SSRİ-nin ən gözəl Yeni il filmi

SSRİ-nin ən gözəl Yeni il filmi
2 yanvar 2021
# 16:15

Yeni ildə sovetlər dönəminin televiziyasında nümayiş olunan filmləri hər kəs səbirsizliklə gözləyirdi. Sovet tamaşaçısı bu filmlərsiz yeni ili az qala bayram saymırdı. Yazı populyar olan bəzi yeni il filmləri, baş rolu oynayan aktyorların sonrakı taleyi haqdadır.

Yeni ildə sovet uşaqlarının ən sevili filmlərindən biri heç şübhəsiz ki, “Morozko” idi. Filmi 1964-cü ildə rejissor Aleksandr Rou rus xalq nağılının motivləri əsasında çəkib. Süjetə görə, ögey ana xeyirxah və gözəl Nastyanı çox incidir, onun xoşbəxtliyinə mane olmaq üçün hər vasitəyə əl atır. Doğma qızı Marfuşkanı isə əzizləyir, onun üçün imkanlı ər axtarır. Amma ögey ananın arzusu baş tutmur. Hər şeyə rəğmən Nastya öz xoşbəxtliyini tapır. O, yaraşıqlı İvanla ailə qurur. Onların xoşbəxtliyində xeyirxah baba Morozko böyük rol oynayır.

Film Venesiya festivalında “Uşaq və yeniyetmə filmləri” kateqoriyasında ən yüksək mükafata layiq görülüb. 1997- ci ildə isə Amerikada bir teleşou çərçivəsində göstərilən nağılı amerikalı tamaşaçılar “qəddar triller” adlandııb. Onların fikrincə, çirkin insan tamahkar və pis, gözəl insan isə istisnasız olaraq xeyirxah göstərilir. Stiven Spilberqin isə filmi dəyərləndirməsi maraqlıdır: “Morozko”dakı xüsusi effektlər bir çox Hollivud blokbasterləri üçün ilham mənbəyi olub”.

Nastya rolunun ifaçısı Natalya Sedıx karyerasına firqurist kimi başalyıb və o, balet teatrının aktirsasıdır. Dörd yaşından fiqurlu konkisürmə ilə məşğul olan Natalya Sovetlər İttifaqında vaxtilə ən kiçikyaşlı fiqurist kimi məşhurlaşıb. Rejissor da onu elə təsadüfən fiqurlu konkisürmə yarışında görüb.

İvan rolunun ifaçısı Eduard İzotovun taleyi isə dramatik olub. “Morozko” filmindən sonra uğur qazanan aktyor 1983-cü ildə arvadı ilə birlikdə Moskvanın mərkəzində yerləşən Puşkin meydanındakı bir kafedə həbs olunub. Həbsə səbəb cütlüyün qanunsuz valyuta mübdailəsi aparması- dolları rubla dəyişmək istəməsi olub. Ər-arvada valyuta maxinasiyasına görə cinayət işi açılır və onlara 3 il cəza kəsilir. Məşhur incəsənət adamlarının müraciətinə baxmayaq, cütlük həbs eidlir. Üç illik həbs aktyorun psixikasına ağır təsir göstərir. Nəticədə o, 1988-ci ildə insult keçirir. Sonralar o, daha bir neçə insult keçirir. Dördüncü insultdan sonra artıq yaddaşını itirdiyindən teatrda işləyə bilmir. İzotovun əməliyyatlarını dostları maliyyələşdirir. Lakin o, çox yaşamır və 2003-cü ildə 66 yaşında dünyasını dəyişir.

Marfuşka rolunun ifaçısı İnna Çurikova çoxsaylı dövlət mükafatları alıb, sovet kinosunun ən yaxşı aktrisalarından biridir.

Aktrisa özünü ekranda Marfuşa rolunda görəndə dəhşətə gələrək “Necə də eybəcərəm? Bundan sonra kim mənimlə evlənəcək?” deyir. Hətta buna görə o, aktyorluqdan da getmək istəyir. Sonralar rejissor Qleb Panfilov aktrisanın ifadəli gözlərinə aşiq olub və onlar ailə qurub.

Çurikova 2003-cü ildə rus hakimiyyətini Çeçenstanda hərbi əməliyyatları dayandırmağa çağırıb. 2006-cı ildə isə Gürcüstan vətəndaşlarının Rusiyadan deportasiyasını etnik dsikriminasiya kimi qiymətləndirən etiraz müraciətinə qoşulub.

Morozko rolunun ifaçısı Aleksandr Xvılya bu filmdən sonra uzun illər Kremldə keçirilən yeni il şənliklərində ölkənin əsas Şaxta Babası olub.

Dövrün ən populyar filmlərindən biri Tatyana Lioznovanın “Karnaval” (1981) komediya dramı idi.

Əyalətdən Moskvaya gələn Ninanın ən böyük arzusu aktirsa olmaqdır. Amma o, burda saysız problemlərlə üzləşir. Problemlər Ninanı yetkinləşdirir, onun çox şeyə münasibəti dəyişir. Finalda o, kəndə anasının yanına qayıdır.

Deyilənlərə görə, filmin qazandığı uğura Eldar Ryazanov belə həsəd aparıb. Nina rolunun ifaçısı İrina Muravyova bu obrazına görə 1982-ci ildə “Sovet ekranı” jurnalının oxucular arasında keçirdiyi sorğuya əsasən ən yaxşı aktrisa seçilib.

Muravyovanı bu rola sınaqsız təsdiqləyiblər. Şərt qoyulub ki, o, arıqlamalı və konki sürməyi öyrənməlidir. Aktrisa qısa müddətdə tapşırıqların öhdəsindən gəlir.

Anna Rodionovanın romanı əsasında çəkilən film rejissorun həyatının çox məqamları ilə üst üstə düşüb. Çünki Lioznovanın özü də vaxtilə pul qaznamadan ötrü xadimə və kostyumçu işləyib.

Filmdə səslənən məşhur “Pozvoni mne pozvoni” (“Zəng vur, mənə zəng vur”) Janna Rojdestvenskaya ifa edir. Lakin bu mahnını Alla Puqaçova da ifa eləmək istəyib. Filmin yaradıcıları Puqaçovanın məşhurluğu üzündən kadrarxasında oxuyacağını ona deməkdən utanıblar.

Yeni ilin vazkeçilməz filmlərindən biri Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (1975) ekran işidir.

Qəhrəmanlardan biri Jenya yeni il öncəsi adətə görə hər il dostları Pavlik, Saşka və Mişka ilə hamama gedirlər. Pavlik həmin gecə Leninqrada uçmalı olduğunu deyir. Dostlar çox içdiyindən sərxoş olurlar. Nəticədə Saşka və Mişka Leninqrada səhvən Pavliki yox, Jenyanı göndərirlər. Məlum olur ki, Jenyanın Moskvadakı ünvanı eynilə Leninqradda da mövcud imiş. Jenya "öz" mənzilinə gəlir və təsadüfən onun açarı qapıya düşür. O, sərxoş halda çarpayıya uzanaraq yuxuya gedir. Az sonra bura mənzilin əsl sahibi rus dili müəllimi Nadya gəlir...

Ryazanov Emil Braginskinin pyesini “Mosfilm”ə təqdim edəndə əvvəlcə onu maliyyələşdirmək istəməyiblər. Ki, bu bayağı, yüngül komediyadır və sərxoşluğu təbliğ edir. Lakin Dövlət Teleradio şirkəti filmin çəkilməsinə razılıq verir, sonradan prosesə “Mosfilm” də qoşulur.

İlk dəfə filmə 100 milyon tamaşaçı baxıb. 1981-ci ildə Mərkəzi Komitənin birinci katibi Leonid Brejnev partiyanın XXVI qurultayında filmə eyham vurur: “ Moskvanın olimpiya obyektləri və bəzi yaşayış məhəllələri keçmişin dirçəldilmiş mirvarisidir və Leninqradın yeni memarlıq ansamblları, Alma-Atanın, Vilnüsün və başqa şəhərlərin yeni tikililəri bizim fəxrimizdir. Bununla belə şəhər tikintisi idarəsinin ümumlikdə böyük bədii ifadəliliyə və müxtəlifliyiə ehtiyacı var ki, filmdə oluduğu kimi taleyin ironiyasına görə başqa şəhərə düşən, öz mənzilini başqasının mənzilindən fərqləndirə bilməyən qəhrəmanın vəziyyəti yaranmasın”.

Jenya roluna Andrey Mironov, Oleq Dal, İnnokentiy Smoktunovski kimi nüfuzlu aktyorlar sınaqdan keçsə də, rejissoru onlar qane etməyib. Çünki rola elə aktyor lazım idi ki, o, eyni zamanda həm simpatik, həm də gülməli görünsün. Bu səbəbdən Ryazanov Andrey Myaqkovun üzərinə dayanır. Filmə görə dövlət mükafatı alan və ən yaxşı aktyor seçilən Myaqkov müsahibələrindən birində bu ekran işinin onun karyerasına maneçilik törətdiyini deyir: “Hamı məni alkaş hesab edir, əslində spirtli içki sevmirəm, hamama getməyə isə nifrət edirəm. Artıq 20 ildir ki, bu filmə baxmıram. Onu hər yeni ildə göstərmək sadəcə, tamaşaçını zorlamaqdır”.

Nadya roluna da çox aktrisa sınaqdan keçib: Lyudmila Qurçenkodan tutmuş Svetlana Nemolyayeva kimi. Amma rejissor bu aktrisaları rola uyğun saymır. Polşa istehsalı olan “Sevginin anatomiyası” filmini izləyəndən sonra burda baş rolu oynayan Barbara Brılskanı çəkilişə dəvət eləyir. Bu roluna görə aktrisa SSRİ dövlət mükafatına layiq görülür. Sonralar Brılskanın böyük qızı aktrisa və model Barbara Kosmal avtomobil qəzasında həlak olduğundan o, bir müddət depressiyaya düşür və hətta intihar həddinə çatır. Sonucda özündə yaşamağa güc tapır.

Sovet uşaqlarının, eləcə də mənim çox həvəslə gözlədiyim filmlərdən biri, rejissor Vatslav Vorliçekin “Zoluşka üçün üç fındıq” (1973) nağılıdır. Sovet istehsalı olmasa da bu, yeni ildə ən çox göstərilən filmlərdən biriydi. Almaniya Demokratik Respublikası Və Çexoslavakiyanın birgə istehsalı olan film çex yazıçısı Bojena Nemtsovanın əsəri əsasında ekranlaşdırılıb. Lakin rejissor filmə xeyli dəyişiklik edib. Zoluşka nağılda ənənəvi təsvir olunur: əzab çəkən, çirkli və kədərli. Filmdə isə o, komik, inakdar və işvəlidir.

Süjetə görə, gözəl Zoluşkaya şahzadə vurulur. Amma onun hiyləgər ögey anası öz qızını şahzadəyə sırımaq istəyir. Zoluşka ilə şahzadə finalda ailə qurur və onların xoşbəxtliyinin əsas səbəbi sehirli fınqdlar olur.

Filmin kostyumları İntibah dövrünün geyimlərinə əsasən hazırlanıb. Bunun üçün geyim üzrə rəssam Teodor Piştek İntibah dövrünün, həmçinin Breygelin əsərlərindən istifadə edib. Hazırda həmin kostymlar Praqada “Barrandov” kinostudiyasının muzeyində saxlanılır.

Zoluşka rolunun ifaçısı, çex kinosunun ulduzlarından sayılan Libuşe Şafrankova qapalı həyat tərzi keçirir. Mətbuatla demək olar ki, ünsiyyət qurmur. Əsasən teatr və televizya layihələrində çalışır. Aktrisa uşaqlıdan at sürdüyü üçün filmə çəkiləndə bununla bağlı kurs keçməyib.

Filmi əvvəlcə məşhur çex rejissoru İrji Menzelə həvalə ediblər. Amma sonradan kinostudyanın rəhbərliyi onu dəyişib. Məsələ ondaydı ki, Menzel siyasi sistemin doqmalarını qıran 60 cı illər Yeni Çex kinosunun əsas simalarındadır. Ona görə rəhbərlik hakimiyyətlə az problemi olan Vorliçekin üzərində dayanıb.

# 7564 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #