İTV-nin "Anamın kitabı" serialı

İTV-nin "Anamın kitabı" serialı
22 yanvar 2021
# 09:00

Kulis.az Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında çəkilmiş eyniadlı serialın təhlilini təqdim edir.

Mirzə Cəlilin “Anamın kitabı” pyesi İctimai Televiziya, Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi əsasında eyni adla ekranlaşdırılaraq ötən ilin dekabrında yayımlandı. Bu, İTV-nın klassik ədəbiyyatımıza ilk müraciəti deyil. Bundan öncə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri ekranlaşdırılmışdı.

“Anamın kitabı” müxtəlif vaxtlarda teatrda səhnələşdirilsə də, onun ilk ekranizasiyası 1994-cü ildə baş tutub. Azərbaycan televiziyasının "Sabah" eksperimental yaradıcılıq emalatxanasında rejissor Rövşən Almuradlının hazırladığı televiziya tamaşası internetdə əlçatan olmadığından onun haqqında nəsə deyə bilməyəcəm.

“Anamın kitabı” bədii televiziya filminə gəlincə...

Birinci ondan başlayım ki, ədəbi mətni Mirzə Cəlil ideoloji qatda işləyib və 1920-ci ildə tamamlanan pyes dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin bədii interpretasyasıdır. Bu həmin dövr idi ki, ilk Demokratik Respublika az sonra süquta uğrayacaqdı. Yazıçıya görə, ölkəni faciəyə aparan təməl səbəblərdən biri - müxtəlif əqidələri təmsil edən qardaşların vətənə özgələşməsidir. Yəni konkret ideologiyaların daşıyıcısı olan qardaşların siyasi-ictimai kimliyi daha çox onların ölkəyə özgələşməsi kontekstində araşdırılır. Odur ki, ədəbi mətndə ailədaxili münasibətlər məişət səviyyəsində yox, ideoloji müstəvidə qurulur. Oğulların vacib məsələlərdə ortaq dil tapa bilməmələri ananın (oxu-vətənin) ölümünə səbəb olur. Proseslərə rasional baxan Gülbahar isə modern milli düşüncənin daşıyıcısı kimi çıxış edir...

Ssenaristlər (Xəyyam Abdullazadə, Naiq Babayev, Zaur Rzayev, Nurlan Həsənli) isə əsərin əsas xəttindən yayınaraq onu siyasi mənalarla yüklənmiş əqidələr arası konfliktdən demək olar ki, arındırıblar (titrlərdə də qeyd edildiyi kimi müəlliflər əsərin motivlərindən yararlanıblar) və hadisələri müasir dövrə gətiriblər. İdeoloji diskurs burda yalnız fraqmentar əksini tapır. Pyesin təsvir yozumundakı janrı isə eklektik alınıb: o, ailə-məişət dramı kimi başlayır, tədricən kriminal trillerə keçir və Şekspir faciələrinin tonallığında tamamlanır.

Süjetə görə, ailənin başçısı Əzim (Namis Şirməmmədov) dənizdə itkin düşür. Atanın meyiti tapılmamış, ailənin üç oğlu ondan qalan miras-vətəgə uğrunda mübarizəyə başlayır. Vəziyyət elə gətirir ki, polis qardaşların hər birini atalarının qətlində şübhəli bilərək dindirməyə çağırır. Göründüyü kimi Mirzə Cəlilin sadə süjetindən dolaşıq, çoxtərəfli kolliziya düzəldilib, konflikt həm qardaşlar, həm atalar və oğullar münasibətində (ikinci, üçüncü planın personajlarıyla konflikti də unutmayaq) baş verir.

Ata qatilliyində şübhəli bilinən oğullar, miras uğrunda dava, qardaşların özlərinin və ataları arasında münaqişə, günah hissi, özünü sorğulama, sərt ata modeli kimi motivlərin toplusu Dostoyevskinin “Karamazov qardaşları”ndan təsirlənmələri büruzə verir. Hətta demək olar ki, bu ekran işində ”Anamın kitabı”ndan çox “Karamazov qardaşları” var. Üstəlik, müəlliflər ata-oğul münaqişəsini gücləndirmək məqsədilə süjetə freydist elementlər əlavə edir. Hadisələrin gedişatında – atanın uşaqlıqdan bu yana onlarla sərt davranması, təhqir eləməsi, ailəsinə xəyanət edərək başqa qadınla birlikdəliyi nəticəsində tərəflər arasında bağın qırılması aydınlaşır. Lakin aydın olmayan, ziddiyyətlərə yetərincə bəraət verməyən məqamlar var. Son bölümdə ata arvadı ilə söhbəti zamanı “oğullarım arasında qırğınlar mənə sərf edir” fikrinin konkretləşmiş səbəbi yoxdur. Hərçənd, ata-oğullar konfliktini müəlliflər belə əsaslandırmağa çalışır ki, ata uşaqlıqdan övladlarını düzgün istiqamətləndirmədiyindən onlarla bağlı planları alınmayıb. Oğulların fərsizliyindən guya sarsılıb və yadlaşma yaranıb. Lakin bölümdən bölümə formalaşan ata obrazı tamaşaçıya tamamən fərqli informasiya ötürür ki, övladlarının taleyi onun heç vaxt vecinə olmayıb, o, sadəcə məqsədini güdən, öz qayğısını çəkən eqoistdir. Ümumi təəssürat isə bundan ibarətdir ki, ata özü nə istədiyini bilmir. Bu isə güman ki, ondan qaynaqlanır ki, aktyor obrazın kimliyini doğru anlamayıb, yaxud rejissor aktyora tapşırığı dəqiq verməyib. Və ya ssenaridə obrazın konsepsiyası aydın işlənməyib. Hər nə isə, Əziz təyinatı dəqiq olmayan yeganə obraz deyil.

Mirzə Cəlilin əsərində müxtəlif ideologiyanı təmsil eləyən hər üç qardaşın mövqeyi ölkənin mənafeyinə ziddir. Qardaşlardan biri Ziya Ağanın ifasındakı Səməd obrazı isə fərqli redaktə olunub. Səməd ilk bölümdən orta bölümlərədək (hətta daha sonrakı hissələrədək) türk dilini, ədəbiyyatını, həyat tərzini imitasiya edən, öz dünyasına qapanan, yazıçı karyerası qurmaq istəyən biridir. Sonda isə o, saç saqqalını qırxıb vətəni qorumağa gedir. Qardaşlar arasında yalnız o, torpağına, mirasa sadiqliyini saxlayır. Əlbəttə ki, ekranizasiyada hər cür dəyişikliklər məqbuldur. Ancaq problem odur ki, ağlı havalarda uçan, məsuliyyətsiz Səmədin dəyişdiyini, sondakı mövqeyə gəlib çatanadək baş verən prosesi görmürük. Yox, əgər Səmədin yetkinləşməsi şəhid məzarı başında şəhid atası ilə dialoqu sayəsində baş verirsə, o zaman Ziya Ağa ikinci planında aydınlanma, katarsis anını çatdıra bilmir. Ümumiyyətlə, Ziya Ağa da daxil olmaqla, Almaz Hüseyn (ana), Yaqub Zeynalov (müstəntiq), qonşu qadınlar və daha bir neçə aktyor ikinci planını işə salmır. Nəticədə maraqsız, qeyri funskional ifalar ortaya çıxır.

Yeri gəlmişkən, teatrda, kinoda, serialda bir qayda olaraq əzabkeş, fədakar, qayğıkeş ana obrazları son dərəcə monoton, oxşar, yorucu işlənir. Halbuki hər bir insan individualdır və bütün hallarda obrazların bədən dilində, xarakterində nəsə bir özəllik, xüsusiyyət olmalıdır axı. Almaz Hüseyn bu mənada ana obrazı stereotipini qıra bilmir. Nisbətən maraqlı, obrazların dilini tapa bilən ifalar arasında Asiman Ağayevin (Mirzə) Esmiralda Avdullayevanın (Gülbahar), Murad Məmmədovun (Rüstəm) oyununu qeyd etmək olar.

Digər problem odur ki, paralel xətlər bir sıra hallarda ümumi süjetə yad element kimi girir. Rejissor Hüseynin (Emin Nəsirli) İlqar Fəhmi (İlqar Fəhmi burda özünü canlandırır) ilə kinonun, teatrın problemləri, ssenari zəfiliyi, ədəbiyyatın rolu haqda intellektual söhbəti kimi. Məsələ ondadır ki, milli kinoda intellektual mühit, diskussiya yaratmaq təcrübəsi demək olar ki, yox dərəcəsindədir. Xatırladığım qədəri ilə yalnız Gülbəniz Əzimzadənin “Dantenin yubileyi”, Ramiz Əsgərovun “Yaşamaq gözəldir qardaşım” filmlərində belə cəhd var. Görünür, ənənənin yoxluğu müasir film və seriallarımza təsirini göstərir. Ona görə İlqar Fəhmi ilə müsahibə metodunda alınan söhbət təbii ola bilmir və seyrçini bilgiləndirmək intonasiyası nəzərə çarpır. Müəlliflərin tamaşaçını maarifləndirmək, yaxud serialı intellektual libasa bürümək istəkləri ayrı-ayrı epizodlarda bəzən gülməli vəziyyətlərə səbəb olur. Səməd kitabxanaya Məmməd Səid Orudbadinin “Qılınc və qələm” kitabını almaq üçün gəlir. Kitabxanaçı ona “Dumanlı Təbriz”i təklif eləyəndə o, müəllifin kimliyini soruşur. Paradoksal məqam odur ki, yazıçı olmaq istəyən, ədəbiyyatla maraqlanan kəs eyni müəllifin əsərlərini tanımır. Üstəlik, ədəbiyyat aləmində məşhur əsər ola. Süjet boyu təsvirə adekvat olmayan maariflənmə yaxud intellektuallıq sızıntılarını görürük: Hüseyn Cavidin, Səməd Vurğunun əsərlərindən sitatlar kimi.

Aydındır ki, müəlliflər alış-veriş obyekti kimi müzakirə olunan mirasa torpaq, vətən anlayışlarını daşımağa çalışıblar. Lakin istənilən halda ön plana “vətən satılmaz” ideyasından çox ailədaxilində baş verən tipik miras davası çıxır. Bu səbəbdən Araz Ozaranın bir az da plakat estetikası ilə yüklənmiş vətən qayəli mahnı mətnləri serialın məzmununa uyğun deyil.

Rüstəmin Konstantin Simonovun “Gözlə məni”, Dostoyevskinin “Karamazov qardaşları”nı, Mirzənin şərq ədəbiyyatını oxuması nəticəsində özgələşməsi eyhamları vurğulanır. Zərərli, səthi vurğulardır və yanlış yanaşmadır. Dünya ədəbiyyatını, fəlsəfəsini, tarixini və s. oxumaq əlbəttə vacibdir. Və fərdin dünya ədəbiyyatından hansısa əsəri oxuması nəticəsində manqurtlaşma baş vermir. Pyesdə yazıçı problemi belə qoyur ki, qardaşlar yad mədəniyyətlərə sığındıqlarından ölkələrinin problemlərini görə bilmir və laqeyddirlər. Ekranizasiyada isə qardaşların özgələşməsi ailə münaqişəsi-mirası davası səbəbindən baş verir.

Ədəbi mətnin finalnda Gülbahar qardaşların kitablarına alternativ - anasının kitabını təklif edir. Ekranlaşdırmada isə nəticə, ümumiləşdirmə yoxdur. O, kitabları yandırır və dəmir barmaqlıqlar arxasından tamaşaçıya gözüyaşlı vida edir.

Rejissor işində (Xəyyam Abdullazadə, Elməddin Alıyev) xüsusən dəniz obrazının təsviri – plastik həlli, Həsən Seyidbəylinin filmlərində olduğu kimi onun mərkəzi fiqura çevrilməsi, dramaturji funksionallığı diqqəti çəkir.

Fleşbəklərdən bəzən yersiz istfadə olsa da, dramtizmi təvirdən çox musiqi daşısa da, bütün hallarda “Anamın kitabı” səliqəli işidi. Sadəcə, personajların dediyi kimi ciddi ssenari problemimiz var.

# 4388 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #