Vətən yaxşıdır

Vətən yaxşıdır
4 dekabr 2020
# 16:28

Mehman Qaraxanoğlu

Vətən yaxşıdır

(Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna...)

Müharibə “bitib”...

Müharibə davam edir...

Müharibə bizim Alın Yazımızdır!

“Kimə nəyi, necə və nə qədər verdiyini” Uca Tanrı çox gözəl bilir; yeraltı, yerüstü sərvətlər və sonsuz gözəlliklər müqabilində azğın düşmənlərin torpağımıza hər an diş qıcardıb caynaq uzadacağını bilən O bizə həm də Əbədi Müqəddəs Savaş əta etmişdir.

Gözəllik və Savaş!

Hər ikisini Əmanət kimi sonrakı nəsillərə ötürməliyik...

Şəhid Xudayar Yusifzadənin mahnısı da bunu deyir bizə! Bəlkə də bu mahnı çilçıraqlı geniş konsert salonlarının birində oxunsaydı, adama bu qədər təsir edib yandırmazdı. Məhz indi, bugünkü “yeni Azərbaycan reallıqları” içərisindən mahnı ikinci həyatını yaşamağa üz tutub gedir. Şəhidlərimizlə birgə...

Şəhid Xudayar Yuzifzadəyə qədər bu mahnını kimlər oxuyub?

Sözləri Əliağa Vahid, musiqisi Əlibaba Məmmədovun olan sözügedən mahnını ilk dəfə bəstəçinin özü oxuyub. Böyük Əlibaba Məmmədovun səsində inam, qətiyyət və sevgi vardır.

2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında mahnı qəribə bir yanğı ilə müşaiyət olunur. Müğənninin həyat tarixçəsini vərəqləyəndə yanğının arxeologiyası məlum olur; Ağdamdan, işğal olunmuş Səxavət Məmmədovun kəndindən yol alıb gəlir bu yanğı...

Son illərin “tapıntısı” olan müğənni Pərvanə Əmiraslanlı da mahnını özünəməxsus bir şəkildə oxuyur. Ən gənc Leylilərimizdən olan müğənninin səsində “ritmik” bir ağrı vardır.

Ötən əsrin 80-ci illərində yeni musiqi dalğasının başında duran Eyyub Yaqubovun ifasında mahnı fərqli çalarlar qazanır.

Babək Niftəliyev, Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynovun ifasında klassik üslub bir qədər “irəli” keçir...

Və təbii ki, mahnını başqaları da oxuyub və günü bu gün də oxuyurlar...

Şəhid Xudayar Yusifzadə də oxuyur. (Mən “Şəhid” sözünü onun adının böyründə hər dəfə yazacağam. Çünki məhz “Şəhid” kəlməsi o ad və soyadı özü ilə dumanlı dağlarımızın arxasına aparıb müqəddəs ruhlar arasında “azdıra” bilər. Buna nədənsə çox inanıram)

Şəhid Xudayar oxuyur:

Dumanlı dağların başında durdum...

Kadrdan görünür ki, o, həqiqətən, dumanlı dağlar başındadır.

Dumandan özümə bir xeymə qurdum.

Dumandan qurulan xeymənin (simvolik “çadır”ın!) ömrü nə qədər ola bilər ki?! Az, lap az... Amma şəhid Xudayar öz səsiylə sanki o xeymənin əbədiliyinə zəmanət verir. Elə bil o xeyməni “səfil-amanat” kimi doğulduğu kəndə gətirib müsafir çadırı kimi özü üçün qurur. Adamlar belə dumanlı-günəşli çadır görməmişdilər...

Keçdi xəyalımdam öz gözəl yurdum.

Nəzərləri avtomatik uzaqlara dikilir. Sinəsinə sıxdığı avtomat da sanki bir az qalxıb dikəlir. Bu yerdə Xudayarın üzündəki o xırda “dibsiz” çökəklik nəhəng bir kahaya çevrilib keçmişi, indini və gələcəyi durdurur, heç birisi keçmir, daha doğrusu, keçə bilmir, hər üç zaman “farağat!” dayanıb zadəgancasına əvvəl Xudayarın şipşirin xəyalına yol verir, ardınca da yurd yerləri gəlib keçir; arın-arxayın, xatircəm...

Dumanlar başımda dastana döndü.

Şəhid Xudayarım, sən mahnının ikicə sözünü dəyişməklə nə elədiyinin fərqinə vardınmı?! Sən dumanları eyninə almadan onları dastana çevirib, Üçrəngli Bayrağımız kimi yüksəltdin! Heç zaman enməyən Xalq Ruhunun qarşısında mənfur düşmənin duruş gətirə bilməyəcəyini, lazım gələrsə, dumanları belə çox rahat bir şəkildə, gülə-gülə şüurunda dastana çevirə biləcəyini kürri-aləmə bəyan etdin. Bu, qorxu və xofun öldüyü məqamdır. Düşmənin canına vəlvələ salan da məhz bu oldu!

Əliağa Vahiddə:

Dumanlar içində duman görünür.

Əlibaba Məmmədovda:

Dumanlar başımda duman göründü.

Şəhid Xudayar Yusifzadədə:

Dumanlar başımda dastana döndü.

Mahnının bu sözlərini oxuyarkən çönüb telefon kamerasına baxan şəhid Xudayarın sifətini təkrar-təkrar seyr edin. Belə masştabda təbəssüm görmüsünüzmü?! Bircə “dəli-dolu” an lazımdı ki, o təbəssüm qarşısıalınmaz selə-gülüşə çevrilib, Vətənin hər bir qarışını öz ağuşuna alsın. Sadəcə, ifa etdiyi mahnının məsuliyyəti ona “mane olur...”

Şəhid Xudayarım, sən o mahnıda ən vacib dəyişikliyi etdin! Sən Azərbaycan tarixinin ən böyük simvolik redaktorlarından birisən! Onsuz da müharibəyə qədər çox-çox mental xəstəliklərimizin redaktəyə ehtiyacı olduğunu huşyarlarımız bilirdi. Bilirəm ki, bundan şair baban Əliağa Vahid də inciməz. Oxuyursan:

Deyirlər bülbülə çəmən yaxşıdır.

Şəhid Vətən bülbülü, Sən də bilirdin ki, belədir...

İnsan üçün laləzar vətən yaxşıdır.

Əlbəttə, Vətən yaxşıdır! Şəhid Xudayarım, yadındamı bu bayatı?!

Əzizim vətən yaxşı,Geyməyə kətan yaxşı. Gəzməyə qərib ölkə. Ölməyə vətən yaxşı.

Şəhid Xudayarım, həyat dolu səsin və nurlu təbəssümünlə sübut etdin ki, gəzməyə də, ölməyə də Vətən yaxşıdır.

Vahid, sorma vətən nədən yaxşıdır.

Bu yerdə səsin tirəyir. Az qala yalvarmaq istəyirsən ki, Vətənin nədən yaxşı olduğunu sormayın, siz Allah sormayın.

Adı gəlcək könlüm dastana döndü...

Mahnının sözlərində yenidən dəyişiklik elədin! Xəbərin oldumu? Yenə “dastan” sözü, ey dastan yazan şəhid Xudayarım...

Orijinalında isə belədir: “Adı gəlcək könlüm xəndan görünür”. Ustad Əlibaba Məmmədov da bu cür oxuyur.

Şəhid Xudayarım, sənin üzündəki o xırda nurlu çökəkliyə Vətənin bütün dağları, daşları, çayları sığa bilər... Pıqqıltı ilə qaynayan sular məhz oradan torpağın üzünə qalxır...

Xəbərib varmı?!

Sənin üzün Vətən Əmanətidir...

İgidlərimiz Vətənin hər qarışına Üçrəngli Bayrağımızla birgə sənin sevgi dolu məsum Təbəssümünü sancmalıdır!

# 10092 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #