma aşiq gözlərlə baxdığım yerdə arxadan doğma bir hənir alıram, dalınca da çiynimdə qayğıkeş bir əl hiss edirəm. Bu təmasdan bilirəm, odur, onun mehriban əlidir, mənim xeyirxah mələyim, mənim yenidən doğulmağımın səbəbkarı Mələk əminin. Qəfil çönüb onun güllü-çiçəkli, ətirli sinəsinə sıxılıram. O mənim hər iki yanağımı əlləri arasına alıb gözlərimin içinə baxır. Onun gözlərində həmişəkindən fərqli bir parıltı var. Bu parıltı məni həm qorxudur, həm də şirin bir istəklə özünə çəkir. O heç vaxt mənə elə baxmamışdı. Hardansa, lap uzaqdan onun çox fərqli, içimi titrədən sirayətedici səsini eşidirəm. Bu mələk səsi deyildi, tamam başqa bir səsdi, kişi səsi idi. Bu səsdən başım hərlənir...

- Tina, mən səni sevirəm!

Mən heyrət dolu xoşbəxtliklə soruşmaq istəyirəm "Məni? Mələk əmi, sən məni sevirsən?" Deyə bilmirəm, daha doğrusu, səsim çıxmır. Mənə elə gəlir bu kinodur, biz də o filmin sevən qəhrəmanları... Baxıram onun təzə, mənə tanış olmayan gözlərinə, o isə üstümə əyilib dodaqlarını dodaqlarıma yapışdırır...

***

Bütün günü bu yuxunun təsiri altında olurdum. Əslində, bu yuxu özbaşına gəlmirdi, onun müəllifi mən özüm idim, mənim əlçatmaz xəyallarımın məhsulu idi bu sehirli yuxu. Mən... Mən... Yox, deməyə qorxuram, daha çoxu utanıram, özümə belə etiraf etməyə cəsarət eləmirəm. Gülüş hədəfi olmaqdan, bəlkə də "yazıq qız" sözündən qorxurdum, axı, adamlar mərhəmətli olmaqdan başqa həm də hədsiz qəddardırlar. Mən iyirmi iki illik həyatımda bunları bilirdim, təcrübədən keçirmişdim. Savabı pulla, yardımla qazanmaq eşqində olanları da çox görmüşdüm.

Mən onu görən gündən sevmişdim. Birdən yadıma düşmüşdü, mən qadınam, qızam... Mən bu sirrimi özümə də etiraf etməzdim, amma neynəyim? Axı mənim bədənim, ayaqlarım şikəstdi, ürəyim ki şikəst deyildi. Bax, sinəmin altında döyünür, onu düşünəndə yaralı quş balası kimi çırpınır, gözlərimdən ümidsizlik yaşı axır. Amma mən həmişə realist olmuşam, bilirdim ki, həyat yuxu deyil, hər bir cəhətdən vəziyyətimin amansızlığını anlayırdım. Mən özümü necə inşa edirəm edim, olanıma qane olmağı bacarım, insanları sevim... Xoşbəxtliyi isə yarada bilmirəm, bütün bu səylər xoşbəxt olmağa bəs eləmir. Bu yerdə qulağıma elə bil qeybdən səs gəlir, özü də çox kobud, qaba bir səs, anamın səsidir: "Qudurma, Tina!" Hirslənəndə, canı boğazına yığılanda anam belə deyib ayıldırdı bizi. Mən onun sözünü davam etdirirəm öz içimdə: "Sevgi? Sevgi elə sənin şikəst ayaqlarına yaraşır!"

- Nə olub sənə, Tina, niyə qəmlisən axır vaxtlar? Nəyin dərdini çəkirsən?

Mən susuram, gözümdən yaş axır...

- Niyə susursan, niyə mənə demirsən dərdini? Bəlkə ağrıyan yerin var? De mənə, sıxılma.

Mən başımı bulayıb əllərimlə üzümü qapayıram, hönkürməkdən özümü güclə saxlayıram.

- Axı, hər şey yaxşıdır, heç kimdən asılılığın yox, heç kimə yük deyilsən, heç kimin köməyi olmadan yaşaya bilirsən.

Mən susuram, danışa bilmirəm.

- Danış, cavab ver mənə.

Qəfil, özümdən asılı olmayaraq qışqırıram:

- Ona deyin ta gəlməsin bura!

- Kimə?

- Mələk əmiyə deyin bura gəlməsin. Mən onu görmək istəmirəm.

- Sən bilirsən nə deyirsən?

Mələk xala çənəmdən tutub gözlərimə baxır. Mən onun baxışlarına dözməyib gözlərimi yumuram.

- Xətrinə dəyən nəsə deyib? Axı, o hərdən qəribə, çox vaxt da şit zarafatlar eləyir. Gülən də ancaq özü olur.

Mən çənəmi Mələk xalanın əlindən çəkib başımı bulayıram. İxtiyarsız axan göz yaşlarımı gizlətmək üçün əllərimlə üzümü qapayıram.

Mələk xala sakitləşmir, əllərimi üzümdən ayırmaq istəyir.

- Bəs onda nə olub? - Nəhayət, əllərimi üzümdən götürə bilir. -Sən ağlayırsan? Bu nə deməkdir, Tina?

Mən susuram, danışa bilmirəm. Gözlərimdən isə yaş axır dayanmadan.

Mələk məni qucaqlayıb qulağıma pıçıldayır:

- Sən onu sevirsən?

Mən cavab vermək əvəzinə hönkürürəm.

Mələk halsız vəziyyətdə kürsüyə çökür.

- Həəə... bir bu çatmırdı.

Mən başımı aşağı salıram, Mələklə göz-gözə gəlməkdən utanıram. O mənim sirrimi anlamışdı, sözsüz-sovsuz.

- Deməli, Mələk əmini sevirsən?

- Lap gördüyüm ilk gündən. Amma vəziyyətin bu həddə çatacağı ağlıma gəlməzdi.

Mələk xala bir müddət susur və bir azdan düz gözümün içinə baxıb soruşur:

- Yaxşı, sən bu sevgidən nə gözləyirsən?

- Bilmirəm, bu haqda düşünməmişəm.

- Düşün, Tina, düşünməlisən. Mən bu sevgidən yaxşı heç nə gözləmirəm, heç nə.

- Mən də heç nə istəmirəm... Onu unutmaq istəyirəm. Mən istəklərimi cilovlamaq istəyirəm. O gəlməsin, onun hər gəlişi... Mən bu sevgidən xəcalət çəkirəm.

- Nahaq! Sevgi gözəl hissdir, amma ... Çıxart bu sevgini qəlbindən, dua elə, yalvar, qoy Allah bu sevgini yerli-dibli yox eləsin. Denən, ilahi, çıxar bu sevgini qəlbimdən.

Bu vaxt qapı döyülür. Bir dəfə tək, sonra üç dəfə.

- Odur! - az qala qışqırıram. - Mələk xala, yalvarıram... Mən yatmışam... - Tələsik kolyaskamı hərəkətə gətirib yataq otağına çəkilirəm, qapını da bağlayıram açarla.

Mələk arxamca boğulmuş səslə çağırır:

- Tina, hara? Hara qaçırsan?

Mən ürəyim çırpına-çırpına qapının açar deşiyindən onları izləyirəm.

Mələk bir də həmin parolla döyülən qapıya yaxınlaşır və soruşmadan açır. Qapı ağzında dayanan Mələk əmidir. Əynində heç vaxt görmədiyim qara pencək var. Bəzəkləri az idi. Deyim ki, bu pencək ona güllü pencəklər qədər yaraşmır. Üzündə həmişəki gözəl sirayətedici təbəssümü dəyişməzdir. O, təəccüblə soruşur:

- Nooldu? Niyə məni təbəssümlə qarşılamırsınız? Gəmiləriniz batıb deyərdim, amma sizdə gəmi hardandır?! - Gülür. - Tina hanı?

- Tina... yatıb.

- Necə yəni yatıb? Yatmaq vaxtıdır? O saat beşə qədər işləməlidir. Doqquzdan beşə kimi. Belə getsə, dostuma deyəcəm ona şiddətli töhmət versin. - Yenə də noxudu gülüşü eşidilir. O bir daha ucadan çağırır: - Tina!

- Çağırma, o özünü bu gün halsız hiss edir. Qoy dincəlsin bir az.

- Axı, mənim onunla vacib söhbətim var...

- Qulaq as, dostum, Mələk əmi, sən ta bura gəlmə.

- Bu nə deməkdir, Mələk mama? Nəsə olub? Tina məni qarşılamır, siz də qəribə sözlər deyirsiz?

- Tinanın əslində, ta bizə ehtiyacı yoxdur. Amma nə qədər sənə möhtac adamlar var, ehtiyacdan, xəstəliklərdən şam kimi sönən imkansız insanlar... Sən indi Tinaya yox, onlara lazımsan. Mərhəmət işığını onların üstünə sal.

- Yox, burda nəsə var! Ola bilməz ki, Tina mənim gələcəyimi bilib yatsın. Mənim bura gəlməyimi istəməsin.

O, qapıya yaxınlaşır, mən qorxub arabamı iri qədimi şkafın arxasına sürüb, orada gizlənirəm. Qapım döyülür.

- Tina, mersedesini qapıya ver, gör sənə nə gətirmişəm.

Cavab almadığı üçün qapını açmaq istəyir. Qapının açılmadığını görüb bir az da bərkdən qışqırır: - Bu nə deməkdir, Tina, sən qapını bağlamısan? Mələk mama, o niyə qapını bağlasın? - Qapını daha bərkdən döyəcləyir, dalınca da Mələk xalanın sakit, amma təlaşlı səsi eşidilir:

- Tina, aç qapını, Mələk əminin sənə sözü var. - Yenə də cavab gəlmədiyini görür... Mən arabanın tutacaqlarını möhkəm sıxıram. Cavab verməkdən özümü güclə saxlayıram. Mələk xalanın "Aman Allah!" deyən səsini eşidirəm. Qapıya açar salınır. Onda mən şkafın arxasından çıxıb otağın ortasında dayanıram. Qapılar taybatay açılır. Hər ikisi otağa daxil olur.

- Burdasan, axmaq qız, ürəyim düşdü.

Mələk əmi təbəssümlə gəlir üstümə:

- Ah, gizlənpaç oynayır bu qız. Özü də təkbaşına. Mən də oynayardım, hayıf, vaxt yoxdur, yol üstəyəm, gedirəm.

Mən qorxu ilə onun xeyli arıqlamış, avazımış, hətta saralmış sifətinə baxıram:

- Hara?

- Nahara! - Mələk əmi öz sözünə gülür.

Biz də gülürük. Mən indi gördüm ki, onun gözlərinin ağı da saralıb.

- Ciddi soruşuram.

- Bir şirvan versən deyərəm.

Mələk xala hövsələsiz:

- İndi şirvan var?

Mələk əminin gülüşü dondu sifətində və o güclə seziləcək kədərlə:

- Tamam gedirəm, uzun müddətə. Xaricə gedirəm.

Mələk:

- Tədbirin var?

Mən içim əsə-əsə soruşuram:

- Nə vaxt qayıdacaqsız?

- Neynirsən mənim qayıtmağımı? Deməmisən mən daha gəlməyim bura, indi ki sən məni görmək istəmirsən, mən də acıq eləyib gedirəm Almaniyaya.

Ağır bir sükut çökür. Mən ağlamaq üçün himə bəndəm, amma hiss edirəm ki, möhkəm olmaq lazımdır. Hannan-hana Mələk əmi dillənir:

- Axmaq bir xəstəlik tapıb məni, rəhmətlik anamın xəstəliyindəndir, burda müalicəsi yoxdur.

Danışsam ağlayacam, susuram. Onun üzünə baxa bilmirəm.

- Bir azdan yola düşürəm. Qayıdıb gələ biləcəm ya yox, bilmirəm. Bundan sağalmaq yoxdur, amma ümidsiz də deyil.

Mən daha dözüb susa bilmirəm.

- Həkimlər elə deyirlər?

- Yox, bir həkim deyir! - Qəfil noxudu gülür. - Allah bilən məsləhətdir. Bir də dedilər, səni ancaq sevən adamın duaları sağalda bilər. Mən də dedim, həkim, məni sevən heç kimim yoxdur.

Mən az qala qışqırdım:

- Necə yəni sizi sevən yoxdur? Az qala bütün ölkə sevir sizi, Mələk əmi.

-Yox, o sevgi humanitar sevgidir, həkimin reseptində yazılan başqa sevgidir, məni sevən qadının məhəbbəti, məni sevən qadının duaları xilas edə bilər. - Bunu deyəndə onun dolmuş gözlərindən qəfil yaş sıçradı.

Ayaqlarım olsaydı, mən onun üstünə yüyürüb boynunu qucaqlayar və "Mən səni sevirəm, Mələk əmi" deyərdim, amma mənim ayaqlarım sözümə baxmır, ancaq səsimə gücüm çatır:

- Mən sizi sevirəm! - dalınca da hönkürürəm.

Mələk xala hiss edilmədən getmişdi.

Yuxuda gördüyüm, təmasını hiss elədiyim əllər çiynimə qonur. Mən gözlərimi açmadan onun əlini tutub dodaqlarıma yaxınlaşdırıram.

- O necə sevgidir ki, mənim bura gəlməyimi qadağan eləyir?

Mən danışa bilmirəm. O isə inad eləyir, hiss eləyirəm ki, nəsə deməyimi istəyir. Danışdım, amma bu mənim səsim deyildi, nəsə başqa bir səsdi:

- Mən bu sevgi ilə ölmək istərdim.

O, yuxudakı kimi yanaqlarımı əlləri içinə alıb yaş dolu gözlərimə baxır:

- Niyə ölmək?

- Başqa yolmu var? Bəlkə siz deyən kimi bu mersedesə möhtac qız nəyəsə ümid eləyə bilər? Mən öz sevgimdən utanıram.

- Sevgidən utanmaq? Bax bunu eşitməmişdim.

- Bu sevgi ilə mən heç kəsi xoşbəxt eləyə bilmərəm. Mən heç kimin arzu eləmədiyi ağır bir yükəm...

- Mən də səni sevirəm, Tina, dediyin o yükün altına girməyə hazıram, buna mənim gücüm yetər...

Başımı qaldırıb heyrətlə onun üzünə baxıram, yanaqları bir az rəngini dəyişib, allanıb. Gözlərində yuxuda gördüyüm sirli parıltı və mənə tanış olmayan cazibə var. Aman Allah, o üstümə əyilir, aralı dodaqlarını ağlamaqdan islanmış duzlu dodaqlarıma yapışdırır... Bu öpüş uzun çəkir, hisslərin bolluğundan başım hərlənir... Nəhayət, o məndən aralanır, barmağındakı üzüyü çətinliklə çıxarıb mənim barmağıma taxır. Çox vaxt yerinə düşməyən, qəfil gələn noxudu gülüşü ilə gülür.

- İndi sən oldun mənim nişanlım.

O bu sözü elə dərin inamla və qətiyyətlə deyir ki, mən həqiqətən nişanlandığıma inanıram. Yenə də onun əlini tutub dodaqlarıma sıxıram.

- Getmək məqamı gəldi. - Əlini ehmallıca əlimdən çıxarıb ayağa qalxır.

- Reseptə görə sən mənə dua eləməlisən. Sənin duaların harda olsam gəlib tapacaq məni. Əlvida!

Mən əllərimlə üzümü tutub gözlərimi yumuram, onun necə getdiyini görmək istəmirəm.

Örtülən qapı səsini eşidib gözlərimi açır və namaza dayanıram. Sonra isə Mələk əmiyə həkimin reseptinə uyğun dua edirəm...

İyun, 2020-ci il

# 2735 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #