Mövlud Mövludun son sözləri – Sərdar Amin yazır...

Mövlud Mövludun son sözləri – Sərdar Amin yazır...
16 mart 2021
# 12:41

Həmin gün üzünü qırxmış, tərtəmiz, şıq geyinmişdi. Onu belə görcək son günlər haqqında düşündüyüm qaramat fikirlərdən arındım. Borş yeyirdi. Borş yemək həyata davam deməyin simvoludur, mənə görə.

Ondan bir həftə əvvəl Binəqədidə xəstəxanada yatdı. Deyirdi, əsəblərim yerində deyil. On gün yatdı, iki dəfə yanına getdik. Qılman İlkini və Oşonu oxuyurdu. Deyirdi, mənasız kitablar seçmişəm ki, ağırlığımdan alsın.

Xəstəxanadan çıxandan sonra söz vermişdik ki, ancaq çay içəcək, ədəbiyyatdan danışacağıq. İki gün sonra zənginə getdim, gördüm yenə “ağır məclisdə”dir. Məni görüb ağladı. Vəziyyət daha da gərginləşməsin deyə mən də onlara qoşulub içdim. Məhz, həmin gün Mövludun yaxşı olmadığını, intihar edə biləcəyini düşündüm.

Dedi, hamı gedəndən sonra çox tənha qalıram. Sən getmə. Getmədim. Gecə bitənə yaxın evinə getdik. Kola içib yatdıq...

Mövlud ədəbiyyatın hörüyündən tutub həyatın girdabına atılmışdı. Burulğanda tərsinə fırlanırdı. Ətrafındakılardan qırılmışdı. Mən də dərdinə dərman ola bilmirdim. Amma nədənsə, mənə bağlanmışdı. Deyirdi, bunlar Merac sözünü eşidəndə elə bilirlər peyğəmbər atı minib üzü göyə çapıb. Sən danış, qusarlı, Kiyarostamidən danış.

Amma məhz o gün paltarındakı bəyazlar gözümü qamaşdırırdı. Gülürdü... Ağa Cəfərli ilə borş yeyirdilər. Məni çağırdı, ardınca Ağayla sağollaşdı. Dedi, pivə içək...

Xeyli qabaq mənə demişdi ki, bizi ailəvi kəndinizə apar, Ucalla torpaqda ayaqyalın gəzək. O gecə bu xahişini xatırladım, dedim, Mövlud, hazırlaş, yaz gəlir, bu gün ayın 15-dir. Dedi, guya xəbərin yoxdu da. Dedim, Allah haqqı xəbərim yoxdur. Gülümsünüb bakalı qaldırdı:

- Sərdar, səni həm də ona görə seçmişəm ki, adama belə ibnə suallar vermirsən. Biz boşanmışıq.

Pis oldum, amma indi nəsə soruşmağın yeri deyildi.

Özü demişkən, ədəbiyyatdan, filmdən danışdıq. Və bütün bu söhbətlərin fonunda mənə onun ümumi qərarı aydın olurdu: Mövlud hər an intihar edə bilər. Ancaq istəmirdim ki, bu qənaətə gəldiyimi bilsin. Bilsə, bir az da tətiklənəcəkdi. Sonra məndən icazə istəyib bir az telefonda yazışdı və dedi, Sərdar, ola bilsin ki, sabah durub saytlardan belə bir xəbər oxuyasan: “Mövlud Mövlud intihar etdi”. Xahiş edirəm, dostlara deyərsən... Sözünü bitirməyə qoymadım. Dedim, səhərə qədər səndən əl çəkən kimdi? Qələt eləyirsən.

Əlimi tutub saxladı, dedi, xahiş edirəm, sən də məni incitmə. Mən intihar eləyən deyiləm, 90 faiz bu mərhələni də keçəcəm. 10 faiz ehtimal var, buna görə məni yorma. Qusarlılar rasional olur, 10 faiz deyirəm. Hər ehtimala, nə vaxtsa özümü öldürsəm, hamıya deyərsən... Yenə qoymadım.

Sonra ölkədəki sosial problemlərə ağladı...

Sonra yenə danışdıq, güldük...

Sonra yenə ağladı...

Ətrafındakılar ədəbiyyatdan hobbi kimi danışar, süjetlər qurar, Mövlud o əhvalatlara xeyli ağlayardı. Beləcə “uşaqlar qurbağaları zarafata daşlayar, qurbağalar həqiqətən ölər”di... Hər həssas qurmacadan sonra Mövlud bir qurbağa boyda ölürdü.

Həmin gecə biz ayrılanda 23:33 idi. Hansı ki, iki saat sonra Mövlud özünü işlədiyi binanın 17-ci mərtəbəsindən atacaqdı. Amma mənə yenə də 10 faiz deyirdi... Əyləşdiyi qara “010”-un qapısını xeyli saxladım. Dedi, mən taksiylə gedim, sən metroyla. Son sözünü demək istəyirdi, yenə qoymadım... Sonra mənə and içdi ki, sabah görüşəcəyik. Beləcə məni rahat saldı... Maşını bir az qabağa sürdürüb şüşəni saldı, məni yenidən çağırıb dedi, həyatdı, birdən o 10 faiz olar, hər ehtimala qarşı bir gün olmasam, dostlara belə deyərsən: “Mövlud bacarmadı”.

Beləcə son sözünü deyib mənimlə söhbətini əbədiyyən bitirdi.

18 gündən sonra Binəqədi prokurorluğunda mənə bəlli oldu ki, düz deyirdi, məndən ayrılanda onun intihar ehtimalı nəinki 10, heç 1 faiz də deyildi. Bunu mənə müstəntiq danışdı və mən insanların bəzən 1 faiz intihar ehtimalına da yenilə bildiyini anladım.

Mövlud demişkən, qusarlı, rasional adam olsam belə...

Ayın 16-sı səhər saytda ayaqyalın şəkillərini gördüm... Amma beton üstündə...

Bir də dünən gecə məndən çırpışdırdığı alışqan çıxmışdı cibindən...

# 2834 dəfə oxunub

Oxşar xəbərlər

“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
# # #