Votsapımızın açılmasından niyə qorxuruq?

Votsapımızın açılmasından niyə qorxuruq?
11 yanvar 2021
# 10:32

O günləri xalq narahat olubmuş. Öyrəndim ki, narahatlığın səbəbi Votsapda məlumatların oğurlanması qorxusuymuş. Hamı təşviş içindədir, bilmir nə etsin, bir-birilərindən soruşurlar ki, görən bizim məlumatlarımızı oxumaq eşqi yəhudilərin nəyinə lazımdı? Bir-iki dəfə qohum-qaraya, dost-tanışa başa salmağa çalışdım ki, sənin nə böyük sirrin olacaq axı, qorxudan tir-tir əsirsən. Sonra öz-özümə dərinliyə endim. Dedim, bəlkə də biz bir-birimizdən çox şeylər gizləyirik, qıraqda ayrı cür danışır, aşkarda başqa cür davranırıq. Bir-birimizə olan qarşılıqlı saxtakar münasibətin faş olunması hamımızı qorxudur. Ona görə məlumatlarımızın ələ keçməsi şayiə də olsa, hamının içinə vic-vicə salır.

Yadıma düşür, atamın bir dostu bizi evinə dəvət etmişdi. Tək yaşayırdı. Atamla içəri girəndə tez-tez pərdələri çəkdi. Qəribə oldum. Atam qulağıma əyildi ki, bu cavanlıqda da beləydi. Elə bilir ki, kimsə onu izləyir.

Bizdə, deyəsən, hamımızın içində bu qorxu var. Özümüzü həddən ziyadə ciddi biri hesab edir və düşünürük ki, Amerikanın, Böyük Oyunların qurbanıyıq, bu dəqiqə bizim ağlımızdan keçənləri də oxuyurlar, evimizə görünməz kameralar yerləşdiriblər, hər addımımıza göz qoyurlar. Əslində, onsuz da modern dünyada hamının nə etdiyi ortadadır. Bu cür bir dünyada özünü gizləmək, Kafkalıq etmək olmur. Sən Google-dan görünürsən, hara getdiyin, nə yediyin, kimlə görüşdüyün bəllidir. Bizim əsrin reallığıdır bu. Ancaq bizim mövzumuz bu deyil. Söhbət öz varlığının böyük bir məna kəsb etdiyini düşünüb narahatlıq keçirməkdən gedir. Sən özünü vacib hesab edirsən və əminsən ki, sənin məlumatların hamıya, o yəhudi Marka da lazımlıdır.

Psixoloqlar daha yaxşı bilər, oxuduğuma görə belə bir maniya var: Meqalomaniya. Nə deməkdir? İnsanın özünə gerçəkdə olmayan böyük, ali keyfiyyətlər istinad etməsi. (Ruscası: Мания величия) Bu tip adamlar öz şəxsiyyətlərini daim qabardırlar. Onlar sanki çox əhəmiyyətli insanlardır, məşhurdurlar, populyardırlar, zəngin biliyə malikdirlər, əllərində yüksək səlahiyyət var və s.

Son zamanlar da bu maniya sanki yoluxucu xəstəlik kimi hamıda peyda olmağa başlayıb. Hər kəs özünü olduğundan böyük göstərməyə çalışır, eqosunu tavana qaldırır. Sanki çoxları onları böyük göstərən güzgülərin qabağına keçib. Bu, xəstəlikdir. Mütləq də müalicə olunmalıdır. Cəmiyyət üçün də təhlükədir. Özü üçün də.

Müşahidə edirəm, görürəm ki, sosial şəbəkələr aqressiyanın daha çox yayıldığı yerdir. Normal həyatda adamlar daha səmimi və pozitivdirlər. Sosial şəbəkədə isə bayaq səninlə deyib-gülən adamın kiməsə söydüyünə şahid olursan.

İnsanlar hər şeyə fikir bildirmək, özünü göstərmək dərdindədirlər. Məsələn, biri söyülür, mən də söyüm, biri öyülür, mən də öyüm janrında səhnələr görməkdəyik. O qədər qəribə mənzərədir ki, baxanda heyrət edirsən. Realda vətənpərvərlikdən uzaqdır, di gəl, sosial şəbəkədə bu söhbət çıxan kimi özünü qəhrəman kimi aparır. Yaxud da marginal, cool görünən adamı realda tanıyırsan: əslində qaqa təfəkküründəymiş.

Hamı da bir-birini ittiham edir. Biri yazıçını söyür, o biriləri də ona qoşulur, başqası tanınmış birinə söz soxmaqla fəxr edir. Kimsə kiminsə fikrini bəyənmir deyə onu hətta aşağılamaqdan da qalmır. Tanınmış birini dostluqdan çıxarmağı qəhrəmanlıq hesab edənlər var. Sən mənim kimi düşünmürsən deyə rədd ol bayıra. Sosial şəbəkədəkilərin sözü-söhbəti budur. Halbuki, biz adicə bir evin içində qardaşımızla, bacımızla, ən doğmamızla tutaşırıq, müxtəlif mövzular ətrafında mübahisə aparırıq, hərə bir söz deyir.

Eqo partlayışı, neqativlər. Hamı haqlıdır. Hamı bombadır. Heç kim səhvi özündə axtarmır. Sufiyanə deyimdir: səhvi özündə axtar. Amma kimə deyirsən? Hamı oxşar havaya qol qaldırıb oynamaqda. Aqressiya, əsəb pozğunluğu. Yəqin, psixoloqlar daha dəqiq diaqnoz qoya bilər. Sosial şəbəkə insanının psixoloji halı nədir görəsən?

O qədər sosial şəbəkə sakininə çevrilmişik ki, ordan başqa heç nəyi düşünə bilmir, bunu özümüzə dərd edirik. Görünür, Votsapdakı məlumatların ələ keçməsi təhlükəsi də bizi buna görə narahat edib. Axı biz illərdir realda yox, virtualda yaşayırıq. Bütün qeybətlərimizi, sevinclərimizi, ağrılarımızı orda ifadə etmişik. İndi bu məlumatlar oğurlansa, daha biz başımızı haranın daşına vuraq? Məncə, bu qorxunun kökündə bu dayanır. Bizim özümüzü başqa cür göstərən güzgülərə ehtiyacımız var. Olduğumuz kimi görünmək maraqsız və darıxdırıcıdır.

Yazının sonuna çatanda Votsapdan mesaj gəldi, sinif yoldaşım idi:

"- Qaqa, bu düz söhbətdi?"

- Nə?

- Deyirlər, Votsapda məlumatlar..."

- Hə... - qəsdən onu qorxuya saldım. - Məlumatları götürəcəklər, sonra onları göndərəcəklər Amerikaya, orda araşdıracaqlar. Sonra sənin danışdığın, əlaqədə olduğun hamıya göndərəcəklər".

Bu an dostumdan görüntülü zəng gəldi, sonra nə düşündüsə geri aldı.

Allah bu insanlara ayrı dərd verməsin!

Amin deyin yazıya son nöqtəmi qoyum!

# 2267 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #