Qəbirdə oyanmaqdan qorxan yazıçı

Qəbirdə oyanmaqdan qorxan yazıçı
2 aprel 2021
# 16:49

Kulis.az Günel Natiqin "Azər Abdulla - toyda halaya, yasda tabuta çiyin verən dost" adlı yazısını təqdim edir.

Yazıçı Azər Abdulla ilə bərabər ürəyimizdən bir parça da qopub ayrıldı. O, həqiqi ədəbiyyatçı idi. Qələmin ucalığını heç bir ritorik ucalığa dəyişməmişdi.

Atam Natiq Səfərovun ölümündən sonra onun haqqındakı materialları necə səbirlə, yüksək vicdan hissiylə yığdığını, capa hazırladığını xatırlayıram. Təkcə atam haqqındamı? Dünyadan köçmüş bütün qələm dostlarının xatirəsinə sayğılı idi, bir zaman yaşanmış o ədəbi söhbətlərin, ədəbiyyatla bağlı duyğu və düşüncələrin zamana qarışıb puç olmasına, yaddan çıxmasına yol verməzdi.

Atamı itirdikdən sonra hər Novruz bayramında həyat yoldaşıyla birgə bizim evə, bizi görməyə gəlməyi özünə borc bilirdi. Söhbətlərimiz əsasən atam haqqında olurdu. Xatirələrə dalardıq. Söhbət boyu gözləri yol çəkərdi, yalnız anamla bilərəkdən danışdığımız, atamın hansısa məşhur zarafatı onun eynini açardı, gözlərinə qüssə qarışıq işıq dolardı. Azər Abdulla Mövlanənin dediyi kimi, “toy-düyündə halaya, ölümdə tabuta çiyin verən” dost idi. Onun vəfatıyla sanki atamı ikinci dəfə itirdiyimin fərqindəyəm.

Gallery

Bir neçə il qabaq möhkəm xəstələndim. Azər əmimə xəbər çatar-çatmaz dərhal durub gəldi. Sarsılmışdı, çox az danışdı, amma səmimiyyəti elə böyük idi ki, hər bir sözü, jesti və mimikası insana təsəlli kimi gəlirdi. Gedəndə dedi ki, Günel qızım, mən hər səhər Tanrıya sənin üçün dua edirəm. Sonra bir anlıq susdu və elə bil həm məni, həm də özünü inandırmaq istəyirmiş kimi əlavə etdi: “Dua da enerjidir, bu, təsirsiz ötüşmür”. Ondan sonra hər dəfə o sözləri xatırlayanda o duaların enerjisini hiss edən kimi olur və yaxşılaşırdım.

Fəaliyyəti boyu əsl görəvi böyük sənətə xidmət etmək olmuşdu. “Qobustan”da, “Oğuz eli”ndə çalışanda da, bir-birindən dəyərli ədəbi nümunələr ərsəyə gətirəndə də təmənnadan, çıxarlardan uzaq olmuşdu, əsl sənəti təbliğ etmişdi. Televiziyada sonuncu çıxışı “Qobustan” jurnalı haqqındaydı. Mənəvi dünyamızda bu jurnalın həqiqətən böyük dəyəri olmuşdu; internetin olmadığı bir vaxtda , 70-80-ci illərdə əvəzsiz informasiya mənbəyi rolunu oynamışdı, kino, teatr, rəssamlıq, memarlıq - bir sözlə, mədəniyyətimizlə bağlı ən peşəkar, ən dolğun bilgiləri özündə sığdırmışdı. Öz dövrünü xeyli qabaqlayan “Qobustan”ın hətta 40-50 il əvvəlki nömrələri də həmişə mənə yeni nəşr təsiri bağışlayıb.

Bəlkə də Azər Abdullanın rəssamlarla ünsiyyətinin, çoxsaylı oçerklərinin təsirindəndir ki, onun özündə sonradan rəssamlığa meyl yaranmışdı. Son illərdə bu məşğuliyyətinə daha çox vaxt ayırırdı.

Rəsmlərinin birində özünün avtoportretini yaratmışdı. Güllü-çiçəkli bir obada, əlində gül dəstəsi tutmuş bir adam atın üstündə yol gəlir. Adam məsuddur, ümidlidir, bəxtiyardır, sanki aradan heç bunca əzablı illər keçməyib, “Qəmərlidən keçən qatar” qəriblik çəkməyib, o yurdlar da düşmənə qalmayıb.

Bu rəsm keçmiş vaxtların, yağmalanmış yurdların həsrətiydi. O həsrətin ki, Azər Abdulla “Qəmərlidən keçən qatar” və s. əsərlərində ürək ağrısıyla bəhs edirdi.

İndi anlayıram ki, bu, həm də yenidən ana başlanğıca qayıtmaq idi.

Azər Abdulla müdriklik çağında da uşaq saflığını qorumuşdu, hətta təsadüfən gözünə dəyən hansısa bir oyuncaq da onda qəfil bir sevinc oyada bilərdi. Bu xüsusiyyətinə görə onu atama oxşadırdım. Yəqin ki, onları birləşdirən cəhətlərdən biri də hər ikisinin ahıl yaşda da uşaq saflığını qoruması idi.

O, əsərlərində halal əqidə adamlarını tərənnüm edirdi. O adamlar ki, əqidələri uğrunda son ana kimi mübarizə aparırlar və heç bir ehtiyac onları başqa bir yolla getməyə məcbur edə bilməz.

Ləyaqətli övladlara sahib idi: Alpay Azər, Turxan Əhməd kimi. Bir insanın cəmiyyət qarşısındakı ən böyük borclarından biri də xeyirli övlad - layiqli vətəndaş tərbiyə etməkdir. Və o ardıcıllar ki, insanın fikirlərinin, duyğularının davamı kimi yaşayır və belədə müqəddəs nəsnələr uğrunda döyüş heç vaxt səngimir...

Azər Abdullanın keçən il 80 illiyi idi. “Çat” adlı yeni kitabı işıq üzü görmüşdü. Deyirdi ki, “bu mənim sonuncu kitabımdır, əksər nümunələrimi bu nəşrdə topladım”. 80 illik yubileyini keçirmək təklif edilmişdi. Nəsə razılaşmırdı, mütəvazi təbiəti buna yol vermirdi. Sonra isə - pandemiya, tədbirlərin ləğvi, bir yer toplaşmaq qadağası... Nəticədə “Çat” yazıçının 80 illiyinin ən dolğun ifadəsi oldu.

Qəribə bir fobiyası vardı. Qəbirdə dirilməkdən qorxurdu. “Gül yağışı” hekayəsi həmin qorxunun izlərini yaşadır. Bütün qorxuları, düşüncələri, duyğularıyla ədəbiyyata bağlı olan halal söz adamı Azər Abdulla mənim üçün hələ də diridi, canlıdır. Və əgər hardasa o dünya varsa, orda Azər Abdullanın ədəbi söhbətləri davam edir...

# 2833 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #