Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi

Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi
16 aprel 2021
# 12:16

Bu gün bədii yazıları ilə Kulis.az-da mütəmadi çıxış edən yazıçı İlham Əzizin doğum gündür. Onu bu münasibətlə təbrik edir, yeni hekayəsini oxucuların diqqətinə çatdırırıq.

İstidi, bürküdü, axşamdan yağan yağışdan əsər-əlamət qalmayıb. Bircə düz evimizin üstündə çaxan şimşəyin səsi, qorxusundan başqa. Səsi qulağımdan, qorxusu ürəyimdən çəkilmir. Şimşək çaxanda heç bilmirəm nə edim, gah telefonu qarışdırıram, gah votsapdakı köhnə səslərə qulaq asıram. Neyləsəm, olmur, fikrim şimşəyin yanında ‒ göydə açdığı cığırlarda qalır. Belə vaxtlarda feysbukun misli yoxdu, tez-tez yenilənmələr fikrimi dağıdır, şimşəyi unutdurur.

Budur, Almaniyadan bir xanım hekayəmi paylaşdı. Profilinə baxıram... Görəsən kimdi, niyə dünyanın düz ölkəsində bu adamı hekayəm maraqlandırıb? Bu da başqa bir xəstəlikdi, gül kimi ölkədə yaşayırsan, neyləyirsən içi qan-qarğış dolu hekayə oxuyursan?

Postlarına baxıram:

“Sən bizi 41 yaşında qoyub getdin. Mən hər il bu vaxt sənin 41 yaşını qeyd edirəm. Ata, yadımdadı, sən çox iştahla yemək yeyərdin, mən tox olsam da, sənə qoşulub sənin yeməyindən, sənin qabından yeyirdim. İndi də sənin yarımçıq ömrünün davamını yaşayıram".

Maraq məni götürdü: Doğulduğu yer - Ufa.

Şimşək dalbadal çaxır.

Ufa mənim həyatıma çaxan şimşəklərdəndi...

O şəhər mənim taleyimə bir qat salıb, o qat nazildikcə ordakı hadisələri yada salıb sakit, lal ömrümə şimşək çaxdırıram, yaşayıram. Ordakı hadisələr məni rahat buraxmır, qovur, təngnəfəs edir. Yaz axşamları şimşəklər çaxanda, dünyanın gecə sirri, gecə sehri faş olanda, şimşək işığında ordakı üç adamın üzünü görürəm, onları xatırlayıram. O gündən bu günə xatirələrimdəki Ufanın bütün şimşəkləri elə bil bu üç adamın üzünə çaxır.

***

Ufada yaşadığım vaxtların çoxu Klyopa ilə veyillənmək, anasının qoyduğu turşuları oğurlayıb əlimizə keçənlə ona yavanlıq edərək keçirdi. Səhərin gözü açılmamış ağ "Qaz-31" ilə qapıda peyda olur, gülə-gülə danışır, gülə-gülə siqaret çəkirdi. Elə bilirdim, adamın fikirləri tüstüləyir, indi od tutub yanacaq.

Məni götürüb Tibb institutunun yataqxanasının qabağına aparırdı. Tülkü quş yuvasına baxan təki balkonlara zillənib qalırdıq. Klyopa hardan qız görünsə, "ya siftə" - deyib ilan dilini işə salır, başlayırdı yağdırmağa. Bir də görürdün, budur, qız birini də yanına salıb gəlir, əlim qalırdı üzümdə. Beləcə günləri çeynə-tüpür edib yaşayırdım. Təki qaldığım evə - azərbaycanlıların “obşak” dedikləri o qan çanağına gec gedim, orda olan o vurhavuru, söz-söhbəti az eşidim.

Dərd-səri olan, həbsdən çıxan, pulu atılan, malı satılan o evin yolunu yağır eləmişdi. O qədər qayda-qanun icad etmişdilər, gəl görəsən. Dünən də Klyopayla şəhərdən qayıdanda gördüm, cığan-buğandı, qolu zorlular həyətdə qaynaşır, qarğa-quzğun səsləri çıxarırlar, amma nədənsə ov görünmür. Belə vaxtlarda bu adamlardan söz soruşmaq da təhlükəlidi, bunlardan nə desən, çıxar. Həyətdə var-gəl eləyə-eləyə fikirləşirdim ki, görən, kimi vurublar, kimi döyüblər, əgər vurublarsa, vurulan hardadı? Həyətin ortasına çatanda hiss etdim ki, ayağımın altından zarıltı gəlir. Daş döşənmiş həyətdə bir adam enində, iki adam dərinliyində quyu vardı. Qapağı da zindan. Aydın oldu, adamı döyüb salıblar quyuya, zarıltı da elə bu quyudan gəlir. Dünya başıma uçdu. Aspirantura oxumuş, dövlət işində işləmiş, müəllim çörəyi yeyən adam hara, quyuda adam görmək hara...

Qoluzorlular da "muskullarına" baxa-baxa həzz alırlar. Gözüm məni “Piter”dən bura çağıran sinif yoldaşım Elşəni gəzdi, ona elə baxdım, əminəm ki, oturduğumuz parta, yediyimiz yavan çörək, oxuduğumuz mahnılar gözünə göründü, yadına düşdü. Astadan xalası oğluna nəsə dedi. Xalası oğlu burda ikinci adamdı. O da üç dəfə yerə tüpürüb dedi: "Çıxarın oğraşı!"

Zindan qapağı qaldırdılar, torpaq bir orta yaşlı, saçları gümüşü, alnı geniş övladını doğdu. Yox, torpaq doğmadı, o da tüpürdü çölə, yetimin nə adam arasında, nə torpaq qucağında yeri yox imiş.

Paltarı ora-bura dartılmaqdan cırıq-cırıq, ağız-burun qan... Bircə alnı gün işığında parıldayırdı. İlahi, alnı bu qədər geniş adamı da quyuya salarlarmı? Görən, quyuda ürəyindən nələr keçib, kimləri xatırlayıb?

Təzəcə sevinmişdim ki, adama oxşayan bu qoluzorlular qərar verdi: "Salın dama, “Boy”u da buraxın yanına!".

Allah, amandı! “Boy” həyətdə böyüyüb, donuz kimi yeyib, heç kimi tanımayan, yal verənini tutan Qafqaz ovçarkasıdı. Bircə əl-ayaqda işləyən Ələsgərə dəymirdi, elə Ələsgər də ona it kimi davranırdı. Adamı quyudan çıxartdırmağıma min peşman oldum. Tərim gözümün içinə axırdı, silmirdim.

Saldılar dama, ağzını bağladılar, Əlsəgər iti açıb birin özünə, birin itə söyə-söyə buraxdı dama. Hərə bir yerə dağılışdı. Ürəyimdə Elşəni söyürəm ki, gül kimi oturmuşdum “Piter”də, məni bura niyə çağırdın, bu nə vəhşilikdi axı?

O gecə ilan vuran yatdı, mən yatmadım. Ağlıma min fikir gəldi. Bu it hır-zır qanmır, adamı yeyəcək. Səhər alatorandan həyətə çıxdım ki, sakitlikdi, bir Ələsgər zarıyır. O da ilin on iki ay zarıyırdı, yetimə ayaqları zülm edirdi. Ələsgəri çağırıb astadan:

- İnsafsızın balası, gecə adamı buraxardın da, deyərdin qaçıb...

- Deyirsən, məni də onun gününə salsınlar?

Qımışdı, lap hirsləndim:

- Niyə qancıq it kimi dişini ağardırsan?

- Səhər baxmışam, itnən qol-boyun yatıblar. Oğraş itin dilini bilirmiş, darıxma, ondan da borc alıb qaçar... - deyib uğundu, sınıq-salxaq dişlərinin hamısı göründü. Amma iyrənmədim, sevindim. Ürəyim açıldı. Bir azdan Klyopa gələcək, şəstlə atasını aldatmağından danışacaq, güləcək. Sonra maşına minib ley kimi şəhərə - ova çıxacağıq. Allahın ver günü bu qan çanağında nalə var, ölüm var, itim var. Klyopa olmasa, bu xarabadan çoxdan çıxıb getmişdim.

Elə üzlər gördüm ki, min il üz görməsəm, darıxmazdım. Kimin dərdi-səri vardı, bura qaçırdı. Haqq, nahaq.

Heç yadımdan çıxmaz, Ufaya ilk qar yağmışdı, mən də təzə gəlmişdim, sakitlik idi, sevinirdim ki, nə yaxşı yerdi. Axşam hamı yığılıb süfrə açmışdıq, deyib-gülürdük. Bu düzənin yiyəsi, buraların sahibi Əli də evdə idi. Kefi kök, damaq çağ. Qapı döyüldü, bir adam gəldi. İçəri keçib ayaq üstə salam verib durdu. Əli süfrənin başından gözünün işarəsi ilə salamı aldı. Yanındakılar Əlinin işarəsindən sonra tez yer göstərdilər, süfrəyə dəvət etdilər. Qapının ağzında ‒ kresloda oturdu. Adamın üzü Ufanın qarı kim ağappaq ağarmışdı. Tez-tez udqunmağından halının yaxşı olmadığı bilinirdi.

Əli stoldan durub həmişə oturduğu kreslosuna yayxandı. O qədər zəhmli adamdı ki, ayağa duranda istər-istəməz hamı ayaqlanırdı. Haqq üçün, özü sevməzdi belə şeyləri. Amma nədənsə həmişə eyni vəziyyət yaranırdı. İndi də yeyən, yeməyən hamı durdu, qonaq əvvəl nə baş verdiyini unamadı, amma tez başa düşdü, papağını əlinə alıb qalxdı. Əli işarə verdi, hamı oturdu. Fikir vermişdim, Əli adamlara çox əhəmiyyət verməzdi, amma bir yandan da bu evə millət evi deyirdilər, gəlib-gedəni çox olurdu. Hamıya diqqət kəsilsən, özün yaddan çıxarsan.

Asta-asta tərləməyindən başa düşdüm ki, bu xına o xınadan deyil, ağır söhbət olacaq. Adı Telmandı. Səsin sıxa-sıxa sözə başladı:

‒ Əli, sənə sözüm var, amma imkan varsa, təklikdə...

Əli qaşların düyünlədi:

‒ Nə sözün var, de, yad adam yoxdu, qardaşlardı.

O qədər əmin dedi ki, çək-çevirə salmağın yeri deyildi:

‒ Namus məsələsidi.

Sanasan, otağa şimşək düşdü. Əlinin sifəti ağardı, alnındakı çapıq gözünə tərəf sürüşdü. Bu, çox pis əlamət sayılırdı:

- Nə namus? Nə danışırsan?

Hə, onu da deyim ki, bu düzənə gələn adamlara Əlinin qanunları başa salınırdı. Hansı millətdən olur, olsun, azyaşlı qızla əlaqə, narkotik qadağandır. Belə şeylərin üstündə illərin dostluqları qan-qadayla bitmişdi.

İndi burda namus kəlməsi işlənəndə üzü titrədi:

‒ Danış! Telman, danış!

Adam dili topuq çala-çala, tər su içində 3-4 gündə baş verənləri danışmağa başladı:

‒ O gün bazara getmişdim, uşaqlarla salam-sağ oldan sonra Göy Kərim mənə dedi ki, Telman, səni bir cavan oğlan axtarırdı. Azərbaycandan gəlib, iş-güc gəzir. Dedi, Telmanın kəndçisiyəm, qohumluğum da çatır...

Mən də evnən təzə danışmışdım. Yəqin, xəbərləri yoxdu. Əvvəl istədim, yaxın durmayam, sonra fikirləşdim ki, gedib kənddə dalımca min söz deyər, hələ görüm, nə məsələdi? Kaş çıxıb gedəydim, hardan tapacaqdı məni? Uşaqlar hay saldı, tapıb gətirdilər. Tanımadım. Mən çıxan 30 ildən çoxdu, bunun da 30 yaşı olar, ya olmaz, hardan tanıyım?! Xoş beşdən sonra tanışlıq verdi, kəndçimdi. Düzdü, dədəsi fərli adam deyildi, dedim neynək, üzünə üz bağlayıb gəlib. Bir yandan da qış, soyuq. Əyin-başı da nazik, nimdaş...

Bu yerdə Əli qurcuxdu, uşaqlardan biri başa düşdü ki, məsələ uzanır, Əli narahatdı, dilləndi:

‒ A kişi, mustafasın de, mustafasın!

Telman danışığının sürətin artırdı:

‒ Hə, qardaş, götürüb gətirdim evə. Yoldaşım da tatar qızı, toyuma da gəlmişdin, yadında olar...

Əli üzünü qaşıyla yuxarı dartdı. Telman gözünün ucuyla bayaqkı “mustafa” deyənə baxdı ki, kəl kimi adamdı, gözü də dönür:

‒ Nə başınızı ağrıdım, dedim, qal bizdə bir-iki gün, iş-güc tapım, ev məsələni də həll edərik. Allah verəndən yedik-içdik, dedik-güldük. Səhər də mən işə getdim. Dövlət işindəyəm də elə o vaxtdan. Bu binamus “padla” səhər durar, yoldaşım da yemək-içmək düzəldib. Yeyib zəhərlənəndən sonra eləmə tənbəllik, cum yoldaşıma. Hay-haray çıxıb, əkilib, qız da üstü-başı cırıq qaçıb qonşuya, onlar da məni yığıb. İstəyiblər, milis çağırsınlar, qız qoymayıb. Bizim qayda qanunları bilir, gör neçə ildi...

Elə bu sözlər ağzından çeynə-tüpür töküldü ki, Əli siqaretini bərk-bərk külqabıya sıxıb iynə batan adam kimi dik durdu. Hamı qalxdı. Yaxınlaşıb Telmana elə şillə vurdu ki, elə bildim, üzü başından sökülüb düşdü:

‒ “Suka”, öldürüb gəl də, arvad kimi dərd danışırsan. Neçə ildi, burda çeçenlərlə vuruşuruq, “obşaka” bir qəpik verməmisən.

Uşaqlar Telmanı çölə çıxardılar. Hamı əmr gözləyir, Əliyə baxmağa heç kim cürət etmirdi:

‒ Sabah tapıb gətirin!

Əmr hamıya verilmişdi. Yerin deşiyində də olsa, o adam tapılmalıydı.

Uşaqlar çöldə Telmandan lazım olanları öyrəndilər, yola saldılar, bərk-bərk tapşırdılar ki, səhər tezdən burda olsun.

Belə vaxtlarda Əlinin kefini bircə köhnə uşaqlardan Rafo aça bilərdi, ümid ona qalmışdı. O da əlindəki kart “kalodasını” Əliyə göstərə-göstərə qarışdırmağa başladı. Əlinin karta olan zəifliyini it kimi bilirdi. Hər dəfə bu vəziyyətdə Rafo dada çatsa da, həmişə deyirdi ki, vallah bir gün tutmayacaq, məni güllələyəcək, dincələcəksiz.

Oyuna baxa-baxa sabah tapılacaq adamın taleyini düşünürdüm. Görən, Telman düzmü danışırdı, adam, həqiqətən, belə iş tutmuşdumu? Tez də özümə gəlirdim ki, yalan danışmaz, Əliyə heç danışmaz. Oturduğum yerdəcə yuxuladım. Səhər açılan kimi Rafo gəldi, uşaqları götürüb getdi. Az keçməmiş Telman da gəldi. Bir azdan Əli də şəhərdəki evindən gələcəkdi, yır-yığış başlamışdı, həyətin qarı təmizlənmişdi. Amma hava tutqun, şaxta idi. Tərslikdən, Klyopa da hansısa rayona gedib. Burda olsaydı, çıxardım aradan, burda olacaqları görməzdim. Pəncərədən həyətdə hamının pərən-pərən olduğun gördüm. Aydındı, Əli çatır. Budu, qapı açılır, "Komissar Katani"yə oxşayan, uzun, qara dəri plaşlı, üzü tər-təmiz qırxılı, dodağında “Marlboro” siqareti, buraların sahibi, salamı işarəylə alan Əli gəldi. Adam o qədər özündən razı idi ki, insanlar bir yana, heç təbiəti də saymırdı. Ondan heç vaxt “soyuqdu, istidi” eşitmədim. Həyət-bacaya nəzər salandan sonra içəri keçib öz kreslosuna qoltuqlandı, çayı gəldi, külqabısı yaxın qoyuldu, pult həmişəki yerin aldı. Adamın zəhmi bütün ev-eşiyi basırdı, başqa otaqlarda, hətta həyətdə istəsən də, bərkdən danışmaq olmur, səsin çıxmırdı. Həyat onun əhvalına borclu düşmüşdü.

Budur, Rafonun “Mersedesi”nin siqnalı eşidildi, bu o deməkdi ki, maşın həyətə girəcək, içində ciddi adam var, çöldə düşürmək olmaz. Olmadı elə, oldu belə, səs-küy çıxar, kənd adamı milisə, “Omon”a xəbər eləyər. İçəri girdisə, qorxu yoxdu, bura qaladı, burda olan burda da qalır.

Rafo qəhrəman ədasıyla qapını açıb: “Düş, bləd” - deyəndə hər şey aydın oldu. Tapıb gətiriblər. Ürəyimdə adamı qınamağa başladım ki, bədbəxt oğlu, poxu yemisən, qaç, çıx get də, nəyi gözləyirsən? Maşından nimdaş paltarda, ortaboylu, qarasaçlı, qaraşın bir gənc düşdü. Nədənsə diqqətimi ayaqları çəkdi. Ayaqları əyri idi, o qədər əyri idi ki, yeridikcə ayaqqabılarının ucları az qala bir-birinə dəyirdi. Hiss etdim ki, bu ayaqların getdiyi yol sona çatıb, bitib. Amma hərəkətlərindən qorxana da oxşamırdı, həm də burda olacaqlar ağlına gəlmirdi. Adamın ağlı Azərbaycana getmişdi...

Səs küyə Əli həyətə çıxdı. Adamı başdan ayağa süzəndən sonra dilləndi:

‒ “Şakal”, deyilənlər düzdü?

‒ Nə?

‒ Telmangildə nə oğraşlıq etmisən?

‒ Sənə nə var?

Bu cümlə ağzından çıxan kimi idmançıların biri təpiyi düz çənəsinin altından elə vurdu, dedim, başı çıxdı yerindən.

Adam yıxıldı, üstünə cumdular, o qarmaqarışıqlıqda altdan səsi gəlirdi:

‒ Oğraşlar, məni urus qızına görə vurursuz? Yiyəsiz görmüsüz?

Əli Rafonu çağırdı, qulağına nəsə dedi, içəri keçdi. Rafo uşaqlara qışqırdı: "Mindirin maşına! Siz də gəlin!"

Adamı başıaşağı soxdular "Mersedes"ə. Biz də başqa maşınlara doluşub dalbadal yola düzəldik. Fikirləşdim ki, "Bazar"a aparırlar, ya da uzaq bir yerdə döyüb yola tullayacaqlar.

Aqidel çayının üstündəki körpünün ortasında Rafo maşınını saxladı, biz də dayandıq, hamı töküldü. Adamı düşürdülər. Çay elə donmuşdu ki, “Kamaz”lar buzun üstündən keçirdilər. Adam özünü təzəcə düzəltmişdi ki, bayaq həyətdə təpik atan idmançı var gücü ilə qarnından elə vurdu, adam körpüdən düz çaya uçdu. Bircə səs eşidildi: “xırç”...

Ağappaq Aqidel çayının buz ürəyinə qara xal düşdü. Donub qaldım. Az qaldı, ürəyim ağzımdan çıxa. Tələsik maşınlara doluşduq, körpünün üstündə bir Telman qaldı, bir də ucları əyilmiş bir cüt nimdaş ayaqqabı...

O gün-bu gün üşüyürəm, yay bilmirəm, isti bilmirəm, üşüyürəm. Məni daha heç nə isidə bilməz.

O an ürəyim ən çox Klyopanı istədi. Kaş çıxaydı bir yandan, aparaydı məni tanımadığım yerlərə, tanımadığım adamların yanına. Tərs kimi bu gün Klyopa gəlməyəcək. Mənə ən çox əzab verən burdan qayıdandan sonra heç nə olmamış kimi davranmaqdı. Bunu necə bacarırlar? Qayıdacağıq, yeyib içəcəyik, kart oynayıb gic-gic lətifələr danışacağıq. Amma bilirəm, hamının içində olanlar süd kimi qaynayır, təkliyə çəkilən kimi köpüklənib daşacaq, içinə dağılacaq, içini qarsıdıb yara edəcək.

Ufa yaddaşımı nehrə kimi çalxalayıram, sizi inandırım, heç sələnin ağzına yapışacaq qədər yağ yoxdur, hamısı həyatımın ayran dövrüdür.

Orda yaşadığım günlərdə günah tayaları qurulur, mən bu tayaların arası ilə gəzir, heyrət edirdim. Birdən görürdün, idmançılar evə balaca küçük gətiriblər, elə sığallayır, elə oxşayırdılar, adamı mərhəmət bürüyürdü. Deyirdim, vəssalam, bunlar bir də adam döyməz, adam öldürməz! Amma nə fayda? Adamların hissləri, hərəkətləri, ağılları əriyib biri-birinə qarışıb, nə elədiklərinin hesabını heç özlərinə də vermirlər. Bu həyətdən və həyatdan kənarda hər şey öz axarında idi, fəsillər ötür, təbiət qapını heç kimə bağlamadan paltarını dəyişir, gözəlləşirdi. Aqidel çayının donu açılır, sarı-sarı gözəlləri ətrafına toplayıb onlarla məhrəmini bölüşürdü.

Şimşəklərin çarpaz işığında üzü gözüm önündə anidən işıqlanıb qeyb olan üçüncü kəs “obşak”a yazın sakit, arın-arxayın günlərindən birində gəldi. Həmin gün bazarın üç ağsaqqalı yanlarında bir cavan gətirdilər. Hamı evə yığılıb çay süfrəsinə əyləşdi. Ələsgər çay gətirdi, əvvəl Əliyə, sonra qonaqların qabağına olandan-olmazdan yığdı. Üç ağsaqqal işdən-gücdən Əliyə danışır, planlarını açıb deyirdilər. Yanlarındakı adam təbəssüm içində, amma gözünə səhra qumu dolan dəvə narahatlığı ilə sakit durub qulaq asırdı.

Əli də yamyaşıl təzə alçadan yeyir, üzünü turşudur, amma elə həmin anda nübar alçanın dadından aldığı ləzzəti bəlli edirdi. Söhbətin şirin yerində ortada oturub tez-tez bığına sığal çəkən, yaşlı olmasına baxmayaraq, saçlarına noyabr qarı kimi adda-budda dən düşən kişi üzünü Əliyə tutub:

‒ Əli, əslində, əsas bir məsələyə görə səni narahat etdik. Bu qardaş bizim hərəmizdən xeyli nisyə mal götürüb, pulunu vermək istəmir.

Təbəssüm içində sakit duran adam tez dilləndi:

‒ Vermək istəmir yox, ziyana düşmüşəm, verə bilmirəm.

Bunu eşidən kimi uşaqlardan biri tez çımxırdı:

‒ Sən mumla!

‒ Olanı deyirəm.

‒ Qələt eləyirsən!

Elə qurcuxmaq istəyirdi ki, pələng ova cuman kimi tökülüşdülər üstünə. Vurub adamı stoldan aşırdılar, səs-küy otağı bürüdü.

Əli alçaların böyüklərindən seçib dişləyir, üz-gözünü turşudur, uşaqlar da adamı var gücləri ilə döyürdülər. Otağın küncündə adam dizləri üstə çökəndə, Əli alçanı dişləyib üzünü turşutdu:

‒ Nə sırtıq adamdı , nəyə gülür bu...

Bu sözdən sonra yumruq təpiklər də adamın üzünə tuşlandı, nəyin bahasına olur olsun ağlatmalıydılar. Adam zərbələrdən ora-bura aşır, hər tərəfə qan sıçrayırdı. Amma yenə də gülümsəyirdi.

Hiss etdim ki, alçanın turşluğu da bir yandan Əlini cin atına mindirir. Adamın bağırtısı evi başına götürmüşdü. Əli alçanın birini götürüb o tərəf-bu tərəfinə baxdı, bir üzü azcana qızarmışdı. Ürəyimdə Allahı çağırdım ki, şirin olsun, bəlkə, ürəyinə insaf düşər. Alçanı dişləyən kimi üzünü turşutmadan qışqırdı:

‒ Dayanın!

Hamı dayandı. Adam yerdə, ağız-burun qan, pal-paltar cırıq-cırıq...

‒ Otuzdurun.

‒ Ayə, öldüyün yerdə niyə gülürsən?

‒ Əli, vallah, gülmürəm, üzümün quruluşu belədi.

Əli lapdan şaqqanaq çəkdi. Adam dirçələndə hönkürüb ağladı. Şam ağacından süzülən qətran kimi gözünün yaşı axmadı, yumurlanıb yanağında qaldı. Həyatımda ilk dəfə gülə-gülə ağlayan adam görürdüm.

Otaqdan çıxıb yuxarı mərtəbəyə qalxdım, üzü üzlər görmüş çantama pal-paltarımı yığdım. Mən burda qala bilməzdim. Həmin axşam Ufa-Moskva qatarının pəncərəsindən baxanda şəhərə şimşəklər çaxırdı...

***

Axşamkı şimşəyin qorxusu yavaş-yavaş canımdan çəkilir... Özümdə təpər tapıb Almaniyadan hekayəmi paylaşan qıza messencerdə yazıram:

‒ Sənin atan Ufada nə işləyirdi?

- Tanımazsan.

- Orda çox adamı tanıyıram. De, bəlkə tanıdım.

- Bazarda işləyirdi.

- Hə, orda bizimkilərin çoxu bazarda işləyir. Adı nə idi?

‒ Şahin!

- Şahin...

- Belə tanımazsan. Ona hamı “gülən adam” deyirdi...

# 4882 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #