Bəs sizin inboksunuz tər-təmizdir?

Bəs sizin inboksunuz tər-təmizdir?
10 mart 2021
# 11:35

Son aylar qorxulu, iyrənc hadisələr gündəmimizin ana mövzusudur. İntihar, ölüm, cinayət...

İndi də kiminsə inboksu...

Gündəmi toplumun marağı yaradır. Ölkənin gündəminə baxıb cəmiyyətin diaqnozunu qoymaq olar. Bir neçə gün əvvəl dalına pampers bağlanmış bir quzu gündəm oldu. İndi də, “Tarqovı”da gəzən o pampersli quzunu aşmayan daha bir mövzu: bir xanımın inboks yazışmaları ictimailəşdi.

Qədimdə Azərbaycan evləri iki hissədən ibarət olub: birun, əndərun. Birunun bütün tin-bucağı qonağa fədadır, qonaq özünü birunda tam rahat saya bilər. Amma əndərun qonağın gözünün ucu ilə baxa biləcəyi yer deyil. Əndərunda ev sahibinin ən məhrəm tərəfləri saxlanır.

Sosial şəbəkələrin də “home”u var. Sosial şəbəkə hesabımızın hər kəsə aid hissəsində post paylaşırıq, rəy yazırıq və s. Amma messencer bizim sosial şəbəkə hesabımızın əndərunudur. Bura yalnız xüsusi adamlar gəlir, orda danışılanlar yalnız iki şəxsə aid olur.

Tamam, sizin inboksunuz intim mətnlərdən, şəkillərdən arınmış ola bilər, lakin əmin olun ki, orada kiminləsə danışdığınız ən xırda detalın belə ictimailəşməsini istəməzsiniz. Orda kiminsə haqqında başqa birinə dediyiniz bir fikir olar, hansı ki, o fikir yazdığınız kimi ictimailəşsə, sizin yanaqlarınız allanar. Çünki ora əndərundur, orda məhrəm hər şeyinizi yerbəyer eləsəniz də, astar olmuş bir paltarınız gözünüzdən qaçacaq və üzə çıxanda o belə sizi utandıracaq.

Düzdü, çağdaş texnoloji tendensiyalar sosiallaşma şərtlərini elə müstəviyə qaldırıb ki, bu proseslərə qurban getmiş bir fərd özü belə başqa adla intim videosunu, yazışmasını yaya bilər.

Biz nələr görmədik!

Amma bütün hallarda, bu versiyanı ən sonuncu kimi saxlayıb, kiminsə inboksuna girən, onu ictimailəşdirən və bu “ifşa”nı iştaha ilə izləyən, paylaşan, sevinən adamları qarşımıza qoymalıyıq - yurdumun adamları...

Qanunsuz əldə olunmuş dəlillər məhkəmə predmeti ola bilməz. Yəni, siz əmin olsanız ki, bəlli bir cinayəti filankəs törədib və o cinayətin açarı şübhəli şəxsin evindədir, siz qanunsuz şəkildə onun evindən həmin dəlili oğurlasanız, o, işinizə yaramayacaq. Məhkəməyə qanlı bıçaqla gəlsəniz də nəyisə dəyişə bilməyəcəksiz.

Əgər birini ifşa etmək üçün dəlil axtarırsınızsa, o dəlili kiminsə inboksundan əldə edə bilməzsiniz. Fərdi özünün ictimailəşdirdiyi, yaxud ictimai müstəvidə edib gizlətmək istədiyi proseslərə görə qınaya, ifşa edə bilərsiniz.

Ən əsası, iki yetkin şəxsin razılığı ilə baş tutan cinsi söhbət, proses niyə rəzalət kimi qəbul edilir? Sağlam adamlardır, sevişirlər! Bu qədər!

Sevişmək əxlaqsızlıq deyil, əxlaqsızlıq inboksu icazəsiz ictimailəşdirməkdir, əxlaqsızlıq həmin “skrın”ları paylaşmaqdır, əxlaqsızlıq həmin görüntüləri ağzı sulana-sulana izləməkdir...

Sonda üzümü hər kəsə tutub deyirəm, başqasının inboksunu müzakirəyə çıxarmaq üçün öz inboksu ağ-appaq olandan başlayaq: kimin inboksu tər-təmizdirsə, ilk paylaşımı o etsin!

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #