Lal deyil, amma ömrü boyu danışmır...

Lal deyil, amma ömrü boyu danışmır...
5 mart 2021
# 11:01

Şərif Ağayarın "Ağ göl" romanında heç vaxt danışmayan baş qəhrəman var: Camal ata. Amma o lal deyil, sadəcə özü danışmır. Danışmaqdan imtina edib. Yaddaşımı qurdalayıram, ancaq başqa bu cür obrazı tapıb ortaya çıxara bilmirəm. Lal olmayan baş qəhrəmanın heç vaxt danışmaması halına başqa bir əsərdə rast gəlməmişəm.

Mənim ana babamın da uzun müddət danışmadığını deyirdilər. Səbəbini heç vaxt bilmədim deyə bu xüsusiyyət məndə maraq oyadırdı.

"Leyli və Məcnun" serialında Leylanın ölümündən sonra illərdir danışmayan Məcnunu xatırladınız yəqin. Məcnun uzun müddət danışmayandan sonra sözləri yadırğayır, səs tembri dəyişir və ilk dəfə danışanda səsi əcaib çıxır.

O gün xəbərlərdə oxuduğum fakt isə məni lap heyrətə gətirdi. Başlıq belə idi: "Lal deyil, amma 35 ildir danışmır". Deməli, 42 yaşlı Türkiyə vətəndaşı Suat Tək danışa bildiyi halda, 35 ildir bir kəlmə də kəsmir. 7 yaşınadək yaşıdları kimi olan Suat abi qeyri-müəyyən səbəblərdən susqunluğa gömülüb. O, 1986-cı ildən bəri yalnız iki dəfə danışıb: bir dəfə məktəbdə, bir dəfə də hərbi xidmətdə olduğu dövrdə. Yəqin ki, orda da məcbur olduğu üçün danışıb. Yoxsa niyə danışsın? İstəsə, orda da susardı.

Ən qəribə yeri gəlir xəbərin. Buyurun birlikdə oxuyaq: "İnsanlarla ünsiyyəti telefona yazdığı cümlələrlə quran Suat verilən suallara cavabını telefona yazaraq qarşısındakı şəxsə göstərir. Onun susqunluğunun səbəbi nə həkimlərə, nə də özünə məlumdur:

“Mən də başa düşə bilmirəm. Heç kimdən küsməmişəm, müsbət xarakterli bir insanam ” - bu da Suat abinin qeyri-adi açıqlaması.

Qardaş, küsməmisən, müsbət xarakterli insansan, bəs danışmamaq niyə? Yoxsa həyatında sözlərə ehtiyac duymursan? Yaxud danışmağa ərinirsən? Olur axı bu, bəzən heç danışmaq istəmirsən, günü sözlərsiz, danışıqsız başa vurmaq istəyirsən. Suat abinin durumu həkimlik deyil, o hazır obrazdı, götürüb hekayəyə sal, orda özü üçün yaşasın.

Və nəhayət ən qəribə anı sizə təqdim edirəm: iki dəfə evlənən Suatın hazırkı həyat yoldaşı Naqehan xanım əri ilə yola getdiyini söyləyib:

“Mən artıq öyrəşmişəm, xoşbəxtəm”.

Bir anlıq həyatınızdakı qadınları xatırlayın. Vay-vay... Sən danışmasan, sus-pus otursan, az qala gözünü deşib çıxararlar. Yəqin düşünərlər ki, hardasa istədiyin başqa biri var, ona görə yanındakıyla danışmağa ərinirsən.

Qısacası, danışa bilməmək, susqunluğa gömülmək həyatdakı ən qəribə xüsusiyyətlərdən biridir. Bir sevgilim vardı, eynən Suat abi kimi danışmaqdansa, yanımda ola-ola sözləri telefona yazıb mənə göstərirdi. Biz bu cür anlaşırdıq bir-birimizlə. Sonra anladıq ki, bizimki alınmır. Mən danışqan adam olduğum üçün ona alışa bilmədim.

Danışma məhdudiyyəti olan adamların sözsüz keçinməyi kədərlidir, bəli. Ancaq ən kədərlisi danışa bilib də danışmaqdan imtina etməkdir. Bəlkə də kədərli deyil: sözlər bizə daha çox mane olur. O sözlərin sayəsində dalaşırıq, bir-birimizi incidirik. Ona görə sükut həmişə hüzurla səsləşir.

Bir gün danışmaqdan imtina edib hamımız yazışmaqla dərdimizi bölüşəcəyik yəqin ki. Bu da yeni növ insan tipi olacaq. Danışmayan insanlar tipi. Allah axırımızı xeyir eləsin! Amin deyək və mən yazını bitirim.

# 3434 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #