Babamın sümüyündən təsbeh düzəldib düşmənlər - Saqif Zeynaldan şeirlər

Babamın sümüyündən təsbeh düzəldib düşmənlər - Saqif Zeynaldan şeirlər
14 yanvar 2021
# 16:00

Bu gün ötən ilin oktyabrında avtomobil qəzasında dünyasını dəyişən mərhum şair Saqif Zeynalın doğum günüdür. Kulis.az bu münasibətlə onun seçmə şeirlərini təqdim edir.

***
Qocalığın bayrağı
Qocalıq duman kimi çökən evlər bir az qəribə,
Bizim də qapını qocalıq
Nənəmin çəliyiylə döydü,
Siqaretinin tüstüsüylə çökdü
Dünyaya bir "göz"lə baxan komamıza...
Biz onda hələ uşaq idik.
Onda bizim üçün qocalıqla əylənmək:
Çəliklə özümüzə qıça düzəldib
Nənəmi yamsılamaq,
Oturanda qucağına tökülən döşləriylə məzələnmək,
Başına dolanmağımızı istəmirdi deyə
Dayanmadan başına dolanmağımız vardı...
Özümüz də bilmədən qocalığın başına fırlanırmışıq illər öncə...
Həyat -
Gülüşü, ağlamağı üzündə qırışan
Nənəmin sifətiylə göstərirmiş bizə öz amansız üzünü...
Səsinin xırıltısına gülüb,
Titrəyən başına baxıb
Uğunub özümüzdən gedərdik...
Nənəmin titrəyən başı
Evimizdə hökm sürən qocalığın dalğalanan bayrağı,
Xırıldayan səsi qocalığın himniymiş demə...
Darıxa bilmirəm
Artıq darıxa bilmirəm
Daha darıxmaq da gücdən düşüb mənimçün ...
Durum deyim kimdən ötrü,
Nədən ötrü darıxıram indi?!
Atanlar atıb gedib,
Gedənin arxasınca darıxmazlar...
Ölənlər canın qurtarıb
Üz də vursan,
Boğaz da çəksən geri qayıtmazlar...
Əyninə barıt qoxusu hopan
Kəndimiz üçün də darıxmıram daha
Deyillər orda adamlar kəndin mərkəzinə:
İdarənin qabağına toplaşarmışlar,
Uzun-uzadı danışarmışlar.
Bundan mənə nə?!
Babamın qəbriyçün də darıxmıram
İyirmi il bundan qabaq düşmənlər sümüyündən
Təsbeh düzəldib satıblar indi...
Əlimdəki sümük təsbeh mənə çox doğmadır nədənsə?!


***


İlk dəfə Falçı qarı gəzdirdi
Əlinin içindəki qırşlarda
Öz ifritə baxışlarını...

Nazik tünd boyalı dodaqlarla
Pıçıldadı qulağına:
Taleyin öz əlindədi!

Sən isə astadan inandın
Ələ saldı taleyini
Anlamadın!

Sonra elə zilləndi ki,
Gənc əllərinin məhrəm qırışlarına
Alnının qırışmış yazıları da
Uçub töküldü ovuclarına...

İndi əllərini qunut tutub
Qarışıq xətlərin arasında
Həyatı axtarırsan...

***

Elə tənhalaşdım elə təkləşdim ki,
Bu sevgili vətənin mübarək bədənində:

Uçuq daxmasında
Hündür binasında
Azadlıq metrosunda

Dönük-dönük adamların içində...

Nə iki cahan nə sığmazam
Çəkildim özümə çəkildim
İndi öz içimə sığışmışam...


***


İndi dar ağacına
Çəkmirlər adamları
Adamlar özləri
Çəkilir dar ağacına...

İndi nə var ölməyə
Çətini yaşamaqdı...
Nə işdi meydanlarda
Qursunlar dar ağacları
Kimdi əlin qana basan.
Bezdinsə çıx get, get çıx
Hər yan dar ağacı...

Evdə işdə görüşdə
Hardasa gəzməkdə
Təki özünü asmağa
Hardansa atmağa
Ağzına su alıb susmağa
Nəsə bəhanən olsun...

Ya süzməyi öyrənəcəksən
Ya üzməyi öyrənəcəksən
Ya da yaşamağı...


Şair Haqverdiyə

Şair dünya düzəlmədi
Belə qalsın - cəhənnəmə
Azalmayan şələ dərdi
Şələ qalsın - cəhənnəmə

Mərmiləri gülə döndü
Çiçəkləri külə döndü
Elə döndü, belə döndü
Elə qalsın - cəhənnəmə

Sinə dağlı qordan belə
Balıq olduq tordan belə...
Bu ömür də burdan belə
Yelə qalsın - cəhənnəmə

Qəm bərədə pusar gözlər
Zaman bizi hey sürəklər
Qurumayan nəmli gözlər
Selə qalsın - cəhənnəmə

Saqif Zeynal ötür anlar
Kimi duymaz kimi anlar
Kölə kimi yaşayanlar
Kölə qalsın - cəhənnəmə

# 1948 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #