Yaxşı-yaman İlhamə Quliyeva

Yaxşı-yaman İlhamə Quliyeva
25 fevral 2021
# 15:01

Həyatda elə insanlar var onların öləcəyinə, hətta ölümlərindən sonra belə inana bilmirik. Bizə elə gəlir, öləcəyinə inana bilmədiyimiz şəxsləri hansısa əlahiddə bir qüvvə qoruyur və onlar hər dəfə necə və nə cürsə əcəlin gözündən yayınırlar.

Günlərin birində o insanlar bu dünya ilə vidalaşıb yerin altına, qaranlıq dünyaya köçəndə biz elə bilirik onlar harasa uzaq bir səfərə gediblər və mütləq qayıdacaqlar.

Xalq artisti İlhamə Quliyevanın da ölümü beş il bundan əvvəl insanlarda məhz bu cür effekt yaratdı.

Onun dəfninə qara geyinib gələn sənət adamları, dostları, düşmənləri, tabutuna barmağını ucunu toxundurmaq istəyən pərəstişkarları, bir sözlə, hər kəs İlhamə Quliyevanın ölümünü fakt kimi qəbul etsələr də, buna heç cür inana bilmirdilər.

Səbəb, onun hər zaman özünə inamlı olmasından, “mən yüz il yaşayacağam, ölüm hələ məni qarşılamağa tələsməsin” - deməsindən qaynaqlanırdı. Amma məncə onu tamaşaçıların yaddaşında ölümsüzləşdirən sənətkar olması idi.

Sənətkar ailəsində dünyaya göz açan İlhamə Quliyeva evin tək qızı olub, anası Tükəzban xanım erkən evlilik illərində İlhamənin atasından ayrılıb, tarzən Həbib Bayramovla ailə qurur. Anasının və atasının sənət mühiti ilə iç-içə olması İlhamə Quliyevanı istər-istəməz sənətə doğru aparıb.

Baxmayaraq ki, anası onun musiqiçi, müğənni olmasını istəməyib. Tale isə öz işini asta-asta görürdü.

Tükəzban İsmayılova qızının Moskvada geniş miqyaslı musiqi yarışmasında birinci yer tutmasını biləndən sonra qədərin işinə qarışmır.

Beləliklə, son illər hamının gözü qarşısında Flora Kərimovadan tutmuş Nazpəri Dostəliyevaya qədər hər kəslə dava-dalaş edən, ətrafında yalnız ona hörmət və hətta itaət edən sənət adamlarından ibarət komanda toplayan, gün keçdikcə deyingən qarıya çevrilən İlhamə Quliyeva ötən əsrin 70-ci illərində sənət aləminə, çox çətin, iddialı musiqilərlə addım atır.

Onun səsini ilk bəyənənlərdən biri bəstəkar Fikrət Əmirov olur. Bəstəkarla işbirliyindən İlhamə xanımın “Mən səni araram”, “Göygöl”, “Gülür ellər", "Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi gözəl mahnıları meydana çıxır.

İlhamə xanım məhz həmin dövrlərdə sənətkarlığını sübut edəcək mahnılara öz imzasını atır. O, Şövkət Ələkbərova, Sara Qədimova, Rübaba Muradovadan sonra gələn nəslin içərisində sənətkarlığı ilə seçilməyi bacarır.

İlhamə Quliyevanın repertuarı bir qayda olaraq çətin mahnılardan ibarətdir. Dönəm-dönəm Ramiz Mirişli, Oqtay Rəcəbov, Faiq Sücəddinov kimi bəstəkarlarla işləyir, onların qovluğunda olan ən mürəkkəb mahnıları öz üslubuna uyğunlaşdıraraq ifa edir.

Atalığı Həbib Bayramovun vəfatından sonra anasının səhnədən imtina etməsi, İlhamə xanıma da təsirsiz ötüşmür və uzun zaman çox sevdiyi səhnədən uzaqlaşır, sakitliyə, sükuta qərq olur.

90-cı illərin ən pis, ən qarmaqarışıq dövrlərində o, sözləri Nuridə Atəşi, musiqisi Faiq Sücəddinova məxsus “Neylərsən” mahnısı ilə geri qayıdır. Və bu mahnı ilə sanki ölgünləşmiş, sustalmış Azərbaycan estrada musiqisində bir canlanma yaradır. Efirdə, radioda, mağazalarda, dayanacaqlarda İlhamə Quliyevanın içdən, yanğılı, ah-naləsi ucalır.

Bu nalə bəlkə də onun şəxsi həyatındakı uğursuzluqlardan, qadın kimi tənhalığından qaynaqlanırdı.

Bir dəfə lap çoxdan onun haqqında çəkilmiş verilişə baxırdım. Bu həmin vaxtlar idi ki, İlhamə Quliyeva Rəşad İlyasovla “Yaşın nə fərqi var” mahnısını ifa etmişdi. Aparıcı ilə dənizin kənarında söhbət edən İlhamə Quliyeva qəfildən kövrəlib aparıcıya demişdi:

“Siz inanırsınız, mən hər gün bir ovuc dərman yeyirəm.”

Bəlkə də bu kəlmələrdən yazıda istifadə etməyim kimlərəsə qəribə gələcək. Amma niyəsə mənə onun hər gün bir ovuc dərman yeməsi və xüsusilə bunu dilə gətirməsi pis təsir etmişdi.

Əmin idim, sənətkar kimi xoşbəxt olan, qadın kimi xoşbəxt olmayan İlhamənin içindəki o ziddiyyətlər idi canını ağrıdan, onu ovuc-ovuc dərman içməyə məcbur edən.

İlhamə Quliyeva bir qayda olaraq həsrət, intizar, sevgidən bəhs edən sözlərə yazılmış musiqiləri ifa edirdi. Bütün sənət adamları kimi yalnız sənəti icra edən zaman özünü, daxili hislərini, yaşantılarını ələ verən İlhamə xanım da sirlərinin faş olmasından duyuq düşmüşdü.

Bəlkə, bu səbəbdən qürurlu, heç kimə əyilməyən, sözü hər kəsin üzünə deyən bu qadın sənətkarlığının ikinci plana keçəcəyini düşünmədən qalmaqala, şou biznesin digər populyarlıq gətirən tərəflərinə meyl etməyə, başqa dona, pərdəyə bürünməyə başladı.

Kitab oxumaqdansa, qalmaqala, qeybətə, söz-söhbətə meyl edən bütün cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətimiz də onu məhz bu tərəfdən tanımağa başladı.

Təəssüf ki, yeni nəsillər İlhamə Quliyevanı “Neylərsən”, “Kaman”, “Sən məni unuda bilməzsən”, “Qaragilə” mahnıları ilə yox, Flora Kərimova, Elza Seydcahan, Nazpəri Dostəliyeva ilə qalmaqalları ilə tanıdı.

Bir vaxtlar şedevr ifalara imza atan İlhamə Quliyev kimi sənətkarlar Türkiyə kimi cəmiyyətlərdə “diva” adlanır, sözün həqiqi mənasında bu sözə layiq olurlar. Hərçənd, İlhamə xanım da özünə “Primadonna” ləqəbi vermişdi. Ancaq insanlar onu “vorzakon” imicində görürdü.

İllər keçir, İlhamə Quliyeva unudulmur. Unudulmayacaq da. Bu gün də onun mahnıları, dinlənilir, təhlil olunur, sənət ocaqlarında müzakirə edilir.

İlhamə Quliyeva sənətkarlığını sağlığında sübut etdi. Ölümündən sonra bu fakt bir daha təsdiqlənib möhkəmləndi.

Ölüm ayrılıqların ən ağırı olsa da, İlhamə xanım mahnıları ilə bu ağırlığı yüngülləşdirməyi bacarır.

# 9188 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #