Həsənağa Turabov yaralandı, işə polis qarışdı – İki qadının diri-diri hörüldüyü divar – İlisudan reportaj

Həsənağa Turabov yaralandı, işə polis qarışdı – İki qadının diri-diri hörüldüyü divar – İlisudan reportaj
29 mart 2021
# 13:00

Kulis.az Azərbaycanın ən məşhur kəndlərindən biri olan İlisudan reportajı təqdim edir.

Gəlin etiraf edək ki, hamımız dünyanın məşhur tətil kəndlərindən çəkilən fotolara həsədlə baxırıq. “Kaş orda olardım, “orada yaşayardım” dediyimiz zamanlar da az olmur. Nə yalan deyim, mən də İsveçrədə, Kanadada, Almaniyada və bir çox Avropa ölkələrində yerləşən nağıl kəndlərdə olan və oradan fotolar paylaşan dost-tanışımın yerində olmağı arzulamışam zaman-zaman. Ta ki, İlisunu görənə qədər. Budur Kürmükçay və Ağçayın kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşən, bəstəkar Müslüm Maqomayevin ata vətəni İlisudayıq. Yazın astanasında olmasına baxmayaraq dağlar hələ əynindən gəlinliyini çıxartmayıb. Amma havada xoş bir ilıqlıq var. Bir az günəş, bir az qar ilə qarşıladı İlisu bizi. Möhtəşəm təbiəti ilə gözəlliyin sərhədlərini zorlayan İlisunu gəzdikcə bu kənd haqqında nə çox şey bilmədiyimi fərq etdim.

İlk olaraq bütün SSRİ məkanında məşhur olan “Qorxma mən səninləyəm” filminin çəkildiyi Sumuq qalasına yollanıram. Bizə kənd sakini, tarixçi Azər Qocayev bələdçilik edir. 1981- ci ildə Yuli Qusmanın ekranlaşdırdığı “Qorxma mən səninləyəm” filminin əsas kadrları gördüyünüz bu qədim tarixə malik qalanın içərisində və ətrafındakı ərazilərdə çəkilib. Filmin çəkilişləri zamanı bir neçə talehsizlik baş verib. Texnikanın nasazlığından yaranan çətinliklərdən tutmuş, Mərkəzi Komitənin bəzi kadrlara ağız büzməsinə qədər. Kənd dağlıq ərazidə yerləşdiyi üçün şəhərdən gələn çəkiliş qrupu üçün də çətin məqamlar yaranıb. Məsələn çəkilişlər zamanı filmdə Üçgöz Cəfəri canlandıran Xalq artisti Həsənağa Turabov Ağçayın ətrafında kənd sakinlərindən birinin atından yıxılaraq ağır yaralanıb. İş polisə qədər gedib çıxır. Atın sahibi olan gənc oğlanı bu hadisədə təqsirkar bilirlər. Lakin Həsənağa Turabov oğlandan şikayətçi olmadığını deyir və məsələ bağlanır.

Qalanın içərisinə daxil oluram. Hündür taxta pilləkənləri qalxmaq xeyli çətindir. Amma buna baxmayaraq maraq məni qalanın ən axırıncı otağına qaldırır. Qalanın içində kiçik bir tarix muzeyi də var. Hər mərtəbədə müxtəlif dövrləri əks etdirən tarixi eksponatlar mövcuddur. Ən sonuncu mərtəbədə isə “Qorxma mən səninləyəm” filminin guşəsi yaradılıb.

İlisunun ən qədim tarixi abidələrindən olan Sumuq qalası müdafiə məqsədilə tikilən bir qaladır. Qalanın adı ilə bağlı çoxlu mülahizələr var. Qalanın Sumu adlı İlisu xanı tərəfindən tikildiyi bilinir. Azər bəy Qalanın vikipediyada mövcud olan tarixi haqqında danışır. Mənim fikrim isə Azər bəyin danışdıqlarından xeyli kənarda dolaşır. Hiss etdirməmək üçün hərdən başımı tərpədirəm. Fikrim qaladadır. Qalanın miskin və mistik bir görüntüsü var. Öz-özümə düşünürəm: Qalalarla bağlı miflər, əfsanələr olub hər zaman. Ola bilməz ki, bu qala haqqında əfsanə olmasın. Sumuq qala haqqında əfsanə varmı deyə soruşuram. Bələdçimiz Azər bəy qala haqqında əfsanənin olduğunu, lakin danışmaqdan imtina etdiyini bildirir. Amma mən israr edirəm. Nəhayət bir neçə dəqiqədən sonra Azər bəyi yola gətirirəm. Deyilənə görə bu qala təkcə daş və kərpicdən hörülməyib. Sumu xanın qızı qaçırıldığı üçün xan qızını qoruya bilməyən kənizlərin hərəsini qalanın bir divarına hördürür. Azər bəy dərhal onu da qeyd edir ki, bu rəvayət sovet dövrü zamanı ortaya çıxıb və çox güman ki, sovet ideologiyası məhsuludur. Mən isə “od olmayan yerdən tüstü çıxmaz” düşüncəsində qalıram.

Növbəti ziyarət etdiyimiz bu yer kəndin ən qədim məscidi olan Ulu məsciddir. Məscidin 1700-cü ildə İlisu sultanı Əli Sultan tərəfindən tikildiyi bilinir. Məscidin əvvəlki adı Came məscidi olub. Lakin kənddə mövcud olan məscidlərin hamısı zamanla məhv olduğu və kənddə qalan yeganə məscid olduğu üçün kənd camaatı bu məscidə Ulu adını verib. Azər bəy deyir ki, sovet dövründə Ulu məscid anbar kimi istifadə olunurmuş. Məscidin həyətində dövrün ruhanilərinin məzarları da diqqətimdən yayınmır.

Tarixi XIII əsrə söykənən bu ovuc içi boyda şirin kənd rəngarəng, səliqəli, çox da göstərişli olmayan evlərlə gözəlliyinə bir başqa gözəllik qatıb. Bol oksigenin baş gicəlləndirdiyi yamaclarda qədim dağ evlərinə rast gəlmək mümkündür. Kənddə ən qədim tarixə malik ev isə bələdçimiz Azər Qocayevin baba ocağıdır. Azər müəllim evin divarlarında ərəb əlifbasında yazılar olduğunu söyləyir. Diqqətlə gözlərimi daşların üzərində hərləyirəm. Baxıram, amma heç bir yazı görmürəm. Elə bu vaxt bələdçimiz əlində bir fincan suyu qəfil divara çırpır. Və möcüzə baş verir. Bayaq bəhs etdiyi ərəbcə yazılar gün üzünə çıxır. Etiraf edim ki, bu mənim üçün çox maraqlı bir detal idi. Məncə İlisuya gedən hər kəs yolunu həmin evin həndəvərində salıb bu möcüzəni görməlidir.

Kənddə diqqətimi çəkən ən əhəmiyyətli məqamlardan biri kənd sakinlərinin şivəsi oldu. Bu kənddə insanların istifadə etdikləri bəzi sözlər qardaş ölkə Türkiyə türkcəsini andırır. Məsələn, “başarmax”, “qahraman”, “xabar”, “toprax”, “yaprax”, “geleyem” kimi sözləri misal gətirmək olar.

Kəndin dar, üzü yoxuşa qalxan küçələrində yeridikcə təmiz havanın təsirini daha çox hiss edirəm. İnsanları gülərüz, qonaqpərvərdir İlisunun. Məncə bir turist üçün səyahət etdiyi bölgənin insanlarının gülərüz, xoşxasiyyət olması olmazsa olmazlardandır. Xalq şairi Bəxtiyar Vahabzadənin “Sadə adamlar” poemasında dediyi kimi:

Beşbulağın sərin suyu
Ötmə burdan, üzünü yu.
Qocalmazsan ömür boyu,
Bu dağlarda, bu dağlarda

Ayaqüstü kəndlilərlə söhbət zamanı Bəxtiyar Vahabzadənin bu poemasını İlisuda yazdığını öyrənirəm. Kənd camaatı kəndlə bağlı heç bir detalı qaçırmayıblar. Burda çəkilən bədi, sənədli filmlərdən tutmuş, yazılan mahnılara, şeirlərə, tarixi kitablara qədər hər şey haqqında məlumatlıdılar. Bu da onu göstərir ki, bu kənddə cahil adama nadir hallarda rast gəlmək olar.

Burda sizi heç yadlıq hiss etdirmədən həyətlərinə, evlərinə dəvət edən kəndlilər var. Hüzur qoxan atmosferdə, qədim tarixi olan evlərin bağçalarındakı, torpağa qucaq açan yaşı sahibindən böyük olan ağacların kölgəsində oturub bir fincan çay içməyin ləzzəti müqayisə olunmazlar silsiləsindəndir.

Kəndin ən yaşlı sakinlərindən birinin qonağı oluram. Üzündə, əllərində zəhmət izləri olan 85 yaşlı Nailə nənə gördüyünüz bu evdə tək yaşayır. Yaşına görə olduqca qıvraq, həyat eşqi ilə doludur. Həyətdəki odun anbarında səliqə ilə, düzgün biçimdə yığılan odunlar, ortalıqda ora-bura qaçışan sürü ilə toyuq-cücə kənd həyatından bəhs edən canlı tablo kimi görünür. Nailə nənə ilə keçmişə səyahət edirik. Uşaqlığı İkinci Dünya müharibəsi illərinə təsadüf edib. Deyir 1938-ci ildə doğulmuşam, amma 1954-cü ildə çörəkdən qarnım doyub. Ali təhsil almaq arzusu olsa da, müharibənin gətirdiyi çətinliklər onun bu arzusunun önündə dayanıb.

- Oxumağı o qədər sevirdim ki, gözüm hər yerdə qəzet, jurnal qırığı axtarırdı. O vaxt hər şeyi qəzetə-kağıza bükürdülər. Mən həmin qəzet, jurnal qırıqlarını tapıb acgözlüklə oxuyurdum. Ailə qurandan sonra bir az vəziyyətimiz yaxşılaşanda, Bakıda, Şəkidə, Qaxda dərc olunan bütün qəzet və jurnallara abunə olmuşdum.

- Hansı jurnala abunə olmuşdun?

-“Azərbaycan” jurnalına abunə idim. Çox sevirdim o jurnalı. Yeni çıxan bütün romanlar, şeirlər haqqında ordan məlumat alırdım. Mirzə İbrahimovun yaradıcılığını xüsusi izləyirdim. İndi qocalmışam yadımdan çıxıb çoxu. Amma onu bilirəm ki, Mirzə İbrahimovun bütün əsərlərini oxumuşam.

- Nənə sən qəzet, jurnal, roman oxuyanda bəs bu qədər işləri kim görürdü. Dörd uşaq, həyət-baca, mal-heyvana necə vaxt tapırdın?

- Gecələr oxuyurdum bala. İşıq da olmurdu. Neft lampasının işığında oxumuşam hamısını.

Nailə nənə danışdıqca öz nənəmin xatirələri işıqlanır beynimdə. Müharibə dövrü uşaqlarının taleyi, yaşantıları, arzuları necə də bir-birinə bənzəyir. Çox qəribə bir şey sezdim. Adətən ağrılı xatirələrdən danışarkən insanların üzündə dərin bir kədər ifadəsi olur. Nailə nənədə bunun əksi idi. Təbəssümlə danışırdı həyatının çətin dövrlərindən. Hərdən özünə ironik yanaşması, dramatik həyatını lətifə kimi kimi nəql etməsi onun kamil insan olmasından xəbər verirdi.

Ondan kənddəki toy, bayram ənənələrin haqqında soruşuram.

- Mən 40 gün, 40 gecə toy nağıllarını eşitsəm də şahidi olmamışam. Sən deyən elə cehiz də verilmirdi. Ən yaxşı cehiz iki dəst yorğan, iki dəst döşək sayılırdı. Mən bu həyətə gəlin gələndə balaca bir daxma var idi. Heç nəyimiz də yox idi. Yemək bişirməyə qazanım da olmayıb.

- Nənə səni nə ilə gəlin gətiriblər?

- O vaxt gəlini atla gətirirdilər, amma məni avtobusla gətiriblər (gülür). At nə gəzirdi kasıb adamlar idik.

Yenə gülür və çöhrəsi ay kimi parıldayır. Nailə nənə bir az da incəsənətdən danışdı. Dedi o vaxt kəndə tez-tez kino gələrdi.

- Kino üçün məxsusi olaraq pul yığırdıq. Qəpik-qəpik bilet pulu yığırdıq. Kinonun kəndə gəlmə tarixini əzbər bilirdik çünki. O, vaxt ən məşhur film “Avara”, “Cənab 420” idi. Müğənnilər, aktyorlar gəlib konsert verərdi. Zeynəb Xanlarova, Nisə Qasımova tez-tez gələn müğənnilərdən idi.

Söhbət əsnasında öyrənirəm ki, Nailə nənənin yaşadığı bu ev həm də kəndin inanc yeridir. Kənd camaatı bu həyətə gələr niyyət edər, niyyətləri hasil olduqda Nailə nənənin ocağına nəzirlərini verər. Hətta bu ocağın sahibi, Nailə nənənin həyat yoldaşının babası İsa baba haqqında rəvayətlər dolaşar. Deyilənə görə o, Xızır Nəbini görər, onunla söhbət edərmiş. Evinə bir qab pendirə gətirərmiş, o pendir aylarla bitməzmiş. Həddindən artıq bərəkətli olurmuş. Günlərin bir günü İsa babanın həyat yoldaşı onun qılığına girib bu işin sirrini ondan öyrənib. Həmin gün İsmayıl baba Xızır Nəbi ilə görüşmək üçün dağa çıxır. Orda yuxuya gedir. Xızır Nəbi yuxuda İsa babaya deyir ki, mən axı sənə dedim bu sirri heç kimə söyləmə. Sən bu gündən sonra məni görməyəcəksən. Amma sənin yeddi arxa dönən nəslinin arxasında duracam. Nailə nənə indi bu ocağın qoruqçusu sayılır. İsa baba ocağına niyyət edib, niyyəti hasil olmayan adam yoxdur deyilənə görə. Mən də bir niyyət tutub Nailə Nənə ilə ayrılıram.

Gün sonuna kimi Danyal bəyin ruslara qarşı dirənişinə şahid olan, inqilabçı Pyotr Babayevin mərdliyinə meydan olan küçələri, yamacları gəzdim. Mənə elə gəldi ki, bu yamaclardan Danyal bəyin atlarının ayaq səsləri eşidilir. Bu o Danyal bəydir ki, 300 illik İlisu xanlığının son sultanlarından olub. Çar Rusiyasına qarşı Şeyx Şamil ilə çiyin-çiyinə mübarizə aparan, rus generalına məğlub olan Danyal bəyin təəssüf ki, şəcərəsindən heç bir nişanəyə rast gələ bilmədim. Çünki Danyal bəy o vaxt qaçaraq Osmanlı Sultanlığına pənah aparıb. Danyal bəyin Şeyx Şamilin oğluna ərə verdiyi qızı isə çox erkən dünyasını dəyişib. Danyal bəyin məzarının isə İstanbulda olduğu deyilir.

Gün dağların arxasında qürub edir. Gəzintimi sonlandırmaq məcburiyyətindəyəm. Bələdçimiz dedi ki, axşama doğru hava iki-üç dəfə artıq sərtləşir. Evlərin damlarından sallanan sırsıralar mənə uşaqlığımı xatırladır. Uzun illərdir mən Bakıda bu cür billur kimi parıldayan, sərt sırsıra görmürdüm. Ciyərlərim təmiz hava, yaddaşım isə xoş xatirələr deposuna çevrilib. Qaldığımız otelə yaxınlaşanda əlində məcməyi olan gənc ofisiant üzünü göyə tutub dedi:

- Bir azdan qar yağacaq…

Aradan on-on beş dəqiqə keçməmiş həqiqətən də qar yağdı. “Bəyin oğurlanması” filmində yaşlı kişinin “Bir yağış yağacaq ki, tut ucundan göyə çıx” dediyi səhnəni xatırlatdı mənə. Biz yüz il qala Bakıda təbiətdə on dəqiqə sonra nə baş verəcəyini təxmin edə bilmərik. Meqapolislərdə təbiətlə insan arasında məsafələr yaradan səbəblər çoxdur. Ən başlıcası isə göydələnlər, avtomobillər, qapalı məkanlar. Ömrümüzün böyük hissəsini qapalı məkanlarda keçiririk. Amma kənd insanları ilə təbiət arasında bir rabitə var. Bu ilahi rabitədir.

# 11329 dəfə oxunub

Oxşar xəbərlər

Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
Bakıda Qırğız kino günlərinin açılışı oldu

Bakıda Qırğız kino günlərinin açılışı oldu

10:09 24 aprel 2024
Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
# # #