Xanım yazarlarımız niyə ciddi ola bilmir? – Gənc şairdən sərt tənqid

Xanım yazarlarımız niyə ciddi ola bilmir? – Gənc şairdən sərt tənqid
15 aprel 2021
# 10:38

Mənə həmişə maraqlı gələn suallardan biri bu olub ki, niyə qadın yazarlar kişilər qədər güclü əsərlər ortaya qoya bilmirlər?

Məsələn, ən sevdiyimiz romanların, sərxoş halda ağlımıza gələn şeirlərin demək olar hamısının (əksəriyyətinin yox!) müəllifi kişilərdir.

Heç bir içki məclisində kiminsə Rəbiqə Nazimqızından, Sevinc Elsevərdən, ya da Nuranə Nurdan bir şeir, bir bənd, bir misra dediyini görə bilməzsiniz. Şəxsən öz adıma deyə bilərəm ki, mən görməmişəm. Əminəm, siz də görməmisiniz.

Nəinki içki məclislərində, kişilərin süfrəsində, heç qadınların masasında da belə söhbətlərin getmədiyinə əminəm.

Əslində, bu yazını bir az qorxa-qorxa yazıram. Qorxuram, xanım həmkarlarım məndən inciyərlər. Hətta, təkcə inciməklə kifayətlənməyib, həm də qəzəblənsələr, vay mənim halıma!

Bu yazını ara qatmaq, qalmaqal yaratmaq üçün yazdığımı düşünənlərə də demək istəyirəm ki, bir az vicdanınız olsun, əlinizi ürəyinizə qoyun, səmimi cavab verin, axı nəyi səhv deyirəm?

Ölkədə, ədəbi mühitdə xanımların yazdığı hansı əsər, hansı roman, hansı hekayə, hansı şeir gündəmə çevrilə bilib? Mənim ağlıma sözün həm yaxşı, həm də pis mənasında ciddi səs-küyə səbəb olan nəsə gəlmir.

Xanım yazarlarımız sosial şəbəkələrdə belə gündəmə çevrilməkdə çətinlik çəkirlər, bunu belə bacarmırlar. Sırf gözəl olduqlarına görə şəkillərinə gələn çoxsaylı “layk”ları nəzərdə tutmuram. Əslində, heç gözəl olmasalar da şəkillərinə “layk” gələcək.

Sonuncu dəfə xanım yazarlardan sosial şəbəkədə azca gündəm yaradan Günel Mövlud oldu, o da dənizdən paylaşdığı “kupalnik”i ilə. Həmin ərəfələrdə Günelin “Düşərgə” adında romanı da çap olunmuşdu, amma roman “kupalnik”li şəklin reytinqinə heç yaxınlaşa da bilmədi.

Göydən Allah baxır, yalan deyə bilmərəm, Günel Mövludu zərrə qədər sevməsəm də, etiraf etməliyəm ki, çox gözəl şeirləri var, amma bir-iki yaxşı şeir bəs etmir.

Norveçə gedib, yenə də tipik Tükəzbanlığını bir qırağa ata bilmir. “Çerez” Norveç - ordan-bura qeybətcil xalalar kimi ailə-məişət məsələlərinə aid mənasız postlar paylaşır.

Biz sevinirik ki, bir yazıçımız Norveçə gedib, Nobel mükafatı verilən ölkənin qonşuluğundadır, o yazıçı da mənasız feministliyi ilə Azərbaycandakı boşanma sayına sevinməklə məşğuldur.

Digər feminist xanım yazarımız: Aysel Aydın Əlizadə...

Zəruri olmayan bir qeyd edim ki, Aysel xanım mənim ən sevdiyim feministdir.

Ötən il onun “Seksin poeziyası” adlı şeirlər kitabı çap olunmuşdu. Təəssüf ki, bu kitab da içindəki gözəl və maraqlı şeirlərə rəğmən sadəcə adı ilə bir az marağa səbəb oldu. Gözlədiyim “bum”u yarada bilmədi.

Bir dəfə Aysel xanıma sual vermişdim ki, niyə qadın yazarlar kişilər qədər istedadlı mətn yaza bilmirlər? O da bunu inkar edərək bir-iki xarici qadın yazarın adını mənə nümunə kimi çəkmişdi. Daha sonra demişdi ki, əsas səbəb qadınların əsrlər boyu təzyiqlərə məruz qalması, azadlıqlarından məhrum edilməsi, evə qapadılmasıdır.

Bilmirəm, bəlkə də haqlıdır, amma məncə, evdar xanım olmaq yazıçı üçün ən ideal seçimlərdən biridir. Tanıdığım bir çox kişi yazar yaxşı əsərlər yaratmaq üçün evdən çölə çıxmaq məcburiyyətində olmamağı arzulayırlar. Elə ən böyük əsərlər özünü evə qapadaraq, dünyadan təcrid olunaraq yazılıb.

Hər halda evdar xanımların oxumaq və yazmaq üçün daha çox vaxtı olur. Paltar yumaq, yemək hazırlamaq kimi primitiv məişət proseslərini əlinizdə bayraq etməyin. Hər halda saatlarla izlənilən bayağı seriallardan, “xoşqədəmlərə”, “elgizlərə” və “zaurlara” sərf olunan vaxtdan hamımız xəbərdarıq.

Bir feminist də var: Fəridə

Bir ara imzası Fəridə Məmmədova idi, sonra Fəridə Uğur oldu, daha sonra Fəridə Zero oldu. İndi, sadəcə Fəridədir. Onu “Sevgili üçün notlar” adlı şeirlər kitabı ilə tanımışdım. Deyəsən, müasir dövr qadın şairələrimizdən ilk elə Fəridənin şeirləri ilə tanış olmuşam və sevmişəm.

Yadımdadır, ilk bir-iki şeiri oxuduqdan sonra heyrətə gəlmişdim ki, yəni, doğrudanmı bir qadın belə gözəl şeir yaza bilər?

Yaza bilərmiş, amma noolsun?

Nə qədər güclü olsa da, görürsən, yenə “o deyil”, güclü kişi imzalar ilə müqayisədə zəif qalır.

O da enerjisini mənasızca kişi düşmənliyinə sərf edir.

Ümumiyyətlə, bir qadın gərək nə qədər mənasız ola ki, kişini özünə düşmən bilə.

Həmçinin bir kişi də nə qədər mənasız ola ki, qadını özünə düşmən bilə.

Qadın yazarlar oxucu üçün də niyəsə yetərincə maraqlı deyil. Bəlkə, nəsə başqa bir üsul tapmaq lazımdır? Bax, siz oturub bunu düşünməlisiniz, xanımlar.

Məncə, siz tüklü-müklü, üstündən siqaret, ağzından araq iyi gələn kişilərdən daha maraqlı ola bilərsiniz oxucular üçün.

Bozbaş iyi verən giley-güzarlarınızdan uzaqlaşın.

Olmaz belə...

# 4839 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #