Əfqanıstanda itirdiyi oğlunu Qarabağda axtaran ana

Əfqanıstanda itirdiyi oğlunu Qarabağda axtaran ana
10 dekabr 2020
# 08:59

Kulis.az rejissor Şamil Nəcəfzadənin “Qala” bədii filminin təhlilini təqdim edir.

Süjetə görə, hadisələr XX əsrin sonlarında, 1990-cı illərdə baş verir. Ermənistanla sərhəddə yerləşən kəndə bir qrup kino işçisi film çəkmək üçün gəlir. Çəkilişlər əsasən qədim, tarixi qalanın yerləşdiyi ərazidə gedir. Məzmunca tarixi olan filmin çəkilişləri yarımçıq qalır. Çünki baş rolun ifaçısı bir epziod zamanı atdan yıxılaraq xəsarət alır. Sonra isə kəndə ilk qaçqın xəbərləri gəlir. Daha sonra kəndin əhalisi düşmən hücumundan qorunmaq məqsədilə ərazidən köçürülür. Yalnız bir neçə nəfər kəndi qorumaq üçün qalır...

2008-ci ildə “Azərbaycanfilm” kinotstudiyasında istehsal olunmuş filmin süjeti bir az qarışıq qurulub. Ssenarini Şamil Nəcəfzadə Ramiz Rövşənlə birlikdə yazıb.

Ümumilikdə, filmin əsas xətti, müəllfin ötürmək istədiyi mesaj, nə demək istədiyi aydındır. Yəni əhvalatda əsas obraz qaladır və hadisələr də onun ətrafında baş verir. Müxtəlif tarixi hadisələrin şahidi olmuş qala illərdir, etinasız münasibət üzündən baxımsız qalaraq dağılıb. Hətta kənd əhalisi illərlə daşları söküb öz evlərinin, tövlələrinin tikintisində istifadə eləyiblər. Yalnız kəndə film çəkənlər gəlib, qalanı çəkiliş məkanı kimi istifadə eləyəndən sonra əhalinin ona münasibəti dəyişir. Eyni zamanda ölkədə baş verən hadisələr, qonşularla konflikt əhalinin qalanı yenidən dəyərləndirməsinə səbəb olur. Yəni müəllifin fikrinə görə, yaşadığımız faciələrin bir səbəbi azərbaycanlıların öz tarixi mirasına, mədəniyyətinə etinasız yanaşmasıdır və dəyərləndirməməsidir. Bu mənada “Qala” filmini janr etibarilə pritça kimi də qiymətləndirmək olar: bütün dövrlər üçün bu məsələnin aktuallığı, zaman və məkanın şərtiliyi mənasında

Bura kimi məsələ aydındır. Aydın olmayan digər motivləri əhvalatın əsas xəttinə bağlana bilməməsindədir. Misalçün, yeniyetmə Xanbalanın (Məmmədağa Əlilicanzadə) qonşu qızı Qalinaya (Yuliya Peresild) sevgisi təqdim olunan əhvalatda kənar süjet kimi üzə çıxır. Çox ola bilsin ki, rejissor Qalina (filmdə qıza Qala deyərək müraciət olunur) adı üzərində məna oyunları qurmaq istəyib. Məsələ ondadır ki, Xanbalanın Qalanı guya pis gözlərdən qoruması kənd əhalisinin Qalanı qorumasıyla assosiasiya doğurmalıydı.Yalnız bu assosiasya alınmır. Çünki müəlliflər qonşu qız Qalanın ətrafında dişədəyən konflikt qura bilmir. Üstəlik, film çəkənlərin gəlişindən sonra tarixi abidənin sakinlərdən ötrü dəyər alması da, bundan əvvəlki laqeydlik də xətti də dərin işlənməyib. Yalnız filmin əvvəlində rejissor Rafiq (Məbud Məhərrəmov) qalanın divarlarının dibində təbii ehtiyacının ödəyə-ödəyə qala haqda xalq mahnısı oxuması epziodunun vizual məzmun baxımından yaxşı işlənib.

Ümumiyyətlə isə, filmdə bir epizod digərini şərtləndirə bilmir. Misalçün, çəkiliş gedən vaxt Qalanın nədən milli geyim geyməsi aydınlaşmır. Maraqlı detallar olsa da, onlar süjetdə bütünləşmir. Oğlunu Əfqanıstan müharibəsində itirmiş ananın kəndi tərk etməməsi, hər gördüyü adamda oğlunu axtarması, kənd müəllimi Əbilin (Vidadi Həsənov) hadisələrin daha dərindən hiss etməsi kimi. Rafiq müəllimin çəkdiyi film isə saxta vətənpərvərlik filmlərinə ironiya kimi nəzərdə tutulsa da, kəsərsizdir.

Başqa bir problem ərazidə bu qədər dəhşətli hadisələr baş verməsinə rəğmən ekranda emosional ağrının hiss edilməməsidir: Atanın oğlunun məzarı başında qol götürüb oynaması kimi. Soltan kişinin (Rasim Balayev) qaçqın düşən oğlunun (Pərviz Məmmədyarov) ölümü isə yetərincə əsaslandırılmır, sadəcə qarabasma, bəsit bir yuxu ilə həll olunur. Bundan başqa bir neçə dəfə təsvir olunan yuxular, Xanbalanın gözünə görünən poetik səhnələr də ümumi xəttə bağlanmır.

Filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb. Digər hissəsi isə Gədəbəyin Koroğlu qalasında, Qala, Slavyanka və Zəhmət kəndlərində baş tutub.

...Bu günlərdə bir araşdırmamla bağlı müasir dünya kinosunda müharibə haqda çəkilən xeyli film izlədim. Həmin filmlərin süjetinin demək olar ki, hamısı real müharibə hekayələrdir. Həm birinci, həm ikinci Qarabağ müharibəsi ilə bağlı bizim xeyli toxunaqlı, təsirli hekayələrimiz var ki, rejissorlar, ssenaristlər onları araşdırmalıdır. Ona görə araşdırmalıdır ki, tamaşaçı ekranda “Qala” filmindəki kimi inandırıcı və təbii gücü olmayan əhvalatlar yox, yeni emosional təcrübə verən əhvalata baxsın.

# 3842 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #