Yox, bu hələ qalmaq qərarı deyil – Salam Sarvandan yeni şeirlər

Yox, bu hələ qalmaq qərarı deyil – Salam Sarvandan yeni şeirlər
11 yanvar 2021
# 12:00

Kulis.az tanınmış şair Salam Sarvanın yeni şeirlərini təqdim edir.

Əlacsızlıq

Payızın tutqun havasında
üz-üzə gəlmişdilər.

Həndəvərdə fotoqraf yoxdu
qoşa şəkil çəkdirələr.
Qara şüşəli restoran yoxdu
əksləri qoşa görünə güzgüdə.
Göy üzündə Günəş yoxdu
yerdə kölgələri qoşalaşa...

Bir cüt naəlac:
suyu qurumaqçün yerə uzadılmış çətir və
kökündən qopub yerə yıxılmış ağac.

Mater-idealizm

Eyni anda baş verdi
bir adamın doğuluşu ilə o birinin ölümü.
Əkizlər.

Ayrılıq anlayışı

Əynimizə paltar biçilərkən
parçanın kəsilib kənara tullanmış artıqları.
Tutulub zibil vedrəsinə atılan dırnaqlarımız...

Bir də
dalğalar sahilə dəyib qayıdarkən
torpaqda ilişib qalan sıçrantılar.

Həyatın üfüqiliyi

Yox, bu hələ getmək fikrindən daşınıb
həmişəlik qalmaq qərarı deyil.
Sadəcə, yığılmış çamadanı şaquli vəziyyətdən
üfüqi vəziyyətə keçirməkdi.

Müqayisədə seçim

Ömür boyu tərəddüd:
bütün varlığınla məxsus ola bilmirsən
müqayisədə seçdiyinə...

Məsələn, əyninə aldığını
beş köynəyin içindən seçmisənsə,
dükanda qoyub çıxdığın dörd köynəyin qoxusu da
həmişə qalacaq bədənində.

Beləcə hər nədə, hər dəfə.
Beləcə, qəlbimizin-hissimizin qırıntıları
səpilir hər tərəfə.

Sualın qoyuluşu

Yanlışdı sualın belə qoyuluşu:
niyə həyatdan doymaq olmur?
Əslində belə qoyulmalı sual:
həyatdan doyanda yenə də acacağını nədən bilirsən?

Sual belə qoyulmalı əslində:
Dövlət bəyin ölüsü gözəl idi,
yoxsa əlləri qandalda ölümə sarı gedən Şəms?

Adi atla Peqasın şəkli yanaşı asılıb.
Sual belə qoyulmalı əslində:
Peqasın rəsmində adi ata qanad uydurublar,
yoxsa Peqası halal qanadından ediblər adi atın rəsmində?

Sual belə qoyulmalı əslində:
bilirsənmi nə deyir başqasındakı güllə yarasından
sənin alnına sıçramış qan?

Cəm şəkilçiləri

Hansısa memarçün
neçə milyon taleyin yaşadığı şəhər
yalnız xəritə kimi mövcud,
kiminsə ağladığı, kiminsə ağrıdığı binasa
yalnız çertyoj kimi...

Məsələn, qanvermə aksiyası keçirəndə
ayrıca bir xəstəyə də qanımızı rəva gördükmü?
İməcilik düzəldib meşə əkəndə
ayrıca bir əlilə də qoltuq ağacı verdikmi?
Uşaq bağçasına sponsorluq eləyəndə
ayrıca bir uşağın da göz yaşını sildikmi?...

Heyf, cəm şəkilçilərinin fonunda
görünməz hala düşür insan şəkli:
əslində insan təkdi.

Gallery

# 2149 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #