Aprel döyüşləri və Zamin Hacının mənə açdığı sirr

Aprel döyüşləri və Zamin Hacının mənə açdığı sirr
2 aprel 2021
# 11:10

Aprel döyüşlərinin 5-ci ildönümüdür.

Şübhəsiz torpaqlarımızın işğaldan azad edildiyi və qələm adamlarının davamlı olaraq doğma ocaqlarını ziyarət etdiyi bir vaxtda Aprel döyüşlərinin anlamı da xeyli dəyişib. O, artıq əlahiddə bir hadisə kimi deyil, Vətən müharibəsinə aparan yolun başlanğıcı kimi xarakterizə olunur.

Belə bir həssas məqamda Aprel döyüşləri ilə yaxından əlaqəsi olan sevindirici bir xəbər aldım: Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə müəllifi olduğum "Komandir" romanı ikinci dəfə yüksək tirajla nəşr olunub.

Bildiyiniz kimi bu roman Aprel şəhidi, "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucova həsr olunub.

Bədii əsər üçün faktlar toplamağa başladığım vaxt Murovda Raquf Orucovla tanış olmuş tanınmış jurnalist Zamin Hacı ilə də görüşdüm. O, ədəbiyyatdan az-çox məlumatlı olduğu üçün mənə təkcə igid kəşfiyyatçı haqqında deyil, ümumilikdə Murovun o dövrü haqda xeyli detallı məlumat verdi. Axırda isə belə söylədi: "Çox çətin bir işə girişmisən. Yadda saxla, Raqufa inanılmaz sevgi var. Əsər bu sevgiyə layiq olmasa, vay halına!"

Eyni zamanda, əlavə etdi ki, Raquf Orucov şəhid olan vaxt onun haqqında yazdığı status Facebookda nə az-nə çox 16 min dəfə paylaşılmışdı. Skrin edənlər, öz səhifələrində ayrıca yazı kimi paylaşanların sayı yüzlərlə idi. 5 il əvvəl üçün bu rəqəmlər fantastik idi.

Qəribədir, çox haqlı deyilmiş bu sözlər məni qorxutmaq əvəzinə daha da ürəkləndirdi, məsuliyyət hissimi itirmədən içimdə bir inam yaratdı. Sanki yaza-yaza mənə bu sözləri deyən adamın qarşısında özümü doğrultmağa çalışırdım.

Raquf Orucov — Vikipediya

Qarşımda üç böyük çətinlik vardı:

1. Mən çağdaş ədəbiyyat prinsiplərinə qarşı gedərək, bəri başdan oxucuya bəlli olan müsbət qəhrəman yaratmalı idim.
2. Qəhrəmanım həyatı boyu heç bir əməliyyatı haqqında bir cümlə də danışmamışdı. Üstəlik, kəşfiyyatçı olduğu üçün əməliyyatlar haqda rəsmi məlumatlar, demək olar, yox idi.
3. Qəhrəmanın şəxsiyyəti o qədər parlaq idi ki, məni hər addımbaşı əzirdi. Bütün kitab boyu ona məğlub olmamaq üçün əməlli-başlı mücadilə verməli oldum.

Əslində isə ən çətini Raquf Orucovu şəxsən tanımamağım idi. Lakin bu faktı, gördüyünüz kimi, çətinliklər siyahısına daxil etməmişəm. Çünki, peşəkar qələm adamı üçün belə bir şərt yoxdur. Əks halda heç kim tarixi əsər yazmazdı. Lakin mən öz müasirimdən yazırdım və əgər onu heç olmasa bircə yol görmüş olsaydım sadaladığım çətinliklər qismən də olsa aradan qalxardı.

Şübhəsiz, avantajlarım da vardı və bu məziyyətlər olmasaydı, çox yəqin kitabı yaza bilməyəcəkdim.

Kitabı yazıb-yazmamaq haqda qərar vermək üçün bir ay vaxt istədim. Amma çox tez qərar verdim. Bir balaca araşdırmam kifayət etdi ki, Raquf Orucovun həyat hekayəsinin bir yox, bir neçə romana material verdiyini anlayım. Bu hekayə həm də heyrətamiz dərəcədə təsirli idi: onun anası şəhid olmuşdu! Atası kənd könüllülərinə rəhbərlik etmişdi. Dayısı torpaqlarımızın müdafiəsində həyatını itirmişdi. Yaxın-uzaq qohumlarından əli silah tutan kim varsa döyüşmüşdü. Özü isə Özbəkistanda keçdiyi hərbi xidmətdən yarımçıq gəlib Milli qəhrəman Allahverdi Bağırovun batalyonuna yazılmışdı və bununla da hərbçi karyerası başlamışdı.

Hiss etdinizsə, hərbçi karyerasının başlanğıcına qədər ayrıca bir romanın mövzusu var artıq. Hələ Ali hərbi məktəbi bitirib Murova gedişi, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyatları, bu gün 44 gündə fövqəladə qələbəyə imza atan ordumuzun quruculuğunda zabit kimi gördüyü işlər…

news-inner

Yuxarıda qeyd etdiyim çətinlikləri dəf etməyin yeganə yolu bax bu zəngin həyat materialından lazımınca yararlanıb və mümkün qədər səmimi davranmaq idi. Mən də belə etdim. Komandirləri və əsgərləri ilə görüşdüm. Həyat yoldaşını və qardaşlarını danışdırdım. İlk təsirləndiyim nə oldu? Raquf Orucov 90-cı illərdən uşaq yaddaşımda başıpozuq silahlı dəstə kimi qalan və mənim yanlış nəzərimdə heç vaxt peşəkarlaşmayan Azərbaycan ordusu haqda fikirlərimi alt-üst etdi. Məndə möhkəm bir qənaət formalaşdı: Raquf Orucov kimi zabitlər yetişdirən ordu qələbəyə qadirdir. Zatən bir çox Azərbaycan oğulları kimi həm də Raquf Orucovun qanı ilə tariximizə yazılan Aprel döyüşləri təkcə mənə yox, hamıya bu qənaəti aşılamışdı. Lakin bir var bir həqiqətə elliklə inanmaq, bir var şəxsi araşdırmalarla bu həqiqətə varıb bütün varlığınla əmin olmaq.

Raquf Orucovun həyatı ilə yanaşı 25 illik hərbi xidmət zamanı etdiyi qəhrəmanlıqlar və göstərdiyi fədakarlıqlar da yazmaqla bitən deyildi. Ona görə romanın yazılma ərəfəsində sifarişçilərə bir təklif verdim. Dedim, mən süjetin bitkin alınması üçün onun yalnız bir kəşfiyyat əməliyyatını götürmək istəyirəm. Lakin ümumi rəy bütün həyatını əks etdirməyim üzərinə fokuslandı.

Sonralar mən bu arzumu kitab əsasında yazdığımız ssenaridə reallaşdıra bildim. Əsas süjet kimi Raqufun bir əməliyyatını götürdük.

Təbii, hər romanın xitab etdiyi bir auditoriya var. "Komandir" geniş oxucu kütləsi üçün yazıldı və şadam ki, ümidlərimi doğrultdu. Kitaba maraq əvvəl məni sevindirsə də, sonra bir balaca həyəcanlandım. Zamin Hacının sözü düşdü yadıma. Kitabı Raquf Orucova görə onsuz da oxuyacaqdılar, lakin onun sevilməsi və növbəti layihələrə rəvac verməsi mətnin bədii keyfiyyətindən asılı idi. Şükür ki, ilkin reaksiyalardan bugünəcən mətnin də öz kontekstində bəyənildiyinin şahidi oldum. Ehtimal etməsəm də romana peşəkar münasibətlər də gəldi. Misal üçün, ötən il tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı "Azərbaycan" jurnalında çap olunan illik icmalında romanı təhlil edərək çox yüksək qiymətləndirdi.

Mənəvi Dəyərlərinin Təbliği Fondunun sonuncu nəcib təşəbbüsünü isə "Komandir" romanının növbəti uğuru sayıram. Artıq bizə yüksək sevgiylə müraciət edən oxuculara "yox" demək əzabından xeyli azad olmuşuq. Əlimizdə romanın yüzlərlə nüsxəsi var. Oxumaq istəyənlər mənə və Raquf Orucovun ailəsinə müraciət edə bilərlər. Xatırladım ki, kitabın bu nüsxələri də satış üçün nəzərdə tutulmayıb, yalnız hədiyyə edilir.

Şübhəsiz, bütün bənzərsizliyi və əfsanəvi həyatı ilə Raquf Orucov istər birinci, istər ikinci Qarabağ müharibəsində, istərsə də Aprel döyüşlərdə şəhid olan igid zabitlərimizdən sadəcə biridir. Mən onu yaxşı tanıdığım üçün bütün şəhid hərbçilərimizin simvolu kimi götürdüm və ondan yazdım.

Qarabağ savaşı və igid iştirakçıları haqqında daha dəyərli əsərlər, məqalələr indən belə yazılacaq və onlar əsasında çox yaxşı filmlər çəkiləcək. Tarixi yaratmaq onu yazmaqdan və çəkməkdən daha çətindir. Çünki tarixi yarada bilməsən, yazmağa və çəkməyə bir şeyin olmaz.

Biz tarixi yaradan kişilərin müasirləriyik. Bunun üçün taleyimizə minnətdar olmalıyıq.

# 3300 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #