Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə

Müasir monqol hekayəsi: Portret - Orijinaldan tərcümə
19 yanvar 2021
# 09:00

Kulis.az “Hekayə günü” çağdaş monqol yazıçı Maqvan Erdenebatın "Portret" hekayəsini təqdim edir.

Qoca Lamzav səksən yaşına qədəm basırdı və xasiyyəti günü-gündən tündləşirdi. Heç nəyin üstündə nəvələri ilə dava edirdi və kürəkəni Nasanbatı da çox boğaza yığırdı. O, da soyuqqanlılığını bəzən itirərək arvadına şikayət edirdi:

“Qoca atana hərdən de ki, bir az sakit olsun. Mənim uşaqlarımı nəyə görə hər dəfə bezdirir? Onların səbri artıq daşmaq üzrədir. Uşaqlar niyə öz evlərində sakitcə yaşaya bilmir? Yetər artıq!”

“Yazıq atama nifrət etməkdən əl çək sən də. İnsan övladlarına yazığın gəlmir? Çox pissən. Cəsarətin var onu küçəyə at! Ahıl adamların da uşaq kimi olduqlarını da unutma. Onlar özləri bir həll yolu tapar. Sən əsəbləşmə! Və yazıq atama da nifrət etməyi burax. Qoca adamdır! Sənin atan olsaydı belə etməzdin.” deyə arvadı ona cavab verirdi.

Bir axşam qoca Lamzav yenə dava etməyə başladı:

“A bala, Monxoo! Kanalı dəyiş! Xəbərlərə qulaq asmaq istəyirəm. Yaşlı və yorğunam. Ona görə də səndən bir şey istəyirəm. Gəncliyimdə parlaq adam idim. Bütün ölkənin məni tanıdığını desəm bir az şişirtmiş olaram, amma millət məni yaxşı tanıyır. Qoca ola bilərəm lakin hələ ölməmişəm.”

Televiziya kanalını dəyişmək üçün etdiyi təkidlərdən sonra pultu ələ keçirə bildi. O axşam eşitdiyi xəbərlər onu həddindən artıq xoşbəxt etdi.

“İllər öncə mənim portretimi çəkmiş rəssam xanımın əsərlərini sərgilədiyini eşitdiniz? Portretimin orada təqdim ediləcəyinə əminəm. Sabah gedib baxacam sərgiyə. Mənimlə gəlmək istəyirsiniz?” - deyə kürəkənindən və qızından soruşdu.

“Ay ata, bu qədər həvəslənmənə dəyməz. Portretinin sərgidə olub-olmadığını hardan bilirsən? Elə bilirsın, səninlə getməyə vaxtımız var?” - deyə qızı cavab verdi.

“Sizə deyirəm ki, portretim orada sərgilənir” - o, əsəbləşdi. Sonra da “Çox gözəl portret idi. Rəssama yalvarmışdım ki, onu mənə hədiyyə etsin. Amma sənət əsəri olduğunu deyib qəbul etməmişdi. Son vaxtlar o porttreti yenidən görmək könlümdən keçirdi. Bu qədər gözəl portreti yenidən görmə fürsətini necə qaçırmaq olar axı? Bəsdir məni ölü yerinə qoydunuz. Ora öz ayaqlarımla getmək üçün hələ ki, taqətim var. Tək gedəcəyəm.” - deyə səsini qısaraq davam etdi.

Sərgi zalı həddindən artıq sakit idi. Tək və cüt gələn insanlar sərgilənən tablolara baxır və yavaş səslə danışırdılar. Bu sərgi zalında yüksək səslə danışmağın hətta qışqırmağın niyə qadağan olunduğunu anlamırdı. Lakin sənətin öz təbiəti və parlaqlığı ilə sərgiyə gələnləri ona hörmətlə yanaşmaya məcbur etdiyini düşündü. Lamzav nəfəsini bir neçə saniyə tutaraq ətrafına göz gəzdirmək üçün durdu. Öz portretinin səliqə ilə asılmış digər tabloların içində olmasına inanmaq ona çətin idi. “Əgər asılmayıbsa?...” Bu mənfi fikir ağlına gəldiyi kimi də tez yox olub getdi. Qoca kişinin orada görən bir neçə nəfər onu başdan-ayağa süzərək “Qocanın burada nə işi var?” deyə düşünürdülər. Lamzav onlara məhəl qoymadı və həmən öz portretini axtarmağa başladı. Rəssam əsərlərində hər mövzuya toxunmuşdu: gözəl mənzərə, heyvanat aləmi, gül dəstələri, əlini yanağına qoymuş qız, qədim döyüşçü, qurd sürüsü və s. Onlardan bəziləri o qədər gözəl çəkilmişdi ki, həqiqi olduğunu düşünməmək mümkün deyildi.

Öz portretini axtara-axtara Lamzav bütün tabloların önündə durur və hər dəfə heyranlığını ifadə edirdi. Qoltuğunun altında lülə halında bükülmüş kağızları tutan və qolunu qolunun üstünə qoyaraq bir portretə baxan qəşəng geyimli gənc adamın yanına gəldiyi zaman axır ki, istədiyini tapdı. Və sevincdən qışqırdı:

“Bu mənim portretimdir! Bu həqiqətən də mənim portretimdir!” Sonra yanında nə yazıldığını oxumaq üçün ona yaxınlaşdı. Sadəcə iki söz var idi: “Portret” və “Quaş”. Adı “Lamzav” orada qeyd edilməmişdi. Təəccübdən nə deyəcəyini bilmədi. Adının niyə yazılmadığnı soruşmaq üçün ətrafına göz gəzdirdi. Kimsə ona fikir vermədi. Üstəlik bir az öncə portretə baxan gənc adam artıq harasa getmişdi. Ona heç kimin diqqət etmədiyinə əsəbləşən Lamzav gənc adamın yanına gedib “A bala! Bir az öncə ağzı açıq valeh olduğun o portret mənim portretimdir. Daha diqqətlə bax! Gəncliyimdə o qədər yaraşıqlı oğlan idim ki!” demək istərdi. Gəl ki, ayaqları tutmurdu və ağzından bir söz belə çıxmadı.

Bir neçə dəqiqə gözəl portretinə baxdıqdan sonra qoca bir az özünə gəldi. “Doğrudan da bu portretdəki kimi yaraşıqlı oğlan idim. Gözlərimə, qaşlarıma, çiyinlərimə və sinəmə bir bax. Millətin gözlərimdən qorxduğunu xatırlayıram. Heyif ki, o vaxtın Lamzavından əsər-əlamət qalmayıb.” deyə yavaşca ah çəkdi. “Axı rəssam niyə mənim adımı qeyd etməyib? Yəqin, unudub. Ya da ki, artıq bu dünyadan köçdüyümü düşünüb. Hə, hə. Məncə səbəbi budur.” - öz-özünə dedi. Rəssamı tapıb ondan adının əlavə edilməsini istəmək üçün Lamzav sərgi zalının bir küncündə ayaq üstündə duran qıza yaxınlaşdı:

“Qızım, de görüm, rəssamı hardan tapa bilərəm”.

“Mandarvaa xanım sərgi açılandan bəri gəlməyib. Yəqin, sərginin son günü gələr. Xəstəliyi üzündən hələ ki, gələ bilmir.” - qız cavab verdi.

Adını yazdıra bilməyəcəyinə çox əsəbləşən Lamzav: “Həəə, demək vəziyyəti pisdir. O da artıq yaşlanıb.”

Sərgi zalından çıxdı. Küçədə payız günəşinin şüaları üzünü xoş istilik yayırdı və sərin külək sanki onun pozulmuş kefini düzəltmək üçün yavaşca əsirdi. Sərgidə gördüyü portretin oyatdığı gəncliyi ilə bağlı bütün xoş xatirələr ahıl yaşına rəğmən hələ də yaxşı görən gözləri önündən rəngli film səhnələri kimi sürətlə keçirdi. Nə qədər düşünürdüsə ümidləri bir o qədər azalırdı.

“Bu gün gənclərin məni tanımaması normaldır. Axı niyə portretimi dostlarıma göstərə bilmirəm?”

O, bunu çox istərdi. Lakin hələ də həyatda qalan dostlarını tapmaq artıq çətin məsələ idi. Bəzilərini uzun zamandan bəri görmədiyi üçün onların yaşayıb-yaşamadığını bilmək asan deyildi. Birdən Lamzav dostu Javın yaxındakı binada yaşadığını xatırladı. Portretini göstərmək üçün onu alıb geri dönməyə qərar verdi. Amma binanın həyətinə gələndə dostunun ən azı bir həftə öncə dünyadan köçdüyünü öyrəndi. Qoca kişi yenidən ah çəkdi.

Birbaşa evinə dönməyə qərar verdi. Piyada getdiyi zaman köhnə dostu Borxuuxenin pəncərəsindən işıq gəldiyini gördü. Bir neçə gün öncə onlar rastlaşıb uzun-uzadı söhbət etmişdilər. Qadının evinə getdi. Dostunun uşaqları analarının bir neçə gün öncə xəstələndiyini və artıq kimsəni tanımadığını söylədilər. Lamzav gəldiyi kimi də geri qayıtdı.

Bu gün Lamzavın təxminən qırx il öncə çəkilmiş portretini tanıya biləcək dostlarının demək olar ki, hamısı bu dünyadan köçüb gedib.

O gün axşam qoca kişinin təzyiqi qəflətən qalxdı. Bəzən huşunu itirirdi. Huşu yerinə gələndə Lamzav niyə bu qədər xoşbəxt həyat yaşadığını heç anlamadı.

Monqolcadan tərcümə edən Elvin Abbasbəyli

# 3931 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #